Eşitdiyim və gördüyüm Yaponiya...

 

Yol qeydləri

 

 

Kioto - paytaxtların paytaxtı

 

(əvvəli ötən şənbə sayımızda)

 

“Başladı may yağışı!

Külək də bu dəm

Yaşıla çaldı gavalı yarpaqlarında”.

 

Saymaro

 

Kobe şəhəri ilə Avasi adalarını birləşdirən dünyada ən uzun -1990 metrlik asma körpünün üstündən addayıb Kiotoya gəldik.

 

Kioto Yaponiyanın çox qədim tarixi şəhəridir. Kansay bölgəsində yerləşir. Şəhərdə 1,4 milyon əhali yaşayır. Nə az nə çox, düz min il bu gündoğar ölkənin paytaxtı olmuş bu şəhərin adındakı hecaların yerini dəyişdikdə yeni paytaxt - Tokionin adı alınır.

 

Əzəmətli dağlarla əhatə olunan Kioto şəhərinin dəyişkən təbiəti, zəngin incəsənəti və mədəniyyəti yapon xalqı üçün əvəzolunmaz sərvətdir.

 

Kioto həm də Yaponiyanın “sülh və əmin-amanlıq” şəhəri adlandırılır. Deyirlər ki, Kiotoda olmayan, onun mədəniyyətini, incəsənətini, tarixini bilməyənlər əsl yaponu anlaya bilməzlər.

 

Yaranması eramızın 8-ci əsrinə təsadüf edən keçmiş paytaxt Kiotonun tarixi, onun çiçəklənməsi sülh, həm də müharibələrlə də zəngindir.

 

794-cü ildə inşa olunmuş, qırmızı və yaşıl rənglərlə boyanmış imperator sarayının eyni olan əzəmətli Xiyen məqbərəsi bu şəhərin bir vaxtlar paytaxt olması üçün böyük əmək sərf etmiş şəxslərin şərəfinə ucaldılıb.

 

Paradoksal bir hal olsa da, İkinci Dünya müharibəsində Yaponiyanın başqa şəhərlərindən fərqli olaraq, Kioto bombardıman edilməyib. Tarixi abidələri, çoxsaylı məbədləri toxunulmaz qalıb. İnsanlara fəlakət və ölüm gətirən qanlı müharibədə amerikalıların belə “humanistliyi” elə bəlkə də bu tarixi abidələrə verdikləri böyük dəyərlərdən qaynaqlanıb.

 

İndi Kioto şəhəri YUNESKO-nun Dünya Mədəni İrsi siyahısında qeydiyyatdan keçən 14 Buddist və Şintoist məbədinə və eləcə də, Yaponiya hökuməti tərəfindən qorunan 1700-dən çox milli xəzinə və mühüm mədəniyyət nümunəsinə ev sahibliyi edir.

 

Şəhərin okeanla, dənizlərlə əlaqəsi yoxdur. Bu şəhər bir balaca yığcam olsaydı, yerləşdiyi relyefə görə onu bizim qədim Qubaya bənzətmək olardı. Elə bizim Quba da dağlarla əhatə olunmuş yığcam düzənlikdə qərar tutub. Ətrafdan, hündür bir yerdən baxanda Kiotoya bənzəyir.

 

Kioto həmçinin gözəl meyvə bağları ilə məşhurdur. Yapon bağları təbiətin sevgisindən və yapon xalqının sənət ruhundan yaranıb. Hətta kiçik bir məkanda belə ana təbiətin gözəllikləri əks olunur. Daşlar, qum, su və bu kimi başqa cansız varlıqlar əbədi həyatı təmsil edir.

 

İmzası bizim oxuculara da tanış olan dünya şöhrətli yapon yazıçısı Haruki Murakami öz ölkəsinin həm də mədəniyyət və incəsənət mərkəzi olan bu şəhərdə dünyaya gəlib.

 

...Kioto şəhərinə günün ikinci yarısında, daha dəqiq desək, axşamüstü yetişdik. Bu qədim şəhərdə gecələyəcəyik və elə burada da Tokioda olduğu kimi “Okura” mehmanxanasında qalacağıq.

 

Yeri gəlmişkən, burasını da deyim ki, yaponlar əcnəbilərə, ölkələrinə gələn qonaqlara xidməti də icad etdikləri son dərəcə dəqiq işləyən elektron texnologiyaları qədər mükəmməl və ölçülü-biçili nizamlayıblar. Elə bu gün səhər erkən Kobe şəhərində dəmir yolu vağzalında vaqondan enəndən sonra bizi gözləyən maşına yaxınlaşanda, neçə gündən bəri maşınımızı sürən tanış sürücünü avtobusun kəndarında əşyalarımızın yerbəyer edilməsinə kömək üçün hazır vəziyyətdə dayanmış gördüm. Ani olaraq düşündüm ki, əgər xidmətimizə ayrılmış bu nəqliyyat qabaqcadan buraya gələcəkmişsə, nə əcəb bizi qatarla yola salıblar. Yenə də həmişəki kimi Rövşən köməyimə çatıb dolaşıq fikirlərimə aydınlıq gətirdi. Məlum oldu ki, sürücü bizi qabaqlayaraq başqa nəqliyyatla ardımızca gəlib. Qarşımızda dayanan avtobus isə şirkətin bu şəhərdə xidmət göstərən eyni markalı maşınıdır.

 

İlk görüşümüz şəhər meriyasında oldu. Mer görüşə nəzərdə tutulduğu vaxtdan bir qədər gecikmişdi. Məlum oldu ki, daha doğrusu, köməkçisi üzrxahlıq edərək bildirdi ki, mer bizimlə görüşə geyimini dəyişdirmək ucbatından gecikib. Şəhərin meri Daisaki Kadakava bizimlə görüşə öz milli geyimlərində gəlmişdi. Yardımçıları, iki nəfər qadın da merlə bərabər gəlib keçib onun arxasında oturdular. Ənənəvi yapon geyimində olan merin hətta başmaqları da kinolardan gördüyümüz Samuray başmaqlarının eynisi idi. Bu qədim paytaxtın “Samuray qiyafəli” meri, bəlkə də ədalı demək olmaz, ancaq bir qədər iddialı görünürdü. Özlüyümdə bunu merin başçılıq etdiyi şəhərin məşhurluğu ilə əlaqələndirdim.

 

Yəqin ki, Kioto şəhərinin tarixi şöhrəti və ölkənin indiki ictimai-siyasi həyatındakı rolunu nəzərə alaraq, ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadə paytaxtdan uzun bir yol gəlib, bu görüşə qatılmışdı. Orası da hiss olunurdu ki, bu şəhərdə də səfərimizə böyük hörmət və diqqət var.

 

Görüşün rəsmi hissəsi başlanandan, mer Diasaki Kadakava və nümayəndə heyətimizin rəhbəri Hüseyn Mövsümovun qarşılıqlı təqdimatları və məlumat mübadilələri tədbirə tədricən işgüzar və səmimi bir ahəng qatdı. Hiss etdim ki, bu kişinin zahiri davranışı ilk baxışdan onu belə göstərirmiş, əslində çox diqqətli adamdır.

 

Kioto həm də tələbə şəhəridir. Bu şəhərdəki ali məktəblərdə 150 min tələbə təhsil alır. Dünyanın 102 şəhəri Kiotalıların hər il keçirilən “tarixi şəhər” bayramında və bu bayramla bağlı konfransda iştirak edir. Bu ilin sentyabr ayında 14-cü konfrans keçiriləcəkdi. Mer dedi ki, Yapon mətbəxi YUNESKO-nun siyahısına daxil olub. Bakını da ordan tanıyırlar.

 

Kiotonun meri qeyd elədi ki, (biz orada olduğumuz günlərdə) Yaponiyanın 16 yaşlılardan ibarət yığma futbol komandası “Xəzər Kuboku” yarışlarında iştirak etmək üçün Bakıda, idman yarışlarındadır. Onu da dedi ki, ötən il yaponlar bu yarışda 3-cü yeri tutublar. Qayıdandan sonra öyrəndim ki, bu yaş qrupunda bu dəfə bizimkilər çempion olublar.

 

Mer başçılıq etdiyi şəhərin tarixi zənginliyindən də söz açıb mədəni ənənələrindən olan Aoi-Matsuni (qızılgül) festivalının zənginliyindən, Gion festivalının dəbdəbəsindən, Jidai (yaşlı) festivalının rəngarəngliyindən də həvəslə bəhs etdi. Merin çıxışından burasını da öyrəndik ki, Kiotonu dünyada məşhur edən digər əlamətdar faktlar da çoxdur. Kioto həm də yapon samuraylarının vətənidir.

 

Yaponiyadan, onun qədim paytaxtı Kiotodan söz açıb samuraylardan danışmamaq, elə bilirəm ki, düzgün olmaz. Çünki samurayların vətəni Yaponiya, yarandığı məkan isə məhz Kiotodur. Bu ölkədə eramızın I əsrindən XIX əsrinədək, yapon dilində adının anlamı “ali mənsəbə məxsus insanlara xidmət” olan samuraylıq geniş yayılıb.

 

Dünya təkmilləşdikcə hər xalqın özünə məxsus müdafiə dəstələri, qoruyucu mühafizə qüvvələri də formalaşıb. Doğma vətənimizin hüdudlarında xalqların süvari cəngavərləri, Türk yeniçəriləri, Rusiyada Knyaz drujinaları, Avropada kralın döyüş favoritləri olduğu kimi, yaponların da belə döyüşçüləri samuraylar adlandırılıb. Onların böyük şöhrətə imza atdıqları ən böyük ünvan isə Kioto olub. Merin qiyafəsindəki samuraylara məxsus elementlər də bunun əyani sübutu idi.

 

Bu görüşdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov başçılıq etdiyi bölgənin Azərbaycan tarixindəki mühüm yerindən, ulu keçmişindən, zəngin maddi və mədəni irsindən ətraflı, maraqlı məlumatlar verdi. Qeyd etdi ki, araşdırmalara görə Şəkinin əsasının bizim eramızdan əvvəl I minillikdə qoyulduğu güman edilir. Böyük İpək Yolunun üzərində yerləşən Şəkini ən çox məşhurlaşdıran onun ipəyi olub. Avropa, Asiya, Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər mühüm ticarət mərkəzi olan bu şəhərdən yüngül, güləbətin işləmələri, duvaq, tül kimi şəffaf məşhur Şəki ipəyini dünyanın müxtəlif guşələrinə aparır, bol da qazanc əldə edirdilər.

 

Elxan müəllim məşhur rus şairi A.S.Puşkinin 1826-cı ildə Şəkidə olan dostu N.Payevskinin bu bölgə haqqında yazdığı təəssüratını da xatırladı: “... Burada bu diyarın keçmiş xanlarının sarayı var. Bu saray o qədər gözəldir ki, Baxçasaray onunla müqayisədə çox zəif təsir bağışlayır...”

 

Elə buradaca qeyd edim ki, son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə Şəki şəhəri yenidən qurulub və məşhur Xan sarayı öz keçmiş dəbdəbəsinə uyğun əsaslı şəkildə, bütün memarlıq elementləri nəzərə alınmaqla yenidən bərpa edilib. Şəki xanlarının bu məşhur sarayı indi bura yolu düşən turistlərin və qonaqların sevə-sevə ziyarət etdiyi məkan, həm də beynəlxalq və ölkə əhəmiyyətli ictimai-mədəni tədbirlərin keçirildiyi bir iqamətgahdır. Qonaqpərvər Şəkinin həm də çox zəngin mətbəxi var.

 

Şəkidən söz düşəndə bu şəhərin daha özünəməxsus bir cəhətini də xatırlatmaq istərdim. Şəki yumoru bütün Azərbaycanda məşhurdur. Ona görə də hər il aprel ayının birində burada “Gülüş günü” festivalı keçirilir.

 

Elxan müəllim öz çıxışında maraqlı bir faktı qeyd edərək, Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Alim Qasımovun yapon musiqiçiləri ilə birgə çıxışına da toxundu. Şəkinin həm də ölkəmizin festivallar şəhəri olduğunu vurğulayıb, Kioto nümayəndələrini, ev sahibliyi edəcəkləri, “İpək yolu” beynəlxalq musiqi və şirniyyat festivalına dəvət etdi.

 

Şəki ilə qarşılıqlı əlaqələrin qurulması haqqında niyyət protokoluna Kioto meriyasının rəhbərliyi rəğbətlə yanaşdı. Elə bəri başdan, necə deyərlər, borclu qalmadılar. Kiotonun Çin Xalq Respublikasının paytaxtı Pekində keçiriləcək sərgisinə şəkililəri də dəvət edib, iştirak üçün hətta dəvətnamə də verdilər.

 

Elxan müəllim Şəki haqqında geniş məlumat və görüntüləri əks etdirən kitablar və bukletləri, hədiyyə üçün özü ilə gətirdiyi al-əlvan, zərif ilməli məşhur Şəki kəlağayılarını meriya məsullarına təqdim elədi. Hədiyyələrin nəfisliyindən məmnun qalan ev sahibləri elə orada, tədbirin gedişindəcə o zərif kəlağayıları açıb iştirakçı xanımları “bəzədilər”.

 

Foto yaradıcılığı həvəskarı olan, elə bu işdə də peşəkarlardan heç də geri qalmayan Elxan müəllim bu görüşdə də gözəl şəkillər çəkmişdi (bunu onun foto-kamerasında öz gözlərimlə görmüşdüm). Təəssüf ki, bu yazını çapa hazırlarkən cəhd etsəm də, o şəkillərə əlim çatmadı. İnşallah, kitaba kimi şəkillərin yolu mənəcən qısalar.

 

Səfirliyimizin məsul işçisi, bütün səfərimiz boyu gecə-gündüz bizimlə birlikdə olan, rəsmi görüşlərdə, əsas tədbirlərdə mükəmməl yiyələndiyi yapon dilindən çox vaxt doğma dilimizə dilmanclıq edən Rövşən Mirzəyev əvvəllər bu şəhərdə, yerli meriyada işləyib. Əlbəttə, bir həmvətənlimizin uzaq Yaponiya kimi bir ölkədə, böyük bir şəhərin meriyasında çalışması fərəhli və qürurverici idi. Mer onunla doğması kimi salamlaşıb axırda da xüsusi sağollaşdı.

 

Yeri gəlmişkən, Yaponiyada bizlərdən fərqli olaraq görüşəndə qucaqlaşmaq, öpüşmək kimi hallar yoxdur. Yaponlar bir-birləri ilə qarşılaşanda yüngülcə əyilərək təzim edirlər.

 

Çox nadir hallarda əl ilə görüşürlər. Ancaq mer Rövşən müəllim lap bizlər sayağı, ikiəlli görüşdü.

 

 Sözümün bu yerində özümü saxlaya bilməyib, istər-istəməz gülürəm...

 

...Günlərin bir günü o vaxt Sumqayıtda yaşayan rəhmətlik Zərbi əmimgilə Cəlilabad rayonundan bir əmizadəsi qonaq gəlir. Əmioğlusu ev sahibini bağrına basıb dönə-dönə o üzündən, bu üzündən marçamarç öpüb yanaqlarını isladır. Nəhayət, bu istiqanlı görüş mərasimi, necə deyərlər, başa çatandan sonra əmim yan otağa keçib ömür-gün yoldaşını haraylayır:

 

- Ay Növrəstə, qonağımız gəlib ey, qonağımız - İltifat əmioğlu! Keç, qonağa sən də bir xoş gəldin elə!

 

Növrəstə əmidostu da qayıdır ki, görüşərəm e, ay kişi, ancaq o qonağın şakərinə yaxşı bələdəm, bilirəm ki, məni də öpəcək...

 

Şair dostumuz Oqtay Rzanın sözü olmasın, deyəsən, bizlərdə get-gedə “kişi öpüşləri çoxalır yaman...”

 

Kioto şəhərinin qədim hisəsində “Gion Corner” yapon mədəniyyət mərkəzi ilə tanışlıq da yaddaqalan, maraqlı tədbir oldu.

 

Mədəniyyət mərkəzində Chado çay mərasiminin teatrlaşdırılmış səhnə variantına baxdıq. Bir saatlıq teatrlaşdırılmış mərasimi izləmək o qədər də ucuz deyildi. Bu mərasim, 12 nəfərlik nümayəndə heyətimiz, tərcüməçimiz və səfirliyimizin nümayəndəsi də daxil olmaqla, bizə təxminən min beş yüz ABŞ dollarına başa gəldi.

 

Zövqlü çay mərasimi ənənəsi təxminən VIII əsrdə Çində yaranıb, XII əsrdə isə Zen buddis-kahinləri vasitəsilə Yaponiyaya gətirilib. Bu ölkədə insanlar arasında çay içməyin daha geniş yayılıb kütləviləşməsi, şöhrət tapması isə XIV əsrin əvvəllərindən başlayıb.

 

İzlədiyimiz çay mərasimi “Va Kei Sei Haku” adlanır. Bu, yapon xalqının sadəlik və xoşagəlimlikdə həqiqi gözəlliyin tanınması üçün düşüncəli şəkildə səy göstərməyinin təcəssümüdür. Sakitlik, zəriflik yaxud “sərt sadəliyin estetizmi” kimi şərtlər, terminlər çay mərasiminin əsl ruhunu müəyyənləşdirir.

 

Yüzlərlə tamaşaçı ilə birlikdə biz də qədim ənənələrə uyğun şəkildə bu çayın təqdim edilməsi mərasimini izlədik. Milli geyimli qızlar növbə ilə fasilələrlə soba üzərindəki çaydana yaxınlaşıb oradan ağ örtüyün üstündə səliqə ilə, əllərində tutduqları fincana çay süzüb həzin musiqi melodiyalarının müşayiəti və bir də öz məlahətli təbəssümləri ilə, nəzərdə tutulmuş qonağa yaxınlaşıb təzim edir, fincanı qarşısına qoyur, yenə təkrar təzim edərək asta addımlarla uzaqlaşırdılar.

 

Yaponiyaya təxminən 1300 il əvvəl Çindən gətirilmiş, 13 simli musiqi aləti kotoda çalınan zərif musiqi bu qeyri-adi tamaşaya xüsusi bir ahəng qatır.

 

Yaponlar və buraya qonaq gələnlər səsi qəlbləri oxşayan koto ilə ifa olunan musiqini çox sevirlər və hətta bu gün də onun klassik ahəngi onları valeh edir. Bu qədim alətdə səslənən həzin musiqi parçasını “Gion Corner” mədəniyyət mərkəzində bizlər də beləcə həvəslə dinlədik.

 

Belə bir səhnənin də şahidi olduq. Hələ başqa bir neçə teatrlaşdırılmış tədbirə də baxa bilərdik. Təəssüf ki, vaxtın məhdudluğu ucbatından “Gion Cover” yapon mədəniyyət evini erkən tərk etməli olduq.

 

Teatrdan çıxıb şəhərin min illik tarixi olan iki-üç min metrlik qədim bir küçəsini seyr edə-edə piyada gəzib keçdik. Axşamtərəfi gediş-gəlişin seyrək olduğu küçənin hər iki tərəfindəki birmərtəbəli, bənzərini şəkillərdə və kinolarda gördüyümüz binalar baxdıqca insanı sanki elə o zamanlara götürüb aparır. Sakit, nostalji duyğuları yaradan bu gəzinti, yəqin ki, həmkarlarımın da yaddaşında dərin izlər buraxdı.

 

Kioto şəhərinin kütləvi informasiya vasitələri Azərbaycandan gəlmiş nümayəndə heyəti ilə görüşlərə diqqət göstərib xüsusi əhəmiyyət verirdilər.

 

Burasını da deyim ki, Yaponiyada elektron informasiya texnologiyaları çox inkişaf etsə də, mətbuat yenə də dəbdədir. Yaponiyada gündə  10 milyon tirajla çıxan “Yomiuzi” qəzeti dünyada ən çox tirajı olan mətbu orqanlardan biridir. Qəzet gündə 3 dəfə - səhər, günorta, axşam çıxır. Eyni zamanda dünyada ən baha reklam qiymətləri bu qəzetdədir. O cümlədən, dünyada hər min adama düşən televiziyaların sayına görə də yaponlar birinci yerdədir. Bu baxımdan informasiya texnologiyası sahəsində Yaponiya ilə rəqabət aparacaq ikinci bir ölkə tapılmaz: “Millət var ki, keçmişin kölgəsinə girəcəyi bir şey yoxdur. Yaponiyanın bu günü və gələcəyi var”. Ölkədə olduğumuz müddətdə gündəlk qəzet sarıdan heç bizi də yaddan çıxartmırdılar. Səfər müddətində qaldığım otağa günün nə vaxtında dönsəm də, qapının cəftəsinə keçirilmiş ingiliscə bir qəzet görürdüm. Belə məlum olurdu ki, bəlkə də o qəzeti gecəykən, elə çapdan çıxan kimi, əlbəəl paylayırlar. (Ay oxudum ha, mən ingiliscə bilirəm ki?)

 

Kiotoda 5 iyunda keçirilmiş görüşlərimiz haqqında meriyanın internet saytında məlumat yerləşdirilmiş, “Kioto Shimbun” qəzetində məqalə dərc edilmişdi. Məqalədə ölkəmizin coğrafi mövqeyi, sosial-iqtisadi inkişafı, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rolu barədə ətraflı məlumat verilir, qeyd edildi ki, Azərbaycanın yüksək vəzifəli şəxslərinin daxil olduğu nümayəndə heyəti iyunun 1-dən Yaponiyada işgüzar səfərdədir. Səfərin məqsədi mövcud təcrübədən faydalanmaq və ikitərəfli regionlararası əməkdaşlığı gücləndirməkdir.

 

Məqalə müəllifi nümayəndə heyətinin rəhbəri Hüseyn Mövsümova istinadən Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra dinamik inkişaf yoluna qədəm qoyduğunu diqqətə çatdırır, iki ölkənin regionları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinin hər iki tərəf üçün faydalı olacağını xüsusi vurğulayırdı.

 

Məqalədə Kiotonun meri Disaku Kadokavanın da fikirlərinə yer verilir, merin görüşdə Azərbaycanın sürətli inkişafı barədə məlumatlı olduqlarını bildirdiyini, bundan sonra iki ölkə arasında regional əməkdaşlığın genişlənməsinə xüsusi önəm verəcəklərini qeyd etdiyi diqqətə çatdırılırdı.

 

Kiotoda şəhərin mərkəz hissəsindəki “Okura” mehmanxanasının beşinci mərtəbəsindəki restoranda səhər yeməyi zamanı aynadan ətrafa açılan füsunkar mənzərənin sehrindən bir müddət ayrıla bilmədim. Restoranın geniş aynalarından aşağıda duran şəhəri sanki səmanın ənginliklərinəcən üzük qaşı kimi dövrəyə alan meşələrlə örtülü elə bir füsunkar mənzərə açılır ki, kafe-restoranının gen-geniş aynalarından baxan hər kəsi də istər-istəməz dayanıb bu mənzərəyə tamaşaya durmağa məcbur edir.

 

Otelin həyətindən sübh çağı, səhər erkən yola düşəndə bizi əllərində “soyonara”, yəni “sağ olun” sözləri yazılmış plakat tutan oğlanla qız yola salırdı. Bu əlbəttə, bizə, qonaqpərvərliyin bir ehtiram əlamətiydi. “Yolçu yolda gərək”, daha bir yapon şəhərinin - Kitakyuşu şəhərinin qonağı olacağıq.

 

Kiotolıların yaşayış tərzinə nəzər saldıqda qədimliklə yeniliyin bir-birini necə tamamladığına qibtə edirsən. Onlar çox rahatlıqla yeni elementləri köhnə adət-ənənələrinə qataraq gündəlik həyatlarını yaşayırlar.

 

Qədimliklə müasirliyin harmoniyası, vəhdəti bu şəhərdə də incəliklə nizamlanıb. Yüksək təhlükəsizliyə riayət olunan tramvaylar da qorunub saxlanılıb, dövrün nəbzinə uyğun sürət götürən metro stansiyaları da burada insanlarla dolub-boşalır.

 

Biz isə tər-təmiz küçələrdən keçərək yağışdan qorunmaq üçün çətiri başı üstündə tutub sübh erkəndən dükanın qapısını açmaqda olan milli geyimli gül satan qadına, sürətli addımlarla yolu qabağına qatıb işə gecikməmək üçün az qala yüyürən adamlara tamaşa edə-edə, şəhərin məşhur Kiya-maşi və Panto-co ərazisindəki gecə həyatının səs-küyünü dadmadan dəmiryol vağzalına, Kitakyuşu şəhərinə yola düşəcək qatara minməyə tələsirik...

 

lll

 

Kiotodan Kitakyuşuya yenə ekspress qatarla yola düşdük. Bu şəhərə qədər iki saat yarımlıq yol var. Yerimiz rahat idi, yaşıl vaqonda gedirdik. Mənim getdiyim vaqondakı yerim 9-”B”-dir. 9-”A”-da yanaşı qoltuqda yapon qızı yatmışdı. Pəncərənin pərdəsini aşağı endirmişdi. Əl çantasını isə mənim yerimə qoymuşdu.

 

Eşitmişdim ki, yaponlarda gözünü zilləyib kiməsə baxmaq ayıb sayılır. Ona görə də qatarlarda, metroda yatmasalar da, oturan kimi hamısı gözünü yumub özünü yuxululuğa vurur. İndi o da var ki, özünü yuxuya vurmaq ənənəsini insanların az qala yeriyə-yeriyə də gözlərini zilləyib aludəçiliklə məşğul olduqları bilgisayarlar, iri ekranları olan telefonlar əvəz edib, korlayıb. Bu ənənəni nəzərə alsaydım, yerimə əşyalarını qoyan gənc xanımın özünü yuxululuğa vurmuş ola biləcəyini düşünməliydim. Ancaq ətrafda kimsə gözə dəymirdi, bizə qədər salon bomboş idi. Özlüyümdə qətiləşdirdim ki, gənc xanım yatıb yuxuya qalıb, bəlkə düşəcəyi dayanacağı da ötüb keçib.

 

Qızı hayladım. Yuxudan ayıldı, pəncərənin pərdəsini qaldırdı, yəqin havanın işıqlanmasını dəqiqləşdirirdi. Biletimi göstərib əşyalarını mənə aid yerdən qaldırmasını işarə elədim. O, əlimdə tutduğum biletimi alıb baxdı və mənə qaytardı. Əşyalarını tələsik yığışdırıb pencəyini də asılqandan alıb cəld uzaqlaşdı.

 

Qızın yatıb qaldığını, düşəcəyi dayanacağı buraxdığını zənn etmişdim. Hətta xeyirxahlıq edib gənc sərnişinin yolunun bir az da uzanmasını əngəlləməyimdən, az da olsa, məmnun qalmışdım.

 

Yapon qızı çıxıb getdiyindən əmin arxayın keçib indicə onun durduğu yerdə, 9A-da oturdum. Eloğlumuz Rövşəndən də xahiş etdim ki, gəlib yanımdakı boş yerdə əyləşsin. Rövşən də sağ olsun, sözümü yerə salmadı, gəlib əyləşdi. Bir az keçmiş, boz kostyumlu vaqon nəzarətçisi yaxınlaşıb biletlərimizi təqdim etməyimizi istədi. Təqdim elədik. O mənə yerimdə düzgün oturmadığımı, bir qoltuq kənarda oturmalı olduğumu dedi. Və Rövşəndən bir az əvvəl burada nə baş verdiyini soruşdu. Mən də Rövşənə qızın öz əşyalarını mənə aid yerə qoyduğunu dedim. Nəzarətçi mənə biletimdə göstərilən yerdə oturmağımı təkrar bildirdi.

 

Rövşən müəllimdən bu sorğu-sualın səbəbini soruşdum və öyrəndim ki, sən demə, yerimi əşyaları ilə “zəbt” edən sərnişin qız “onu guya narahat etmişəm, yerindən qaldırmışam” deyə, gedib məndən şikayətçi olubmuş.

 

İndi də mən özümsayağı küy-kələk qopartdım. “Əsl şikayətçi mən olmalıyam, o xanım mənim yerimi zəbt eləmişdi, əşyalarını götürməsini istəmişəm” - deyəndən sonra vaqon nəzarətçisi narahat etdiyinə görə üzr istəyib uzaqlaşdı. Məlum oldu ki, bu qızcığaz elə növbəti dayanacaqda düşürmüş. İndi də bir yapon kişisi yanımda, 9a-da oturub (mən 9-b-yə, öz yerimə çəkilmişəm), bilgisayarını da açıb, klaviaturanın düymələrini şaqqıldadaraq məni narahat etməyə başlayıb...

 

lll

 

Yolumuz bir az da cənuba doğru uzanır. Bu gün olacağımız şəhər Tokiodan 900 km məsafədədir. Getdiyimiz ekspress sərnişin qatarı bizim Xirosima kimi tanıdığımız Hiroşima şəhər dəmiryol stansiyasında bir neçə dəqiqə dayandı. Hiroşimanı da görmək bizə qismət oldu. Öyrəndim ki, Hiroşimanın mənası “geniş ada” deməkdir.

 

Hiroşima meşələrin və yapon dənizinin əhatəsindədir. Ölkənin ən gözəl üç yerindən biridir. Həqiqətən tarix hər yaranı sağaldır. Şübhəsiz ki, gün gələcək ulu Şuşamız da düşmən tapdağından xilas olacaq, təkrar öz gözəlliyinə qovuşacaq, bir gün gözəl Azərbaycan şəhəri kimi dünya şəhərləri sırasında öz yerini alacaq. (Albomumun yaddaşında 6 iyunda 5-27-dən 5-30-adək olan şəkillər Hiroşimaya aiddir: qatar keçə-keçə çəkmişəm).

 

Yeri gəlmişkən,1945-ci il avqust ayının 6-da və 9-da yapon xalqının başına gələn dəhşətli fəlakəti - Hiroşimaya və Naqasakiyə atom bombası atılan günün müsibətini heç bir qələm sahibi Nazim Hikmət kimi təsirli təsvir etməyib. Sözümün bu yerində böyük şairin 1955-ci ildə qələmə aldığı məşhur şeirindən parçalar yadıma düşür:

 

Qapıları döyən mənəm,

Axşam-səhər, axşam-səhər.

Gözünüzə görünmürəm,

Gözə görünməz ölülər.

Xirosimada öldüm mən,

O zamandan keçir on il.

Yeddi yaşlı bir qız idim.

Ölülər böyüyən deyil...

Qapınızı döyürəm mən,

Xala, əmi, imza ver.

Uşaqlar öldürülməsin.

Şəkər də yeyə bilsinlər.

 

Yapon məktəbliləri də böyük şairə minnətdarlıq hissi ilə onu “Ölümsüz” elan edib, hər il şairin doğum günündə, yanvar ayının 15-də Nazim Hikmətin Moskvadakı mənzilinə təbrik məktubu göndərirmişlər. Aradan uzun illər keçsə də, eşitdiyimə görə, bu ənənə hələ də davam edir.

 

(Ardı var)

 

 

 

Novruz Nəcəfoğlu

525-ci qəzet.- 2015.- 11 aprel.- S.18-19