Sirli pərdələr arxasında bir
gün...
Adi tamaşaçıya "Teatr asılqandan
başlayır" deyiminin mənasını araşdırmaq
o qədər vacib deyil. Əgər Bakıda yaşayıb,
taksiçiliklə məşğul olan sürücü hər
hansı bir teatrın yerini yoldan keçənlərdən
soruşub öyrənirsə, onda teatrın nədən
başladığının onun kimilərinə heç bir
dəxli yoxdur. Teatra marağı təmtəraqlı
salonlarda və foyelərdə müxtəlif pozalarda şəkil
çəkdirib sosial şəbəkədə paylaşmaqla
bitənlər üçün də artıq tarixə
qovuşmuş 19-cu əsrin tanınmış teatr fədailəri
və yaradıcılarından biri olmuş K.Stanislavskinin bu məşhur
kəlamının diqtə elədiyi fikir gəlişigözəl
sözdən başqa bir şey deyil. Onlarla işimiz
yox... Bugünkü söhbətimiz teatrı məbəd bilənlər
və bu məbəddə həyatın bir
parçasını görməyə gələnlər
üçündür...
Beləliklə,
Azərbaycan Dövlət Musiqili Teatrının bir
günü...
Əvvəlcə
o taksi sürücüsü və ümumiyyətlə, şəhər
əhalisi üçün ünvanı xatırladaq:
Zərifə Əliyeva küçəsi 8.
105 yaşlı teatrın tarixi ilə yaxından
bağlılığı olanlar yaxşı bilir ki,
buranı sevib, bu sənətə könül verib də onun
hər bir əziyyətinə qatlaşmaq iqtidarında olanlar
üçün burada hər şey sirli, möcüzəli
bir aləmi xatırladır. Qrim otaqları da, məşq
salonları da, səhnə də yalnız onların sevgisinə
qapı açır, taleyi vərəqlərə
köçən personajlar məhz bu məhəbbətin təsiri
ilə dilə gəlir, danışır, hərəkət
edir, gülür, ağlayır! Çünki bura teatrdır,
gözəl, incə sənətlərin məcmusunun
tamaşaçı adlı tələbkar bir cəmiyyətin
müzakirəsinə verildiyi məkandır...
Hazırsınızsa,
Azərbacan Dövlət Musiqili Teatrın giriş
qapısından içəri keçək..
Yarıqaranlıq
dəhlizin sakitliyində mikrofonla ətrafa yayılan səs bələdçimiz
olur: "Toya bir gün qalmış" tamaşasında
iştirak edən aktyorlar səhnəyə dəvət olunur.
Bir neçə dəqiqədən sonra məşq
başlayacaq..."
Tamaşa salonunda da səssizlikdir. Rejissor, Əməkdar
incəsənət xadimi Əsgər Əsgərov səhnədədir,
yeni tamaşanın quruluşçu rəssamı Nabat Səmədova
ilə son detalları dəqiqləşdirir, ara-sıra
işıq ustalarına da tapşırıqlar verir.
Aktyorlar
kulisdə yerlərini tuturlar, rəssamla söhbətini bitirən
kimi səhnədən enən rejissorun komandası eşidilir:
- Buyurun,
fasilədən əvvəlki şəkli bir daha
cilalayacağıq, musiqi ilə bərabər siz də səhnəyə!
Xalq artisti Afaq Bəşirqızı və onun tərəf-müqabilləri
səhnəyə çıxır. Hər kəs öz
obrazının daha dolğun və mükəmməl
alınması üçün diqqətini toplayıb. Bəzən müxtəlif detalları şərti
etüdlərlə göstərmək lazım gəlir.
Amma hər kəs replikasını əzbər bilir, ara-sıra
Afaq xanım özünəməxsus atmacaları ilə vəziyyəti
daha komik həddə çatdırır, daha gülməli və
maraqlı bir ab-hava yaradır, cavanlar da çiynində illərin
təcrübəsi olan aktrisa ilə bərabər vəziyyətə
bir az da rəng qatırlar. Rejissor susursa, deməli
hər şey qaydasındadır - bu, illərdən bəri məşq
prosesini izləməyə getdiyim tamaşaqabağı
hazılıqlarda gəldiyim qənaətdir.
Təbii ki, tamaşaya baxanların bir çoxu səhnədə
baş verən saat yarımlıq və ya 2 saatlıq
görüntünün araya-ərsəyə gəlməsi
üçün onlarla insanın bəzən aylarla yorulmadan
çalışdığından xəbərsizdir. Hər
hansı bir əsər tamaşaya qoyulmaq üçün qəbul
olunan andan teatrın rəhbərindən tutmuş
ayrı-ayrı sexlərin işçilərinədək hər
kəs rejissorla, rəssam, dirijor və təbii ki, aktyorlarla bərabər
səfərbər olur. Səhnənin
"geyimini" dəyişmək, obrazların hər birinin
xarakterinə uyğun yeni paltar dəstləri hazırlamaq
üçün eskizlər çəkilir, işıq, səs
effektləri dəqiqləşdirilir, butafor və əlbəsə,
dekorlar və ya mebel sifariş verilir. Aktyorların karına gələ biləcək, tamaşanın
təsir gücünü artırmağa yardım edəcək
bütün detallar zərgər dəqiqliyi ilə incələnir.
Son - proqon məşqlərdə artıq səhnədə hər
şey mükəmməl olmalıdır, çünki bəzən
kiminsə adi sandığı ən ufaq səhv belə
tamaşada əhəmiyyətli sayılır. Aktyorlar
aylarla dialoqlarını əzbərləyir, yeni obraz
üçün ifadə çaları, fərdi xüsusiyyətlər
tapmağa çalışırlar. Son məşqlərdə
suflyordan və məşq dəftərindən imtina etmək
lazım gələndə hər bir ifaçı öz şəxsi
adını "unudacaq" qədər özündən
uzaqlaşıb müəlliflərin əsərdə
yaratdığı surətlərin isminə alışacaqlar
və bu da hər tamaşa axşamı yaşanan gözəl
bir duyğuya, unudulmaz xatirəyə çevriləcək.
Aprelin 16-da premyerası nəzərdə tutulan yeni
tamaşa dramaturq Əli Səmədlinin vaxtilə ölkəmizin
müxtəlif teatrlarında tamaşaya qolulan 36 səhnə əsərindən
biridir. Və bir zamanlar ölkə teatrlarında
oynanılıb. Bu tamaşa Xalq artisti,
"Şöhrət" ordenli, milyonların sevimlisi Afaq Bəşirqızının
arzusu ilə onun yubileyi mümasibəti ilə tamaşaya
qoyulur.
- Digər
tamaşalarımızdan fərqli olaraq bu əsərdə
personajların heç birinin adı yoxdur - bunu
quruluşçu rejissor Əsgər Əsgərov
suallarımızı cavablandırarkən dedi, - mən hətta
aktyorlara tapşırmışam ki, çox ehtiyac olsa,
bir-birinizə adınızla müraciət edə bilərsiniz.
- Siz
çox tələbkar rejissorsunuz, deyirlər, hər əsəri
də bəyənib tamaşaya qoymursunuz. "Toya
bir gün qalmış"ın adı sizə cəlbedici
göründü, yoxsa Afaq xanımın yubiley tədbirinə
bir qatqınız olsun deyə razılaşdınız?
- Əsəri oxudum və onun bugünkü həyatla,
insanların yaşam tərzi ilə həmahəng olduğunu
hiss etdim. Dramaturq bu komediyadakı hadisə və tipləri səhnəyə
gətirəndə ötən əsrin 70-ci illəri idi.
Amma bu ötən zaman kəsiyində sanki heç nə dəyişməyib,
əksinə, ayrı-ayrı fərdlərin pula, vəzifəyə,
şan-şöhrətə hərisliyi bir qədər də
artıb, ailələrdə valideynlərlə uşaqlar
arasındakı uçurum daha da dərinləşir, adət-ənənələr
gülüş obyektinə çevrilir, dəyərlər
itir... Tamaşada bir ailənin timsalında cəmiyyətin
sürükləndiyi xaos və bəlaların hər dövr
üçün aktual olduğunu nəzərə
çarpdırmağa çalışmışıq.
Ailədə baş verən hadisələrdə
anasının və bacı, qardaşlarının hərəkətlərinə
üsyan edən kiçik qız da son məqamda müasir
tay-tuşları kimi nəfsinin və pulun şirnikləndirici
cazibəsinin əsiri olur, necə deyərlər ümumi
axına qoşularaq rəhmətə getmiş ailə
başçısının - yəni atasının ruhuna təhqir
sayılacaq hadisələrin baş verdiyi məqamlarda öz
payını alıb susmağa üstünlük verir.
- Bəs Afaq xanım bu tamaşada hansı həmkarları
ilə tərəf müqabili olacaq?
- Əməkdar
artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd
Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac
və Hüseyn Əlili, Ziyadxan Cəbrayılov, Ağaxan
Şərifov, Rəsmiyyə Nurməmmədova... Elnarə
Nağdəliyeva və Gülnarə Əzizova isə
Gültac Əlili ilə eyni obrazı paylaşacaqlar....
-
Tamaşada musiqi çox önəmlidir, teatrın rəhbərliyi
bu dəfə məşhur qarmon ifaçısı Xalq artisti
Ənvər Sadıqova əməkdaşlıq təklif edib.
- Bəli,
tamaşa boyu Ənvər Sadıqovun ifasında müxtəlif
musiqi parçaları səslənəcək. O həm də
bütövlükdə əsərin musiqi rəhbərliyini
öz üzərinə, məncə bu eksperiment
tamaşaçılar üçün də maraqlı bir
yenilik olacaq.
Əsgər müəlllimə və yaradıcı heyətə
uğurlar arzulayıb teatrın direktoru, Əməkdar incəsənət
xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevlə
görüşmək üçün qəbul otağına
yollanıram.
Köməkçisi Sevda xanım deyir ki, direktorun yanında
yaradıcılıq məsələləri ilə
bağlı müzakirədir və sizi maraqlandıran suallara
cavab almaq üçün içəri keçməkdə sərbəstsiniz!
Bəlkə də, bu başqalarına qəribə
görünər. Amma Əliqismət
müəllimin yanında hər cür rəsmiyyətdən
uzaq dinləmələr, müzakirələr o qədər
maraqlı olur ki, bu söhbətlərdə iştirak etməyə
hamımız aludəyik. Burada oynanılan
tamaşaların müzakirəsindən tutmuş ən
xırda yaradıcılıq məsələlərinə
toxunulur, qeyri-rəsmi olmasına baxmayaraq, hətta ən vacib
məsələlər barədə qərar qəbul edilərək
müəyyən problemlər öz həllini tapır. Əsl yaradıcı mühit də
görünür elə işə bu cür müasir
yanaşma tərzindən, sərbəst münasibətdən
yaranır.
Sakitcə otağa daxil olub boş kreslolardan birində
yerimi rahatlayıram. Bu il tamaşaya qoyulacaq yeni əsərlərin
hazırlanma prosesi ilə bağlı fikir mübadiləsi
aparılır. Öyrənirəm ki, Xalq artisti
Cənnət Səlimova Elçinin "Baladadaşın toy
hamamı" əsərinin məşqlərinə
başlayıb. Uzun illər həm Azərbaycanda,
həm də dünyanın müxtəlif teatrlarında əsərləri
böyük uğurla oynanılan Xalq yazıçısı,
görkəmli dramaturq Elçinin məşhur qəhrəmanı
Baladadaş bu dəfə Musiqili Teatrın səhnəsinə
çıxacaq. Yeni tamaşanın
musiqisini Firudin Allahverdi, librettosunu Nofəl Vəliyev yazıb.
Xalq rəssamı Tahir Tahirov öz əlvan
palitrasının rəngləri ilə səhnəyə yeni
bir ovqat gətirəcək. Baladadaş
rolu aktyor Əmrah Dadaşova həvalə olunub. Digər
obrazları isə Xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov,
Əməkdar artistlər Nahidə Orucova, Nərgiz Kərimova,
Səidə Şərifəliyeva, Ema Məlikova, Çingiz
Əhmədov, Ələkbər Əliyev, Əkbər
Əlizadə, Səmayə Musayeva, Novruz Əliyev, aktyorlardan
Mehriban Zalıyeva, Səmədzadə Xasiyev, Ruslan Mürsəlov
və başqaları oynayır. Ümumiyyətlə,
personajların sayı çox olduğundan teatrın
yaradıcı heyətinin xeyli hissəsi bu tamaşaya cəlb
edilib.
Mövsümün daha iki yeni tamaşasından birini Xalq
artisti İlham Namiq Kamal hazırlayır. Bu dramaturq
Sabit Rəhmanın eyni adlı əsəri əsasında
rejissorun librettosunu yazdığı "Əliqulu evlənir"
musiqili komediyasıdır. Məşhur
"Hicran" əsərindən sonra bu müəllifin
teatrda oynanılacaq ikinci əsəridir. Amma
ötən yüzillikdə bu əsər respublikamızın
bir neçə teatrında tamaşaya qoyulub. Onun yenidən, özü də Musiqili Teatrın səhnəsinə
gətirilməsinin zəruriliyini hiss edən kollektiv təbii
ki, ilk növbədə müasir tamaşaçıların
tələbatına cavab verəcək və
zövqünü oxşayacaq bir tamaşa meydana gətirmək
niyyətindədir. Bunun üçün bəstəkar,
Oqtay Rəcəbov və şair Baba Vəziroğlu ilə
yaradıcılıq əməkdaşlığı
yaradılıb. Tanınmış bəstəkarın
tamaşada səslənəcək nəğmə mətnlərini
istedadlı şair Baba Vəziroğlu yazıb.
Quruluşçu dirijor, əməkdar incəsənət
xadimi Nazim Hacıəlibəyov, rəssam Nabat Səmədova,
xormeyster Vaqif Məstanov, geyim rəssamı Yelena Almazova,
baletmeysterlər Yelena və Zakir Ağayevlər, dirijor Fəxrəddin
Atayev həyəcanla ilk tamaşa gününə
hazırlaşırlar. Əliqulu obrazını
İlham Namiq Kamal və Nadir Xasıyev ifa edəcək.
Gövhər rolunun da iki oyunçusu var: Əməkdar artist
Nahidə Orucova və aktrisa Gülçöhrə Abdullayeva.
Digər obrazları da teatrın istedadlı gəncləri
ifa edəcək. Gənclərdən söz
düşmüşkən...
Bu gün tamaşaya hazırlanan növbəti yeni əsərin
taleyi də cavanlara etibar olunub. Ancaq onların Xalq
artisti Azərpaşa Nemətov kimi müəllimi və hamisi
var. Təcrübəli rejissorun dəstəyi ilə onun gənc
həmkarları və yetirmələri Əlif Cahangirovla Anar
Sadıqov rejissor kimi bu teatrda debüt edəcəklər.
Əslində debüt sözü bəlkə də
daha çox Əlifə şamil oluna bilər. Çünki Anar artıq bəzi tamaşalarda
rejissor assistenti kimi təcrübə keçib. Amma yenə
də ilk sərbəst addımının həyəcanı
hiss olunur. Cavanlar istedadlı şair və tədqiqatçı
İlqar Fəhminin "2015-ci kvartal" əsərinə
müraciət ediblər. Əminik ki, onlar
göstərilən etimadı doğrultmaq üçün
bütün var qüvvə ilə çalışacaqlar.
Mövsümün sonunadək daha iki əsərin hazırlanması üçün daxili əmr imzalanıb. Onlardan biri Xalq artisti, bəstəkar Rauf Hacıyevin ötən əsrin 60-cı illərində yazdığı və bugünədək də dünyanın məşhur səhnələrində uğurla oynanılan "Qafqazlı qardaşqızı" operettasıdır ki, ona quruluş vermək üçün Respublikamızın Əməkdar incəsənət xadimi, professor Əli Usubov teatra dəvət olunub. Bir vaxtlar onun dəsti-xətti ilə ölkəmizin teatrlarında da bir sıra ciddi maraq doğuran əsərlər tamaşaya qoyulurdu. Əminik ki, bu yaradıcılıq tandemi də hər iki tərəf üçün və sonucda tamaşaçılar üçün uğurlu olacaq.
Teatr daimi tamaşaçısı olan balacaları da
unutmayıb. Belə ki, bəstəkar Oqtay Zülfüqarovla
şair Ramiz Heydərin "Şəngülüm,
Şüngülüm, Məngülüm"
nağılı əsasında "Dəcəl çəpişlər"
adlı bir tamaşa hazırlanır ki, onun da
quruluşçu rejissoru Əhəd Hacıyevdir.
Çox gərgin yaradıcılıq
axtarışlarını davam etdirən teatrın kollektivinə
uğurlar arzulayıb bu qocaman, amma gənclik şövqü,
yaradıcılıq həvəsi ilə çalışan sənət
məbədini tərk edirəm. Bir azdan tamaşa
salonunda sənətsevərləri sehirli pərdələrin
o üzündə baş verən cazibədar aləmlə
görüşə dəvət edən 3-cü zəng
çalınacaq.
Şəhərin
hansı küçəsindəsə taksi
sürücüsü sərnişinin: "Məni Musiqli
Teatra çatdırın, yəqin ki, ünvanı bilirsiniz ?- sualına inamla cavab verəcək:
"Əlbəttə, tanıyıram! İki gün əvvəl
ailəmlə bərabər orada çox maraqlı bir
tamaşaya baxmağa getmişdik! Dedilər bir-iki günə
təzə tamaşa oynanılacaq! Baş rolda
da Afaq Bəşirqızı!"
- Yeni
tamaşa aprelin 16-da oynanılacaq. "Toya bir gün
qalmış"...
- Kimin
toyudur ki? Yəqin hər kəs dəvətlidi,
eləmi? Biz mütləq gedəcəyik...
Telli Pənahqızı
525-ci qəzet.-
2015.- 14 aprel.- S.7.