Ustad tənqidçi, görkəmli ədəbiyyatşünas

 

Professor Əkbər Ağayevin 100 illiyinə

 

 

 

O, 100 il bundan öncə, 1915-ci il -baharın ilk günü-martın 21-də Şuşada dünyaya göz açdı. Orda, indi bizim üçün müvəqqəti də olsa, həsrətini çəkdiyimiz (amma tezliklə qovuşacağımız) o cənnətməkanda orta məktəb bitirdi, sonra APİ-nin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil aldı.

 

Gələcəyin tanınmış tənqidçisi elə tələbə ikən özünün xüsusi qabiliyyəti, geniş mütaliəsi və rəvan nitqi, söz demək -müstəqil fikir yürütmək bacarığı ilə seçildi. Çox keçmədən onun məqalə və resenziyaları ədəbi mətbuata yol tapacaq, "Tənqidçi Əkbər Ağayev" imzasını ədəbi ictimaiyyətə tanıdacaqdı.

 

1937-ci il qara bir kabus kimi Azərbaycan xalqının başı üstündə dolanmağa başladı, millətin ən gözəl ziyalıları məhv edildi. O sıradan Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələri bolşevik "troyka"sının qurbanı oldular. M.K.Ələkbərli, B.Çobanzadə, A.Musaxanlı, Ə.Nazim, Ə.Abid, H.Zeynallı kimi tənqidçi-ədəbiyyatşünaslar, fikir sahibləri bu ölüm qurğusunun cəngindən qurtula bilmədilər.

 

Ancaq ədəbi fikir meydanı boş qalmadı. Tənqid və ədəbiyyatşünaslıqda artıq cavan, istedadlı kadrlar yetişirdi. Məmməd Arif, Məmməd Cəfər, Mehdi Hüseyn, Mikayıl Rəfili, Feyzulla Qasımzadə, Əli Sultanlı, Mir Cəlal, Həmid Araslı, Cəfər Xəndan 30-cu illərin əvvəllərindən öz imzalarını tanıtmaqdaydılar, az sonra Cəfər Cəfərov, Əkbər Ağayev, Orucəli Həsənov da bir tənqidçi-ədəbiyyatşünas kimi bu sıraya qoşuldular.

 

Əkbər Ağayev məhz belə bir çətin, mürəkkəb dövrdə tənqidə gəldi. İlk məqaləsini Əhməd Cavadın V.Şekspirdən etdiyi "Otello" pyesinin tərcüməsinə həsr etmişdi. Oxucu məktubu kimi dərc edilən o yazıda gənc Əkbər Ağayevin tənqidçilik keyfiyyətinin iki başlıca cəhəti diqqəti cəlb etdi: birincisi tənqidçinin haqqında söz açdığı əsərin ideyasını, bədii-sənətkarlıq xüsusiyyətlərini tam qavraması və bu bilgi ilə tərcüməyə qiymət verməsi, ikincisi tərcümə olunan əsərin uğurlu cəhətlərini və eyni zamanda, nəzərə çarpan, gözdən qaçmayan qüsurlarını çəkinmədən söyləməsi. "Yüksək keyfiyyətli bədii tərcümə uğrunda" adlı bu məqalə 1937-ci ildə, "Ədəbiyyat qəzeti"nin 31 yanvar sayında dərc edilmişdi və o yazıdan başlayaraq mətbuatda Əkbər Ağayevin tənqidçi kimi imici formalaşmağa başladı. Onda Əkbər Ağayevin heç 22 yaşı tamam olmamışdı, hələ tələbə idi və 1989-cu ilin martına - bu dünya ilə vidalaşana qədər tənqidçi-ədəbiyyatşünas, tərcüməçi, pedaqoq Əkbər Ağayev ədəbi gündəmdən düşmədi.

 

Bu görkəmli şəxsiyyətin yaradıcılıq yolu çox zəngindir və təbii ki, bir yubiley yazısında bunu əhatə eləmək mümkün deyil (Yeri gəlmişkən, qeyd edim ki, Əkbər Ağayevin həyat yolu və yaradıcılığı haqqında ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadənin "Tənqidçi dünyası" adlı monoqrafiyası (Bakı, 2000) çap olunub). Bu yazıda biz ustad tənqidçinin yaradıcılıq yolunu onun tənqidçi portretinin səciyyəvi cizgilərini nəzərə çarpdırmaq istərdik.

 

Onu birmənalı şəkildə Sovet tənqidçisi adlandırmaq doğru olmazdı. Bəli, Əkbər müəllimin Sovet ədəyyatının-sosialist realizminin problemlərinə həsr olunan məqalələri, yazıları var. Lakin o dövrün bütün tənqidçi və ədəbiyyatşünaslarının hansı birisi bu mövzuda qələm çalmamışlar. Məgər kommunist ideologiyasının şüurlara hakim kəsildiyi, ədəbiyyata təsirsiz qalmadığı, üstəlik də inzibati-amirlik sisteminin mövcudluğu danılmaz fakt deyildimi?

 

Xalq yazıçısı Elçinin "Sosrealizm bizə nə verdi?" monoqrafiyasına müraciət edək: "Sistem ədəbiyyatı dövlətin - Sovet İttifaqının icra qurumlarından birinə çevirməyə çalışırdı və bu çalışma, bu cəhd SSRİ tarixinin müəyyən dövrlərində güclü və yaxud nisbətən zəif effektlə Sovet quruluşunun sonuna kimi davam etdi". Ancaq elə Elçin müəllimin qeyd etdiyi kimi, sistem nə qədər güclü olsa da, həm sosrealizmin tələbləri, həm də istedadın təhriki ilə sosrealizmin tələblərinə o qədər də doğma olmayan bədiiyyat tələbləri öz ifadəsini tapırdı.

 

Əkbər Ağayevin tənqidçilik fəaliyyətinə də məhz bu meyarla yanaşmaq lazımdır. O, bir tərəfdən sosrealizmin dünya və Azərbaycan ədəbiyyatının inkişafında yeni mərhələ olduğunu təsdiq edirdi, bəzən təhlil etdiyi əsərlərə də bu meyarla yanaşırdı, digər tərəfdən isə əksər məqalələrində qətiyyən ideoloji faktorlara, sosrealizmin qarşıya qoyduğu tələblərə əhəmiyyət vermədən yalnız bədii əsərlərin özündən danışırdı, haqqında söz açdığı sənətkarın yaradıcılıq özəlliklərini təhlil obyektinə çevirirdi, Azərbaycan ədəbiyyatının yaşarı ənənələrini, keçdiyi yolun inkişaf mərhələlərini, ənənə və novatorluq, ədəbi irs və varislik, müasirlik problemlərini, ayrı-ayrı ədəbi janrların, xüsusilə poeziyanın tarixi missiyasını xüsusi bir şövqlə nəzərə çarpdırırdı.

 

Əkbər Ağayev ilk növbədə TƏNQİDÇİ idi. Özü də professional tənqidçi. Doğrudur, onun "Nizami və dünya ədəbiyyatı" kimi çox maraqlı, nizamişünaslıq üçün vacib bir mövzuda yazdığı monoqrafiyası var, XX əsr Azərbaycan poeziyasının inkişaf meyllərindən söz açan "Azərbaycan Sovet poeziyası (1920-1970)" sanballı tədqiqat əsəri, ədəbiyyatşünaslığın mühüm problemlərini əks etdirən məqalələri, bədii tərcümə məsələlərinə həsr olunmuş elmi-nəzəri yazıları var, lakin bütün bu yazılarda da Əkbər Ağayevin tənqidçi obrazı ön plandadır. Onun elmi təfəkkürü sırf rasionallıq, nəzəriyyəçilik üzərində, bir müstəvidə dayanmır, bu elmi təfəkkürə tənqidçiliyindən irəli gələn məqamlar da qarışır, bəzən publisistik şərhlərə də ehtiyac duyulur, hətta bədii-emosional tərzdə cümlələrə də rast gəlirik. Ancaq bütün bunlar Əkbər Ağayevin alim-tənqidçi-nəzəriyyəçi obrazına heç bir xələl gətirmir.

 

Əkbər Ağayevin ədəbi-tənqidi irsində, heç şübhəsiz, poeziya məsələlərinə həsr olunmuş məqalələr birinci sırada durur və bu mənada onu poeziya tənqidçisi kimi qiymətləndirmək lazımdır. Bu gün bir araşdırıcı XX əsr Azərbaycan poeziyasının keçdiyi inkişaf mərhələlərini, ayrı-ayrı şairlərin yaradıcılıq yolunu, şeirimizin sənətkarlıq axtarışlarını izləmək istəyirsə, heç şübhəsiz, Əkbər müəllimin məqalələri, həmçinin öncə adını çəkdiyimiz monoqrafiyası ona bələdçilik edəcək. O, nədən və kimlərdən yazmayıb? Baxın: müharibə dövrü şeirimizin vəziyyəti, müharibədən sonrakı dövrdə poeziyada sənətkarlıq məsələləri, XX əsr Azərbaycan poeziyasının inkişaf meylləri, Səməd Vurğun, S.Rüstəm, M.Müşfiq, M.Rahim, Ə.Cəmil, B.Vahabzadə, N.Xəzri, Ə.Kürçaylı, O.Sarıvəlli yaradıcılığı ilə bağlı məqalələri bu gün də maraqla oxunan yazılardır. Xüsusilə, onun portret yazıları, bu yazılarda hər bir şairi "kəşf" etmək cəhdi səmərəli idi. Bircə misal gətirmək istərdik. Səməd Vurğun haqqında belə yazırdı: "Gənc Səməd Vurğunun əlində söz mum kimi idi. O, formaya hakim idi. Məhz buna görə də o öz gənclik lirikasının istiqamətini dəyişə bildi. Onun lirikası yeni məzmunla zənginləşəndə, şair yenə də söz sənətinin bu əsas xüsusiyyətini məharətlə saxladı. Onun yeni məzmunlu şeiri yeni formada yarandı, lakin şair yenə də sözə, formaya hakim olaraq qaldı. O, əruzdan da, hecadan da, sərbəst şeirlərdən də istifadə etdi, o, klassik Azərbaycan şeirinin də, rus və Avropa poeziyasının da ən yaxşı ənənələrini davam etdirdi, lakin nə Füzulini, nə Vaqifi, nə Puşkini, nə də Mayakovskini təqlid etdi; o öz şeirini, öz üslubunu yaratdı və onun yolu Azərbaycan şeirinin ən gözəl xüsusiyyətlərinin davamı və inkişafı kimi meydana çıxdı. Gənc istedadlar Səməd Vurğundan, bax, bunun sirrini öyrənməlidirlər".

 

Əkbər Ağayev tərifində də, tənqidində də ölçü hissini gözləyən, müəllifin şəxsiyyətindən deyil, yaradıcılığından söz açan müəlliflərdən idi. Tənqidçi obyektiv, prinsipial, ədəbi vicdan meyarı ilə əsərlərə qiymət verən bir şəxsdir və biz bunun bariz təcəssümünü Məmməd Arif, Məmməd Cəfər, Yaşar Qarayev kimi görkəmli tənqidçilərin simasında görmüşük. Əkbər Ağayev də məhz bu tipli tənqidçilərdən idi. Onun obyektivliyi bəzən birmənalı qarşılanmırdı. Deyək ki, Səməd Vurğuna, Rəsul Rzaya, Bəxtiyar Vahabzadəyə, Əliağa Kürçaylıya - onların poeziyasına o zaman ən düzgün qiyməti verənlərdən biri Əkbər Ağayev idi, amma eyni zamanda bu şairlərin yaradıcılığında nəzərə çarpan qüsurları, geriləmələri də gözdən qaçırmırdı. Özü də havadan deyil, mətndən danışırdı. Yazırdı ki: "Şair gərək mövzuları saf-çürük etməyi,seçdiyi mövzuya görə yazacağı şeirin həcmini, şeirin kompozisiyasını,nədən başlayıb nədə qurtaracağını,fikirlərin silsiləsini elə müəyyən etməyi bacarsın ki, şeir həm zahiri əlamətləri, həm də daxili quruluşu etibarilə təbii, axıcı, ahəngdar olsun, oxucular şeirdə yersiz, artıq, məntiqsiz təkrar parça və misralara rast gəlməsin. Bədii forma üçün mühüm olan bu cəhətlərə indi poeziyamızda lazımi qədər diqqət edilirmi?" - bu fikirlər 1953-cü ildə söylənilib, lakin bu günün poeziyasına da aid etmək olar və lazımdır. Həmin fikir Ə.Ağayevin poeziyaya həsr etdiyi böyük bir məqaləsində xeyli tənqidi fikirlərlə müşayiət edilir və doğrusu, bu gün bəzən tənqidimizin dişsizliyini görəndə Əkbər Ağayevin tənqidçi cəsarətini xatırlamalı olursan.

 

 Ümumiyyətlə, Əkbər Ağayev poeziyamızın mötəbər tədqiqatçılarından biri idi. Onun öncə adını çəkdiyim "Azərbaycan Sovet poeziyası (1920-1970). İnkişafın əsas meylləri" (jurnal variantında adı belədir) XX əsr Azərbaycan poeziyasını sistemli şəkildə tədqiq edən bir əsərdir və bu əsərdə ayrı-ayrı fikirlər, mülahizələr sosrealizm mövqeyindən yazılsa da, bütövlükdə poeziyamızın keçdiyi yolu düzgün işıqlandırır. Bu əsərin yetmişinci illərin əvvəllərində yazılmasını da unutmayaq.

 

Həmin monoqrafiyda Əkbər Ağayevin bir ədəbiyyat tarixçisi kimi istedadı da üzə çıxır. O, yetmiş ilin (əsərdə XX əsrin poeziyası bütünlüklə, həm ayrı-ayrı ədəbi şəxsiyyətlərinin yaradıcılığı, həm də inkişaf mərhələləri) poeziyasında meydana gələn heç bir təmayülü nəzərdən qaçırmır, bu poeziyanın ənənə və novatorluq, klassika və müasirlik, sənətkarlıq axtarışları kimi ən vacib problemlərini tədqiq edir. Qiymətləndirmə meyarı isə bəzən subyektiv görünsə də, hər halda, maraqlıdır. Məsələn, Sabir, Səhhət və Hadinin müqayisəsinə diqqət yetirin: "Sabir poeziya səmasında əbədidir, yandıqca parlayır, parladıqca aydınlaşır və daha gur şölə saçır, şüasının əhatə və təsir dairəsi genişdir, tükənməzdir, həmişə fəaldır. Hadi çox tez parlamış, gözləri qamaşdıran bir işıq saçmış, tez də ziyasını itirmiş və sönmüş ulduzdur, lakin poeziya səmasından silinməmişdir, öz tutduğu məqamında o, yenə vardır. Amma onu görmək istəyənlər əvvəlcə aydınlaşdırıcı cihazlarla silahlanmalı, özünü işıqlandırmalı, sonra görməlidirlər. Görə bilsələr, o zaman hiss edərlər ki, o sönmüş ulduz da içəridən nəfəs alır. Bəli, Sabir poeziya göylərində hamının gördüyü və görəcəyi ulduzdur, Hadi isə onu görə bilənlərin ulduzudur. Bu iki ulduzun arasında öz sakit və aramlı işığını bir qaydada saxlayan sıravi bir ulduz da var, o-Səhhətdir, incə, ahəstə və təmkinli qələm sahibi Səhhət".

 

Bu monoqrafiya ənənə və novatorluq haqqında çox maraqlı və obyektiv mülahizələrlə diqqəti cəlb edir və yeri gəlmişkən deyim ki, mənim "Müasir Azərbaycan poeziyasında ənənə və novatorluq (1960-2000-ci illər)" doktorluq dissertasiyamın yaranmasında böyük rol oynadı. Mən bir çox səhifələrdə Əkbər müəllimin poeziyada ənənə və novatorluq haqqında söylədiyi nəzəri müddəalara istinad etdim. Burada bir məqamı da nəzərə çatdırmaq istəyirəm: namizədlik dissertasiyamın müdafiəsində Əkbər müəllim mənim birinci rəsmi opponentim olmuşdur.

 

Əkbər Ağayev çox məlumatlı adam idi və

 

 o zaman hətta heyrətə gəlirdik ki, bu insan, necə ola bilər, klassik ədəbiyyatı da, müasir ədəbiyyatı da eyni dərəcədə mükəmməl bilsin, dünya ədəbiyyatına dərindən bələd olsun (o, bizə xarici ölkələr ədəbiyyatından mühazirələr oxuyurdu-V.Y.), təkcə poeziya bilicisi deyil, nəsrə, dramaturgiyaya, teatr sənətinə də maraq göstərən bir söz adamı kimi diqqəti cəlb etsin. Özü də Əkbər müəllim bir tənqidçi və ədəbiyyatşünas kimi təkcə milli ədəbiyyatın cəfakeşi və təbliğatçısı deyildi. Onun rus və dünya ədəbiyyatı ilə bağlı xeyli sayda tədqiq və araşdırmaları var: "Puşkinin davamçısı"  (M.Y.Lermontova həsr olunub), "A.İ.Gertsen", "Puşkin yaşayır", "Böyük vətənpərvər" (V.Q. Belinski haqqında), "Böyük ədibin sevgisi və nifrəti" (Qorki barədə), həmçinin M.V.Lomonosov, N.Q. Çernışevski, D.İ.Pisarev, V.Q.Korolenko, S.Yesenin, A.P.Çexov, L.N. Tolstoy, A.S.Qriboyedov, N.A.Nekrasov yaradıcılığı ilə bağlı məqalələrini indi də aktuallığını itirməyib.

 

Ustadın "Nizami və dünya ədəbiyyatı" monoqrafiyası isə (onun namizədlik dissertasiyası) nizamişünaslıqda yeni bir SÖZ oldu. Nizamini-Şərqin bu böyük dahisini dünya ədəbiyyatı kontekstində öyrənən ilk əsərlərdən biri idi bu monoqrafiya və Ə.Ağayevin Avropa ədəbiyyatına bu dərəcədə bələd olması indinin özündə də heyrət doğurur.

 

Əkbər Ağayev həm də istedadlı mütərcim idi. Bu "istedadlı" ifadəsini ona görə bədii təyin kimi işlədirəm ki, bu gün tərcümə ədəbiyyatımızın bir sıra uğurları ilə yanaşı, xeyli sayda konyuktur nümunələri də var və Əkbər Ağayevin bədii və elmi tərcümələrindən faydalanarsa, bunun ancaq xeyri ola bilər. Onun tərcüməçilik fəaliyyəti ayrıca bir mövzudur, amma qısaca belə deyək: Əkbər Ağayev tərcümə işini tərcümə sənəti səviyyəsinə qaldıran bir mütərcim idi. Belinskinin və Dobrolyubovun seçilmiş məqalələrindən ibarət kitablarına baxın, onların alternativi varmı? Hələlik yoxdur! Karamzinin "Bədbəxt Liza", D.Defonun "Robinzon Kruzo", Cül Vernin "Arxipelaq alovlanır", M.Qorkinin "Nağıllar", V.Korolenkonun "Qəribə qız", Ç.Dikkensin "Oliver Tvistin macəraları", A.Dodenin "Taraskonlu Tartarenin qeyri-adi macəraları", Bolqar xalq nağılları və s. onlarla bədii əsərlərin tərcümələri də Ə.Ağayevin bu fəaliyyətinin ardıcıl olduğunu sübut edirdi. Hələ Bualonun "Poeziya sənəti" kitabını demirəm...

 

O, təkcə bədii tərcümə ilə kifayətlənmirdi, tərcümənin nəzəri məsələləri ilə bağlı məqalələr də yazırdı.

 

100 yaşlı Əkbər Ağayev Məmməd Arif və Məmməd Cəfər kimi ustad tənqidçilərdən sonra 100 yaşında ehtiramla xatırlanan ustad tənqidçilərimizdən biri kimi hər zaman ehtiramla anılmağa layiqdir.

 

 

 

 

Vaqif YUSİFLİ

525-ci qəzet.- 2015.- 14 aprel.- S.7.