«Kitabi-Dədə Qorqudun izi ilə» - Azərbaycan
bölgələrinə
Millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşaviri Kamal Abdullayevin rəhbərliyi və
iştirakı, Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,
Bakı Slavyan Universitetinin təşkilatçılığı
ilə 11-13 aprel tarixlərində
Beyləqan və Xocavənd rayonlarında «Kitabi-Dədə
Qorqudun izi ilə» adlı silsilə tədbirlər
keçirilib.
Alman
şərqşünasına böyük ehtiramla
«Kitabi-Dədə
Qorqud» abidəsinin alman şərqşünas alimi Haynrix
Fridrix fon Dits tərəfindən üzə
çıxarılması, nəşr edilməsi və
dünya aləminə tanıdılmasının 200 illiyinin
qeyd olunması haqqında» Prezident İlham Əliyevin məlum
Sərəncamının ruhuna uyğun olaraq keçirilən tədbirlərdə
AMEA-nın,müxtəlif universitetlərin alimləri, Bilik
Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, BSU-nun əməkdaşları,
yerli və xarici tələbələr, məktəblilər,
bölgə ziyalıları, mətbuat nümayəndələri
olmaqla, ümumilikdə 100 nəfərdən çox şəxs
iştirak edib.
Aprelin 11-də millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət
müşaviri Kamal Abdullayevin rəhbərliyi ilə tədbir
iştirakçıları Xocavənd rayonuna gələrək
Ulu Öndər Heydər Əliyevin abidəsi önünə
əklil qoyublar.
Sonra Xocavənd rayon Mədəniyyət evində rayon
ictimaiyyəti ilə tədbir
iştirakçılarının görüşü
keçirilib.
Tədbirin əvvəlində
«Kultura plyus» internet televiziyasının
hazırladığı «Qaraca Çoban» və Xocavənd
rayon İcra Hakimiyyətinin dəstəyi ilə
ekranlaşdırılan «Xocavəndlilər təqdim edir» silsiləsindən «Namusumuz -
Qarabağ» filmləri göstərilib.
Tədbiri açan Xocavənd rayon icra hakimiyyəti
başçısı Eyvaz Hüseynov akademik Kamal Abdullayevin
artıq ikinci dəfədir Xocavənddə olduğunu
xatırladaraq bu səfərin də xüsusi tarixi əhəmiyyət
daşıdığını vurğulayıb: «Kitabi-Dədə
Qorqud” bizim tariximizdir, milli-mənəvi
varlığımızdır. Bu tədbirin
Xocavənddə keçirilməsinin əhəmiyyəti ondan
ibarətdir ki, dastanda baş verən hadisələrin bir qismi
məhz bu rayon ərazisində cərəyan edib».
«Azərbaycanın
gücü əhalisini təşkil edən xalqların
gücündən ibarətdir…»
Akademik
Kamal Abdullayev üçgünlük səfər
proqramının təkcə iştirakçılar və
qonaqlar üçün yox, ümumiyyətlə cəmiyyət
üçün son dərəcə vacib hadisə kimi səciyyələndirib:
«Bu, bizim ümumi mədəni dirçəlişimizin son dərəcə
dəqiq bir təsviridir. Ulu öndərin
sözlərini yada salsaq, Azərbaycanın gücü əhalisini
təşkil edən xalqların gücündən ibarətdir.
Belə bir ictimai bütövlük istər-istəməz
mədəni bütövlüyə gətirən yoldur.
Azərbaycan xalqının qədim tarixi, bu
günü ilə bağlı mədəni, mənəvi sərvəti
sayıla bilən hər bir dəyər dövlət, ictimaiyyət
səviyyəsində yüksək dərəcədə qeyd
olunur. Prezident İlham Əliyevin fevral ayında
imzaladığı «Kitabi-Dədə Qorqud»un öyrənilməsi,
tərcüməsi və ilk dəfə nəşr edilməsinin
200 illiyinə həsr edilmiş Sərəncam bunun çox
gözəl bir göstəricisidir. «Kitabi-Dədə
Qorqud» dastanlarının xalqımızın həyatında
tutduğu yeri sözlə ifadə etmək çətindir.
Düz 200 il bundan öncə alman şərqşünası
və alimi, Hötenin yaxın dostu Haynrix Fridrix fon Dits
özündə əlyazması olan «Kitabi-Dədə Qorqud»
dastanlarından «Basatın Təpəgözü
öldürdüyü boy»u alman dilinə tərcümə edərək
ayrıca kitab şəklində çap etdirib. Həmin kitaba
yazdığı geniş önsözdə əsl şərqşünas
kimi dastanı
yunan mifoloji mətnləri ilə müqayisə edib. Avropa yunan miflərini yaxşı
tanıyırdı, amma «Kitabi-Dədə Qorqud»dan xəbərsiz
idi. Bir bilinməzin bilinən mətn tərəfindən
izahı çox məqsədəuyğundur. «Kitabi-Dədə
Qorqud»un dünya elminə səyahəti məhz
Fridrix fon Ditsdən sonra başladı.
İl ərzində müxtəlif məktəblərin
şagirdləri ilə müxtəlif rayonlarda «Kitabi -Dədə
Qorqud» dastanlarının bu və ya digər məziyyətlərini
öyrənməklə bir daha öz əcdadlarımıza mənəvi
borcumuzu ödəməyə çalışacağıq».
K.
Abdullayev bildirib ki, Xocavənddə yaşlı nəslin
nümayəndələri «Kitabi-Dədə Qorqud»
dastanlarını oxumadıqları halda, Qaraca Çoban, eləcə
də dastandakı bir çox nüanslarla bağlı bilgilərə
sahibdirlər: «Əgər rəvayətlər yerli
əhalinin qəlbində, beynində yaşayırsa, deməli,
qan yaddaşı ilə bağlıdır və bu qəhrəmanların
mənsubiyyətinə şəkk gətirmək olmaz. Məhz buna görə biz Prezidentin sərəncamının
icrasına belə bir müqəddəs yerdən başlamaq
istədik. Bu gün biz sizin qapınıza
gəlmiş Allah qonağıyıq. Siz
Allah qonağını yüksək səviyyədə
qarşıladınız». Çıxışının
sonunda K.Abdullayev «Allah qonağı» kimi təşrif
buyurmuş nümayəndə heyətini yüksək səviyyədə
qarşılayıb qonaqpərvərlik nümayiş etdirdiyinə
görə Xocavənd rayon rəhbərliyinə minnətdarlığını
bildirib.
Görüşdə
Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev, Bilik Fondunun
icraçı direktoru Oqtay Səmədov, «Xocavənd» qəzetinin
baş redaktoru Gültəkin Ağayeva, professor Məhəbbət
Mirzəliyeva, Sevinc Mürvətqızı, məktəb rəhbərləri
və şagirdlər tədbirin əhəmiyyətindən
danışıb, «Kitabi-Dədə Qorqud»un Azərbaycan
xalqını dünyaya hərtərəfli tanıdacaq səviyyədə
dastan olduğunu qeyd ediblər. Tədbirin rəsmi
hissəsi yekunlaşandan sonra akademik məktəblilərlə
səmimi söhbət aparıb, xatirə şəkilləri
çəkdirib.
Eyni vaxtda
dörd məktəb qardaşlaşdı
Bilik Fondunun təşkilatçılığı ilə
keçirilən tədbirlər aprelin 12-də Beyləqan
rayonunda davam etdirilib. İştirakçılar Heydər Əliyev Mərkəzində
Ulu Öndərin abidəsini ziyarət etdikdən sonra rayonda
aparılan tikinti-quruculuq işləri ilə tanış
olublar. Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi
və yeni təmir
olunmuş stadionla tanış olan qonaqlara ətraflı bilgilər
verilib.
Sonra Beyləqan
rayon Mədəniyyət evində keçirilən mərasimdə
Bilik Fondunun «İlboyu bilik» proqramı əsasında
«Qardaşlaşmış məktəblər» layihəsinin növbəti
mərhələsi icra olunub. Layihə çərçivəsində
dörd orta ümumtəhsil müəssisəsi - Bakı şəhəri İlyas
Əfəndiyev adına Elitar Gimnaziya, Xocavənd rayonu Salakətin
kənd, Qəbələ rayonu 1 saylı Nic qəsəbə
və Beyləqan rayonu 1 saylı tam orta məktəbləri
arasında
"Qardaşlaşma sazişi" imzalanıb. İndiyədək qırxa yaxın məktəbi
qardaşlaşdıran Bilik Fondu ilk dəfədir ki, 4 məktəbi
eyni vaxtda qardaşlaşdırır. Bu məktəblərdə
Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri
təhsil alır.
Kamal
Abdullayev: «Ulu öndərin ruhu qarşısında sədaqət
andı içirik»
Sazişin
imzalanmasından sonra
Kamal Abdullayev şagirdlərin «Qardaşlıq
sazişi»nə imza atmaqla yeni dostlar qazandıqlarına və bu dostluğun uzun müddət
davam edəcəyinə inandığını bildirib: «Bu,
sadəcə simvolik saziş deyil, son dərəcə
mühüm bir vətənpərvərlik aksiyasıdır.
Biz bu gün ümummilli liderin qarşımıza qoyduğu
tolerantlıq, qardaşcasına münasibət, Azərbaycan
olan bütün xalqların və dinlərin həmahənglik
yolunu tutaraq əslində
həm də Ulu Öndərin ruhu qarşısında sədaqət
andı içirik». Çıxışının sonunda
Dövlət müşaviri yaradılan şəraitə
görə həm Beyləqan, həm də Xocavənd
rayonlarının rəhbərliyinə minnətdarlığını
bildirib və qardaşlaşan məktəblərin şagirdlərinə
rəhbərlik etdiyi qurumlar adından hədiyyələr və
kitablar təqdim edib.
«Kitabi-Dədə
Qorqud» əxlaq və mənəviyyat dərsliyimizdir»
Həmin gün ««Kitabi-Dədə Qorqud» əxlaq və mənəviyyat
dərsliyimizdir» mövzusunda şagird, tələbə və
müəllimlərin iştirakı ilə elmi-praktiki konfrans
da keçirilib. Konfransı açan akademik K. Abdullayev bildirib ki, bəlkə
də çoxları «Kitabi-Dədə Qorqud»
dastanlarının repressiya olunmuş bir epos olduğundan məlumatsızdır:
«Sovet rejiminin ağır illərində bu dastanı oxumaq
mümkün deyildi. Ancaq 50-ci illərin
axırlarında xalq öz dastanına bir daha qovuşa bildi.
Alimlərimiz dastanla bağlı tədqiqatlar
yazdılar, yazıçılar bu əsərlər ətrafında
müxtəlif janrlarda xeyli əsərlər yaratdılar.
Bundan sonrakı dövr ərzində də
«Kitabi-Dədə Qorqud»la bağlı silsilə tədbirlər
həyata keçirərək bu ölməz dastanımıza
məhəbbətimizi nümayiş etdirəcəyik».
Konfransda AMEA Folklor İnstitutunun aparıcı elmi
işçisi, filologiya üzrə fəlsəfə doktoru,
dosent Ləman Süleymanova «Xocavənddə yaşayan tarix», ədəbiyyatşünas
alim Rüstəm Kamal «Dilimizin və ruhumuzun abidəsi» mövzusunda
məruzələrlə çıxış ediblər.
Beyləqandakı
“N” saylı
hərbi hissənin əsgəri, Bakı Slavyan Universitetinin məzunu
Elnur Mustafayevin çıxışı isə böyük
alqışlarla qarşılanıb. Əsgər
vətənin müdafiəsində Dədə Qorqud
dastanlarındakı kimi şücaət göstərməyə
qadir olduqlarını dilə gətirib.
Tədbirdə
qardaşlaşmış məktəblərin şagirdləri «Kitabi-Dədə Qorqud»
dastanlarının süjetlərini əks etdirən
maraqlı ədəbi-bədii kompozisiya ilə
çıxış ediblər.
«Savalan» qrupunun təqdim etdiyi ifalar da konfrans
iştirakçılarının marağına səbəb
olub.
Konfransın
yekununda K. Abdullayev «Kitabi-Dədə
Qorqud»un hər bir boyunu, hər bir hekayəsini həyat dərsi
kimi səciyyələndirib:
«Düşünürəm ki, konfrans alındı, biz
bir daha «Kitabi-Dədə Qorqud» dastanının Azərbaycan ədəbiyyatında,
dilçiliyində, folklorunda, mədəniyyətində,
tarixində yeri və rolu
haqqında dəyərli məlumatlar aldıq. İnanıram
ki, Dədə Qorqud işığı heç zaman bu məktəblilərin
ürəyindən və simalarından əskik olmayacaq».
Ordumuzun gücünü bir daha gördük
Günün ikinci yarısında nümayəndə heyəti Bilik Fondunun təşəbbüsü ilə Beyləqanın “N” saylı hərbi hissəsində əsgər və zabitlərlə görüşüb. Hərbi hissəyə Bilik Fondunun hazırladığı sovqat və hədiyyələr, kitablar təqdim olunub. Ordumuza məxsus silah və hərbi texnika tədbir iştirakçılarına nümayiş etdirilib. K.Abdullayev hərbi hissədəki çıxışı zamanı hər bir Azərbaycan vətəndaşının milli ordumuzla fəxr etdiyini dilə gətirib. Akademik bildirib ki, şagirdlərlə əsgərlərin bu cür görüşü hər iki tərəf üçün yaddaqalan olacaq.
K.Abdullayev erməni qəsbkarları tərəfindən işğal olunan torpaqlarımızın tezliklə azad olunacağına və bu cür görüşlərin doğma yurdlarımızda keçiriləcəyinə inamını ifadə edib. Sonra qonaqlar əsgər və zabitlərlə hərbi hissənin yeməkxanasında nahar zamanı əsgərlərlə söhbətləşiblər, onların süfrələrinin qonağı olublar.
Söhbət zamanı əsgərlər xidməti şəraitlərinin yüksək olduğunu-onlara hər gün dadlı ev yeməkləri verildiyini və əvvəlki illərdən fərqli olaraq yeməkləri mülki şəxslərin hazırladığını deyiblər.
Nahardan sonra hərbi hissənin meydanında konsert proqramı təşkil olunub, əsgərlərlə qonaqlar birgə rəqs ediblər. Hərbi hissənin kəşfiyyat taqımı xüsusi döyüş bacarığını nümayiş etdirib. Onların çıxışı böyük coşqu ilə qarşılanıb,qonaqlar tərəfindən xüsusi olaraq vurğulanıb ki, belə əzəmətli ordusu olan ölkənin torpağı işğal altında qalmayacaq.
Sevinc
MÜRVƏTQIZI
525-ci qəzet.-
2015.- 14 aprel.- S.4.