Göyərçinlər
(hekayə)
Günün batan çağıydı. Ətrafdakı
adsız yüksəkliklərdən atılan güllələr
adama göz açmağa aman vermirdi.
Sanki, bu bağ-bağatlı, axar-baxarlı kəndin
ürək parçalayan durumunu görməməkçün
Allahın o azman, odlu-alovlu kürəsi də isti
yurd-yuvalarından perikən "Çinar"lılar
kımi başını götürüb yatağına
doğru qaçırdı.
Bəlkə də, o, bu qaçışıyla
yerin-göyün milyon-milyon illərdən öncə bərqərar
olan sabit nizamını pozduğuna görəydi ki, vaxt hiss
olunmadan bu qədər sürətlə ötüb
keçirdi. Artıq qürub yerinin qızartıları çəkilib
getmişdi. Hava qaraldıqca güllə
yağışı altında geniş ərazili kənd
klubunun həyətinə sığınan günahsız
insanların olan-qalan səbri tıncıxıb tükənirdi. Burada, əmlakı talan olmuş kolxozun
sınıq-salxaq yük maşınlarının dövrəsində
ərəsətdi. Aman, Allah,
beş-altı saat ərzındə xanimanları əllərindən
getmış, taleylərinə qaçqınlıq
düşmüş "Çinarlı"ların
üz-gözünə baxmaq olmurdu. Can şirindır,
qorxu, vahimə adamları nə günə qoymuşdu?!
Dünənəcən can deyib can eşitdiyi qonşusuna aman
vermədən tez özünü yük maşınının
kuzasına atanın da, qocaların, uşaqların, qız-gəlinlərın
yerləşdirilməsinə can-dillə kömək edənin
də kimliyi bəllənirdi bu qaçhaqaçda, bu ərəsətdə...
Düşmən bu qədim Bayat yurdunun mühasirə həlqəsini
daraltdıqca, böyümüş gözləri hədəqəsindən
çıxan əliyalın, köməksiz kənd camaatı
kəfənlərini boyunlarına dolayıb ümidlərini
yalnız göydəki o bir olan Allaha bağlamışdı. Elə bil ki, nəsə
duymuş, nədənsə şübhələnmiş itlərin
aramsız hürüşü, çovuyan güllələrin
səsindən hövüllənmiş mal-qaranın
böyürtüsü "Ay İrəhim, uyyyyy, ədə,
gəl çıx, axırıncı maşın tərpənir...",
"Bədəl, ay Bədəl, hardasan, hay versənə..."
deyə öz doğmalarını haray-həşirlə səsləyənlərin
amanını qırmışdı. Buyannan da,
topdağıtmaz mülklərindən quruca canlarını
götürüb qaçan qadınların ərşə
dirənən vay-şivən sədası. Belə bir nagahan durumda ağız deyəni qulaq necə
eşitsin?! Odur ki, səbri tükənmiş
insanlar danışanda qışqırmalı olurdular ki, bu da
elə onların özlərinə qalırdı.
Tərpənməyə hazırlaşan
axırıncı "ZİL"in kuzasında adamlar ətətəydi. Bu qaçqın
dəstəsini döyüş əməliyyatları
keçirilən ərazidən çıxartmağa göndərilmiş
sol qolu dirsəyinəcən sarıqlı olan ucaboy,
sarışın zabitin "Artıq şeyləri atın yerə,
qoy aşağıdakı vətəndaşlar da yerləşsin"
deyə verdiyi əmrə məhəl qoyan olmadı. Elə bil ki, bu sözü dağa-daşa deyirdin.
Yerindən tərpənən yoxuydu. Verilən əmr maşında öz şələ-şülələriylə
daha çox yer basmarlayan qadınlara aiddi. Əllərinə
gələn zəruri şeylərlə doldurduqları yekəpər
bağlamaları əziz balaları kimi elə bərkdənbərk
qucaqlamışdılar ki, onları yerəatdı nədi,
heç gözlərindən kənara qoyana belə
oxşamırdılar. Yerdəkilər isə
yuxarıdakı "nizamlama"dan, mənasız çənə-boğazdan
bir şey hasil olmayacağını görüb, bir göz
qırpımında özlərini atdılar
maşının kuzasına. Aşağıda
yaşı yetmişi keçmiş arıq, bəstəboy
kişidən başqa heç kim yoxuydu. Dediyinə görə, o, qaçhaqaç vaxtı
- gün əyiləndə örüş yerində
olduğuyçün ailəsindən ayrı
düşüb. Oğlanlarının
İmişliyə getdiklərini deyirdi. Tərpənməyə
hazırlaşan "ZİL"in də elə oraya gedəcəyini
öyrəndiyinə görə bu maşının yanına
gəlmişdi. Yayın bu
cırhacırında geydiyi yun gödəkçə, deyəsən,
onun soyuqla arası olmadığını göstərirdi.
Bəlkə, bu, heç də belə deyildi.
Amma, hər halda, yaxası yeyilib tiftiklənmiş,
düymə yerləri alabəzək saplarla gözənmiş
xurmayı gödəkçə kişinin əynindəydi və
ağsaqqal bu qiyafədə özünü yaxşı hiss
edirdi. Qocanın bir əlində aftafa
vardı - bu, heç, məlum məsələ. Amma o
biri əlindəki uzunbulla, bədheybət taxta yeşik
işi bir az qəlizləşdirirdi. Hələ bu azmış kimi, yanında iri pəncəli
köpək it də vardı; dilini çıxarıb ləhləyir,
nigaran baxışlarla ətrafı gözdən keçirir,
sanki dövrəsində nələr baş verdiyini
anlamağa çalışırdı.
-
Ağsaqqal, qoltuğundakı o uzun, nataraz yeşiyi at yerə,
özün də tez qalx yuxarı. - Yaralı zabit salamat əlini
qocaya tərəf uzatdı ki, kişiyə kömək etsin.
Qoca qoltuğundakı əcaib yeşiyi sanki kimsə əlindən
alıb qaçmasın deyə bir az da sinəsinə
tərəf sıxdı, qaşları düyünlənən,
əlləri havada qalan zabitə:
- Əmin
sənə qurban, - dedi - bunu yerə ata bilmərəm.
- Niyə?
Bəyəm canınnan artıqdı? Nədir onun içindəki? - Zabit, yalan
olmasın, elə qocanın boyu bərabərində olan taxta
yeşiyi tərs-tərs süzüb dodaqlarını
büzdü, üzünü hərbçi yoldaşına -
sinəsindəki sarğısını iri-iri qan ləkələri
bürümüş qırğıgöz gizirə tərəf
çevirib:
- Baxın,
- dedi - bu da bizim ağsaqqalımız. Gəl
indi bu kişini başa sal ki, o, maşındakı camaatın
taleyiylə oynayır. Düşmən
bizim kürəyimizə minib, biz heç, deyək, biz cəhənnəm.
Maşındakı bu qız-gəlinin,
arvad-uşağın girov götürülməsi təhlükəsi
var axı.
Qocanın birdir, iki deyil deyə sözünün
üstündə şiniyib durması yaralı zabiti hövsələdən
çıxartdı. Dişi bağırsağını kəsə-kəsə:
- Sənə
qurban olum, ay ata, - dedi - biz burda can daşıyırıq e,
veş daşımırıq. Xahiş eləyirəm,
orujdux ayınnan uzun olan o karobkanı at yerə, əlini də
ver bəri.
Adamın
beynini deşən səs-küy üzünnən zabitin nə
dediyini anlamayan qoca:
-
Başına dönüm, kamandir, - dedi - bu qaropkada qırx
baş gövərçın var, bir dənə də
dönmə pişik. Allahın bu dilsiz
quşlarını o məssəbsiz mundarrarçün necə
qoyum gedim? Atıb getsəm, vallah, güllələyəcəklər,
kəsib yeyəcəklər, ya da bu qaraquyruq Qarabağ gövərçinnərini
öz adlarına çıxacağlar. Mən
oların zatına-südünə bələdəm.
Maşındakı
yaşlı qadınlardan kimsə özünü saxlaya bilməyib:
- Bəxtəvərin
oğlu, - dedi - camaatın lay divar kimi əziz balaları şəhid
olur, busa beş-altı zıllı göyərçinin dərdini
çəkir.
Həmin
qadının sözünə qüvvət verənlər əndazəni
aşaraq məsələni bir az da
tündləşdirdilər:
- Bəlkə
də, - dedilər - başı qaçıb.
-
Qurbanı olduğum o gözəl kişi
zənbilini salleyib belə nayları götürmür də...
Adamın Allahı var, maşının kuzası həqiqətən
ləbələbdi. Adam vardı - tək ayağı
üstündəydi. Qocanın o boyda
yeşiyini maşında hara qoysunlar ki, içindəki
canlılar təpiklər altında əzilib xurd-xəşil
olmasın? Dünya görmüş,
yaş yetirmiş bir ağsaqqalın bu eldən
dışğarı hərəkətinə həmyerliləri
məəttəl qalmışdılar. Və
odur ki, bu dəqiqələrdə hamının gözü
milli ordunun qərargah tərəfindən göndərilmiş
səlahiyyətli zabitindəydi, onun verəcəyi qərardaydı.
Zabit isə güclə səbrini basıb
tüklü çənəsini ovuşdurur, dediyindən
dönməyən bu tərs qocanı taleyin ümidinə
qoyub getməyin kişilikdən olmadığını
düşünürdü. Müharibə qanunları ilə
insanlıq qanunlarının üz-üzə gəldiyi belə
bir məqamda yaralı zabit tez-tez ona saatını göstərib
vaxtı xatırladan gödərək sürücünün
nigaran, çaşqın baxışlarının
müşayiətilə qocanın ağzını bir də
aralamaq istədi:
- Ay ata, gəl
bizi incitmə, - dedi və ani olaraq nəsə fikirləşib
əlini cibinə atdı. - Əmi, - dedi - nədir o
quşdarın qiyməti?
- İş maliyyətdə deyil, oğul. - Qoca aftafasını yerə
qoyub, əlini sulanan gözlərinə çəkdi: - Bu
gövərçinnər - dedi - sənin, mənim kimi
Qarabağ sakinnəridi. İnsafdandımı
onnarı atıb gedək? Özü də
kimlərçün?! Hə, bax burası
belə, orası da helədi ki, bu quşdar xan qızı Natəvanın
gövərçinnərinin nəslinnəndi. Belə gövərçinnərdən, kamandir,
bizim Qarabağdan başqa heç harda yoxdur. Bizim Qarabağ səmasına ancaq bu nadir cinsdən
olan gövərçinnər yaraşır; alaboğaz,
qaraquyruq. Buların göydəki həngaməsini
görəsən. Müsibətdi... - Qoca
altdan yuxarı Milli ordunun zabitini qınayıcı bir tərzdə
süzüb başını buladı. - Allah
saxlamış, - dedi - sən də deyirsən bunnarın
maliyyəti nədir? Vaxtilə
Şuşanın böyüyü olmuş general Cəfərqulu
xan Nəva Cavanşir bu sözü eşitsəydi, dəli
olardi. O, gənc, dəli-dolu vaxtlarinda bu gövərçinnərin
ulu babalarının vasitəsiylə Şuşa
gözəllərinə oxartana aşiqanə məktublar
göndərib ki. Sənə bir şey deyim,
kamandir, Xudafərin körpüləri, Gohər Ağa məçidi,
Qarabağ atları nədirsə, bax bu gövərçinnər
də bizlərçün heylədi. Elə
şeylər, elə dəyərlər var ki, oları tərəziyə
qoymaq olmaz, oğul.
Qocanın bayaq mərhəmət, şəfqət
duyğuları ifadə edən gözlərində indi qəzəb,
üsyan qığılcımları oynayırdı. Bir naqolay sözə, kal,
göyala irada bənddi ki, od
püskürsün. Zabit özü də qədim
Cavanşir nəslindəndi. Onun
köklü, köməcli xan soyu haqqında qocanın dedikləri
qəlbini riqqətə gətirdi. Yaşarmış
gözlərini ətrafındakılardan yayındıraraq,
sinəsini maşının arxa bortuna söykədi.
-
Kişi, əlini ver bəri, - dedi. Sürücüyə
də işarə elədi ki, onun yeşiyini, aftafasını
ötürsün yuxarıya.
Bu arada
hava telefonuyla hərbi qərargah rəisi zabitə əmr
verdi: "Savalan", yubanırsan, qalx ayağa, tez ol!".
Maşın
yerindən tərpənəndə artıq
"Çinarlı"nın
aşağı məhəlləsini alov
bürümüşdü. Yanan evlərin zil
qara tüstüsü burula-burula göyün ənginliklərinə
doğru millənirdi. Qadınlar buna dözməyib təzədən
vay-şivənlə üz-gözlərini yaman günə
qoydular...
lll
"ZİL" hərbi qərargahın verdiyi
marşrut üzrə hərəkət etdikcə doğma yerlər
arxada qalırdı. İllər boyu dişlə, dırnaqla
tikilən o imarətlər, bol məhsullu bağlar, bərəkətli
çöllər, bitib tükənməyən acılı,
şirinli xatirələrlə bağlı yollar... bu
ayrılıq çağlarında sanki dilə gəlib,
yurd-yuvalarnı göz yaşlarıyla tərk edənlərdən
imdad diləyir, "Bir ayaq saxlayın, halallıq
alın..." deyirdi. Maşının
ardınca yortan boz köpək isə arada bir ayaq saxlayıb əməlli-başlı
ağlayır, fəryad qoparırdı. O hələ
ümidini üzməmişdi. Bir xeyli
qaçıb əldən düşənədək qoca
sahibini harayladı. Sanki bir daha onu görməyəcəyi
hissiylə başını uzun qolları arasına alıb
zingildədi.
Bu, öz vəfalı dostunu yaman gündə, dar ayaqda
uf demədən atıb gedən bir etibarsıza qarşı
acı etiraz idi.
Qoca
başını dizinin üstünə qoyub
xısın-xısın ağladı, gözünü boz
köpəyin şöngüyüb qaldığı,
maşın irəlilədikcə kiçilib nöqtəyə
döndüyü səmtdən çəkərək, xəyalən
bir xeyli ötən günlərə baş vurdu, qədir-qiymətini
bilmədiyi bəxtəvər aylarının, illərinin bir
də o sayaq ələ düşməyəcəyini, yad yerlərdə
öz elində-ulusunda olduğu kimi gülü
axmayacağını, can deyib can eşitməyəcəyini
düşünüb kövrəldi, yaman kövrəldi. O,
özünə gələndə artıq göy üzündə
ulduzlar sayrışırdı, ətrafa qatı qaranlıq
çökmüşdü. Bu qaranlıq təkcə bir
neçə ay ərzində xarabazara çevrilmiş, viran
olmuş yurdları öz iri qanadları altına alıb
görünməz etməmişdi, o həm də
od-ocağından ayrılan, bu dəqiqələrdə
üzücü xəyallar, cavabsız suallar içində
çırpınan, ürəyində bundan sonra nələrlə,
zamanın daha hansı sürprizləri və zərbələriylə
qarşılaşacaqlarını düşünən bu
zavallı insanları qapısına təzəcə qədəm
qoyduqları yeni, naməlum həyatla bağlı baş
çatladan qara-qura fikirlərlə üz-üzə
qoymuşdu... Yüz fikrin bir borcu ödəməyəcəyini
yaxşı bilən qoca cib fənərini yandırıb əvvəlcə
pişiyin qəfəsini açdı, ona bir-iki tikə
çörək atdı, sonra dən torbasından bir ovuc
buğda götürüb yeşiyin içinə səpdi.
Bir-birinə sığınan göyərçinlər,
nədənsə, heç gözlərinin ucuyla da dənə
baxmadılar. Səslərini içlərinə
elə salmışdılar ki, deyirdin
"Çinarlı"da gecə-gündüz dil boğaza
qoymadan quruldayan bunnar deyilmiş.
"Ayyy, sizi, qorxaqlar, elə bilirsiz tanımıram sizi? Qorxursuz.
Ona görə də dən
götürmürsüz. Eybi yox, bərk
acıxanda götürəcəksiz. Lap o yana
keçəcəksiz, - deyə qoca özünə təskinlik
verdi. - Bax, odu, - dedi - pişik payını yedi. - Göyərçinləri
oxşayırmış kimi yeşiyə sığal çəkdi.
- Yox, sizi qınamıram, - dedi - pişiyə nə var, e,
pişik elə pişikdi də. Amma sizin yerdə
də, göydə də oxartana düşmanınız var
ki. Neçə gündü güllə səsinnən
qorxduğunuza görə dimdiyinizi belə çölə
çıxarmırsız. Qorxmayın,
getdiyiniz yerlərdə daha güllə, "Qrad", filan
olmayacaq. Amma biz oralarda çox
qalmayacağıq. Qayıdacağıq
öz yurd-yuvamıza".
Maşın
asfalt yoldan çıxıb adamın canını alan kələkötür torpaq yola düşmüşdü.
Hələ bir faraları da
söndürülmüşdü. Nə
baş verdiyini bilməyən adamlar təşviş
içində bir-birlərini sorğu-suala tutmuşdular.
Kimsə əyilib sürücü tərəfdən
kabinanın qapısını döyəclədi,
maşını saxlamağı tələb etdi. Milli
ordunun zabiti dərhal onun başının üstünü
alıb:
- Sakit
olun, qardaş, - dedi - burda mən kamanda verirəm.
Axşamüstü
bu maşında səs çəkib ağı deyən
çilçopur, ləndəhör qadın dilini dinc qoya
bilməyib:
-
Gördük də - dedi - sizin kamanda verməyinizi. Əcəb bayındırdız bizi. Utanım yerüzə.
Sinəsindən
yaralanmış və bu üzdən də xeyli qan itirərək
zəifləmiş gizir çilçopur qadının bu
ağır ittihamına dözməyib dilləndi:
- Bura bax,
ay ana, - dedi - üzünü də görə bilmirəm,
taxsır bizdə deyil, ustul davası eliyən böyüklərimizdədi.
Televizorda görmürsüz oların
dava-dalaşın?!
Elə bu vaxt hardasa uzaqlarda qiyamət qopdu. Ətrafı
top-tüfəng səsi bürüdü. Çox
keçmədi ki, həmin atəş nöqtələri
susduruldu. Bəs susan kim, susduran
kimiydi? Artıq bu arada qocanı huş
apardığından o, nələr baş verdiyindən xəbərsizdi.
İndi şirin bir yuxudaydı; aynabəndli eyvanında
gülməxmər üzlü mütəkkəyə dirsəklənib
"Ay ana, ay ana, mən gedirəm Zəngilana..." deyən
Zülfünün - bir vaxtlar vurğunu olduğu, patefon
vallarını od qiymətinə aldığı və bir
payız axşamı kənd klubunda konsert verdikdən sonra
uzaq qohumu kimi evinə qonaq çağırdığı bu əvəzsiz
xanəndənin radiodan gələn səsini huş-guşla
dinləyir, şipşirin xəyallar içində
üzür, qarşısında soyuyub buza dönən kəkotulu
çayına gözünün ucuyla da baxmırdı... Baharın gözəl çağıydı. Bayırda
bal arılarının
vızıltısı aləmi başına
götürmüşdü. Qocanın
qulağı Zülfü kişinin səsindəydi,
baxışları isə həyətdəki iri bedana tutun
xışıldayan budaqlarında ilişib
qalmışdı. Nə axtarırdı,
nələr yadına düşmüşdü?! Bayaqdan gəlini iki dəfə gəlib
çayını dəyişmişdi. Süfrədə
çərəz, növbənöv mürəbbələr,
şirniyyat, dövrəsində gəzib dolaşan
şirin-şəkər nəvələr... Elə
qarısı da yanındaydı. Gümüş milləri
toxuduğu "Ərəş" çeşnili yun corabın əlvan naxışlarının
üstündə gəzdirirdi. Onun bir
gözü ərindəydi; tutqun, gərilmiş sifətində
qara buludlar oynaşırdı. Ürəyində
nəsə bir pis xəbər vardı. Bu xəbəri
dilinə gətirəcəyi halda on il
öncə əbədi tərk etdiyi, indisə ruhən qonaq gəldiyi
bu evdə gör nələr yaşanacaqdı, nələr
baş verəcəkdi?! Sağ olmuş qoca isə hələ
öz kefindəydi. Ustad xanəndənin xoş avazı
kişini götürüb gör haralara
aparmışdı... Atlını atdan salan ərgən
çağları, xüsusən, texnikumu bitirdikdən sonra
baytar diplomu ilə Bakı zooparkında işlədiyi vaxtlarda
dərs dediyi uşaqlarla birlikdə təbiətin canlı
möcüzələrini seyr etməyə gələn Mərifət
müəlliməylə - sonralar ömür-gün
yoldaşı olan, altımışında cığından
cida düşən Malıbəyli qızıyla cavanlıq sərgüzəştləri...
bir-bir gəlib gözlərinin önündən keçdi. Belə şirin yuxudaykən birdən
aşağıda, hardasa həmin o bedana tut ağacı tərəfdə
bərk qışqırtı qopdu. Bu,
cavan qadın səsiydi. Kim ola?! Qalxıb ətrafa dovruxdu. Səksənib
yuxudan ayılarkən səmada gözünə ulduz dəymədi;
hava qarışmışdi. Qışqıran
isə uzaqda deyil, qulağının dibində
-maşındaymış. O, indi aldığı
ağır yaranın ağrısından əzab çəkən
xəstələr kimi zarıyır, canını qoymağa
yer gəzirdi. Çevrəsindəki adamların əl-ayağa
düşdüyünü hiss eləyən həmin o
çilçopur, ləndəhör qadın məsələyə
aydınlıq gətirib şəklənmiş qulaqları
intizardan qurtardı:
- Narahat
olmayın, - dedi - Qafur kişinin gəlinidi, ağrısı
tutub, azad olur.
Bu izahatdan sonra üzlərdə yaranan ifadələri
görmək heç kimə müəssər olmasa da, ancaq
elə indicə dünyaya gələn çağanın səsini
maşındakı toplum o dəqiqə eşitdi və araya
pıçapıç düşdü. Qoca ilə
yanaşı əyləşmiş bəstəboy, saqqallı
oğlan dodağının altında nəsə
üyüdüb tökdü, yorğanına birə
düşmüş adamlar kimi yerində bərk qurcalandı.
Qoca ehmalca əlini onun çiyninə qoyub ətrafdakılar
eşitməsin deyə astadan:
-
Oğul, fikir vermə, - dedi - Allah taalanın verdiyi vaxt-vədə
var, o gəlin istəməzdi ki...
Söz qocanın ağzında qaldı. Saqqallı oğlan coşub
kükrədi:
- İrəhməttiyin
oğlu, - dedi - məni narahat eliyən nə gəlindi, nə
də onun körpəsi. Mən kiməm ki,
Allahın işinə qarışam? Axşamdan bəri
mənim kələyimi kəsən sənin urus tabutuna
oxşayan bu karobkandı, kişi. Sən
Allah, sən o qıldığın namaz, at onu getsin. Mildə-Muğanda
o göyərçinnərdən itüvətökdü,
naxartana istəsən, lap quş ferması aça bilərsən.
Başında-beynində
sabah sübhün gözü
açılan kimi göyərçinlərini topsuz- tüfəngsiz
asudə bir ərazidə yaxşıca yemləyəcəyiylə
bağlı xoş duyğular gəzib dolaşdığı
bir vaxtda, böyründəki saqqallı oğlanın elin
urfu-adətinə rəğmən babası yaşında bir
kişiyə o sayaq sözlərlə yol göstərib
başına ağıl qoymaq istəməsi qocaya bərk
toxunmuşdu. Gecənin qaranlığında həmin
saqqallı oğlanın sir-sifətini arayaraq, ondan kənddə
kimlərdən olduğunu soruşdu.
Oğlan:
- Bunun məsələyə
nə dəxli var, - deyə bozardı, əlini yelləyib
üzünü kənara çevirdi.
Qoca:
- Ay
oğul, incimə, - dedi - sözdü də soruşdum. Məsəl var - su girdi qaba, oldu içməli.
Hindi burda biz Allahın qövlüylə
yoldaşıq, bilmək istəyirəm, yoldaşım kimdi,
kimlərdəndi.
Qocanın
əl çəkmədiyini görən oğlan dilucu:
- Atam
çoxdan ölüb, - dedi. - Anamsa durur... Çöpçü
Tamamın oğlu kimi tanıyırlar məni.
Bu yerdə
qoca başına ehmalca bir qapaz vurub öz-özünə
gileyləndi: "Bərəkalla, anasının oğlu! Beləsinnən nə gözləyəsən?!
Külli Oarabağda uşaq atasına görə
tanınıb. Bu mələməz səgə
nə deyəsən?!..."
lll
Maşın döyüş əməliyyatı
zonasından xeyli uzaqlaşdığına görə
artıq sürücü faraları yandırmışdı. Amma, nədənsə,
heç kim bunun fərqində deyildi. Bir-iki saat ərzində dərd-sərin, qara fikirlərin
yorub əldən saldığı insanlar nəinki təhlükəsiz
əraziyə girdiklərini sezməmiş, hətta dalbadal
çaxan şimşəyin ardınca yağışın
çisələdiyini belə hiss etməmişdilər.
İynə atsan yerə düşməz bu dar məkanda
yağış yavaş-yavaş öz işini görməkdəydi.
O getdikcə güclənir, onsuz da dünyaları tar-mar
olmuş bu insanları təbdən çıxarır,
olan-qalan səbrlərini də əllərindən
alırdı. Yay günündə əyin-baş yuxa, ağ yağış -
şıdırğı. Gəl duruş tut
görüm necə tutursan. Bax elə bu məqamda
çilçopur qadının kal, yuxulu-yorğun səsi
havada haçalandı:
- Ay el, ay
camaat, ay bizim "Çinarrı" əhli, kimdə
qalın paltardan, ədyaldan zaddan varsa, müzayiqə eləməsin,
körpə əldən gedir.
Heç kimdən səs çıxmadı. Ağ
yağış altında əyin-başı selin-suyun
altında olan bu camaat quru, qalın, sukeçirməz
paltarı indi hardan tapıb gətirsin?! Düşmənə
girov düşməməkçün elə hamı quruca
canını götürüb qaçmışdı.
Yayın ortasında belə sallama yağış
yağacağını kim ağlına gətirə
bilərdi və gətirsəydi belə, yorğan-çadır
götürməyə vaxt hardaydı.
Qoca
bayaqdan kiriməyən çağanın, dünyaya gəlməyə
əcəb vaxt tapan bu sağolmuşun
çığırtısına dözməyib yun gödəkçəsini
əynindən çıxartdı, çopur qadını səsləyib:
- Ay
qız, Gülxas, - dedi - al bu qurtkanı, astarı xalis dəridi,
su-zad keçirmir.
- Allah sənnən
razı olsun, ay Talıb əmi. - Gülxas deyilən
çilçopur qadın fövrən gödəkçəni
Talıb kişidən alıb qundağın üstünə
sərdi. Elə bil, çağa buna bəndmiş,
toxtayıb ovundu, ta cıqqırını belə
çıxarmadı.
Bu heynidə şimşək dəli bir nərəylə
göy üzünü qılıncladı, hər tərəf
çıraqban oldu. Gülxas arvad bu gurrah işıqda Talıb kişinin
üz-gözündən süzülən yağış
damcılarını, yaxası kardan düşmüş ağ yerli miləmil qolsuz köynəyinin altında
titrəyən arıq vücudunu apaydın gördü.
Özünü saxlaya bilməyib:
-
Talıb əmi, dedi - sizə soyuq deyil ki?
Soyuq olmağına soyuqdu, özü də yekəsinnən. Göyün əndərdiyi
bu sel-su hələ azmış kimi, təzəcə qanadlanan
küləyin yağışı-yağmuru
götürüb sürətlə adamın
üz-gözünə çırpdığı belə bir
havada yaşlı adamın halı necə olmalıdır?
Amma indi neyləməli? Dəsmal
götürüb ağlamayacaqdı ki. Bu üzdən də
Gülxas arvada:
- Narahat
olma, bala, - dedi - biz dözərik, biz heç, təki körpəyə
bir şey olmasın. - Qoca -Talıb kişi
sözünə ara verib gərnəşdi, sanki
soyuğu-sazağı canından qovurmuş kimi əllərini
bir xeyli açıb yumdu, bədənində qan yaxşı
dövr etsin deyə sinəsini, boyun-boğazını
ovxarladı. - Doğrudan a, Gülü, - dedi - Heş demirsən,
uşaq oğlandı, ya qız?!
-
Oğlandı, Talıb əmi, gözün aydın, indicə
biz uşağa sənin adını qoyduq.
- Allah
saxlasın! - deyə Talıb kişi
yağışın islatdığı taxta qəfəsi
dizinin üstünə qoyub əllərini yuxarı
qaldırdı. Sonra cib fənərini
yandırıb qəfəsin qıraqları xırda
gülmıxla çitənmiş balaca meşin qapısını
açdı. Gördü ki, yox, hələ
qəfəsə nəm keçməyib. Quşların
ayaqlarının altı qupquruydu. Onlar əvvəlki
kimi, yenə də qəfəsin küncünə
qısılmışdılar. Səpilən
dən də ayaqlarının altında qalmışdı.
Bircəciyini də götürməmişdilər."Darıxmayın,
- deyirdi qoca - az qalıb. İmişliyə
çatırıq, səhərin açılmasına nə
qalıb ki. Asudə yerə gedirsiz. Orda qırışığınız
açılacaq. Hindi üzünə
baxmadığınız dən-düşü orda
götürüb gözünüzə təpəcəksiz.
Hə, bə nədi, bəyəm tanımırıq sizi?... Hindi də qoy dostum pişiyin
qletkasına baxım, görüm nə var, nə yox. Bax budu, pişik payını bayata qoymayıb,
hamısını yeyib, afərin, dostum pişik, sənin bir
eybin vardı ki, o da itdən bərk qorxmağındı.
Qorxmaq istəmirsənsə, gərək
möhkəm yeyib güjdənəsən. Onda it sənə
bata bilməz.."
İt deyəndə yadına köpəyi
düşdü. Ağ, pırpız qaşları
çatıldı, sulanmış, nurdan düşmüş
göyümtül gözləri yol çəkdi. "Xasiyyətinə bələdəm, - dedi - o
dözməyəcək, ulaya-ulaya bağrı
çattıyacaq. İnanmırdı ki,
onu atıb gedərəm. Elə bunu da ürəyinə
salıb öləjək.."
Talıb kişinin gözləri gölləndi; irəli
çıxmış almacıq sümüklərinin əzələsi
titrədi. Yox, titrəyən təkcə yanaqlarının əzələsi
deyildi. Sözünə baxmayan çənəsi,
qoşa nağara çubuğunu xatırladan tüklü
qolları, bütün canı, vücudu titrəyirdi.
Canına yorğan rahatlığı verən yun gödəkçədən
sonra kürəyinə çırpılan ağ
yağış, buludlu, pəlməli gecənin payızı
xatırladan soyuğu- sazağı artıq öz işini
gördüyündən qocanın halı getdikcə
xarablaşırdı. Elə buna görə də
yağışın nə vaxt kəsdiyindən, yaralı
zabitin maşını saxlatdırıb gizirlə birlikdə
hərbi hissənin qərargahına getdiyindən, burdakı
camaatla xudafizləşərkən onun nələr dediyindən
Talıb kişinin xəbəri olmamışdı.
Canını dişinə tutub bir balaca özünə gələndə
gördü ki, Gülxas arvad başını
qucağındakı gonbul bağlamanın üstünə
qoyub xorna çəkir, yağışın gurrah
çağında haray-həşir qoparan çağa da
anasının ağuşunda kiriyib...
Dağılan buludların arasından boy verən ayın işığında zahı gəlinin çöhrəsi, alnına tökülən bir çəngə teli, boynundakı iri qızıl zəncirli "Səng-Sitarə"si... apaydın görünürdü. Şövq, ehtiras, həyat eşqi canındakı ağrı-acıyla mücadilə edən Talıb kişiyə gənclik illərində Topxana meşəsində gördüyü və yaddaşına əbədi həkk olduğu bir mənzərəni - yanıb kömürə dönmüş kiçik talada qapqara kötüklərin dibindın boy verən yamyaşıl zoğların təsvirini xatırlatdı. Hayıf ki, ürəyə təpər verən, belə bir üzücü gecənin ağrı-acısına meydan oxuyan bu mənzərənin təsirindən qəlbində baş qaldıran xoş duyğyların ömrü az oldu. Halı yaxşı deyildi. Elə bil ki, damarlarında qan donmuşdu. Getdikcə bədəni soyuyur, nəfəsi təngişirdi. Amma huşu-başı özündəydi. Mindikləri "ZİL" İmişlidəki qaçqıngaha çatanda da taxta qəfəsini götürüb maşından özü yerə düşmüşdü - day kiminsə köməyi-filanı olmamışdı. Hələ bir tənbəllik eləməyib, maşından düşən kimi göyərçinlərinə dən vermək istəmişdi. Bax, burayaqədərki durumu, görünüşü yoldaşlarının hamısının yadındaydı. Bundan sonra, yəni səhər açılanda hara getmişdi, necə getmişdi, nələr etmişdi - bunları bilən yoxuydu. Öz canlarının hayında olan, tanımadıqları ağır gün-güzəranlı bir mühitə qədəm qoyan bu zavallı insanların dərdləri bəyəm çöpçü Tamamın saqqallı oğlu demişkən, gününü görüb dövranını sürmüş quşbaz bir qocanı güdməkdi?!
Dünəndən bu çölün düzündə məskunlaşan doğmaları onu qaçqıngahdan bir xeyli kənarda - yan-yörəsini kol-kos basmış şirin su arxının böyründə tapmışdılar. Üzündəki xoş, məmnun ifadə Talıb kişinin rahat can verdiyini göstərirdi; tor basmış göyümtül gözləri açıq, tərtəmiz səmanın ənginliklərinə dikilmişdi. Orada Talıb kişinin artıq heç kimdən və heç nədən çəkinib qorxmayan göyərçinləri aramsız qanad çalır, mayallaq aşır, min bir oyundan çıxırdılar. Kefləri kökdü. Talıb kişinin bir az əvvəl səpdiyi dənin hamısını götürmüşdülər...
Arxın göz yaşı kimi dumduru suyundakı əksiylə oynayan alaboyun pişiyin də qarnı toxdu. O, burada özünə yaxşı yoldaş tapdığına görə şellənir, quyruğunu bulaya-bulaya atılıb düşürdü...
Talıb kişinin doğmalarını riqqətə gətirən isə öz sahibindən ayrılmayan, sanki sahibini yuxudan ayıltmaq təmənnasıyla onun qolsuz yaş köynəyini aramsız dimdikləyən qaraquyruq anac göyərçinin canfəşanlığıydı...
Böyükxan Bağırlı
525-ci qəzet.- 2015.- 15 aprel.- S.7.