Azərbaycanın dövlətçilik və
mədəniyyət tarixində Şəkinin yeri
və rolu
(Əvvəli
3 aprel sayımızda)
Şəki təkcə qədim tarixi, memarlıq abidələri ilə deyil, həm də görkəmli şəxsiyyətləri ilə
Azərbaycanın dövlətçilik
və mədəniyyət
tarixində önəmli
rol oynayır.
Görkəmli dramaturqumuz Sabit Rəhman da 1910-cu ildə Şəkidə
(o vaxtkı Nuxada) dünyaya gəlib. Ədəbi fəaliyyətə
1926-1927-ci illərdə "Molla Nəsrəddin" jurnalında dərc etdiyi felyetonlarla başlayıb. İlk hekayələr
məcmuəsi - "Pozğun"
1931-ci ildə nəşr
olunub. Bir çox hekayə
və pyes müəllifidir. Sabit Rəhman
Azərbaycan komediyasının
banilərindəndir. O, dünyaca məşhur
"Arşın mal alan"
və "O olmasın,
bu olsun", "Koroğlu", "Əhməd
haradadır?" filmlərinin,
“Ulduz” musiqili komediyasının ssenarilərinin,
“Yeddi gözəl” baletinin librettosunun müəllifidir. 1943-cü ildə
Azərbaycan SSR əməkdar
incəsənət xadimi
adına layiq görülüb, iki dəfə Qırmızı Əmək
Bayrağı ordeni və medalları ilə təltif olunub. Şəki Dram Teatrı S.Rəhmanın
adını daşıyır.
Bakı və Şəki şəhərlərində
onun adına
küçə var. Sabit
Rəhman 1970-ci ildə
Bakıda vəfat edib.
Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından
biri, Xalq artisti Lütfəli Abdullayev 1914-cü il 22 martda Nuxa şəhərində
(indiki Şəki) doğulub. Oradakı yeddillik məktəbi
bitirib. Bir neçə ay Şəki
fəhlə gənclər
klubunun dram dərnəyində
çalışıb. Burada kiçik məsxərələrdə
və vodevillərdə
oynayıb. 1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev Dövlət Konservatoriyasının
valtorna sinfinin məşğələlərində iştirak etməyə başlayıb. Vokal sənətinə
marağı olduğuna
görə paralel olaraq Berolskinin kursunda ifaçılıqla
məşğul olub,
səsinin oxu ölçü-quruluşunu cilalayıb
müəyyən qəlibə
salıb. Dərslərinin gedişatını müəyyən
yönə salıb sistemləşdirdikdən sonra,
yaşının azlığına
baxmayaraq, müsabiqə
ilə Opera Teatrının
xor heyətinə qəbul olunub. Tezliklə o, yardımçı
aktyor kimi sözsüz və epizod rollarda, qısa vaxtdan sonra "Arşın mal alan" operettasında
Vəli rolunda oynayıb. 1938-ci ildə Dövlət
Musiqili Komediya Teatrı yarananda Lütfəli Abdullayev truppaya qəbul edilib. Teatr 1949-cu ilin yazında
maliyyə çətinliyi
ilə bağlı fəaliyyətini dayandırmalı
olanda Lütfəli Abdullayev Milli Dram Teatrına keçib.
Burada Tulio ("Rəqs müəllimi",
Lope de Veqa), Rəşid
("Kimdir müqəssir?", Georgi Mdivani),
Tağı ("Köhnə
dudman", Əbdürrəhim
bəy Haqverdiyev), Oddamdı ("Od gəlini", Cəfər
Cabbarlı), Nadir ("Çiçəklənən
arzular", Məmmədhüseyin
Təhmasib) rollarında
çıxış edib.
İki ildən sonra o, Azərbaycan Dövlət Filarmoniyasının
nəzdində estrada ansamblı kimi çıxış edən muskomediya truppasında işləməyə
başlayıb.
1956-cı ildə Azərbaycan
Dövlət Musiqili Komediya Teatrının Azərbaycan və rus bölmələri Şəmsi Bədəlbəylinin
bədii rəhbərliyi
ilə yenidən fəaliyyətə başlayıb. Lütfəli Abdullayev teatrın aparıcı sənətkarı
kimi Musiqili Komediya Teatrının, demək olar, ən populyar, uğurlu və uzun ömürlü tamaşalarında çıxış
edib. Onun yaradıcılığını üç bölümə
ayırmaq olar: klassik operettalarda oynadığı rollar; tərcümə əsərlərində
ifa etdiyi səhnə surətləri;
çağdaş bəstəkarların
musiqili komediyalarında
yaratdığı koloritli
personajlar.
Klassik operettalardakı rollar siyahısına Üzeyir bəy Hacıbəyovun əsərlərində oynadığı
Vəli və Soltan bəy ("Arşın mal alan"), Hambal, Cəfər və Məşədi İbad ("Məşədi
İbad"), Zülfüqar
bəy Hacıbəyovun
əsərlərində ifa
etdiyi Kəblə Heydər ("Evliykən subay"), Vəli və Sandro ("Aşıq Qərib"),
Qulu ("Əlli yaşında cavan") obrazları daxildir.
Aktyorun milli və tərcümə
klassik əsərlər
əsasında müasir
bəstəkarların musiqi
bəstələdikləri komediyalardakı Kərim
("Lənkəran xanının
vəziri", Mirzə
Fətəli Axundzadə
və Niyazi), Qulaməli ("Dərviş
Məstəli şah",
Mirzə Fətəli
Axundzadə və musiqi tərtibçisi Şəmsəddin Fətullayev),
Trufaldino ("İki ağanın bir nökəri", Karlo Haldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev),
Hacı Qara ("Hacı Qara", Mirzə Fətəli Axundzadə və Vasif Adıgözəlov ilə Ramiz Mustafayev), Baqqal ("Keçmişin məişət
səhnələri", Mirzə
Ələkbər Sabirin
satirik şeirləri əsasında libretto müəllifi
Soltan Dadaşov və bəstəkar Vasif Adıgözəlov) rollarını da buraya daxil etmək
olar.
Tərcümə edilmiş musiqili
komediyalarda oynadığı
komik personajlar: Hamlet
("Tiflis nəğməsi", Levon Cubabiriya və Şoto
Milorava), Avo ("Şirin arzular"), Çako ("Keto və Kote", Vladimir Dolidze).
Aktyorun yaradıcılığında çağdaşı olan sənətkarların yazdıqları musiqili komediyalarda oynadığı rollar çoxluq təşkil edir. Bunlardan əsasları Möhsün ("Beş manatlıq gəlin", Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Qoşun ("Toy kimindir?", Məhərrəm Əlizadə və Soltan Hacıbəyov), Qəhrəman ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov), Dursun və Kərim kişi ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov), Məhəmməd ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), Güloğlan ("Kəndimizin mahnısı", Kərim Kərimov və Zakir Bağırov), Şakir ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev), Dilavərzadə ("Rəisin arvadı", Məhərrəm Əlizadə və Səid Rüstəmov), Səməndər ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov), Hacı Kərim ("Hacı Kərimin Aya səyahəti", Qulamrıza Cəmşidi ilə Əbülfəz Hüseyni və Azər Rzayev), Murtuzov və Alanzadədir. Bu sırada Eynəkli ("Özümüz bilərik", "Olmadı elə, oldu belə" və "Milyonçunun dilənçi oğlu", Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Darçmov ("Səndən mənə yar olmaz", Məhərrəm Əlizadə və Əşrəf Abbasov), Səbrəli ("Bizə bircə xal lazımdır", Qulamrıza Cəmşidi ilə Bəşir Səfəroğlu və Telman Hacıyev), Qüdrət Səda ("Haradasan, ay subaylıq?", Salam Qədirzadə və Süleyman Ələsgərov), Cabbar ("Axırı yaxşı olar", Rəfiq Zəka Xəndan və Ramiz Mustafayev), Məmmədəli ("Məmmədəli kurorta gedir", Atif Zeynallı və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov), Polad baba ("Dağlar qoynunda", Ədil İsgəndərov və Əşrəf Abbasov), Ələsgər ("Həmişəxanım", Salam Qədirzadə və Süleyman Ələsgərov), Mitoş ("Hicran", Sabit Rəhman və Emin Sabitoğlu) kimi obrazlar da var.
Lütfəli Abdullayev həm də populyar kino aktyoru idi. Kinoda ilk və son dərəcə uğurlu işi Rza Təhmasibin 1945-ci ildə lentə aldığı "Arşın mal alan" filmində Vəli rolu olub. O, bu rola görə 1946-cı ildə Stalin mükafatına (sonralar "SSRİ Dövlət mükafatı" adlandı) layiq görülüb. Lütfəli Abdullayev həmçinin "Əhməd haradadır?" (Zülümov), "Ulduz" (Məhəmməd), "Qəribə əhvalat" (Kefçilov) filmlərinə çəkilib.
Öz yaradıcılığında "Qaravəlli" oyun-tamaşa estetikasının "açıq yumor" üslubundan daha çox bəhrələnən Lütfəli Abdullayev tipik xarakterlər yaratmağa üstünlük verib. Bu istiqamətdə əsasən şarjla qroteskə əsaslanıb. Zil olmayan, lakin şirin ləhcəli avazını oynadığı obrazların xarakterinə uyğunlaşdırmağı məharətlə bacarıb.
Yaradıcılıq uğurlarına və Musiqili Komediya Teatrının inkişafındakı xidmətlərinə görə ona 17 iyun 1943-cü ildə Əməkdar artist və 24 may 1960-cı ildə Xalq artisti fəxri adı verilib. Xalqın bütün zümrələrinin sevimli aktyorlarından olan Lütfəli Abdullayev 9 dekabr 1973-cü ildə Bakıda vəfat edib. Məzarı ikinci Fəxri Xiyabandadır. Bakıda adına küçə var. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Lütfəli Abdullayevin 100 illik yubileyi geniş qeyd edilib.
(Ardı var)
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 15 aprel.- S.6