Cahangir Novruzovun daha bir tamaşası Türkiyə səhnəsini fəth edir

 

 

Türkiyənin Adana şəhərində yaşayıb-yaradan görkəmli sənətkarımız, Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Cahangir Novruzov qardaş ölkədə növbəti sənət uğuruna imza atıb. Onun Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ithaf etdiyi dünyada baş alıb gedən terrorizmə qarşı etiraz olaraq səhnələşdirdiyi Qriqori Qorinin "Herostratı unudun!" pyesi əsasında hazırlanmış eyniadlı tamaşasının premyerası böyük maraqla qarşılanıb.

 

Türkiyənin Adana Böyük Şəhər Bələdiyyəsi Teatrında səhnəyə qoyulan tamaşanın premyerasına gələnlər arasında Adana şəhər rəhbərliyi, ölkə ictimaiyyətinin görkəmli simaları, Azərbaycanın Ankara İstanbuldakı diplomatik nümayəndəliklərinin təmsilçiləri, diaspor qurumlarının, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının rəhbərliyi, TÜRKSOY-un nümayəndələri, qardaş ölkənin nüfuzlu teatr tənqidçiləri, tanınmış sənətçilər iştirak ediblər.

 

"Herostratı unudun!" adlı ikipərdəli tragikomediyanın süjetinin əsasında dünyanın 7 möcüzəsindən biri hesab edilən, inşası 120 il davam etmiş qədim Efes şəhərində Artemida məbədinin eramızdan əvvəl 356-cı ildə Herostrat adlı bazar alverçisi tərəfindən yandırılması hekayəsi dayanır. İlk baxışda Herostratın məqsədi müqəddəs məbədi yandıraraq şöhrət qazanmaq adını əbədiləşdirmək cəhdi kimi görünsə , hadisələrin inkişafı onun hədəfinin hakimiyyəti ələ keçirməyə qədər gəlib çıxdığını göstərir. Hakimiyyət hərisliyinin bütün müqəddəs dəyərləri tapdaladığı bir cəmiyyətdə məbədin yandırılması eyni zamanda bu gün müxtəlif formalarda davam edən terror aksiyalarının təməlində bu məqsədin olduğunu ortaya qoyur. Əsərdə məbədin yandırılması bir obraz olaraq Cahangir Novruzov tərəfindən mənəvi dəyərlərin itirilməsi yox olması mənasına işarə edir.

 

Tamaşadan əvvəl müasir dövrün qanlı terror hadisələrini, o cümlədən, Xocalı soyqırımını da əks etdirən sənədli videofilmin göstərilməsi, rəsmi tarixdə qəbul olunmuş ilk terror hadisəsindən çox uzun zaman keçməsinə rəğmən hələ də terror, qan, qətliam kimi bəlaların bu gün dünyanın müxtəlif yerlərində artaraq davam etməsinə diqqət çəkilib. Mövzunun aktuallığı və C.Novruzovun uğurlu rejissor işi ilə yanaşı böyük əksəriyyəti elə özünün Çuxurova Universitetində yetişdirdiyı aktyorların məharətlə yaratdığı obrazlar son dərəcə inandırıcı və maraqlı olmaqla bərabər, böyük bir zövqlə tərtib edilmiş dekorasiya, musiqi, kostyum, qrim, səhnə effektləri, bir sözlə teatr sənətinin bütün elementlərin ahəngi, bütövlükdə tamaşanın böyük uğurunu təmin edib.

 

Qeyd edək ki, tamaşanın dekorasiya və kostyumlarını Azərbaycan rəssamlıq məktəbinin nümayəndəsi Günəş Abbasova hazırlayıb. Tamaşa teatrsevərlərlə yanaşı nüfuzlu tənqidçilər, eləcə də peşəkar teatr aktyorlarının da rəğbətini qazanıb.

 

Premyeranın ardından çıxış edən Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, Adana Böyükşəhər bələdiyyəsinin sədri Hüseyn Sözlü və başqaları yaradıcı heyəti, eləcə də bu möhtəşəm sənət əsərinin ortaya çıxmasında əməyi olan hər kəsi təbrik ediblər. Çıxışlarda iyirmi ildir ki, Türkiyədə yaşayıb-yaradan C. Novruzovun növbəti uğuru qardaş ölkənin teatr sənətinin inkişafına yeni bir töhfə kimi qiymətləndirilib. Natiqlər bildirdiblər ki, Azərbaycan və Türkiyə inkişaf və tərəqqi yolunda birgə addımladıqları kimi, beynəlxalq terrorizmə qarşı mübarizədə də bir yerdədirlər. Teatrsevərlərin görüşünə gələn tamaşa da, bu istiqamətdə atılan dəyərli bir mənəvi addımdır.

 

Tamaşadan sonra çıxış edən adanalı yaradıcı heyətin nümayəndələri bildiriblər ki, onların ən böyük arzusu görkəmli teatr xadiminin quruluş verdiyi tamaşanı onun doğma Vətənində Azərbaycan tamaşaçısına təqdim etməkdir.

 

Əfsuslar olsun ki, hələ də ölkəmiz və xalqımız erməni terrorizminin təhdidləri ilə üz-üzə qalmaqdadır. Bu tamaşa Cahangir Novruzovun sənət nümunəsinin timsalında Azərbaycan xalqının terrora qarşı barışmaz mövqeyinin göstəricisidir. "Herostratı unudun!" əsəri qədim dövrdə baş vermiş bir hadisəni əks etdirsə də onun yüksək peşəkarlıqla səhnələşdirilməsi müasir dövrdəki terror və münaqişələri özündə əks etdirir.

 

 

 

 

 

525-ci qəzet.- 2015.- 15 aprel.- S.7.