2015-ci ilin
Ağdamı
Xıdırlı kəndi Ağdamın qədim kəndlərindən
sayılır. Kənd sakinlərinin qədim türk - Xıdır tayfasından olduğunu deyən bir qrup tarixçi
alim kəndin Ağa Məhəmməd şah Qacar dövründə Qazax-Şəmsəddin sultanlığından,
digər qrupu yaşayış
məntəqəsinin XV əsrdə
Qarabağın dağlıq
ərazisindən köçürüldüyünü
iddia edirlər. Hətta kəndin XII əsrdə Teymurləngin dövründə
Suriya istiqamətində
köçürülməsi faktının olduğu da deyilir. Lakin hər üç
fikir hələ ki iddia olaraq
qalmaqdadır.
Kənd
əsasən beş məhəllədən
ibarət olub, Çuxurməhəllə kəndindən
başlamış düz
xətt boyunca "Dəlikdaş"
istiqamətinədək uzanırdı. Əvvəlcə
"Revolyütsiya", sonra
isə "İnqilab"
adlandırılan kolxozda (sonralar sovxoza çevrilmişdi) beş briqada həmin məhəllələrdə
formalaşdırıldığından, elə kəndin məhəllələri də
məhz briqadaların
sıra nömrəsi ilə adlanır.
"Daş təpə" kəndin
ən hündür yeri sayılır. Bu yüksəkliyin hesabına
Sovet dövründə
təpədə televiziya verilişlərinin
ötürücüsü quraşdırılmışdı. Odur ki, kənd
sakinləri daim respublika və mərkəzi televiziyanın verilişlərinin
yayımını keyfiyyətlə
izləyə bilirdilər.
Xıdırlı kəndini digər kəndlərdən fərqləndirən
iki məqam var idi. Birincisi Xıdırlı
kəndinın əhalisi
daim işlək olması ilə seçilirdi.
Uzun illər sudan korluq
çəksə də,
kənd camaatı öz əziyyəti hesabına inkişafda idi. Kənddə maldarlığın inkişafı yüksək səviyyədə
idi. Etiraf edilməlidir ki, Ağdam bazarında satılan Xıdırlı
qaymağının ayrı
bir ləzzəti var idi. Qaymağın keyfiyyətinə
söz ola
bilməzdi.
Kəndi fərqləndirən ikinci
məqam rayon rəhbərliyinə
daim kadr təminatını həyata
keçirməsiydi. Rüstəm
Rüstəmov müharibə
illərində ikinci katib, ötən əsrin əllinci illərində Məmməd
Əliyev birinci katib və Səlim Abdullayev üçüncü
katib vəzifəsində
çalışmışdılar. Telman Allahverdiyev, Hüseyn Hüseynov, Nizami Əliyev və Allahverdi Əliyev uzun müddət rayonda müxtəlif rəhbər
vəzifələrdə çalışmışdılar. Qeyd etməliyəm ki,
İstanbulda təhsil
almış Mirzə Davud Ağamirzəyev xeyli müddət "Abbas bəyin" məktəbində dərs
demişdi. Rayon əhalisinin savadlanmasında
onun xüsusi yeri vardır. Müxtəlif vəzifələrdə
çalışmış Xanpəri Məmmədova, Mehdi
Mehdiyev (Qara Mehdi), Şəkəralı Allahverdiyev
və Əhməd Hümmətov da kəndin sayılan ziyalılarından
hesab edilir...
Etiraf etməliyəm ki, erməni hücumlarının
ən gərgin vaxtlarında bu kəndin sakinlərinin necə mərdliklə döyüşdüklərinin şahidi olmuşam...
Təəssüf ki, bu gün Ağdamın işğal
altında olan 72 faizlik ərazisində
Xıdırlı kəndinin torpaqları da vardır. "Çömçəli" bulağı,
"Narlı" bulağı və digər onlarca bulağı, "Toy
gədiyi", "Çay
bağçası", "Mərək" və
"Qozlu bağ" kənd sakinlərinin ən yadda qalan
istirahət və otlaq yerləri idi. Bundan əlavə beş
nömrəlidə "Kukuşka"
adlanan kiçik dəmiryol xəttinin stansiyası da var idi...
Həmsöhbətim Ağdam Rayon icra hakimiyyətinin başçısı
Raqub Məmmədov da bu kəndin
yetirməsidir. Hələ keçmiş
Sovet dövründə
sovxozda mühəndis
vəzifəsindən rayon komsomol
komitəsinin birinci katibi vəzifəsinədək
yüksələn R.Məmmədov
uzun müddət Milli Təhlükəsizlik
Nazirliyi sistemində çalışıb...
1986-cı ildən tanıdığım
Raqub müəllimlə
növbəti görüşüm
"Heydər Əliyev"
Mərkəzi üçün
inşa edilən tikinti sahəsində oldu. Müasir və milli üsluba söykənən
layihənin icrası artıq iki aya yaxındır ki, davam edir.
Bu gün binanın
yarım zirzəmi və birinci mərtəbəsində işlər
yekunlaşmaq üzrədir.
Cari ilin sonunadək mərkəzin
tikintisinin başa çatacağı deyilir...
Hər dəfə olduğu kimi, bu dəfədə
görüşə gəlincə,
mən artıq Əfətli kəndindəki
tikintisi başa çatmış məktəbin,
Evoğlu kəndindəki
inşası başa çatmaq üzrə olan uşaq bağçasının, doğma
kəndimdə inşa
edilən litsey və avtovağzalda aparılan tikinti işləriylə tanış
olmuşdum. Ürəkaçan
fərəhli hal odur ki, Soltanbuddan
başlanan abadlıq quruculuq işləri üzü Qaradağlı
kəndini, oradan Çıraqlı, Bənövşələr, Xındırıstan
və Quzanlını
əhatə edir. Demək olar ki, rayonun
elə bir kəndi yoxdur ki, orda quruculuq
işləri həyata
keçirilməmiş olsun.
Artıq Quzanlı qəsəbəsiylə İmamqulubəyli
kəndinin yeni salınmış xiyabanla
çox rahat şəkildə
piyada gedib gəlmək olur. Adıçəkilən ərazidə istifadəyə
hazır olan məşhur "Çay
evi"də buranın
çəkisini bir qədər də artırmışdır.
Söhbət zamanı Raqub müəllim Quzanlı kəndindən Xındırıstan
kəndinədək olan
yol qırağı ərazidə 600 ədəd
qoz ağacının artıq əkildiyini bildirdi:
- Bu günədək rayon ərazisində əlli minə yaxın ağac əkilib. Eldar şamı, "Xan" çinar və küknar ağacları iki-üç
ildən sonra bütün rayona gözəllik verəcəkdir.
Mərkəzi yoldan Üçoğlan kəndində
istiqamətində böyük
bir ərazidə meyvə bağı salınmışdır. Soltanbud təpəsi
tamamilə ağaca bürünüb. Keçən
il təpədə
damcı suvarma sisteminin quraşdırılması
orada əkilən ağaclara can verib. Qoz ağaclarını isə sənin kəndinin üstündə əkəcəyik.
Nə fikirləşirsən,
nətər olacaq?- deyərək sualı mənə ünvanladı.
- Əla olar. Deyim ki,
Xıdırlının da
məşhur qoz bağı var idi. Yadımdadı ki, bağ kəndin altında, "Qaraçava" arxının
həndəvərində olduğundan
buradakı digər meyvə ağacları da çox "fərmuda" böyümüşdü.
Şəhərdən gələn yol
bağın yanından
keçirdi. Bu gün
Quzanlıdan Xındırıstana
gedən yol, sözün həqiqi mənasında, Seyidlidən
Xıdırlıya gedən
yolu xatırladır mənə...
Sözüm Raqub müəllimi tutsa da büruzə vermir. Mövzunu özü dəyişir...
- Hər gün camaatımızın içindəyəm. Onların hər birinin problemini özümünkü hesab edirəm. O ağır günləri mən də yaşamışam. Əhalinin hansı əziyyətlərdən keçdiyini özümdə şahidəm. Bu gün əsas vəzifəm səlahiyyətim çərçivəsində həmyerlilərimin illər boyu yığılıb qalmış problemini həll etməkdir...
Bugünkü məqsədim Quzanlı qəsəbəsini şəhərə çevirməkdir. Ağdama qayıdışın yolu məhz belə hazırlıqdan keçir. Odur ki, hamımız qayıdış gününə hazır olmalı və Ali Baş Komandan cənab İlham Əliyevin əmrini gözləməliyik...
Yüz faiz əminəm ki, Ağdamda quruculuq işlərini bundan da daha sürətli, yaraşıqlı və məzmunlu şəkildə həyata keçirəcəyik...
Başçı ilə söhbətim bir xeyli çəkdi. Çox mətləblərə toxunduq. Ancaq söhbətimdə Raqub müəllim ikinci bir arzusunu da bildirməyi unutmadı.
- Bu gün 28 faizlik ərazimizdə formalaşan gəncliyimizi rayonda 70-80-ci illərdə formalaşan nəhəng ziyalı ordusunun səviyyəsinə çatdıra bilsək, inanıram ki, şəhərə qayıdışımız zamanı hər hansı çətinliyimiz olmayacaq. Bununla o illərlə mənəvi bağlılığımızı bərpa edə biləcəyik...
Raqub Məmmədovla keçən hər görüş məni Ağdama qayıdacağımız günə daha da yaxınlaşdırır. İnanıram ki, rayon ziyalıları və sahibkarları icra başçısının ətrafında birləşməklə bundan sonra daha sıx birlik nümayiş etdirəcəklər...
Sonda belə nəticəyə gəlmək olar ki, 2015-ci ildə Ağdam qayıdış gününə ciddi şəkildə hazırlaşır.
Xatirələrimizi yenidən yaşayacağımıza və xəyallarımızın gerçəkləşəcəyi günə hamımız öz töhfəmizi verməliyik.
Vüqar Tofiqli
525-ci qəzet.- 2015.- 15 aprel.-
S.5.