"Azərbaycanda korrupsiyaya qarşı həmişə prinsipial mübarizə olub"

 

"BƏZİ QURUMLAR AZƏRBAYCANA QARA YAXMAQLA, ÖLKƏMİZ ƏLEYHİNƏ BÖHTAN KAMPANİYASI APARMAQLA MƏŞĞULDURLAR"

 

 

Korrupsiyaya qarşı mübarizə Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətidir. Məhz bunun nəticəsində də son illər ölkəmizdə korrupsiya ilə mübarizədə böyük uğurlar, irəliləyişlər əldə edilib. Bu gün qazanılan uğurlar təkcə ölkə daxilində deyil, bir sıra beynəlxalq qurumlar, xarici ekspertlər tərəfindən də etiraf olunur. 

 

Qeyd etmək lazımdır ki, Sovet İttifaqı dağıldıqdan sonra 1991-ci ildə Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericilik bazası olmayıb. İqtisadi cəhətdən tənəzzülə uğramış ölkə, eyni zamanda Ermənistan tərəfindən təcavüzə məruz qalıb, ərazilərimizin 20 faizi işğal edilib. Belə ağır şəraitdə ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət nəticəsində ilk növbədə siyasi sabitliyə nail olundu və hüquqi dövlət qurulucuğunda mühüm addımlar atıldı. Həmin siyasətin davam etdirilməsi nəticəsində bu gün Azərbaycanda korrupsiya ilə mübarizədə daha yüksək hədəflərə nail olunub, korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilib. Korrupsiyaya qarşı mübarizə üzrə komissiya və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi kimi ixtisaslaşdırılmış qurumlar yaradılıb.

 

Sözügedən fəaliyyətin daha da gücləndirilməsi üçün son illərdə bir sıra tədbirlər həyata keçirilib, mübarizə metodlarının daha səmərəli olması üçün qanunvericilik bazası gücləndirilib. Korrupsiyaya qarşı mübarizə üçün Dövlət Proqramı, Fəaliyyət Planı qəbul edilib.

 

Prezident İlham Əliyev mütəmadi olaraq öz çıxışlarında mənfi halların, korrupsiyanın aradan qaldırılması məsələsini qeyd edir və bu istiqamətdə çox ciddi tapşırıqlar verir. Son illər biz həm də korrupsiya faktlarına görə bir sıra vəzifəli şəxslərin həbs olunmasının şahidi olmuşuq.

 

Bu gün korrupsiya ilə mübarizənin uğurlu göstəricilərindən biri də Azərbaycanda "ASAN Xidmət"in fəaliyyət göstərməsidir. Bu xidmət  korrupsiya hallarını tam istisna edir və vətəndaşların dövlət qurumlarına etimadını artırır. "ASAN  Xidmət" bütün dünyada Azərbaycanın brendi olaraq tanınır və xarici dövlətlər bu təsisata böyük maraq göstərərək, ölkəmizin təcrübəsini öyrənirlər. Eyni zamanda  məmur-vətəndaş münasibətlərinin daha sivil səviyyədə formalaşması üçün konkret addımlar atılır. Bu münasibətlərdə birbaşa təmasların aradan qaldırılması üçün ardıcıl işlər görülür, elektron hökumət yaradılır.

 

Korrupsiya ilə mübarizə sahəsində Azərbaycan beynəlxalq qurumlar, aparıcı dövlətlərlə yaxından əməkdaşlıq edir. Amma təəssüf ki, hər sahədə ölkəmizin uğurlarına kölgə salmağa çalışan, Azərbaycanı gözü götürməyən və qara yaxma ilə məşğul olan bəzi qüvvələr bu məsələdə də öz ampulalarına "sadiq" qalırlar. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsini həzm edə bilməyən və buna görə də şər, böhtan kampaniyasına başlayan belə dairələr aldıqları sifarişi yerinə yetirmək üçün korrupsiya faktorundan da yararlanmağa çalışırlar. Belə ki, korrupsiyaya qarşı olan dövlətlər qrupu - GRECO-nun hesabatını da bu kampaniyanın tərkib hissəsi hesab etmək olar. Bu gün dünyanın bütün ölkələri, hətta Avropa İttifaqının üzv dövlətlərində belə korrupsiya faktları mövcuddur. Azərbaycanın hədəf alınması isə ikilistandartın daha bir göstəricisidir.

 

Qeyd edək ki, GRECO-dan fərqli olaraq Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) biznes mühiti və müəssisələrin fəaliyyəti ilə bağlı apardığı araşdırmada (Business Environment and Enterprise Performance Survey (BEEPS)  Azərbaycan korrupsiya ilə mübarizədə xeyli nailiyyətlər əldə etdiyi yazılıb. Bankirlər bunu müvafiq qanunvericilik aktlarının qəbulu ilə izah edir. Araşdırmanın müəllifləri hesab edir ki, Azərbaycan bu irəliləyişə 2009-cu ildən etibarən nail olub. Həmin dövrdən başlayaraq ölkəmizdə biznes qurmaq şərtləri xeyli yüngülləşib.

 

Korrupsiya ilə mübarizədə əldə edilən nailiyyətləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2014-cü ilin yekunları da təsdiqləyir. Belə ki, ötən il 333 şəxs barəsində 206 cinayət işi məhkəmələrə göndərilib. 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə bu müddət ərzində 4945 müraciət daxil olub.  Həmin müddət ərzində Baş İdarə tərəfindən vətəndaşların 3194 müraciətinə baxılıb, həmçinin 218 cinayət xarakterli material araşdırılıb. Cinayət xarakterli materialların 82%-i üzrə cinayət işi başlanıb, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib. "Qaynar xətt" əlaqə mərkəzinə daxil olan 4945 müraciətin 21-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb.

 

Həmçinin əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilib. Bununla yanaşı, korrupsiya ilə əlaqədar olmayan müraciət müəlliflərinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulmuş hüquqlarının bərpası ilə bağlı ətraflı izahlar verilib.

 

2014-cü il ərzində Baş İdarənin növbətçi prokurorları tərəfindən korrupsiya və digər hüquqpozmalar barədə müraciət etmiş 807, Baş İdarə rəisi tərəfindən isə 139 vətəndaş qəbul edilməklə ərizələri alınıb, həmin ərizələr üzrə tam və hərtərəfli araşdırmalar aparılmaqla obyektiv qərarların qəbul edilməsi təmin edilib.

 

Hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə Baş İdarənin əməliyyat qurumları tərəfindən 584 müraciət araşdırılıb. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 10, o cümlədən, korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 11 cinayət işi başlanıb.

 

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 76 165 41 manat ziyandan istintaq müddətində 54 885 691 manat və ya 72%-i ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb. Korrupsiya cinayətləri ilə bağlı məhkəmələrə göndərilmiş cinayət işlərinin dövlət və qeyri-dövlət orqanları üzrə statistik təhlilinin nəticələri açıqlanıb.

 

Azərbaycan həmçinin ötən il 2 önəmli beynəlxalq antikorrupsiya konfransına ev sahibliyi edib.

 

Hansı ki, həmin konfranslarda da ölkəmizin nailiyyətləri xarici ekspertlər tərəfindən də vurğulanıb.

 

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, Azərbaycanda korrupsiyaya qarşı həmişə mübarizə olub. Bu mübarizə 1969-cu ildən ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründən başlayıb. Ondan sonrakı dövrlərdə Azərbaycanda bu proses davam etdirilib, korrupsiyaya qarşı mübarizə aparılıb. YAP rəsmisinin sözlərinə görə, korrupsiya elə bir bəladır ki, dünyanın hansı nöqtəsində istəsən, buna rast gəlmək olur: "Hətta Avropa İttifaqının özünün tərkibində komissarların bir çoxu korrupsiyaya görə ya işdən uzaqlaşdırılıb, ya da həbs olunub. Ən sərt rejim Çin Kommunist Partiyasındadır. Bir neçə il əvvəl Şanxayın merini korrupsiya üstündə güllələdilər. Hətta ən sərt rejimi olan, belə hallara imkan yaratmayan ölkədə də korrupsiya var. Yəni, dünyanın hər yerində korrupsiya var. Bununla yanaşı mübarizə də var. Söhbət korrupsiyaya qarşı mübarizədən gedir.

 

Azərbaycanda korrupsiyaya qarşı effektli mübarizə aparılır və bundan sonra da aparılacaq. Bu, bütövlükdə cəmiyyətin ümumi bəlasıdır. Təkcə hansısa hökumətin yox, cəmiyyətin bəlasıdır. Buna qarşı mübarizə isə aparılır".

 

S.Novruzov deyib ki, GRECO-nun hesabatı ayrı-ayrı öyrədilmiş adamlar və dairələr tərəfindən Azərbaycanın artan nüfuzuna, regionda aparıcı lider dövlət olmasına, ölkədə beynəlxalq tədbirlərin keçirilməsinə görə edilən məsələlərdir: "Amma Azərbaycan öz yolu ilə gedir və bunu da davam etdirəcək".

 

Millət vəkili Tahir Rzayev isə bildirib ki, korrupsiya halları bütün dünya ölkələrində mövcuddur: "Korrupsiyanın qarşısının alınması üçün ciddi mübarizə aparılırsa, bu həmin ölkələrin nailiyyətidir. Korrupsiyaya qarşı mübarizə dövlətin siyasətinə çevrilirsə, bu, həmin dövlətin inkişafıdır, qüdrətlənməsidir, əhalinin dövlətə olan inamıdır".

 

Deputat hesab edir ki, prezident İlham Əliyevin birbaşa diqqəti və göstərişi ilə ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparılır: "Prezident bütün iclaslarda, tədbirlərdə korrupsiyaya, rüşvətxorluğa qarşı çıxış edir, onun qarşısının alınması üçün tədbirlər görür, tapşırıqlar verir. Ölkədə korrupsiyanın qarşısının alınması üçün xüsusi, böyük bir idarə fəaliyyət göstərir, eləcə də bütün təşkilatlara, vəzifəli şəxslərə korrupsiyaya qarşı mübarizə aparılması ilə bağlı tədbirlər planı hazırlanıb verilib. Bu işlər hazırda da daim davam etdirilir".  T.Rzayevin sözlərinə görə, GRECO kimi beynəlxalq təşkilatlar Azərbaycana qara yaxırlar, bu işlər məqsədli şəkildə aparılır: "Onlar bir dəfə deyil, ümumiyyətlə uzun müddətdir Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna ziyan vurmaq üçün belə bəyanatlar yayırlar və bunların hamısı əsassızdır".

 

YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov isə qeyd edib ki, korrupsiya ilə mübarizə artıq dövlət səviyyəsində həyata keçirilir. Dövlət başçısı korrupsiya ilə bağlı öz fikirlərini qətiyyətlə bildirib. Onun sözlərinə görə, korrupsiya ilə mübarizə ilə bağlı dövlət tərəfindən kifayət qədər işlər görülüb. "ASAN Xidmət"in yaradılması korrupsiya ilə mübarizənin bariz nümunəsidir: "İlk növbədə mübarizənin aparılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Bu yük ilk növbədə vətəndaşların, cəmiyyətin üzərinə düşür.

 

Digər tərəfdən artıq dövlət bununla əlaqədar olaraq çox böyük işlər həyata keçirib. Belə ki, qanunvericilik bazası daha da təkmilləşdirilir. Korrupsiyaya yol açacaq addımlar qanun çərçivəsində elə tənzimlənir ki, bu hallar baş verməsin. Yəni korrupsiyaya qarşı addımlar başlanğıcından aradan qaldırılmağa çalışılır. İlk növbədə hökumətin korrupsiyaya qarşı həyata keçirdiyi ən gözəl tədbirlərdən biri "ASAN Xidmət" sisteminin yaradılmasıdır. Eyni zamanda maliyyə, vergi, gömrük və digər sahələrdə bununla bağlı böyük işlər görülüb. "Bir pəncərə" sistemi, sadələşdirilmiş vergi və gömrük sisteminin tətbiq olunması və eyni zamanda kommunikasiya və informasiya texnologiyalarından yüksək səviyyədə istifadə edərək məmur və vətəndaş ünsiyyətinin azaldılması, yəni bütün bu işlərin elektron daşıyıcılar vasitəsilə həyata keçirilməsi kimi məsələlərin hər biri korrupsiyanın aradan qaldırılması üçün görülən ən böyük işlərdir".

 

A.Hüseynov ünvanlı sosial yardımların verilməsinə və ipoteka kreditlərinə də toxunub. Onun sözlərinə görə, bu işlərin elektron şəkildə həyata keçirilməsi şəffaflığı ortaya qoyur. O deyib ki, kreditlərin verilməsi ilə bağlı prosedurların sadələşdirilməsi, qanunvericilik bazasının möhkəmləndirilməsi kimi hallar artıq korrupsiyanın qarşısının alınması üçün ən böyük atılan addımlardır: "Eyni zamanda cənab prezident bu sahədə hüquq mühafizə orqanlarının üzərinə düşən vəzifələrini yerinə yetirmələri istiqamətində daha da səmərəli işlər görmələri ilə bağlı tapşırıqlar verib. Prezident Administrasiyası nəzdində korrupsiyaya qarşı mübarizə komissiyası var ki, həmin komissiya vasitəsi ilə bu işlər idarə olunur. Həmin komissiyaya töhfələr verilir, görülən işlər təhlil edilir.

 

A.Hüseynov qeyd edib ki, prezident İlham Əliyevin tapşırığı ilə nazirlər və dövlət nümayəndələri regionlarda vətəndaşlarla mütəmadi olaraq görüşlər keçirir:  "Bütün bunlar korrupsiyanın qarşısının alınması istiqamətində atılan ciddi addımlardır. Korrupsiyaya qarşı mübarizənin ən effektiv hissələrindən biri də hökumət nümayəndələri, nazirlərin mütəmadi olaraq regionlarda vətəndaşları qəbul etməsidir. Bütün bu işlər prezidentin tapşırığı ilə həyata keçirilir. Ümumiyyətlə götürdükdə korrupsiya ilə mübarizəyə prezident İlham Əliyev ciddi şəkildə yanaşır və kəskin addımlar atır. Korrupsiya ilə bağlı öz fikirlərini də deyib. Bu sahədə həyata keçirilən işlərin istiqamətvericisi əlbəttə ki, dövlət başçısıdır. Nazirlərin yerlərdə vətəndaşlarla açıq söhbət aparması, görüşlərin keçirilməsi də korrupsiya hallarının qarşısının alınmasına öz töhfəsini verir.

 

Bunun effekti ondan ibarətdir ki, hər hansı bir sahəyə rəhbərlik edən nazir və yaxud da hökumət nümayəndəsi regionlarda vətəndaşlarla açıq görüş keçirir və vətəndaşlar onlara öz istəyini bildirir, öz şikayətini deyir. Artıq bu hal mütəmadi xarakter daşıdığı üçün yerdəki məmurlar bilirlər ki, hər hansı bir səhvi buraxarsa, vətəndaş bu problemi birbaşa onun nazirinə şikayət edəcək, yəni məsələni qaldıracaq.

 

Bütün bu görüşlər korrupsiyanın aradan qaldırılması ilə bağlı, korrupsiya ilə ən düzgün mübarizə aparılması istiqamətində atılan çox gözəl yollardan biridir. Bu da öz effektini verməkdədir". A.Hüseynov bəzi xarici dairələrin korrupsiya ilə mübarizədə Azərbaycanın uğurlarına göz yumub, əksinə qara yaxma ilə məşğul olmalarını onların qərəzli mövqeyi, sifarişli hərəkət etmələri ilə əlaqələndirib. Avropada siyasi korrupsiya elementlərinin  geniş yayıldığını deyən ekspert, Azərbaycanın hədəfi seçilməsinin, bu cür hesabatların ölkənin müəyyən etdiyi yoluna, uğurlarına kölgə salmayacağını vurğulayıb.

 

PƏRVANƏ

525-ci qəzet.- 2015.- 15 aprel.- S.5.