Bərdə İmamzadəsinin bərpadan sonra açılış mərasimi olub

 

LAYİHƏ BİLİK FONDUNUN "DİNİ ABİDƏLƏRDƏ TARİXİN İZLƏRİ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ HƏYATA KEÇİRİLİB

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Dini abidələrdə tarixin izləri" proqramı çərçivəsində Bərdə İmamzadəsinin abadlaşdırılması, kompleksin tarixinin öyrənilməsi, təbliği layihəsinin icrası yekunlaşıb.

 

Aprelin 13-də İmamzadə kompleksində bu münasibətlə mərasim təşkil olunub. Tədbirdə Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları, Milli Elmlər Akademiyasının alimləri, Bakı Slavyan Universitetinin müəllim tələbələri, Bakı Elitar Gimnaziyasının, Qəbələ rayonu Nic kənd tam orta məktəbinin şagirdləri, rayon ziyalıları bölgə dindarları iştirak ediblər. İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

 

Mərasimi açan Bərdə Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev ölkəmizdə dini-tarixi abidələrə göstərilən diqqət qayğıya, o cümlədən, Bərdə İmamzadəsinin bərpasına görə Prezident İlham Əliyevə, Bilik Fonduna minnətdarlığını bildirib.

 

İcra başçısı Bərdə İmamzadəsinin bərpasını ölkəmizdə dini tarixi abidələrə olan diqqət qayğının təzahürü kimi dəyərləndirib:

 

"Qədim Azərbaycanın milli-mənəvi dəyərlərini xarakterizə eləyən təkcə onun dövlətçilik ənənələri yox, həm maddi-mədəniyyət nümunələridir. Azərbaycandakı dini abidələrin arasında ölkəmizin müxtəlif bölgələrindəki imamzadələr xüsusi yer tutur. Bərdə İmamzadəsi Azərbaycan tarixində özünəməxsus yeri olan maddi-mədəniyyət nümunələrindən biridir. Bərdə İmamzadəsində VIII əsrdə yaşamış beşinci imam Məhəmməd Bağırın qız nəvəsi İsmayıl dəfn olunub. İmamzadə abidəsi - qəbirüstü türbə XII əsrdə İbrahim adlı bir tacir tərəfindən inşa edilib.

 

Digər bir məlumata görə, İmamzadə 1322-ci ildə Əhməd ibn Əyyub əl-Hafiz tərəfindən inşa edilib. 1868-ci ildə isə İmamzadə türbəsinin 4 minarəsi şuşalı memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən bərpa olunub. Sonrakı dövrlərdə isə kompleksin ərazisində Fətəli Şah Qacarın oğlu Abbas Mirzənin böyük oğlu Bəhmən Mirzə ailəsinin, Qarabağ xanlarının, bəyzadə övliyalarının çoxlu nümayəndəsi, Bərdənin bir sıra nüfuzlu şəxsləri dəfn edilib. Bunu 68 daş qəbirüstü yazı sübut edir. Yazıların hamısı ərəb əlifbasında, ərəb, fars, bəziləri isə Azərbaycan dilindədir".

 

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev ölkəmizdə milli-mənəvi dəyərlərə, tarixi-dini abidələrə göstərilən diqqətdən söz açıb: "Ulu öndər Heydər Əliyevin dini abidələrə verdiyi dəyər, Prezident İlham Əliyevin bu istiqamətdə gördüyü işlər bizi ruhlandırdı ki, Bilik Fondunun xətti ilə Bərdə İmamzadəsini bərpa edək. Biz bu işə Azərbaycanın ən görkəmli alimlərini cəlb etmişik.  Abidə ilə tanış olarkən mən lövhəciklərdəki yazılara diqqət yetirdim. Bizim əcdadlarımız bu lövhəciklərə necə qəribə həyəcanlı sözlərlə öz mərhumlarına olan duyğularını həkk ediblər. Lövhəcikləri oxuduqca görürük ki, burada zaman -zaman Qacarlar nəslindən olan, Qarabağın say-seçmə insanlarını burada torpağa tapşırıblar. Bərpadan əvvəl lövhəciklərdəki yazılar oxunmaz dərəcədə idi. Onları normal şəkildə oxumaq mümkün deyild, onları qaydasına salmaq lazım idi. Ərəb fars dilində olan o yazılar artıq oxunub tərcümə edilib. Mənə elə gəlir ki, lövhəcikləri bərpa olunan o tarixi şəxsiyyətlərin indi ruhları şaddır. Bilik Fonduna bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm".

 

Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov "Dini abidələrdə tarixin izləri" layihəsi çərçivəsində Bərdə İmamzadəsinin bərpası layihəsi barədə məlumat verib: "Layihə çərçivəsində Azərbaycan ərazisində yerləşən məscid, ziyarətgah, kilsə, sinaqoq məbədlərdə tarixi-elmi tədqiqatlar aparılacaq, abidələr hərtərəfli öyrəniləcək, Azərbaycan tarixi üçün faydalı məqamlar üzə çıxarılacaq, ehtiyac olduqda müəyyən bərpa işləri həyata keçiriləcək. Layihənin əsas məqsədi Azərbaycanda Qafqazın digər bölgələrində yaşayan əhalinin maarifləndirilməsi, ziyarətgahlar barədə düzgün elmi, tarixi, dini biliklərin verilməsi, milli-dini dəyərlərimizin qorunub saxlanması gələcək nəsillərə ötürülməsidir".

 

O. Səmədov həmçinin Bilik Fondu tərəfindən "Məscid kitabxanası" layihəsinin icrasına başlandığını bildirib. Layihə çərçivəsində İmamzadə kompleksinə 200 adda kitab hədiyyə olunub.

 

Mərasimdə Mirmövsüm ağa ziyarətgahı dini icması tərəfindən İmamzadə kompleksinə hədiyyələr təqdim edilib.

 

Bərdə şəhər Cümə məscidinin Axundu Hacı Ramazan Hüseynov və başqaları çıxış edərək ziyarətgahda görülən işləri Azərbaycan Prezidentinin Qarabağın tarixinə və qarabağlılara dərin sevgisinin göstəricisi kimi qiymətləndiriblər.

 

AMEA-nın Əlyazmalar İnstitutunun şöbə müdiri Möhsün Nağısoylu, Bərdə şəhər Cümə məscidinin axundu, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Ramazan Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Bərdə rayonu üzrə nümayəndəsi, Akademik Zərifə Əliyeva adına Bərdə şəhər Texniki Təmayüllü məktəb-liseyin direktoru Vidadi Süleymanov, "Fərid-inşaat" firmasının direktoru Sübhan Həsənov çıxış edib.

 

Çıxışlarda şəhər olaraq 3000 ildən çox yaşı olan Bərdənin Azərbaycan tarixində yerindən, görkəmli şəxsiyyətlərindən, abidələrindən, Bərdə İmamzadəsi kompleksinin tikilməsindən, daş və qəbirüstü yazılarından söhbət açılıb, "Dini abidələrdə tarixin izləri" layihəsinin əhəmiyyəti önə çəkilib.

 

Tədbir iştirakçıları İmamzadə kompleksində yaradılan şəraitlə tanış olublar. Layihə çərçivəsində abidənin ümumi görünüşünə heç bir müdaxilə edilmədən yerli ustalar tərəfindən abadlaşdırma işləri aparılıb. XVII-XIX əsrlərə aid ərəb və fars dillərində qəbirüstü yazılar və daş kitabənin mətni dilimizə çevrilərək müasir əlifbamızda dəmir lövhəyə köçürülüb. Türbənin kümbəz tipli dam örtüyünün sıradan çıxmasının qarşısı alınıb, həyətdə 144 kvadratmetr tamet meydança, 115 kvadratmetr sahədə çaydaşından səkilər düzəldilib, yaşıllıqlar salınıb.Görülmüş işlər sayəsində Bərdə və ətraf bölgələrdən buraya ziyarətə gələnlər qəbirüstü yazılardakı Quran ayələrini, hikmətli söz və kəlamları oxumaqla yanaşı, burada dəfn edilən mərhumların kimliyini də öyrənirlər.

 

Tədbir iştirakçıları sonra Bərdə şəhərindəki Heydər Əliyev adına park-bulvarla tanış olublar.

 

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2015.- 15 aprel.- S.4.