Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Şəkinin yeri və rolu

 

(Əvvəli ötən sayımızda)

 

Şəki təkcə qədim tarixi, memarlıq abidələri ilə deyil, həm də görkəmli şəxsiyyətləri ilə Azərbaycanın dövlətçililk və mədəniyyət tarixində önəmli rol oynayır.

 

lll

 

Şərqdə opera yazan ilk qadın bəstəkar, Xalq artisti Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində dünyaya gəlib. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B.Zeydmanın sinfini bitirib. 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.

 

O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olub. Şəfiqə xanım həm də bir sıra gözəl mahnıların ("Leyla", "Bəxtiyar ellər" və s.), "Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida, Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir. Onun Azərbaycan şairlərinin şeirlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox məşhurdur. Bəstəkar mahnı yazmaq ilə kifayətlənməyib mürəkkəb, eləcə də çətin bir janra müraciət edib və Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. 1971-ci ildə "Gəlin qayası" operası ilə musiqisevərləri valeh edib. 26 iyul 2013-cü ildə vəfat edib.

 

Azərbaycanın Xalq şairi, dramaturq Bəxtiyar Vahabzadə də 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub. Kiçik yaşlarında ikən ailəsi ilə Bakıya köçüb. (1934). Burada orta məktəbi qurtarandan sonra ADU-nun Filologiya fakültəsində təhsil alıb. (1942-1947). Universitetin aspiranturasında saxlanıb, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapıb. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir.

 

"İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərib. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. (1964). Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışıb. 1990-cı ildə təqaüdə çıxıb. Azərbaycan MEA-nın müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000) seçilib. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqqallar Şurasının üzvü idi (1991). Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Milli Məclisinə deputat seçilib. 1976-cı ildə "Leninlə söhbət" və "Muğam" poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" (1995) ordenləri ilə təltif olunub.

 

Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirib, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub.

 

Bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılıb, yalnız 2 ildən sonra işə bərpa edilib. Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə edib, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirib. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, Sovet İttifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirib. B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri - şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən, ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilib.

 

2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda dünyasını dəyişib.

 

Şair, tərcüməçi Hikmət Ziya 1929-cu il mayın 13-də Şəki şəhərində anadan olub.  ADU-nun Filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. (1947-1952). "Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1952-1969), "Göyərçin" jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri (1969-1984), məsul katib vəzifələrində işləyib. Ədəbi yaradıcılığa 1952-ci ildə "Azərbaycan pioneri" qəzetində çap edilən "Qeqola" adlı ilk şeiri ilə başlayıb. Sonra dövri mətbuatda vaxtaşırı çıxış edir. İlk satirik şeirləri, eyni zamanda "Atamın hədiyyəsi" (1957), "Bahar gözəldir, ya qış?" (1959), "Milçək ürəyi" (1960) kitabları Hikmət Əfəndiyev imzası ilə çap olunub. "Sınaq", "Ekiz qardaşlar" pyesləri tamaşaya qoyulub. Librettolarına ("Nənəmin nağılı", "İkilərin sərgüzəştləri", "Solğun çiçəklər") və şeirlərinə musiqi bəstələnib. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunub. O özü də bədii tərcüməyə qayğı ilə yanaşıb. "Mozalan" satirik kino-jurnalı bədii şurasının, Ümumittifaq uşaq və gənclər ədəbiyyatı şurasının, "Azərbaycan pioneri" və "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin üzvüdür.

 

1995-ci il avqustun 2-də Bakıda vəfat edib. Adına "Hikmət Ziya" ədəbiyyat mükafatı təsis edilib.

 

Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, Xalq artisti  Rasim Ocaqov 1933-cü il noyabrın 22-də Azərbaycanın Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada ÜDKİ-nin Kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına ADİİ-nun Rejissorluq fakültəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyib. 50-ci illərin sonlarında Bakı kinostudiyasında ilk çəkilişlərinə başlayıb. 1957-ci ildə ilk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə alıb. Filmdə baş operator Marqarita Pilixina olub. "Onun böyük ürəyi" (1958) flimi R. Ocaqovun ilk sərbəst işi idi. Film Sumqayıt metallurqlarının həyatına həsr olunub. Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınıb.

 

Bundan sonra lentə aldığı "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?" və "Skripkanın sərgüzəşti" filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaradıb. Rejissor kimi ilk işi 1975-ci ildə yarımçıq qalmış "Gəncəbasarlı qisasçı" filmini tamamlamaq olub. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən filmdə o qəhrəmanların ifaçılarını dəyişdi, ssenarini yenidən işləyib. Qatır Məmmədin obrazını isə görkəmli aktyor Şahmar Ələkbərova tapşırıb. Film ekranlara çıxanda isə müəyyən iradlar deyilsə də, bütövlükdə filmin uğurlu olduğu mətbuatda geniş qeyd edilib. Onun ikinci rejissor işi "Tütək səsi" filmi oldu. "Tütək səsi" öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirib. Bundan sonra çəkdiyi "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq" filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa çağırır. "Təhminə", "Otel otağı" kimi son filmlərində də ciddi mövzulara toxunub, yenə də insanın ətraf aləmə münasibəti mövzusunda söhbət açıb.

 

R.Ocaqov 2006-cı ildə Bakıda dünyasını dəyişib.

 

Məşhur dilçi, türkoloq, tənqidçi, ictimai-siyasi xadim Aydın Məmmədov da 1944-cü ildə Şəkidə anadan olub. Bütün ömrünü doğma Azərbaycanın tərəqqisinə, xalqının elmi, mədəni və siyasi dirçəlişinə həsr edib. Azərbaycan türklərinin bu torpaqda eramızdan çox öncə yaşaması fikrini elmi gerçəkliyə çevirməyi bacaran alim Aydın Məmmədov "Sovetskaya turkologiya" jurnalının redaktor müavini, istərsə də Bədii Tərcümə Mərkəzinin rəhbəri kimi SSRİ-nin və bütövlükdə bütün dünya türklərinin bir-birini daha yaxından tanıması, onların doğmalaşması üçün ölçüyəgəlməz işlər görüb. Ömrünün təxminən son onilliyini bütünlüklə ictimai-siyasi hadisələrə həsr edən A.Məmmədov 1988-ci ilin fevralından başlayan Azərbaycan Xalq hərəkatının ilk günlərindən ön sıralarında dayanıb. Onu həmişə tətil edən fəhlələrin, yerli ağalara etiraz edən kəndlilərin, tələbələrin, ziyalıların içərisində, özü də ən narahat, ən ağrılı anlarda görmək mümkün idi. Ayıq siyasətçi və ardıcıl demokrat olan Aydın bəyin hadisələrə öz şəxsi münasibəti və onları öz şəxsi yozum üslubu vardı.

Güclü məntiqə malik, alovlu natiq Aydın bəy on minlərcə insanı arxasınca aparmağı bacarırdı. Xalqın sevgisini qazanmış A.Məmmədov millət vəkili seçilib. Bu vəzifədə o, milli birlik yaratmaq, azadlıq və demokratiya uğrunda hərəkatımızı düz yolla aparmaq üçün ciddi işlər görürdü. Respublika Ali Sovetinin millətlərarası münasibətlər üzrə daimi komissiyasının sədri idi.

 

Qarabağa Xalq Yardımı Komitəsinin sədr müavini olub.

 

Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə seçilib.

 

1991-ci il aprel ayının 19-da avtomobil qəzasında faciəli şəkildə həlak olub. Doğma Kiş kəndində dəfn edilib.

 

Şəki həmçinin yaşlı nəslin yaxşı tanıdığı nəfəsli alət ifaçıları - Ələfsər Şəkili, Əbülfət Şəkili, Xalq artistləri Könül Xasıyeva, Gülyanaq Məmmədova,  Əməkdar artistlər Gülyaz Məmmədova, Nüşabə Ələsgərli və digər tanınmış insanların doğulub böyüdüyü, mənəvi baxımdan formalaşdığı məkandır.

 

Şəkini digər bölgələrimizdən fərqləndirən özəlliyi təkcə tarixi region olması, görkəmli elm, incəsənət, ədəbiyyat xadimləri yetişdirməsi deyil. Şəki həm də özünəməxsus dialekti, baməzə camaatı, yumoru ilə Azərbaycanın unikal bölgəsidir. Şəkinin "Azərbaycanın Qabrovosu" adlandırılması da təsadüfi deyil. Şəkinin məşhur baməzə insanlarından Hacı dayının, Düfü Tahirin lətifələri indi də dildən-dilə dolaşmaqdadır, kitab şəklində müxtəlif illərdə nəşr də edilib. Şəki təkcə özündə qədim tariximizi yaşadan, çox qiymətli mənəvi-maddi memarlıq abidələrinə malik deyil, həm də Azərbaycanın gülən və güldürən dəyərli insanlarının doğma diyarıdır.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 16 aprel.- S.6.