Kazım Kazımzadənin 100 illiyi

 

 

Milli İncəsənət Muzeyində Xalq rəssamı Kazım Kazımzadənin 100 illik yubileyinə həsr olunmuş xatirə günü fərdi sərgi keçirilib.

 

Azərbaycanın görkəmli rəssam tanınmış incəsənət xadimlərinin iştirak etdikləri tədbirdə muzeyin direktoru, əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev qonaqları salamlayıb. O, tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimovanın "Kazım Kazımzadə" adlı kitabının da təqdim edildiyini söyləyib.

 

Müəllif kitabda rəssamın yaradıcılığına, ictimai fəaliyyətinə, eləcə onun haqqında xatirələrə geniş yer verib.

 

Tədbirdə Xalq rəssamları Tofiq Ağababayev, Altay Hacıyev, Cəmil Müfitzadə, Arif Hüseynov, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxış edərək bildiriblər ki, Kazım Kazımzadə, əsasən, təsviri sənətin dəzgah kitab qrafikası sahəsində fəaliyyət göstərib.

 

Qeyd olunub ki, Azərbaycan təsviri sənətinin klassiklərindən olan Kazım Kazımzadə kitab qrafikasının əsasını qoyanlardan biridir. Kitab qrafikası ilə bərabər, dəzgah qrafikasında o, bir sıra şair, yazıçı publisistlərimizin portretlərini yaradıb. Bildirilib ki, o bir çox tarixi əsərlərin müəllifidir.

 

Bildirilib ki, rəssamın bədii irsinin maraqlı məqamı xarici səfərlərə həsr olunmuş silsilələridir. "Tahe Kəsran", "Havanada küçə", "Mayak", "Kərkük", "Kərküklü qoca", "Füzulinin məqbərəsi" kimi əsərlər rəssamın müxtəlif silsilələrinin ən parlaq inciləridir.

 

Diqqətə çatdırılıb ki, Kazım Kazımzadənin milli adət-ənənələrimizi, etnoqrafiyamızı, geyim tariximizi dərindən bilməsi ona bir çox teatr tamaşalarına və kinofilmlərə geyim eskizlərini çəkməyə, bir neçə xalça çeşnisini tərtib etməsinə imkan verib.

 

Vurğulanıb ki, bütün bunlarla yanaşı K.Kazımzadə yarım əsr indiki Milli İncəsənət Muzeyinin direktoru vəzifəsində çalışıb, muzeyin ərsəyə gəlməsinə, kolleksiyasının zənginləşməsinə böyük əmək sərf edib.

 

Çıxış edənlər, həmçinin görkəmli rəssamla bağlı xatirələrini bölüşüblər.

 

Rəssamın ailəsi adından oğlu Əli Kazımzadə həm tədbirin təşkilinə, həm də kitabın tərtibində əməyi olanlara təşəkkürünü bildirib.

 

Sonra sərgiyə baxış olub.

 

Sərgidə rəssamın 46 qrafik əsəri nümayiş olunub. Müharibə mövzusuna həsr etdiyi "Darmadağın edilmiş faşist tankı", "İstirahət zamanı", "Anadan məktub", "Bizim uşaqlar" silsiləsindən - "Mən sizə qulaq asıram", "Rəsm çəkəcəyəm", "Çıxış ərəfəsində" kimi əsərlərlə yanaşı, A.A.Bakıxanov, Əli Fəzli, Əbdülqasım Hüseynzadənin portretləri, Nizami, Məhsəti Gəncəvi, Xətai, Hafiz və digər görkəmli şairlərin yaradıcılığına çəkilmiş illüstrasiyaları maraqla qarşılanıb.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 16 aprel.- S.7.