"Zaman tuneli"ndə
zamansızlıq
Məşhur şair... Ramil Əhməd... 1920-ci ildə...
Amerikada...
Yox, yox. Bu yazılanlara qəti aldanmayın. Bu dəfə nə illər əvvələ gedəcəm, nə də okeanın o üzünə adlayacam.
Bu girişi yazmaq
üçün heç
müəllif haqqında
araşdırma da aparmamışam. Müsahibələrini də oxumamışam, videolentlərinə də
baxmamışam. Hətta “Google” belə mənə lazım olmayıb. Çünki bu dəfə,
həmişəkindən fərqli
olaraq, realda tanıdığım, ünsiyyətdə
olduğum birindən yazacam. Onu məndən nə
illər, əsrlər,
nə də qitələr, okeanlar ayırır. O, Amerikanın
" n " ştatının
" x " şəhərində də doğulmayıb. Bakıda doğulub. Yaşı da çox deyil. Bu yaxınlarda
"Zaman tuneli" adlı şeirlər kitabı çap olundu. Bəli, düz tapdınız - Ramil Əhməd!
3 mart, 13:55. Axundov adına
kitabxananın qarşısında
çaş-baş qalmışam.
Hanı bu Yazıçılar Birliyi? İlk dəfə gəlirəm.
Kimdən soruşuram, əlini
naməlum bir səmtə uzadır.
Nəhayət, Kənan Hacını
görürəm. Salamlaşıb söhbət edə-edə
Birliyə daxil oluruq.
Yazıçılar Birliyinin " Natəvan" klubu. Pillələri çıxa-çıxa gözüm onu gəzir. Tanış
simalar görürəm:
Rəşad Məcid,
Səlim Babullaoğlu,
Qismət, Qan Turalı... Nəhayət, gördüm onu.
İlk kitab həyəcanı gözlərindən
hiss olunur. İmzalayır kitabı. Kitabı vərəqlədiyim
andan etibarən naməlum bir qüvvə çəkir
məni. Kitabın annotasiyasını
oxuyuram. Müəllifin
səyahət vədinə
göz gəzdirib
"Zaman tuneli"nə
daxil oluram:
Tunelin girişi
Kitab iç-içə
keçirilmiş zamanlardan,
7 bölmədən və
77 şeirdən ibarətdir. "AntikVariant
", " Axilles dabanı",
"Əvəs-siz-lik", "Müharibə", "Zaman
tuneli", "Bir qadının gündəliyi"
və "Sevginin zamanı" adlı 7 bölmədə müxtəlif
zamanları birləşdirən
- bir növ körpü missiyasını
yerinə yetirən - şeirlər yer alır. Kitabda antik dövrdən çağdaş dövrə
qədər bir sıra mərhələlərin
fərqli rakursdan mənzərələrinə, ayrı-ayrı
estetikaları yada salan maraqlı misralara az
qala hər səhifədə rast gəlirsən. İlk şeirdən etibarən kitabın qəribə sehrindən qurtula bilmirəm. Xüsusilə, Ramilin dini məqamlara toxunduğu misralardakı poetiklik, maraqlı paralellər, tarixi şəxsiyyətlərin
sitatlarından, tarix kitablarından dekonstruksiya
etdiyi fikirlər bir oxucu kimi
zövqümü oxşayır.
Kitabda altından xətt çəkdiyim xeyli misra var. Onun şeirlərində həmişə
qəribə bir ovqat - ümidsizlik və çarəsizlik qarışığı bir
hiss bürüyür adamı.
Hazırlıqlı oxucular şeirlərin
hər birində alt qatda olan çarəsizliyi
asanlıqla duyur.
" Müharibə
" bölməsinin şeirləri
mənə daha çox təsir etdi. Bu bölmənin
şeirlərində o, müharibənin
ağrı-acısını, ağır itkiləri ən kiçik detallara qədər təsvir edib. Onun müharibə kimi ağır mövzuya daha çox uşaqların gözündən
yanaşmağı bu
təsirliliyi ikiqat artırır. Həqiqətən də, müharibədən
ən çox əziyyət çəkən
günahsız, məsum
körpələr deyilmi?
Atasız qalan, ana nəvazişindən məhrum olan bu körpələr hətta qolunu itirmiş bir kişidən, yoldaşı
həlak olmuş bir qadından da çox şey
itirir əslində...
Təsadüfi deyil ki, Ramilin uşaqlara
xitabla və ya onların dilindən yazdığı
hər misrada bu göynərti daha qabarıq şəkildə təsvir
olunur :
"...Balaca qızcığaz
gizlənqaç oynayırdı
ki,
Gözlərini açanda atasını
tapsın ..."
Ramil Əhmədin
müharibədən bəhs
edən şeirlərini
oxuyanda insan dəhşətə gəlir. Yəni, doğrudanmı
bu şeirləri müharibə iştirakçısı
olmamış, bu ağrıları yaşamamış
biri yazıb? O bu şeirlərdə həm də qadın kişi
münasibətlərini tamam
yeni gözlə yanaşır. Onun qadın obrazları müharibədə şikəst
qalmış ərlərini
nə qədər sevsələr də, cəmiyyətin qınağı,
insanların nə düşünəcəyi bir
canavar kimi içlərini gəmirir:
"Gedir bir qadın
bətnində körpəsi,
kürəyində ayağını
itirmiş əri...
Bir qadın gedir,
bətnindəki uşaq
da
addımlayır atasının
yerinə...
Qadının canında gizli bir üşütmə
" -
Sabah deməzlərmi,
bu körpənin ayaqları kimdəndir?"
Ramil Əhmədin kişilərin
qadınsızlığına, qadınların kişisizliyinə,
ailələrin uşaqsızlığına
- ümumiyyətlə
bütün "sızlıq"lara
yanaşması orijinaldır:
" Uşaqlar,
bilməzsiniz olmadığınız
evin səssizliyini...
Siz olmayan evlərin
sükutunun dərinliyindən
heç Məlikməmməd
də çıxa bilməz..."
Qadın-kişi münasibətlərini əks
etdirən şeirlərdə
Ramilin bəzən tragik, bəzən də ironik yanaşması, incə yumoru onun növbəti
uğurudur. Bu səpkili şeirlərdə əsas
hadisələr forma qatından
çox, məna qatında cərəyan edir:
" Qadınlar kişilərini
qısqanırlar
onların alnından
öpən mərmilərə.
Çünki yaxşı tanıyırlar kişilərini,
bilirlər ki,
bircə öpüşlük canları var onların..."
Ramilin şeirlərinin ifadəliliyini, məna yükünü artıran əsəs cəhətlər şeirin metafizik qatları, hisslərin çılpaqlığı ilə təsviridir. Bununla belə, Ramilin kitaba daxil etdiyi son bölmə oxucuda bir-birinə qarışmış hissləri yenidən duruldur, ona ümid aşılayır. Sevgi mövzusunda yazılmış bu şeirlərdə qəribə nikbinlik, xoş təsir hökm sürür. Ramilin bu cəhdi - bir növ oxucusunun könlünü almaq, onu gələcəyə ümidlə baxmağa dəvət etməkdir.
Kitabda tənqidi olunası məqamlar yoxdurmu? Əlbəttə, var. Məsələn, bəzi şeirlərdə olan təkrarçılıq və sairə. Amma bu kiçik məqamlar uğurlu şeirlərin fonunda görünməz olur.
Tunelin sonundakı işıq
Mənə görə Ramilin özü zaman tunelinin sonundakı işıqdır. Müasir Azərbaycan poeziyasında Salam, Aqşin və Qismətdən ibarət siyahıya indi rahatlıqla Ramil Əhmədi əlavə etmək olar. Onun istər şeirləri, istər dünya ədəbiyyatının məşhur yazıçılarından bəhs edən məqalələri, istərsə də zəngin mütaliəsi buna əsas verir...
...Kitabı bitirəndə artıq 1 saat keçmişdi. Zaman tunelindəki səyahətim o qədər maraqlı və sürətli olmuşdu ki, vaxtın necə ötdüyünü hiss etməmişdim. Bu dəfə daha bir lüksüm var idi - müəllifə zəng etmək! Mən Heminqueyi, Pamuku, Remarkı oxuyandan sonra edə bilmədiyimi etdim: Ramilə zəng vurdum...
Orxan CUVARLI
BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbəsi
525-ci qəzet.- 2015.- 16 aprel.- S.7.