"İyirmi
aprelçilər"dən biri - professor Bədirxan Əhmədov
20 aprel
yazın ən gözəl günlərindən biridir və
bu gün ona görə mənim üçün əzizdir
ki, bəndeyi-həqiriniz məhz bu gündə-67 il öncə dünyaya gəlib. Mən öz ad günümdə sevinməyə bilmərəm,
amma həmin gün sevincim tək özümə aid olmur.
20 apreldə dinimizin qurucusu, banisi Məhəmməd
peyğəmbər (ə). dünyaya gəlib.
Aramışam,
axtarmışam, izinə düşmüşəm 20 apreldə
kim dünyaya gəlibsə.
Dünyaya qan udduran Adolf Hitler. Allah lənət eləsin!
Fransa tarixinin böyük, nəhəng siması -
Napaleon Bonapart.
Fransa və Moskva onu heç vaxt unutmur.
Və
bundan sonra gəlir "bizimkilər":
Böyük
rejissor, pedaqoq, aktyor, kino xadimi Rza Təhmasib...
Azərbaycan teatr səhnəsinin bir də təkrar yetirə
bilməyəcəyi dahi komediya ustası Nəsibə
Zeynalova. Qəbri
nurla dolsun!
Görkəmli
Azərbaycan yazıçısı Çingiz Hüseynov...
Ömrü uzun olsun!
Sevimli aktrisamız Zemfira Nərimanova. Gözəllik və məlahət
timsalı..
"Ulduz" dərgisinin baş redaktoru, gözəl
şair Qulu Ağsəs. O Qulu Ağsəs ki, bir şeirində
yazmışdı: "Tüpürüm öz ad
günümə". Amma Qulu bunu hirslənib
yazmışdı, hər 20 aprel günündə Qulu
kef-damağdadır.
Ədəbiyyat İnstitutunda axundovşünas alim kimi
özünü tanıtdıran Şahbaz müəllim
(bağışlasın ki, familiyasını unutmuşam).
Bir də... bu ilin 20 aprelində 60 yaşı tamam olacaq
filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov.
Bədirxan Əhmədovla tanışlığım
ötən əsrin səksəninci illərindən
başlayıb. O vaxtlar onun, necə deyərlər, lap
"sütül" çağıydı, Nazirlər
Kabineti yanında Baş Arxiv İdarəsinin Ədəbiyyat və
İncəsənət arxivinin işçisiydi. O Arxivin adı çəkiləndə mən həmişə
Maarif Teymurovu xatırlayıram - arxiv fanatiki olan o insanı.
Mənim "Azərbaycan" jurnalında tənqid
şöbəsinin müdiri işləyən
çağlarım idi. Baş redaktor Əkrəm Əylisli mənə
qəti tapşırmışdı ki, "qoca" tənqidçilərdən
uzaq dur, mümkün qədər cavan həmkarlarınla əlaqə
saxla, qoy jurnalda təzə səslər, nəfəslər
eşidək. Mənim də müraciət
etdiyim, yazı sifariş verdiyim o cavan müəlliflərdən
biri də Bədirxan Əhmədov idi. O vaxtlar Bədirxan
Ədəbiyyat İnstitutunun qiyabi aspirantı idi və
"Sabit Rəhmanın satirası" mövzusunda namizədlik
dissertasiyası üzərində işləyirdi. 1986-cı ildə Bədirxan müvəffəqiyyətlə
namizədlik dissertasiyasını müdafiə etdi.
Mən
onun böyük dramaturqumuz Sabit Rəhmanın
yaradıcılığı ilə bağlı məqalələrini,
namizədlik dissertasiyasını və bu mövzuda iki
kitabı ilə tanış olmuşam. Və
açığını deyim ki, Sabit Rəhmanın ruhu
sakit ola bilər. Yaşar Qarayevdən, Arif
Səfiyevdən sonra Sabit Rəhman haqqında ən ciddi və
elmə layiq tədqiqatları məhz Bədirxan Əhmədov
qələmə alıb. Ən axırıncı - 2010-cu ildə
"Elm və təhsil" nəşriyyatında çap
edilmiş "Sabit Rəhman: həyatı, mühiti,
yaradıcılığı" monoqrafiyasına nəzər
yetirmək kifayətdir ki, deyəsən: bax, budur Sabit Rəhman!
Sənətkar dünyadan köçür, amma
əsərləri yaşayır. O əsərlər ona
görə yaşayır ki, heç vaxt köhnəlmir,
üzərinə zamanın tozu qonmur, oxucular Kərəmovu,
Mindillini, digər Sabit Rəhman personajlarını bir də
tanıyır. Amma sənətkarın
yaradıcılığı tənqiddə, elmi mətndə
yenidən mənalanır. Sabit Rəhmanı Azərbaycan
satirasında Axundovdan, Sabirdən, Mirzə Cəlildən,
Haqverdiyevdən sonra o ənənələri davam etdirən ən
qüdrətli komediya və dəqiq desək, gülüş
ustası idi və Bədirxan Əhmədov öz tədqiqatlarında
Sabit Rəhman gülüşünün özəlliklərini
kəşf edir.
Bədirxanın satiraya, gülüşə məhəbbəti
əksilmədi. Bu, filologiya aləmində məlum olaylardan biridir - bir tədqiqatçı
seçdiyi mövzunu təkcə konkret bir sənətkarın
yaradıcılığı müstəvisində deyil, həm
də daha geniş aspektdə, necə deyərlər, əlifbanın
"A" hərfindən başlayaraq
sonuncu hərfinə qədər tədqiq edir. 2005-ci
ildə Bədirxan Əhmədov "Azərbaycan
satirasının inkişaf problemləri (1920-1980-ci illər)"
mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. Təkcə Sabit Rəhman yox, XX əsrin
bütün satirikləri, gülüş ustaları,
onların hər birinin gülüş mədəniyyətinə
gətirdiyi yeniliklər və ümumiyyətlə Sovet
rejimində gülüşün müxalifət rolunu
oynaması bu əsərdə öz elmi həllini tapır.
Bədirxan Əhmədov çox səliqəli tədqiqatçıdır. Əsərlərindəki
sistemli tədqiqat üsulu bariz nəzərə
çarpır. Onu klassik ədəbiyyatşünasların
ən yaxşı varislərindən biri hesab etmək olar.
Deyərdim ki, o, Məmməd Arif, Məmməd
Cəfər tənqid məktəbinin dərslərini
yaxşı mənimsəyib. Onda bir ədəbiyyat
tarixçisi səriştəsi görürük. O, ədəbiyyatın
problemlərini, keçdiyi inkişaf yollarını, hər
bir mərhələnin öz xüsusiyyətlərini
dürüstlüklə təyin edə bilir. Təyin
etmək azdır, gərək bu xüsusda söz deyən
alimlərdən fərqli olaraq öz konsepsiyanı da ortaya
qoyasan.
Neçə illərdir bizim Ədəbiyyat
İnstitutunda yeddi cildlik Azərbaycan ədəbiyyatı
tarixi hazırlanır və onun dörd cildi artıq çap
olunub, qalan cildlər də hazırlanır. Yeni direktor -
akademik İsa Həbibbəyli haqlı olaraq bununla kifayətlənmir,
daha yeni - bu dəfə on cildlik ədəbiyyat tarixin
yazılması ideyasını irəli sürür. Və bu işdə ona yardımçı olan alimlərdən
biri də Bədirxan Əhmədovdur. Yeri gəlmişkən
deyim ki, İsa müəllim Ədəbiyyat İnstitutuna
direktor təyin olunan kimi ilk əmrini verdi:
Bədirxan Əhmədov institutun elmi katibi təyin edildi. Elmdə, tədqiqatlarında səliqəli bu
adamın təşkilatçı-dispetçer kimi səliqəsi
dərhal özünü göstərdi.
Bədirxanın
üç cildlik "XX əsr Azərbaycan ədəbiyyatı
tarixi"nin iki cildi nəşr edilib və
deyərdim ki, bu iki cildi gələcək oncildliyin ekvivalenti
hesab etmək olar. Mən bu dərsliyin məziyyətlərindən
geniş söz açmaq fikrində deyiləm. Bircə onu deyə bilərəm ki, Bədirxanın
bu dərsliyi ədəbiyyat tarixi sahəsində, xüsusilə,
yeni dövrdə -müstəqillik dönəmində ən
etibarlı bir dərslikdir. Bir var Sovet
dönəmində yazılmış və müəlliflərin
sosrealizm prinsiplərinə müxalif
çıxmadığı dərsliklər, bir də var,
ötən əsrin ədəbi prosesini bütün ziddiyyətli,
mürəkkəb dönəmləri ilə əks etdirən
yeni dərslik. Belə dərsliklər, ədəbiyyat
tarixləri təzə-təzə yazılmaqdadır və Bədirxanın
"XX əsr Azərbaycan ədəbiyyatı tarixi" ədəbi
hadisələrə həm ictimai-siyasi, tarixi baxımdan, həm
də ədəbiyyatın öz qanunauyğunluqları
baxımından obyektivliyilə seçilir.
Bu gün "Ədəbiyyat tarixi necə
yazılmalıdır" sualı ətrafında həm
Ədəbiyyat İnstitutunda, həm də ondan kənarda
tez-tez müzakirələr gedir. Mən israr eləmirəm
ki, ədəbiyyat tarixi məhz Bədirxan Əhmədovun
cildlərində olduğu kimi qələmə alınsın.
İstər problemlər üzrə, istərsə
də, ayrı-ayrı sənətkarların
yaradıcılığı fonunda (Bədirxan bu prinsipi əsas
götürüb), əsas odur ki, XX əsrin ədəbiyyatı
özünün bütün gedişatıyla əks olunsun.
Bədirxan bu yolda ilk addımlardan birini atıb
və bu cildlərdə mənim görə bildiyim bir
qüsuru da gizlətmirəm. O da bundan ibarətdir ki, Bədirxan
Əhmədov nəsrin, poeziyanın, dramaturgiyanın
keçdiyi yolları sistemli şəkildə izah etdiyi halda, ədəbi
tənqid və ədəbiyyatşünaslıqdan söz
açmır. Yəni ayrıca.
Bu yaxınlarda "Elm və təhsil" nəşriyyatı
Bədirxan Əhmədovun "XX yüzil Azərbaycan ədəbiyyatı. Mərhələlər,
istiqamətlər, problemlər" monoqrafiyasını
çapdan buraxıb. 550 səhifəlik bu
kitab Bədirxanın yuxarıda adını çəkdiyim dərsliyin-ədəbiyyat
tarixinin geniş variantıdır. Özü
də əlavələri ilə. Adətən,
XX əsr Azərbaycan ədəbiyyatı tarixi
anlayışı XX əsrin əvvəllərini (1900-1920) əhatə
edirdi, amma bu monoqrafiyada XIX əsrin sonlarından başlayaraq
ta XX əsrin 90-cı illərinə qədər (yəni bir əsr)
böyük bir dövrün ədəbiyyatı tədqiq
olunur. Müstəqillik dövrü də
qismən öz əksini tapır. Bu
kitabın ən ümdə məziyyəti odur ki, Bədirxan
XX əsr ədəbiyyatının heç bir şəxsiyyətini
(ədəbiyyata xidmətinin dərəcəsindən
asılı olmayaraq) unutmayıb.
Bədirxanın ədəbiyyat tarixçiliyi onun elmi-nəzəri səviyyəsi ilə tam həmahəngdir. Güclü nəzəri bazan olmasa, ədəbiyyat tarixçisi kimi ancaq mənbəşünas və faktoqraf ola bilərsən. Bu mənada Bədirxanın o dərslikdə, məsələn, sərbəst şeir xüsusunda söylədiyi fikirlər dəqiqdir. O yazır: "Bəzən sərbəst şeirin yaranma tarixi 30-cu illərlə məhdudlaşdırılır, halbuki, buna qədər sərbəst şeir müəyyən bir inkişaf yolu keçərək yeni şeirin platformasını və yolunu təyin etmişdir. Qətiyyətlə söyləyə bilərik ki, yeni strukturlu və texnikalı poetik nümunələrin yaranma tarixi 20-ci illərin əvvəllərinə təsadüf edir. İsmayıl Hikmət, Əli Nazim, Mikayıl Rəfilinin yaradıcılığında sərbəst şeir özünün ilk yaranma və formalaşma, Nazim Hikmətlə isə özünütəsdiq mərhələsini yaşayır". Təbii ki, sonrakı mərhələ ustad Rəsul Rzanın yaradıcılığı ilə bağlıdır. Amma mənim fikrimcə, Bədirxan daha qədim örnəklərə də müraciət edə bilərdi.
Bədirxanın yüzdən çox elmi, iki yüzdən çox publisistik məqaləsi, beş monoqrafiyası var. Onun məhsuldarlığına söz ola bilməz. Alim gərək daim işcil arı kimi işləyə və Bədirxan da bu mənada yorulmur. O, iki il Türkiyənin Kars-Kafqaz Universitetində çalışıb. Bədirxanın səsi xaricdə keçirilən onlarla beynəlxalq elmi konfrans və simpoziumlardan gəlib.
O, uzun müddət mətbuat sahəsində də çalışıb. "Vətən yolu" qəzetində şöbə müdiri işləyib. Sonra səkkiz il Müdafiə Nazirliyinin orqanı olan "Azərbaycan ordusu" qəzetində çalışıb. Həmin illərin "Azərbaycan ordusu"nu vərəqləsəniz, Bədirxanın publisistik məqalələrinin necə şövqlə yazıldığının şahidi olacaqsınız. Orduda da vuruşub və Qarabağ müharibəsi veteranıdır, kapitan rütbəsi ilə istefaya və ehtiyata buraxılıb.
Kapitan Bədirxan Əhmədov ədəbiyyatşünaslıq ordusunun da etibarlı, amma istefaya və ehtiyata buraxılmayan "zabit"lərindən biridir. Bu "ordu"nun da öz generalları, zabitləri, gizirləri, adi əsgərləri var və deyə bilmərəm Bədirxanın ürəyindən generallıq keçir yoxsa yox?(Bu sətirləri bir az yumorla qarşılayın) Amma onu deyə bilərəm ki, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov keçdiyi ömür yoluna nigarançılıqla, xəcalətlə yox, qürur hissilə boylana bilər. Mənalı bir alim ömrü yaşayıb o. Və mən 20 apreldə dünyaya gələn bu dostuma bütün "iyirmi aprelçilər"in, həmçinin cavanlı, qocalı tənqidçi-ədəbiyyatşünaslar adından, uzun ömür, cansağlığı, könül xoşluğu arzulayıram.
Vaqif YUSİFLİ
525-ci qəzet.- 2015.- 17 aprel.- S.8