UNESCO-da "Kitabi-Dədə Qorqud"la bağlı tədbir
keçirilib
UNESCO-nun mənzil-qərargahında Azərbaycanın,
Türkiyənin, Qazaxıstanın
və Türkmənistanın
bu təşkilat yanındakı daimi nümayəndəliklərinin təşkilatçılığı
və Beynəlxalq Türk Akademiyasının
dəstəyi ilə
"Kitabi-Dədə Qorqud"
eposunun alman dilinə tərcüməsinin
və nəşrinin
200 illiyinə həsr
olunan tədbir keçirilib.
Tədbiri Dünya İrs
Mərkəzinin direktor
müavini xanım Meştild Rossler açaraq "Kitabi-Dədə
Qorqud" eposunu təkcə türk xalqlarının deyil, dünya mədəniyyətinin
qədim irsi kimi dəyərləndirib,
eposun yazılı Drezden və Vatikan variantlarının olduğunu söyləyib.
O, əsərin xalqların
öz azadlığı
uğrunda mübarizəsinin
tarixiliyi baxımından
çox dəyərli
olduğunu, türkdilli
ölkələrin əksəriyyətində
Dədə Qorqudla bağlı abidələrin
yaradıldığını diqqətə çatdırıb.
Baş nazirin müavini Elçin Əfəndiyev tədbirdə çıxış
edərək deyib:
"Kitabi-Dədə Qorqud"
ən qədim dövrlərdən həyat
və ölümdən,
vəfa və xəyanətdən, məhəbbət
və nifrətdən,
igidlik və qorxaqlıqdan, xeyirdən və şərdən bəhs edib. Nəsillər bir-birini əvəz
edib, əsrlər dəyişib, ancaq Qorqud dədənin söylədikləri həmişəki
müdrikliyi ilə bərabər, həmişəki
təzə-tərliyini saxlayıb.
Vaxtilə gördüyüm və
heç vaxt xatirimdən çıxmayacaq
bir mənzərə mənim gözlərimin qarşısına gəlir:
müasir Tunisdə, Karfagen xarabalıqlarının
yaxınlığında, göz
işlədikcə uzanan
qupquru səhralıqda
nəhəng bir zeytun ağacı var. Bu ağacın yaşı üç min ilə yaxındır və bu üç min illik ağac bu gün də
təzə-tər bəhrə
verir, hər il təzə
zeytunlar yetirir. Hərdən mən "Kitabi-Dədə Qorqud"u
vərəqlədikcə o üç min illik zeytun ağacının körpə bəhrələrinə
- yaşıl zeytun dənələrinə baxdığım
dəqiqələri xatırlayıram
və o əlçatmaz,
ünyetməz qədimliklə
o yeni doğuş, yeni həyat qarışığının qəribə bir ab-havasını hiss edirəm...
Hələ XVIII əsrdən məlum olsa da, əslində Avropa şərqşünaslıq
elmi bu eposu
yalnız 1815-ci ildə
kəşf edib.
Həmin il alman alimi Henrix
Fridrix fon Dits "Kitabi-Dədə Qorqud"un Drezden nüsxəsini tapdı və bundan sonra, az qala
iki əsrdir ki, dünya şərqşünaslığının bir çox böyük nümayəndələri
"Kitabi-Dədə Qorqud"u
tədqiq, təhlil və tərcümə edib və alman,
rus, ingilis, fransız, türk, italyan, ərəb, fars, serb, gürcü,
türkmən, qazax, latış və sair dillərdə nəşr ediblər. Bütün bu tədqiqatlar, tərcümələr, nəşrlər
ötən müddət
ərzində dünya
şərqşünaslıq elmində, konkret olaraq isə türkologiyada məxsusi və nüfuzlu bir qol - qorqudşünaslıq
yaradıb.
Fridrix Dits 1815-ci ildə eposun Təpəgözlə bağlı boyunu nəşr etdi. O, öz tədqiqatında bir bədii personaj kimi Təpəgözü Homerin "Odisseya"sındakı məşhur Siklopla müqayisə edir və maraqlısı budur ki, Dits Təpəgözü daha ilkin bədii mənbənin qəhrəmanı hesab edir. Ditsə görə, "Odisseya" özündən sonrakı dövrdə Şərq aləminə məlum deyildi, halbuki Şərq əfsanələri, ədəbiyyatı "Odisseya"ya qədərki dövrlərdə artıq qədim yunanlara məlum idi. Dits Təpəgözü Siklop surətinin prototipi hesab edirdi, Təpəgöz bədii surət kimi, Siklopun əvvəli, başlanğıcı, başqa dildə, başqa mühitdə onun yeni ifadəsi idi. Elə bircə bu faktın özü "Kitabi-Dədə Qorqud"un hansı qədimlərdən gəldiyi barədə yaxşı təsəvvür yaradır.15 il bundan əvvəl - 2000-ci ilin bu vaxtı, aprelin ortalarında Prezident Heydər Əliyevin şəxsi təşəbbüsü və bilavasitə iştirakı ilə Bakıda "Dədə Qorqud"un şərti olaraq 1300 illik yubileyi böyük beynəlxalq bayram kimi qeyd edilib. Türkiyə, Qazaxıstan, Qırğızıstan prezidentlərinin və UNESCO-nun o zamankı baş direktorunun iştirakı ilə keçirilən yubiley gecəsində Prezident Heydər Əliyev böyük nitq söyləyərək, "Dədə Qorqud" dastanını yüksək qiymətləndirib. Mən bu faktı xüsusi qeyd edirəm, çünki Sovet ideologiyası "Dədə Qorqud"u zərərli bir dastan kimi qadağan etmişdi. Əsrlər dəyişir, cürbəcür ideologiyalar bir-birini əvəz edir, "Dədə Qorqud" isə yaşayır. Bu gün Bakıda "Dədə Qorqud" abidəsi ucaldılır, insanlar "Dədə Qorqud" parkında istirahət edir, tamaşaçılar "Dədə Qorqud" filminə və "Dədə Qorqud" mövzusunda teatr tamaşalarına baxır, tələbələr "Dədə Qorqud" təqaüdü alırlar. Bu gün nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrində "Dədə Qorqud" dastanı bəşəri bir abidə kimi uca tutulur. Bir neçə il bundan əvvəl Prezident İlham Əliyevin iştirakı ilə Brüsseldə "Dədə Qorqud" abidəsinin açılışı oldu və elə bu fakt "Dədə Qorqud"a etiramın sərhədlər tanımadığını yaxşı göstərir. Prezident İlham Əliyev "Dədə Qorqud"u milli sərvət adlandırıb. "Dədə Qorqud" bir daha sübut edir ki, bəşəriyə aparan yol millidən başlayır. Fürsətdən istifadə edib Prezident İlham Əliyevin salamlarını və xoş arzularını sizə çatdırıram".
Baş nazirin müavini bu gün "Dədə Qorqud"un UNESCO ilə neçə ölkə arasında mənəvi körpü yaratdığını qeyd edib və bunu çox əlamətdar hesab etdiyini vurğulayıb: "Son illər Azərbaycan və UNESCO arasında çox sıx işgüzar əlaqələr yaranıb. Bu əlaqələrin yaranmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi fəaliyyəti qeyd edilməlidir. Bu əlaqələr milli ilə bəşərinin vəhdəti, mənəvi dəyərlərin və maddi abidələrin qorunması, mədəniyyətlərin bir-birinə yaxınlaşması baxımından olduqca əhəmiyyətli və qiymətlidir. Bugünkü "Dədə Qorqud" bayramı bunun gözəl bir nümunəsidir. Mən "Dədə Qorqud"a bu qədər diqqət yetirdiyinə, ehtiram bəslədiyinə və tədbirin keçirilməsinə dəstək verdiyinə görə UNESCO-nun rəhbərliyinə, qurum üzrə milli komissiyanın üzv ölkələrinə və Beynəlxalq Türk Akademiyasına dərin təşəkkürümü bildirirəm".
Qazaxıstanın dövlət katibi Gülsarə Abdikalykova, Türkiyənin UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Hüseyn Avni Bostalı, Türkmənistan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun direktoru Annaqurban Aşirov və Beynəlxlaq Türk Akademiyasının prezidenti Darxan Kıdırali çıxışlarında bildiriblər ki, müdriklik timsalının simvolu olan Dədə Qorqud obarızının əks olunduğu "Kitabi-Dədə Qorqud" ümumbəşəri əsər olmaqla yanaşı, dəyərli mədəni irs kimi türk xalqlarının milli abidəsidir.
Xalqların mədəni irslərinin qorunub saxlanılmasında, mədəniyyətlərarası dialoqun yaranmasında UNESCO-nun xidmətlərini qeyd edən natiqlər bu gün "Kitabi-Dədə Qorqud" eposunun ilk nəşrinin 200 illiyinin qurumda qeyd edilməsinin bunun bariz nümunəsi olduğunu bildirib, UNESCO ilə əməkdaşlıqdan, habelə ölkələrində Dədə Qorqudla bağlı ucaldılan abidələrdən və görülən işlərdən bəhs ediblər.
Sonda Azərbaycanın, Qazaxıstanın, Türkiyənin, Özbəkistanın və Türkmənistanın incəsənət ustalarının ifasında xalq mahnıları və Dədə Qorquda həsr olunan mahnılar səslənib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 17 aprel.- S.7