"Son məktub"
filminin Bakıda təqdimatı olub
"28 Cinema" kinoteatrında Çanaqqala savaşından
bəhs edən
"Son məktub" filminə
həsr olunan mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Türkiyənin
Yunus Əmrə İnstitutu direktorunun müavini Şaban Çobanoğlu təmsil
etdiyi təhsil ocağının fəaliyyətindən,
bu qurum tərəfindən Çanaqqala
savaşının 100-cü ildönümü münasibətilə
təşkil edilən
tədbirlərdən danışıb.
Filmin ssenari müəllifi və rejissoru Özhan Eren ekran əsəri
barədə məlumat
verib. O özünün
də Azərbaycan əsilli olduğunu, filmdə iki azərbaycanlı aktrisanın
rol aldığını
bildirib. Bunlardan biri baş rolun ifaçısı Nəsrin Cavadzadədir.
Bu günədək doqquz filmdə çəkilən bu aktrisa 10 mükafata layiq görülüb.
Digər
azərbaycanlı aktrisa
isə Mina kimi tanınan Nərmin Hüseynovadır. O, filmdə
azərbaycanlı tibb
bacısını canlandırır.
Rejissor Çanaqqala dastanını
əks etdirən filmin ssenarisinin yazılmasına yeddi il əvvəl
başladığını diqqətə çatdırıb.
Bildirilib
ki, filmin ssenarisi Çanaqqala savaşı günlərindən
qalma bir məktubun əsasında hazırlanıb.
Əsas
rollarda Tansel Öngel, Nəsrin Cavadzadə, Hüseyin Avni Danyal, Bülent
Şakrak, Nərmin Hüseynova və Barbara Sotelsekin çəkildikləri
ekran əsəri təyyarəçi Salih Ekrem ilə Nihal adlı tibb bacısının hekayətindən bəhs edir. Müharibənin ən çətin
günlərində onlar
Fuat adında kimsəsiz uşağı
himayəyə götürürlər.
"Kiçik qazi Fuat" ləqəbli bu uşaq Salih Yüzbaşı ilə tibb bacısı Nihalın arasındakı
ölümsüz sevginin
yeganə şahidi olur.
Rejissor qeyd edib ki, film gedənlərin
və gözləyənlərin
əhvalatlarından bəhs
edir.
Özhan Eren filmin 100 ölkədə nümayiş
olunacağını vurğulayıb.
Qeyd edək ki, istehsalına
20 milyon türk lirəsi sərf edilən "Son məktub"
indiyədək çəkilən
filmlər arasında ən böyük büdcəsi olan ekran əsəridir.
Filmin təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlət başçısı İlham Əliyevin "Son məktub" filminin təqdimat mərasiminin iştirakçılarına məktubunu oxuyub.
Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun göstərdiyi diqqətə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Səfir qeyd edib ki, Azərbaycan prezidentinin bu diqqəti iki ölkənin qardaşlığının daha bir təcəssümüdür.
Diplomat Çanaqqalada baş vermiş qanlı döyüşlərdən söhbət açaraq bildirib ki, bu gün yüz il əvvəl ölüm-dirim mübarizəsinin yaşandığı bir anı yad edirik. Həmin savaşda türk əsgərlərinin göstərdikləri şücaətdən bəhs edən səfir Azərbaycan oğullarının onların yanında olduğunu, onlarla birlikdə döyüşdüklərini diqqətə çatdırıb. Tarix boyunca Azərbaycandan güc aldıqlarını vurğulayan İsmail Alper Coşkun filmin təqdimatına dəstək göstərənlərə minnətdarlığını bildirib.
Filmin ssenari müəllifi və rejissoru Özhan Eren, baş rolun ifaçısı Azərbaycan əsilli aktrisa Nəsrin Cavadzadə ekran əsəri barədə ərsəyə gəlməsi prosesindən danışıblar. Akrtisa çəkildiyi filminin doğulub böyüdüyü şəhərdə təqdimatından qürur duyduğunu vurğulayıb.
Sonra filmin nümayişi olub.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 17 aprel.- S.7