Fəxriyyə Məmmədovanın "Dua*s"ı YAY qalereyasında

 

YAY qalereyası aprelin 21-dən iyunun 5-dək fotoqraf-rəssam Fəxriyyə Məmmədovanın "Dua*s" adlı fərdi sərgisini təqdim edəcək.

 

Keramikaçı dizayner üzrə təhsil almış Fəxriyyə Məmmədova Azərbaycan Rəssamlar İttifaqının Fotoqraflar Birliyinin, həmçinin ölkəmizin müasir incəsənət xadimlərini birləşdirən "Zamanın qanadları" assosiasiyasının üzvüdür. O, 2012-ci ildən YARAT Müasir İncəsənət Məkanının həyata keçirdiyi layihələrin iştirakçısıdır. Fotokameranın hüdudsuz imkanları kreativ dizaynerin əlində, həmçinin xırdalıqlardakı gözəlliyi əhəmiyyəti ortaya çıxara bilmək bacarığı ilə bərpaçıya xas diqqətcilliyə malik xüsusiyyəti onun yaradıcılığının inkişafı üçün qeyri-məhdud imkanlar yaradıb.

 

"Dua*s" sərgisi yalnız gündəlik həyatın rakursları, detalları ilə deyil, həm maraqlı işləmə texnikası ilə cəlbedicidir. Sənətkar fotoslaydları şəffaf kuba əridib qatır onlar bir-birilərilə kəsişdikdə başqa ölçülü məkandan baxış təəssüratı yaradır.

 

Fəxriyyə Məmmədovanın işləri 2000-ci ilin əvvəllərindən etibarən Azərbaycanın müasir incəsənətinə dair bütün sərgilərdə öz yerini inamla tutub. O, YARAT Müasir İncəsənət Məkanının layihələri ilə yanaşı, "Fly to Baku" sərgilərində, habelə 2013-cü ildə 55-ci Venesiya İncəsənət Biennalesində Azərbaycanı təmsil edib.

 

Fəxriyyə Məmmədovanın işləri müxtəlif vaxtlarda Türkiyə, Gürcüstan, Böyük Britaniya, İtaliya, Fransa, Almaniya, ABŞ, Yunanıstan, Rusiya, Özbəkistan, Ukrayna kimi ölkələrdə sərgilənib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 17 aprel.- S.7.