Firudin bəy Köçərli
bioqrafiyasının daha bir
maraqlı səhifəsi
XIX əsrin 80-ci illərindən
etibarən Azərbaycan
ziyalıları rusdilli
Tiflis qəzetləri içərisində
xüsusən "Novoye
obozreniye"nin işində fəal iştirak ediblər.
Bu qəzetdə Məhəmməd
ağa Şahtaxtinski və Eynəli Sultanovla bir sırada başqa ziyalıların da yazıları dərc olunub. Təsadüfi deyil ki,
Ə. Ağayev, Ə.Cavanşir,
T.Bayraməlibəyov və
başqa azərbaycanlı
publisistlərin fanatizmə
qarşı çevrilmiş
geniş polemikası bu qəzetin səhifələrində iki
ilə yaxın bir müddət ərzində davam edib.
Həmin dövrdə rusdilli Tiflis mətbuatında fəal çıxış edən
azərbaycanlı müəlliflərdən
biri də görkəmli ədəbiyyatşünas
və pedaqoq Firudin bəy Köçərli idi. "Novoye
obozreniye"də çap
olunmuş silsilə
"Tatar komediyaları", "İslamın tarixindən",
"Müsəlmanlarda qadının vəziyyəti
və uşaq tərbiyəsi haqqında",
"Çernyayevskinin xatirələri",
habelə "Tiflisski
listok"da çıxan
"Məhəmməd Şahtaxtinskinin
fonetik Şərq əlifbası", "Molla
Nəsrəddin", "Vidadi" və digər məqalələri, XIX əsrin
sonu və XX əsrin əvvəllərində "Kafkaz"da
çap olunan çoxsaylı məktub və yazıları, həmçinin 1903-cü ildə
Tiflisdə rus dilində nəşr edilən "Azərbaycan
tatarlarının ədəbiyyatı"
kitabçası F. Köçərlinin
Azərbaycan ədəbiyyatı
və mədəniyyətinin
müxtəlif problemlərini
cəsarət və obyektivliklə qaldırdığını
göstərirdi. F.Köçərlinin rusdilli Tiflis mətbuatı
ilə əlaqələri
nisbətən ətraflı
öyrənilib. Rusdilli
Tiflis mətbuatı təkcə
ziyalılarımızın yazılarını verməklə
kifayətlənmir, eyni
zamanda Azərbaycanda mədəni tərəqqi
faktlarına laqeyd qalmır, öz oxucularını onlarla tanış edirdi.
Firudun bəy Köçərlinin geniş
tərcümeyi-halı oxuculara
və hər bir azərbaycanlı ziyalısına məlumdur. Alovlu vətənpərvər, görkəmli
Azərbaycan maarifçisi,
gözəl pedaqoq, metodist, yorulmaz tədqiqatçı alim,
tərcüməçi, yazıçı
və publisist Firudun bəy Köçərli 1879-cu ildən
öz taleyini Qori Müəllimlər Seminariyası ilə bağlayır, oxuduğu illərdə (1879-1885) bir
sıra gürcü alim, yazıçı və pedaqoqu ilə yaxından tanış olur. Az müddətdən
sonra Gürcüstanın
fəxrinə çevrilmiş
tələbələrlə bir parta arxasında
oturur, dostluq edir, seminariyanın ictimai işlərinə, yığıncaqlara onlarla
bərabər qatılır.
F.Köçərlinin Gürcüstanla,
gürcü ictimaiyyəti
ilə əlaqəsi məsələləri ədəbiyyatşünaslıq
elmimizdə daim diqqət mərkəzində
olan, araşdırılan
sahələrdən biridir
və bu məsələ ilə əlaqədar söylənmiş
hər bir fikir maraqlıdır.
Bu baxımdan keçən
əsrin 70-ci illərində
Tbilisi Dövlət Universitetinin
əməkdaşı Həsrət
Omarişvilinin "Azərbaycan
tədqiqatçı-pedaqoqu Köçərli və gürcü ictimaiyyəti"
(Skola datsxovreba" jurnalı, 1975, 7 saylı,
səh. 76-80) adlı məqaləsi diqqəti cəlb edir. Məqalədə F.Köçərlinin tələbəlik
illərində Razikaşvili
qardaşları ilə
səmimi dostluq əlaqələri haqqında
yeni maraqlı bir faktla qarşılaşırıq.
Cəsarətli və qürurlu
Razikaşvililərin keçmişi
haqqında, xüsusən
Luka ilə oxucuları
tanış etməyin nə qədər maraqlı olduğunu təsvir etməyə dəyməz:
Əfsanəyə əsasən yazıçının
atası, onların nəslinin əsasını
qoymuş Pavel Razikaşvilinin dediyinə
görə, onların
nəsli moxevçilərdən
olub. Tədqiqatçıların əksəriyyətinin rəyinə görə, Lukanın (Vaja Pşavela) əcdadı hansısa günah ucbatından öz kəndlərindən qovulmuşdu.
O, uzaq əcdadı ilə Gürcüstanın
çarı II İrakliyə
yaxın adam
olub. Bundan əlavə, onun
adı 1750-ci ilin 6 iyulunda Pşavanın məhkəməsi tərəfindən
xatırlanıb. Təxmin edilir
ki, Razikaşvili familiyasına ilk dəfə
XIX əsrin 40-50-ci illərində-1850-ci ildə kilsə əlyazmalarında təsadüf
olunur. İmeda Razikaşvili tanınmış
hərbçi olmuş
və öz cəsarəti ilə şöhrət qazanmışdı.
Oğlanlarından biri olan Bero kəndin müdafiəçisindən sayılıb,
eyni zamanda çox qürurlu və cəsur olub: bəllidir ki, Bero onun
yalnız arvadının
paltarına toxunan Pilaşvili adlı bir şəxsin sağ qolunu kəsmişdi.
Beronun oğullarından
biri, Vajanın atası Pavel Razikaşvili olub.
Luka, Baçana və Tedo Razikşvili qardaşları Pşav-Xevsuretiyanın
Çarqali kəndindən
(Şərqi Gürcüstan
- Tiflis quberniyasının Duşet
qəzası) olub, haqqında söhbət açacağımız XIX əsrin
məşhur yazıçı
və şairi, gürcü ədəbiyyatının
klassiki, Baçananın
böyük qardaşı
"pşav oğullarından"
Luka Pavloviç Razikşvili - Vaja Pşavela təxəllüslü
27 iyul (10 iyul) 1861-ci ildə ruhani ailəsində doğulub.
1879-cu ildə Luka Qori şəhərindəki
Müəllimlər Seminariyasına
daxil olur və orada Mixail
Kipianinin rəhbərlik
etdiyi gürcü xalqçılar dərnəyi
ilə yaxınlıq
edir. Gələcək gürcü ədəbiyyatının
klassikinin ədəbiyyatla
tanışlığı 1881-ci ildən başlayır.
Həyatı boyu çox məşəqqətlər
yaşayan, ancaq son dərəcə dəyərli əsərlər
yaradan Vaja Pşavela 1915-ci ilin iyun ayında vərəmdən vəfat
edib.
F.Köçərli seminariyada oxuduğu illərdə Luka və Baçana Razikaşvili qardaşları da Qoridə təhsil alırdılar.
Bunlardan
Baçana və Tedo sonralar yeni
gürcü ədəbiyyatında
görkəmli yer tutan yazıçılar kimi tanındılar, böyük qardaşları
Luka isə, qeyd etdiyimiz kimi, Vaja Pşavela imzası ilə gürcü ədəbiyyatının
korifeyləri sırasına
daxil oldu. Dünya şöhrətli əsərləri
ilə onun adı XIX əsrin məşhur gürcü yazıçı və şairləri sırasında
bir sırada çəkilir.
Bu üç qardaşla,
xüsusilə Luka və
Baçana ilə F. Köçərlinin dostluğu
adi olmayıb, yaradıcılq əlaqələri
və birgə mübarizə fonunda bərkiyən ideya və məslək dostluğu idi.
Elmlərə dərin həvəsi
və marağı olan F. Köçərli tələbəlik illərində
sevimli müəllimləri
D. D. Semyonov, A. O. Çernyayevski,
M. K. Kipiani, N. O. Lomouri
və baçqalarının
rəhbərliyi altında
elmləri ciddi öyrənir, yaradıcılıqla
məşğul olurdu.
Seminariyanı bitirdikdən sonra
F. Köçərli artıq
bir neçə əsərin müəllifi
idi.
Luka Razikşvili seminariyanı
iki il
əvvəl bitirib, müəllimlik sənətinə
başlamış, Baçana
isə F. Köçərli
ilə eyni ildə (1885) təhsilini başa çatdırmışdı.
H. Omarişvilinin haqqında danışdığımız məqaləsində Baçana
ilə F. Köçərlinin
dostluq münasibətlərini
təsdiq edən bir sənədin Azərbaycan ədəbiyyatı
üçün də
maraqlı olduğunu nəzərə alaraq, onun üzərində danışmağı lazım
bildim. Həmin tədqiqatçı Gürcüstan Ədəbiyyat
və İncəsənət
Muzeyində Tedo Razikşvilinin fondunda F. Köçərliyə həsr
edilmiş müəllifi
məlum olmayan bir şeir saxlandığını
xəbər verir və təsdiq edir ki, onun
müəllifi Baçana
Razikşvilidir, şeir
1885-ci ildə yazılıb.
Ən maraqlısı
budur ki, şeirdə bir sıra Azərbaycan sözləri (qardaş, leş və s.) işlədilib, Zaqafqaziya xalqlarının birgə mübarizə əzmi öz əksini tapıb.
Gürcüstanda azərbaycanlı tədqiqatçılar tərəfindən həmin şeir bir daha Baçana Razikşvilinin digər əsərləri ilə müqayisə edilib, onun yaradıcılıq prinsipinə uyğun olduğu müəyyənləşdirilib. Fakt təsdiqini tapdıqdan sonra həmin şeiri tanınmış ədəbiyyatşünas alim Əlixan Binnətoğlu Azərbaycan dilinə tərcümə edib. Heç şübhəsiz ki, həmin şeir F. Köçərli yaradıcılığını öyrənən alimlər, eləcə də geniş oxucu kütləsi üçün maraqlı olar:
QARDAŞIM KÖÇƏRLİYƏ
Dərs zamanı yadigar üçün yazılıb
Quzğun uçub gəldi dağın dalından,
Vadilər ruhuna yatdı bu yerdə.
Gördü, leş altında qalıbdı hər yan,
Axır arzusuna çatdı bu yerdə.
Günəş öz işində, Günəşə nə var,
Bizim Günəşimiz qaraldı, qardaş.
Azad bir quş idik, vurub saldılar,
Yetər, hövsələmiz daraldı, qardaş.
Gəl mənə həyan ol, sevinsin ürək,
Dar gündə arxadı qardaş qardaşa.
Sözümüz, sirrimiz bir olsun gərək,
Uca
dağlar kimi dayanaq qoşa.
Gərək xidmət edək
təmiz niyyətə,
Kədəri, sevinci yarı bölək biz.
Gərək ya qələbə
çalaq zülmətə,
Ya da soyuq məzar olsun yerimiz.
Bilirəm köksündə çırpınan
ürək
Nəcibdi, təmizdi - çox olduq sirdaş.
Bu kiçik şeirimi ümid rəmzitək,
Qardaşlıq rəmzitək qəbul
et, qardaş.
Almaz YURDSEVƏR
525-ci qəzet.- 2015.- 17 aprel.-
S.6