Mikayıl Rəfilini xatırlarkən...
Nəslimin yarpaq tökümü başlandı.
Çoxumuz
qışa qalmayacayıq...
Dəliyə
döndüm, Rəfili
Ölüm xəbərini alanda.
Böyük
türk şairi Nazim Hikmət ən yaxın dostu - filologiya
elmləri doktoru, professor Mikayıl Rəfilinin
ölümündən təsirlənərək bu şeiri
yazmışdı. Həmin şeirin sonu belə bitir:
Düşünürəm,
məndən çox sonra öləcək,
dalımca bir məqalə də yazacaq,
Ya da bir
şeir:
“Nazimlə Moskvada 24-də tanış olduq”.
Elədir,
Mikayıl, elə.
Şair ola bilərdin,
Professor oldun.
Keçən
əsrin iyirminci illərindən başlayaraq Nazim Hikmət Azərbaycanda
ən çox oxunan, ən çox sevilən müasir
şairlərdən biri idi, 1927-ci ildə ilk dəfə o,
Bakıya gəldi, burada “Günəşi içənlərin
türküsü” adlı şeirlər kitabı nəşr
olundu və o zaman ədəbiyyata gələn bir çox
şairlər Nazim Hikmətin şeir səpgisinə - sərbəst
şeirə meyl göstərdilər. Amma onun tanış
olduğu ilk azərbaycanlı şair-alim Mikayıl Rəfili idi. Nazim
Hikmətin şeirində deyildiyi kimi, onlar 1924-cü ildə
Moskvada tanış olmuşdular. Sonralar bu tanışlıq əsl dostluğa
çevrildi.
“Şair ola bilərdin, Professor oldun”. Nazim
Hikmət Rəfilinin şeir yazdığına, amma şair
kimi yox, görkəmli alim kimi tanındığına
işarə edir. Mikayıl Rəfili
doğrudan da şair idi, sadəcə olaraq, elmi
yaradıcılıqla müntəzəm məşğul
olduğundan, bir müddət şeirin daşını
atmışdı. Yalnız ömrünün son illərində
bir daha şeirə qayıtmış, hətta “Mingəçevir”
adlı poema da yazmış, Nazim Hikmətə həsr etdiyi
bir şeirdə ona olan məhəbbətini bu misralarla ifadə etmişdi:
“Qarşımda əksin. Əlimdə sadə
bir qələm. Gözlərimdə
Moskvada keçən gəncliyimizin solmayan yarpaqları.
Sən Nazim Hikmətsən, Mən-sadə bir tələbən”.
Şair və alim. 1936-cı ilədək Rəfili həm
şair, həm də tənqidçi-ədəbiyyatşünas
kimi bu yaradıcılıq sahələrinin hər ikisində
fəallıq göstərirdi. O, sərbəst şeirin alovlu
bir təbliğatçısı kimi həm özü bu səpgidə
şeirlər yazır, həm də bu tipli şeirin nəzəriyyəsini
anladan məqalələrlə mətbuat səhifələrində
çıxış edirdi.
İyirminci-otuzuncu illər Azərbaycan ədəbiyyatının
ziddiyyətli, təzadlı bir dövrü idi.
Kommunist-bolşevik ideologiyası ədəbiyyatda da
öz hakim-amirlik mövqeyini gücləndirir, sənətkardan
Şura inqilabını, fəhlə-kəndli hakimiyyətini,
leninizm ideyalarını təbliğ etməyi,
keçmişdə yaradılan və min illərin
sınağından keçmiş milli dəyərləri
feodalizm qalıqları kimi pisləməyi tələb edirdi. “Yeni ədəbiyyat” yaranırdı və bu ədəbiyyatın
qarşısında yeni məzmuna uyğun yeni forma yaratmaq məsələsi
də dururdu. Mikayıl Rəfili də bu mənada
“reformator” kimi çıxış edir, sərbəst
şeiri “əski metrikanı, əski şəkli rədd və
inkar edən” yeni bir şeir forması hesab edirdi.
Əlbəttə, sərbəst şeirin ədəbiyyatda
intişarı yeni hadisə deyildi, bu formanın bizim
poeziyamızın qədim təcrübəsində müəyyən
əlamətləri vardı. “Dədə Qorqud”
dastanlarındakı şeirlər öz sintaktik quruluşu və
poetikası ilə sərbəst şeir anlayışına
uyğun gəlirdi. Lakin o zaman Rəfili də
bir çox başqaları kimi belə bir qənaətdə
idi ki bu məsələ yenidir, bütün dünya poeziyasında
sərbəst şeir novator rolunu oynayır. Rəfili o
illərdə “beynəlmiləl bir ədəbiyyat yolunda
mücadiləyə başlamışıq” deyir və
yazırdı ki: “Biz üzümüzü Füzulilərə,
Nəsimilərə, Axundovlara, Vaqiflərə, Hüseyn Cavidlərə
deyil, Verxarnlara, Uitmenlərə, Cül Romenlərə,
Mayakovskilərə doğru çevirməliyik”. Əlbəttə, belə bir “mücadilə”
yanlış addım idi və o dövrün hakim
ideologiyasının təsirindən doğurdu. Rəfilinin sərbəst şeirlərində
də proletar inqilabının doğurduğu sevinc ifadə
olunurdu (Amma Rəfili tək deyildi, o dövrün əksər
şairləri: S.Vurğun, R.Rza, S.Rüstəm, M.Rahim də
yeni dövrün fütuhatını əks etdirmirdilərmi?):
İnqilab,
Üsyan.
Cümlə-cahan
İşçiləri
Birləşiniz!-
dedilər;
Dalğalandı
dəniz
Birləşdilər
Oyandılar,
Bağırdılar:
Vətəndaş,
Yoldaş,
Dostsan? Yad?
..Bu əl,
Əməkçi
əlidir!
Bu
dünya bizim olacaq,
Bu yolun adı - Qurtuluş yolu.
Rəfilinin şeirlərinin heç də
hamısına “bunlar inqilabi şeirlərdir” demək
insafsızlıq olardı. Onun şeirləri
hansı mövzuda yazılırsa, metaforalarla, təşbihlərlə
zəngin olurdu.
Gilavar bu
gün bir az sakit,
Yarpaqların titrəməsi duyulmayır.
Lakin
şəhər, böyük şəhər
Gecə
yarı olmuş
Fəqət uyumayır.
Bir koridor
Açılmış ağ pəncərədən
Fikrim bir sap kimi
İlişmişdir
parıldayan bir xəncərə.
Rəfilinin sərbəst şeirləri müəyyən
mənada eksperiment səciyyəsi daşıyırdı. Amma o, şair idi və
dünya ədəbi təcrübəsindən, Mayakovski və
Nazim Hikmət poeziyasından ruhlanır, təsirlənir və
mümkün qədər çalışırdı ki,
geniş oxucu kütlələri bu yeniliyə
alışsınlar (yazırlar ki, Rəfili döş cibində
həmişə Uitmenin şeirlər kitabını gəzdirirdi,
daima Bloku, Nazim Hikməti, Mayakovskini mütaliə edirdi, öz
şeirlərini isə əzbərdən deyib deklamasiya edə-edə
yazardı). Amma 1937-ci ildə Rəfilinin
“formalizm kimi bir qorxulu ədəbi cərəyana meyl etdiyi
üçün” Azərbaycan Yazıçılar
İttifaqı sıralarından xaric etdilər.
Amma bununla yanaşı, Rəfilinin sərbəst
şeirləri və bu xüsusda nəzəri fikirləri
20-ci illərin sonları - otuzuncu illərin əvvəllərində
yeni bir şeir vəzninin poeziyada geniş yayılmasına
imkan yaratdı. S.Vurğun, R.Rza, Ə.Fövzi, M.Rzaquluzadə, N.Rəfibəyli
kimi gənc şairlərin də
yaradıcılığında sərbəst şeirə meyl
gücləndi.
Belə
bir həqiqətə göz yummaq olmaz ki, Rəfili sərbəst
şeirin poeziyamızda digər vəznlərlə yaşamağa
haqqı var.Xalq yazıçısı Anara istinad edək: “Bu
gün yeni-yeni ədəbi nəsillərin gur axınıyla
yenilməzliyi bir daha təsdiq olunmuş, təcrid çəpərlərini
yıxıb çıxmış sərbəst şeir
tariximizin beşiyi başında dayananlardan, illər boyu onu tənələrdən,
hədələrdən, rişxəndlərdən qoruyanlardan
biri də Mikayıl Rəfili idi”.
Doğrudur,
sonralar “sərbəst şeir hərəkatı” bir qədər
səngidi, yalnız Rəsul Rza bu yoldan çəkinmədi və
indi qətiyyətlə demək olar ki, məhz Rəsul Rza Azərbaycan
ədəbiyyatında sərbəst şeirin əsl nümunələrini
yaratdı.
1936-cı ildən başlayaraq Rəfili qəti olaraq elm
yolunu tutdu. Vaxtilə klassik ədəbiyyatı inkar edən Rəfili
bundan sonra klassik ədəbiyyatın alovlu təbliğatçısı
kimi çıxış etməyə başladı. Təbii ki, onun alimliyi şairliyi ilə müqayisədə
daha önəmlidir, əgər belə demək mümkünsə,
Rəfilinin şairliyi eksperiment, alimliyi isə professional
xarakter daşıyırdı.
Mikayıl Rəfili çox savadlı, geniş elmi
dünyagörüşə malik bir ziyalı idi. O, Avropa, rus və Şərq
ədəbiyyatlarını dərindən mənimsəmişdi.
Bir ədəbiyyatşünas alim kimi onun xidmətləri
danılmazdır və deyirik ki, o, XX əsr Azərbaycan ədəbiyyatşünaslığının
nadir simalarından biridir. Xalq yazıçısı
Anar çox doğru olaraq qeyd edir ki: “M.Rəfilinin Azərbaycan
ədəbiyyatşünaslığı, ədəbiyyat
tariximiz sahəsində gördüyü iş əvəzsizdir.
Onun zəngin elmi irsi mədəniyyət
tariximizin qiymətli səhifələrindəndir. Rəfili bütün elmi fəaliyyəti boyu
doğma ədəbiyyatımıza və daha geniş
götürsək doğma xalqımıza, onun
inkişafına, dünyagörüşünün genişlənməsinə,
daha artıq maariflənməsinə, mədəniləşməsinə
xidmət etmişdir”.
Mikayıl Rəfili ilk növbədə, görkəmli
bir ədəbiyyat tarixçisi idi. Onun 1941-ci ildə rus
dilində nəşr olunmuş “Qədim Azərbaycan ədəbiyyatı”
kitabı ədəbiyyat tariximizin ta qədimlərdən XVI əsrə
qədər bir dövrünü əhatə edir. Bu
mövzuda o, Tiflisdə doktorluq dissertasiyası müdafiə
etmişdi, lakin Moskva bu işin təsdiqini yubadırdı, ona
görə də Rəfili özü Moskvaya gedir, görkəmli
alimlərin qarşısında, özü də rus dilində bir neçə saat məruzə
edir və bundan sonra o, filologiya elmləri doktoru diplomunu ala
bilir. Bu sahədə ilk elmlər doktorumuz
Mikayıl Rəfilidir.
Rəfilin elmi fəaliyyətində iki böyük
klassikin - dahi Nizami Gəncəvinin və böyük mütəfəkkir
Mirzə Fətəli Axundovun tədqiqi mühüm yer tutur. Onun “Nizamiyə qədər
Azərbaycan kulturası”, “Vis və Ramin” problemi” məqalələri,
həmçinin “Nizami Gəncəvi” tədqiqatı nizamişünaslıqda yeni bir
dönüşün - mərhələnin
başlanğıcı kimi maraqla qarşılandı. Rəfili Azərbaycan ədəbiyyatşünaslığında
ilk dəfə olaraq “Azərbaycan intibahı” ideyasını
irəli sürmüş və o zaman bunu sübut edəcək
dəlillərlə çıxış etmişdi. Onun Nizami və İntibah haqqında fikirləri
görkəmli rus alimləri tərəfindən də
yüksək qiymətləndirilmişdi.
O, Axundovşünaslıq elminin də yaradıcılarından biridir. Onun M.F.Axundovun həyat və yaradıcılığı ilə bağlı ilk kitabı 1939-cu ildə çap edilib, sonralar bu sahədə tədqiqatını genişləndirib, vəfatından bir il öncə, 1957-ci ildə “M.F. Axundov (həyatı və yaradıcılığı)” monoqrafiyası işıq üzü görüb. Həmin kitab Moskvada “Görkəmli adamların həyatı” seriyasından da rus oxucularına çatdırılmışdı. Bu seriyadan ilk kitab çap etdirən ilk azərbaycanlı da məhz Rəfili olmuşdur. İndinin özündə də onun Axundovla bağlı tədqiqatları qiymətli bir mənbə kimi istifadə olunur.Bu monoqrafiyada iki üslub tərzi nəzərə çarpır. Kifayət qədər elmi təfəkkür sahibi olan Rəfili yeri gəldikcə obrazlı ifadələr də işlədir, Axundovun həyatının ən təsirli səhnələrini bədii - publisistik səhnələrlə təsvir edir. Ola bilsin, müasir oxucu bu monoqrafiyada (o, həm də mükəmməl ədəbi portretdir) Sovet dövrünün ədəbi-elmi standartlarına uyğun müddəalar görsün, bunları inkar etmək olmaz, lakin kitabda Axundov ilk növbədə öz xalqını sevən, onun mənəvi-mədəni tərəqqisi yolunda yorulmadan çalışan bir ziyalı kimi təqdim edilir.
Rəfili ədəbiyyat tarixçisi olmaqla yanaşı, bir nəzəriyyəçi kimi də xatırlanır. Hələ otuzuncu illərdə o impressionizm və ekspressionizm ədəbi cərəyanları haqqında məqalə çap etdirmişdi. Ədəbiyyat tarixinə və ayrı-ayrı sənətkarlara həsr etdiyi tədqiqatlarında onun nəzəri bazasının möhkəmliyinə yalnız heyrət edirsən. Azərbaycan ədəbiyyatşünaslığında ilk “Ədəbiyyat nəzəriyyəsi” kitabının müəllifi də Rəfilidir və bu kitab üstündən 57 il keçməyinə baxmayaraq indi də ali məktəblərdə tədris olunur, ya da tələbələrə tövsiyə olunur ki, ondan istifadə etsinlər.
Rəfili həm də mahir tərcüməçi idi. O, rus dilini əla bilirdi, məqalələrinin bir çoxunu da rusca yazırdı. Amma ruscadan olunan tərcümələrdə Rəfilinin Azərbaycan dilinin bütün incəliklərinə bələd olması da diqqətdən yayınmır. Özü də o, dünya ədəbiyyatının ən şedevr əsərlərini dilimizə çevirmişdir. Baxın: Viktor Hüqonun “Gülən adam”, “Paris Notrdam kilsəsi”, “Səfillər” (I, II, III, V və VI hissələr), Balzakın “Qorio ata”, “Qobsek”, “Novellalar”, Tolstoyun “Dirilmə” (I və II hissələr), Puşkinin “Bağçasaray fantanı”, “Tunc atlı”, “Ərzrus səyahəti” əsərlərinin tərcümələri indi də bədii tərcümə tariximizin qızıl fonduna daxildir. 1939-cu ildə rusca nəşr olunan “Azərbaycan poeziyası antologiyası”nın hazırlanmasında Rəfili də yaxından iştirak etmişdi.
Mikayıl Rəfili indiki Goranboy rayonunun Borsunlu kəndində, varlı bir kəndli ailəsində dünyaya göz açmışdı (1905). Gəncədə klassik gimnaziyada təhsil almışdı. Sonralar Bakıya köçəndən sonra ADU-nun Şərq dilləri fakültəsinin müdavimi olmuşdu. Bir müddət “Maarif və mədəniyyət” jurnalında işləyəndən sonra Moskvaya getmiş, orada -MDU-da təhsil almışdı. Uzun müddət ADU-da və APİ-də Azərbaycan ədəbiyyatı kursundan mühazirələr oxumuş, professor rütbəsinə yüksəlmişdi. Bu qədər məşhur olmağına baxmayaraq ara-sıra haqsız tənqidlərə də məruz qalan Rəfili hətta “Kirpi” jurnalında bir karikatura “qəhrəmanı” da olmuşdu.
Nə etmək? Bizim bütün böyük sənətkarlarımız həmişə belə mənəvi təqiblərə məruz qalmayıblarmı?
Varlı kəndli elə bəy deməkdir və
Rəfilini yaxından tanıyanlar deyirlər ki, o, həddindən
artıq kübar idi. Bəy kimi doğuldu, bəy kimi
yaşadı, bəy kimi də öldü.
Vaqif YUSİFLİ
525-ci qəzet.- 2015.- 18 aprel.- S30