Ləyaqətlər və qüsurlar tarixin sınmayan güzgüsündə

 

 

 

Özümə gəldikdə mən elmdə məskun olanlardan biri deyiləm. Mən keçmişi sadəcə sevənlərdən və onu ciddi-cəhdlə tədqiq edənlərdən biriyəm.

 

Konfutsi

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Yəqin ki, onlar XIX əsrin ortalarında çapdan çıxan və hətta İngiltərədə 1 milyon tirajla yayılan amerikan qadın yazıçısı Harriet Biçer Stounun Tom dayının koması romanını oxusaydılar, yəqin ki, belə kobud və insafsız səhvə yol verməzdilər. Müəllif zəncilərin ifrat sədaqət hissini, hətta zülmə də qisas fikrindən uzaq olmaqla boyun əymələrini əsas götürərək, belə bir fikir irəli sürmüşdü ki, əgər Allah nə vaxtsa dünyaya rəhbərliyi bir xalqa etibar etmək istəsəydi, yəqin ki, ürəklərinin genişliyinə görə bu ali missiyanı məhz zəncilərə həvalə edərdi. Doğrudan da Cənubda yaşayan zəncilər ağalarından əsasən zülm, ədalətsiz cəzalar gördükləri halda, ABŞ-dakı Vətəndaş müharibəsinin son dövrlərində malikanələrini tərk etmiş bu adamlara xəyanət etməyərək, qayıdanda hər şeyi əvvəlki tərzdə onlara təhvil vermişdilər. Harriet Stou öz geniş müşahidələrinə əsaslanaraq yuxarıdakı illuziya xarakterli ideyasını qələmə almışdı. Yazıçı teatrda görüşdüyü prezident Abraham Linkolna quldarlığı ləğv etdiyinə görə təşəkkür etdikdə, ABŞ prezidenti onun bu sahədə xüsusi əməyi olduğunu qeyd etmişdi.

 

Hitlerin yaxın silahdaşı, ölüm düşərgələrinin təşkilinin təşəbbüskarı və idarə edəni olan Henrix Himmler yəhudiləri yırtıcı, acgöz və adam olmayan məxluq hesab edərək yazırdı ki, İnsan görünüşü olan adamların heç də hamısı insan deyildir”. Onun rəyinə görə, yəhudilər əgər onları mənəvi və psixoloji şkala ilə ölçsək, heyvanların istənilən növündən aşağıdadırlar.

 

Afrikadakı müstəmləkəçi işğalçılar və natsist xadimlər bir-birinə çox yaxın təfəkkürə malik idilər. Guya ki, zəncilərin və yəhudilərin insan sifəti, insan olmayan özəyi gizlətmək məqsədini güdür. Təfəkkürün bu nümunəsi beləliklə  məkanda və zamanda dəhşətli ardıcıllıqla öz əksini tapırdı, bir mədəniyyətdən digərinə, bir tarixi epoxadan sonrakına keçirdi.

 

İnsan olmayan (subhumanity) anlayışında insan həyatı yüksək dərəcədə qiymətli olduğu kimi xarakterizə edilsə də, belə qiymət tarakanın qiymətliliyi barədəki görüşlərə kəskin surətdə əks çıxır. Adamlarda adətən müəyyən mənəvi statusun olduğu etiraf edilir və onun tarakanlarda olması isə inkar edilir. Onlar insan tərəfindən ayaqları ilə əzilə bilər, lakin insanın özü ilə belə davranmaq olmaz. 1994-cü ildə Ruandada iki tayfa arasındakı müharibədə Hutu döyüşçüləri Tutsi tayfasından olan öz qonşularını tarakan (inyenzi) adlandırırdılar. Bu isə onların məhv edilməsini mümkün olan bir işə, hətta məcburi vəzifəyə çevirirdi, nəticədə tutsilər əsl qırğına məruz qaldılar.

 

Mənəvi sərhədlərin yoxluğu şəraitində nəticədə adamların sosial həyati qeyri-mümkün olana çevrilirdi. İstənilən cəmiyyətdə əxlaqi imperativlər vardır. Elə bir insan cəmiyyəti yoxdur ki, orada onun üzvlərindən birinə alaq otu, parazit və ya heyvan kimi münasibət bəsləməyə icazə verilsin. Çünki bunun dalınca onun canına da qənim kəsilmək üçün ov başlanır. Donuzun, qoyunun boğazını kəsmək olar, ancaq bunu uşağa qarşı etmək ağlasığmaz bir işdir. Axı Bibliyada Allah da yalnız özünə olan sədaqəti sınamaq üçün Abrahamdan bunu tələb etdikdə, onun möminliyinə əmin olub, uşağın qurban kimi kəsilməsinə icazə verməmişdi. Min illər keçdikdən sonra uşağın ya başqa insanın həyatına qəsd etmək isə ən ağır cinayət hesab olunur.

 

Təəssüf ki, zorakılığa qarşı ambivalet (ikili) münasibət mövcuddur. İnsanlar əvvəlcədən digər adamlara qarşı olan zorakılığa müstəsna dərəcədə güclü qadağalar qoymalı idilər. O vaxt zorakılığın bu və ya başqa tərəfə qarşı törədilməsindən asılı olmayaraq, ona qiymət verilməsində fərqli yanaşmalara bütünlüklə son qoyulardı. Tam sağlam, düzgün tərbiyə olunmuş fərd, ruhi və fiziki stress keçirməyə qadir olan adam hətta döyüş səhnəsində belə, digər adamın öldürülməsinə münasibətdə də bu cür güclü bir daxili və adətən anlaşılmayan müqavimət hissinə malik olur. Müharibənin köməyi ilə genosid tətbiq edildikdə və ya gücsüz əhali əsarətə alındıqda belələri öz borcunu yerinə yetirməkdən imtina edərək, hətta atəş açmaq da istəmir.

 

Hansısa müstəmləkəçi xalq öz sərəncamına özgənin resurslarını ala bilər, bəlkə də bu, başqaları üçün qeyri-mümkündür, ancaq bu, heç olmazsa daha yumşaq yollarla baş tutmalıdır. Ona görə də qan axıdılması perspektivindən yaranan öz şəxsi dəhşətinə görə adamların bundan yayınmaları ilə yanaşı, belə perspektivin, ümumiyyətlə bütövlükdə belə cinayətlərin baş verməsinin qarşısını almaq üçün metodlar işlənib hazırlanmalıdır.

 

Ziyan vurmaq məqsədi güdülən adamlara qarşı adətən dehumanizasiya baş verir, mənəvi, əxlaqi məhdudiyyətlər sıxışdırılıb çıxarılır. Dehumanizasiya təkcə Hitler və Pol Pot kimi nadir eybəcər əjdahaların (monstrların) qisməti deyildir. Hitler bütün Avropanı, Pol Pot isə öz doğma ölkəsi Kambocanı qan dənizinə çevirməyə can atırdı və əsasən buna nail olmuşdular. Dehumanizasiya dəhşətli zorakılığın və qəddarlığın tətbiq edilməsinə yol aça bilər.

 

Təbabət sahəsindəki mütəxəssislərin birgə fəaliyyətləri nəticəsində bəşəriyyət bir vaxtlar onun üçün lənət sayılan xəstəliklərə qalib gəlməyi bacarmışdır. XX əsrdə 0,5 milyon adamın həyatına son qoyan çiçək xəstəliyinin kökü bu gün kəsilmişdir. Vərəm və ya taun xəstəliklərinin meydana çıxması halları hələ baş versə də, yaxşı məlumdur ki, onların qabaqcadan qarşısını almaq və təhlükəsini aradan qaldırmaq artıq mümkündür. Bəlkə də nə vaxtsa insanlar öz resurslarına müvafiq olan istiqamətlərin əhəmiyyətini başa düşməklə dehumanizasiyanın da qarşısını almağı, onu dayandırmağı və ya bütünlüklə kökünü kəsməyi bacaracaqdır.

 

İrqçiliyin ilkin təzahürlərini ispanlar Meksikanı və Perunu işğal edəndə, ağlar, xüsusən ingilislər Şimali Amerikada məskunlaşdıqdan sonra onların yerli, tuzəm əhaliyə göstərdikləri qəddarlığın, vəhşiliyin timsalında görmək mümkündür. Ernando Kortesin başçılığı altında ispan ekspedisiyası 1519-cu ildə Meksikada sahilə çıxıb, indiki Mexikonun yerində olan atstek paytaxtı Tenoçtitlanı işğal edəndə, atstek hökmdarı Montesuma onun şəxsində, rəvayətə görə vaxtilə himayə etdiyi xalqı tərk etmiş ağ sifətli Allahın qayıdıb gəldiyini güman edərək, ona qiymətli hədiyyələr verdi. Montesuma Kortesi inandırmağa çalışdı ki, o, şəhərə girməsin. Kortes isə Tenoçtitlanı tutub, Montesumanı girov götürdü. Atsteklər qiyam qaldırıb, işğalçıları şəhərdən qovdular. İspanlar dörd ay davam edən qızğın döyüşdən sonra paytaxtı yenidən tutdular və əhalini kütləvi surətdə qırmağa başladılar. Meyitlərin üfunəti şəhərin havasını korlamışdı, bundan Kortesin özü də xəstələnmişdi. Montesuma da ispanların vurduğu yaradan 1520-ci ildə ölmüşdü.

 

1531-ci ildə ispan konkistadoru Fransisko Pisarro Peruya qədəm basanda imperiyanı idarə edən Atahualpanı oğurlatdırdı. Peru hökmdarı müşavirlərinə xəbər göndərdi ki, ispanların tələb etdiyi girov məbləğini ödəsinlər. Lakin Pisarro onu azad etmədi və1532-ci ildə edam etdi. Həmin ili Kusko şəhərini işğal edib, oradan nəhəng həcmdə qızıl götürdü. Hətta perulular ispanların tələbi ilə çox yer tutmasın deyə, olduqca qiymətli qızıl bəzək şeylərini əridib, kütlə şəklində təhvil verirdilər.

 

Şimali Amerikada isə yerli əhali olan hindulara qarşı yeni məskunlaşan ingilislər əsl genosid həyata keçirirdilər, bərabər olmayan döyüşlərdə çox sayda hindu qırılırdı. Amerikanlar onların yaşadıqları əraziləri ələ keçirirdilər. 1776-cı ildən indiyə qədər Birləşmiş Ştatlar Şimali Amerikanın yerli əhalisinin təqribən 1,5 milyard akr torpağını onların əllərindən almışlar ki, bu da Böyük Britaniya ərazisindən 25 dəfə çoxdur. Amerika hindularının zorla torpaqlarından köçürülməsi Göz yaşları yolu adlanır. Hindulara qarşı müharibə onların kökünü kəsmək məqsədini güdürdü. İnqilabın elan etdiyi azadlıq və bərabərlik idealları onlara aid deyildi. 1800-cü ildə sonralar Birləşmiş Ştatlara məxsus olacaq ərazilərdə yerli amerikalı hindular əhalinin 15 faizini təşkil edirdi, 1900-cü ildə isə Şimali Amerika hinduları əhalinin təqribən 0,5 faizinə bərabər idi, beləliklə öz vətənlərində milli azlığa çevrilmişdilər. İndi onlar 3,8 milyon nəfər olmaqla, ABŞ əhalisinin 1 faizindən çoxunu təşkil edirlər.

 

İnsana nifrət özünü müxtəlif formalarda göstərir, onun ən iyrənc növlərinə də tarixdə rast gəlmək mümkündür. Kompraçikoslar (bu söz ispan dilində uşaqları satın alanlar deməkdir). İspaniyada, İngiltərədə və digər ölkələrdə XIII-XVII əsrlərdə uşaqları oğurlamaqla və ya satın almaqla, onları təlxək, akrobat və sairə şəklində satmaq üçün eybəcər hala salmaqla məşğul olurdular. Viktor Hüqonun Güləyən adam romanının qəhrəmanı Quinplen uşaq vaxtı kralın əmri ilə həmin adamlar tərəfindən belə eybəcərləşdirilmişdi. Onun ağzı qulağına qədər cırılmış olduğundan, daim, hətta ağlayanda da gülən kimi görünürdü. Yeganə  yaxşı hal orasında idi ki, Quinplenə vurulmuş gözəl qız Deya Ursus kor olduğuna görə onun eybəcərliyindən hali deyildi. Quinplenin dəhşətli qılafının arxasında onun həssas, fədakar və sevən könlü gizlənirdi. Dahi Hüqo uşaqlara qarşı insanlığa zidd olan bu qəddarlığı özünə məxsus olan təsirli yaxmalarla, yüksək effektliliklə təsvir edir.

 

Kompraçikoslar çoxdan tarixin zibilliyinə təhvil verilmişdir. Lakin uşaqlara qarşı cinayətlər formasını dəyişməklə başqa şəkil alır. Bütün dünyanın hiddətinə səbəb olan pedofiliya genişlənərək, artıq biabırçı şəbəkələrin köməkliyi ilə yayılmağa başlamışdır.

 

Tarixə daxil olanlar köçəri quş deyildir

 

Tarixi şəxsiyyətlərə onların əməllərindən asılı olaraq hörmət bəslənilməklə yanaşı, çoxları nifrət obyektlərinə çevrilirlər. Əlbəttə, qəddarlıq simvolu olanlara tarix arealında daha çox rast gəlinir. Onlar qarşıya qoyduqları məqsədə çatmaq, nail olduqlarını qoruyub saxlamaq üçün bu sərt vasitəyə əl atırlar. İnqilablar isə bir qayda olaraq qanla qidalanır, qan tökmədən ötüşə bilmirsə, onların arasında İngiltərə Şanlı inqilabı yeganə istisna hesab edilməlidir, bu sosial kataklizmə başçılıq edənlər həmin güclü silaha barmaqarası baxa bilmirlər. Burada təəccüb doğuran bir şey də yoxdur, axı inqilab vasitəsilə həyatın bütöv məhvəri dəyişilməyə məruz qalır, qanla suvarılan torpaq isə zəhərli meyvələr yetişdirməyə qadirdir. Buna başçılıq edənlər heç də mələklərə çevrilə bilməzlər, onlar cəmiyyətdə köklü dəyişikliklər etmək missiyasını öz üzərlərinə götürmüşlər. Mələklər isə özləri dəyişmədikləri kimi, belə metamorfozlarda da iştirak edə bilməzlər. Digər tərəfdən mələklər məkandan və zamandan kənardadır, dinin, mistikanın məhsuludur.

 

İnqilaba başçılıq edənlər isə atlant Göy qübbəsini çiynində saxladığı kimi, insanlar qrupunun ona bəslədiyi və təzyiqi Göy qübbəsinin ağırlığından heç də az olmayan ümid kütləsini çiynində daşımaq üçün diqqəti heç də vasitələrin mülayimliyinə deyil, yararlı olub-olmamasına yönəldir və ona görə də miqyasından asılı olmayaraq qan tökməkdən belə çəkinmirlər. Ona görə də heç bir siyasi xadim özünə mələk və ya göyərçin qiyafəsi seçmir, onu birinci növbədə yalnız qarşıya qoyulan məqsəd düşündürür. Quzğunlar qidalandıqları leşin iyləndiyinə fikir verməyən kimi, inqilab da öz hədəfinə qarşı mübarizədə istənilən vasitəyə haqq qazandırır. İnqilab rəhbəri o vaxt böyük şəxsiyyətə çevrilir ki, zamanın, şəraitlərin irəli sürdüyü çağırışa müvafiq qaydada cavab verməyi bacarır.

 

Axı o, müəyyən məkan və zaman çərçivəsində hərəkət etməyə məcburdur. Ona görə də onun fəaliyyətinə qiymət verərkən hadisələrin cərəyan etdiyi məkan və dövr konteksti hökmən nəzərə alınmalıdır. Konkret tarixi hadisədə fəaliyyət göstərən bir şəxsə mücərrəd ölçüdən, xeyli zaman məsafəsi güzgüsündəki əksə görə qiymət vermək düzgün deyildir. Çünki onun fəaliyyəti tam başqa paralellərdə gedir, həmin parametrlərə müvafiq olaraq da onun tarixə daxil olub-olmaması məsələsi həll edilir.

 

(Ardı var)

 

 

 

 

Telman Orucov

525-ci qəzet.- 2015.- 18 aprel.- S.26