XX yüzil Azərbaycan ədəbiyyatı
yeni araşdırma işığında
Uzun
müddət Azərbaycan ədəbi-bədii
düşüncəsi millətin ideyalarını və
ideallarını əks etdirən əsas faktor rolu oynamışdır.
Şifahi xalq ədəbiyyatının qədim nümunələrindən
tutmuş yazılı bədii ədəbiyyatın
bütün inkişaf mərhələlərində millətin
və fərdin kamilləşdirilməsi, cəmiyyətin
tapındığı idealların gerçəkləşdirilməsi
üçün bədii söz bütöv bir xalqın
söykəndiyi, bəzən hətta pənah gətirdiyi
müqəddəs bir məktəb səviyyəsində
olmuşdur. İnformasiya texnologiyasının müasir
inkişaf səviyyəsi bütün dünyada insanı bədii
sözdən, bədii düşüncədən
ayırmağa nə qədər cəhd göstərsə də,
insan onun varlığını, xislətini, aləmini əks
etdirən bədii ədəbiyyatdan uzaqlaşmadı.
Bəlkə elə buna görə də milli ədəbiyyatımızın
bütün istiqamətlərdən öyrənilməsi, həm
də bugünkü müstəqilliyin yaratdığı
şəraitdən doğan obyektivlik istiqamətindən
araşdırılması vacib və aktual bir vəzifə
kimi elmin qarşısında durur. Azərbaycanın
müstəqillik dövrünün bizə verdiyi böyük
fürsətdən istifadə edən müasir ədəbiyyatşünaslarımız,
demək olar ki, bu missiyanı indi uğurla yerinə yetirməkdədirlər.
Xüsusilə Azərbaycan Milli Elmlər
Akademiyası Ədəbiyyat İnstitutunun bu sahədəki
yeni uğurları göz qabağındadır.
Bu
sırada filologiya üzrə elmlər doktoru, professor Bədirxan
Əhmədovun “XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər,
istiqamətlər, problemlər” adlı monoqrafiyası
ayrıca diqqət çəkir. Azərbaycanın
ictimai-siyasi həyatında təlatümlü mərhələləri
ilə seçilən XX əsr həm də ədəbiyyatımızın
bir çox istiqamətlərdən zənginləşməsi
ilə bağlı tarixi bir dövrdür. Bu böyük dövrün ədəbi mühitini
bir çox istiqamətdən araşdıran və təhlilə
cəlb edən monoqrafiya bədii söz sənətimizin
tarixi faktlarına yeni və obyektiv təhlil prizmasından
yanaşması ilə maraqlıdır.
İlk növbədə kitaba müəllifin giriş
sözü üzərində dayanmaq istərdik. Çünki
hər hansı bir əsərə, xüsusilə
kitabşünaslıqda ayrıca tipoloji fakt kimi qiymətləndirilən
monoqrafiyaya giriş sözü, əslində, əsərin
ümumi strukturunu, onun məzmun və mahiyyətini anlamağa
aparan bir yoldur. Bədirxan Əhmədov bu böyük həcmli
monoqrafiyaya giriş sözündə XX yüzilin təlatümlərlə
dolu mahiyyətini göstərməklə bu mürəkkəb və dəyişkən
ictimai formasiyada milli ədəbi düşüncəmizin
ictimai həyata fəal müdaxilə faktlarını təhlilə
cəlb etmişdir. Müəllif xüsusi qeyd
edir ki, bu dövr Azərbaycan ədəbiyyatı “sosial məzmununa,
bədii funksionallığına görə koordinal dəyişmələrə
məruz qalıb, onun həyatla, cəmiyyətlə əlaqəsi
daha intensiv xarakter alıb, yeni yaradıcılıq
konsepsiyaları, metodoloji yanaşmalar, yeni forma və janrlar
üzə çıxıb.
Ədəbi
mühitin inkişafını şərtləndirən amillərlə
yanaşı, ədəbi proses üçün qeyri-məqbul
hesab olunan basqılar, siyasi repressiyalar, senzura və müxtəlif “izm”lərin
təşəkkülü də məhz bu yüzilin
payına düşür”.
Təkcə bu fikirlər monoqrafiyada müəllifin ədəbi
mühit aləmində nələrə diqqət verəcəyinə
və ədəbi düşüncəni əks etdirən
hadisələri necə təhlil edəcəyinə
etibarlı bir vəd faktı yaradır. Və həqiqətən
də, kitabı vərəqlədikcə onun fəsillərinin
və bölmələrinin bütöv yüz ilin ədəbi
mühitini necə cəsarətlə əhatə etdiyini
görmək mümkündür. Əsərin
I fəsli Azərbaycan ədəbiyyatının milli hərəkat
dövrünü əhatə edir.
Müəllif belə bir həqiqət üzərində
dayanır ki, ədəbi düşüncə, bədii
söz milli hərəkat tematikasını həmişə
ön plana çəkmiş və milli düşüncəni
bu istiqamətə yönəltməyə səy göstərmişdir. Tədqiq
olunan əsrin ilkin çağlarının - 1900-1920-ci illərin
milli hərəkat, azad söz, demokratik ideyalar uğrunda bəzən
açıq, bəzən gizli - ezop yolları ilə
apardığı mübarizədə ədəbi mühitin
fəallığı ayrıca bir mərhələ kimi təhlil
edilir. Və müəllif Azərbaycan ədəbiyyatının
qısa zaman kəsiyində görünməmiş sayda və
görünməmiş fəaliyyət zəmini ilə ortaya
çıxardığı Həsən bəy Zərdabi, Cəlil
Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd
ağa Şahtaxtlı, Əli bəy Hüseynzadə, Əhməd
bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə
və digər onlarca ədəbiyyat, siyasət, sənət
adamının ərsəyə gətirdiyi milli azadlıq hərəkatı
və bu hərəkatın
doğurduğu Cümhuriyyətin genetik köklərini də
unutmur. “... milli hərəkatın bu qədər
qısa zaman kəsiyində formalaşması və
Cümhuriyyətin yaranması ilə başa çatması
heç də milli hərəkat və milli kimlik
ideyalarının da bu zamandan doğulması anlamına gəlməməlidir.
Belə ki, başlanğıcını XIX
yüz illikdən götürərək bir mərhələ
kimi, əlli ildən çox gizli şəkildə yol gələn
milli ideya məhz XX yüzilin əvvəllərində
reallaşır.
A.Bakıxanov, M.F.Axundzadə və H.Zərdabinin davam və
inkişaf etdirdiyi milli ideya daha çox ədəbi, bir qədərsə
publisistik, siyasi müstəvidə, lakin başa
düşüldüyü qədər açıq şəkildə
olmadan uzun bir yol keçib gəlmişdir”. Müəllif,
çox qısa şəkildə olsa da, bu uzun yolun
başlanğıcı barədə də dəqiq elmi fikir
söyləməyi lazım bilmişdir. Onu xüsusi diqqətə
çatdırmışdır ki, milli hərəkat
düşüncəsi uzun müddət “yalnız ədəbi
fikrin ümidinə qalmışdır” və bir qədər
sonra onun “siyasi dövriyyəyə gətirilməsi işində
ədəbiyyatın, mətbuatın və publisistikanın əvəzsiz xidməti
olmuşdur”. Bu zəmində müəllif Azərbaycan
maarifçi ədəbiyyatının başlanğıc
nöqtəsinin və onun davamı olan digər istiqamətlərin
təhlilini tarixin ictimai-siyasi hadisələri fonunda
aparmağa üstünlük verir.
Bizcə, əslində bu, ən uğurlu metodoloji
yanaşmadır ki, həmin hadisələri özündə
ehtiva edən ədəbiyyatı yalnız bu istiqamətdə
aydın təqdim etmək olar. O da aydındır ki, dövrün
ictimai-siyasi hadisələri və bütövlükdə
tarixin ən önəmli hadisələri dünən də,
bu gün də öz əksini daha çox mətbuatda
tapır. Mətbuatı nahaqdan dövrün
salnaməsi hesab etmirlər. B.Əhmədov
da ədəbi prosesin ideya, tematika, estetik ideal istiqamətlərini
məhz mətbuatın hadisələrə münasibəti
fonunda açmağa üstünlük verir və məhz buna
görə də milli mətbuatın və publisistikanın təşəkkülünü
ön plana çəkir. “Molla Nəsrəddin”
jurnalı və onun yaratdığı ədəbi məktəb,
bu jurnalın sayəsində meydana çıxan satirik mətbuatın
milli özünüdərk prosesinə təsiri məsələsini,
“Füyuzat”ın irəli sürdüyü milli-azadlıq,
milli kimlik konsepsiyasını, proletar mətbuatının bir
sıra xarakterik xüsusiyyətlərini araşdıran
müəllif növbəti ədəbi mərhələni
şərtləndirən amilləri diqqətə
çatdırır.
Əlbəttə, indiyə qədər bir sıra
yöndən tədqiq olunmuş “Molla Nəsrəddin”
jurnalı haqqında müəllifin geniş araşdırma
niyyəti yoxdur. Əsas odur ki, tədqiqatçı
jurnalın bir məktəb səviyyəsinə yüksəlməsi
və özündən sonrakı satirik jurnalların meydana
çıxmasına, bu meydanda onların necə fəaliyyət
göstərməsinə necə təsir etməsinə dair
fikirlərini bölüşmüşdür. Öz tədqiqatlarının bütün
anlarında XX yüzilliyin ilkin çağlarındakı ədəbi
hərəkatı, mətbuat və publisistikanı buna qədər
araşdırmış alimlərimizin əsərlərinə
də söykənən müəllif bir sıra xülasələrdə
çox maraqlı elmi nəticələrə gəlib
çıxır. “Molla Nəsrəddin” XX
yüzilliyin əvvəllərində yalnız üzərinə
düşən missiyanı həyata keçirmədi, həm
də yeni bir üslub yaratdı; bu üslub satirik üslub idi.
Nəsrdə, dramaturgiyada, şeirdə və
publisistikada bu üslub uzun müddət aparıcı mövqe
tutaraq iki ədəbi məktəbdən birinə
çevrildi. “Molla Nəsrəddin” özü ilə
yanaşı və özündən sonra böyük bir
satirik ədəbi məktəb qoydu, lakin özündən
sonra çıxan heç bir satirik mətbuat “Molla Nəsrəddin”in boyundan yuxarı qalxmadı. C.Məmmədquluzadə elə bir satirik zirvəni
(şeirdə, dramaturgiyada, nəsrdə, və publisistikada) fəth
etdi ki, özündən sonra yaranan sələflərinin
heç birinin əli o zirvəyə çatmasa da, “Molla Nəsrəddin”
ədəbi məktəbinin davamçısı və
nümayəndəsi oldular.
Belə
bir cəhəti xüsusi qeyd etmək istərdik ki, B.Əhmədov
mükəmməl elmi yanaşma üslubuna malik faktları və
hadisələri sadəcə konstatasiya etmək deyil,
onların geniş elmi interpretasiyasını gerçəkləşdirən
bir araşdırıcı təsiri bağışlayır.
Məsələn, müəllif Azərbaycan satirik mətbuatı
və milli özünüdərk problemi ətrafında
söhbətlərində “Molla Nəsrəddin”
jurnalının təsiri ilə yaranan bir sıra dərginin
xarakterini açır, onların ömrünün uzun
olmadığını bildirir və deyir: “Əlbəttə,
“Molla Nəsrəddin”dən sonra bu cür satirik jurnalların
yaranması bir zərurət olmaqla yanaşı, böyük
ölçüdə satirik formaların inkişafına xidmət
edirdi.
Bir-birini mövzu və problematika baxımından davam
etdirən bu jurnallar satiranı ölməyə
qoymadığı kimi, “Molla Nəsrəddin”ə də
müəyyən mənada dəstək oldu. Məhz bu jurnalların
hesabına satirik jurnallar, hekayələr, karikaturalar və
satirik şeirlər zənginləşmiş, say və keyfiyyət
baxımından artmışdır”.
Milli mətbuatın
və publisistikanın milli özünüdərk probleminə
baxışı fonunda müəllif “Füyuzat” jurnalını və
füyuzatçılığı ayrıca konsepsiya kimi təhlil
edir. Yəqin oxucuya məlumdur ki, bu
yazının müəlliflərindən biri (prof.Ş.Vəliyev-redaksiya)
“Füyuzat”ı tədqiq etmiş və onu ədəbi məktəb
kimi qiymətləndirmişdir. Professor
B.Əhmədov tədqiqatçının bu konsepsiyası zəminində
jurnalı “milli -mənəvi varlığımızın əvəzsiz
sərvətlərindən biri” kimi qiymətləndirir.
Maraqlı bir də orasındadır ki, müəllif
füyuzatçılığı bir ədəbi cərəyan,
ideoloji baza, çarizmin dayaqlarının
sarsıdılmasındakı rolunu, türk xalqlarının mənəvi
birliyi ideyasının tribunası, Turançılıq
ideologiyasının əsasını qoymuş, türk
xalqlarının özünüdərki problemlərinə rəvac
vermiş, “türkləşmək, islamlaşmaq, müasirləşmək”
məsləkinə çağırış etmiş, Şərq
və Qərb mədəniyyətinin sintezini dəstəkləmiş,
İslam intibahının mövcudluğunu irəli
sürmüş, ədəbi düşüncə
romantizminin nəzəri və praktik əsasını
qoymuş, vahid dil konsepsiyasını irəli
sürmüş bir möhtəşəm dərgi kimi qiymətləndirmişdir.
XX yüzilin milli ədəbi mühitini bir çox
istiqamətdən araşdıran bu əsərin bədii
sözdə romantizm mərhələsi və onun ədəbi-estetik
prinsipləri ətrafındakı tədqiqatları da maraq
doğurur. Bu yerdə müəllif romantizmin təkcə ortada
olan ədəbi faktlarını konkret analiz etməklə
kifayətlənmir, həm də bu cərəyanın nəzəri
tərəflərini, milli faktlar zəminindən
çıxış edərək onun ədəbi, estetik
prinsiplərinin nəzəri aspektlərini təhlilə cəlb
etmişdir. Burada romantizm kimi mürəkkəb
bir cərəyanın özündə ehtiva etdiyi milli
şüur, ictimai və milli azadlıq,
türkçülük, dil, vətənçilik kimi
fundamental problemlər barədə xeyli nəzəri və
praktik faktlar özünü göstərir. Müəllif
bəzi nöqtələrdə romantizmin ümumi
poetikasını izah edir və konkret olaraq bu cərəyanın
milli faktlarından çıxış edərək belə
bir doğru nəticəyə gəlir: “Azərbaycan romantizminin
poetikası zəngin və çoxçeşidlidir; burada
folklor süjetlərindən tutmuş ən müxtəlif
özünəməxsus mövzular (tarixi, müasir), gözəlliyə
münasibət, insanın daxili aləmi, irreal aləm,
azadlıq və mübarizə, iblislik, platonik məhəbbət,
vətən məhəbbəti, Şərq-Qərb
qarşıdurması və
qarşılaşdırılması və s. kimi komponentlər
başlıca yer tutur”.
Kitabın maraqlı cəhətlərindən biri müəllifin
nəzəri məsələlərə yanaşma
üsuludur. Bu mənada, məsələn, Azərbaycan ədəbi
mühitinin klassik romantizm cərəyanından tənqidi realizm
mərhələsinə keçid anı və bu məqamın
nəzəri aspektləri məntiqi
ardıcıllığı baxımından doğru qəbul
edilməlidir.
Əsərdə
milli ədəbi mühitimizin tədqiq olunan dövründəki
maarifçilik hərəkatı və maarifçi realist ədəbiyyat
barədə xeyli informasiya var. Müəllif belə bir elmi məsələni
dövriyyəyə gətirir ki, “metod və konsepsiyasından
asılı olmayaraq dövrün bütün yazarları həm də bir maarifçi
ideoloq kimi çıxış etmək missiyasını
öz üzərinə götürmüşdü”. Hətta müəllifə görə romantiklər
də, tənqidi realistlər də maarifçi realizmin
“şinel”indən çıxmışlar. Biz də bunu qəti həqiqət hesab edirik. Ona görə ki, qeyd olunan cərəyanlardan əvvəl
Azərbaycanda maarifçilik ədəbi hərəkatı və
maarifçi realist ədəbiyyat ortada olmuşdur. Sonradan digər cərəyanlara mənsub ədəbi
nümayəndələrin hamısında maarifçilik xəttinin
aydın konturları görünməkdədir.
Əsərdə diqqət yetirilən əsas obyektlərdən
biri Cümhuriyyət ədəbiyyatı və bu ədəbiyyatın
ideallarını təşkil edən milli istiqlal məfkurəsinin
təşəkkülü məsələsidir. Müəllif
belə bir doğru qənaətə gəlir ki, XX yüzilin əvvəllərinin
istiqlal düşüncəsi milli bədii düşüncənin
uzun müddətli ideyalarının nəticəsidir. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti bir
tarixi, siyasi, ideoloji fakt olaraq yalnız dövrünün tarixi
şəraitinin məhsulu olmayıb, həmin illər boyu
milli-siyasi, ədəbi, fəlsəfi düşüncənin
nəticəsi olaraq meydana gəlib.
Milli dövlətçilik ideyasının tarixi o qədər
uzağa getməsə də milli dövlətçiliyi,
müstəqillik ideyalarını şərtləndirən
milli mənlik şüurunun yaranmasının aspektləri məhz
bədii düşüncəyə söykənir. Yəni milli,
etnik mənlik şüuru, əvvəlcə bədii, sonra isə
ictimai-siyasi təfəkkürdə təşəkkül
tapır. Azərbaycan milli təfəkkürü
üçün dəqiq fikirdir və bu fikrin elmiliyi heç
bir şübhə doğurmur. Bu fikri daha
da dəqiqləşdirmək üçün müəllif o
dövrün ədəbi faktlarını - poeziya və nəsri,
xeyli dərəcədə publisistikanı təhlilə cəlb
etmişdir.
Kitabda postcümhuriyyət ədəbiyyatı və onun
xarakteri, proletar ədəbiyyatının sırf ideoloji mahiyyəti
açılır.
Bu ciddi məsələlər
ictimai-siyasi proseslərlə bağlı təhlil edilir və
bütün anlarda tarixi şərait ədəbi proseslə birgə
götürülür. Həm də bu dövrü əhatə
edən poeziya, bədii nəsr, dramaturgiya ayrı-ayrı
bölmələrdə təhlil edilsə də, bu ədəbi
növlərin birinin digəri ilə
bağlılığını şərtləndirən
faktorlar ətrafında geniş söhbət aparılır.
Məlumdur
ki, 1930-cu illər - siyasi-ictimai repressiyalar dövründəki
ədəbi proses öz xarakteri, düşdüyü tarixi
şərait, senzura qadağaları, sənətin ideologiya
maşınına çevrilməsi faktları bugünkü
təhlillərin özündə də xeyli mübahisəli
məqamlarla üzləşməkdədir. Əlbəttə,
bu mübahisələrdə dəmir senzura, repressiya prosesi ətrafındakı
fikirlər birmənalıdır. Lakin ədəbi
mühitin özünün də bəzi məqamlarda
bağışlanmaz günahları var ki, bugünkü gənc
nəslə bütün bunlar obyektiv
çatdırılmalıdır. B.Əhmədov
öz təhlil və araşdırmalarında bu istiqamətdən
çıxış etməyi vacib saymışdır. Müəllifin fikrincə, bütün çətinliklərə,
senzura hədələrinə, satqınlıq və xəyanətlərə
baxmayaraq, həmin dövrün poeziyasında bədii
sözün böyük inkişaf mərhələsi hiss
olunmaqdadır. Bu sırada yeni üslub istiqamətləri,
sərbəst şeirin tam formalaşması və
özündən sonra ədəbi məktəb səviyyəsinə
yüksəlməsi, poeziyada epik janrların işləklik dərəcəsi,
nəsrdə bədii gerçəkliyin ifadəsi, bu növdə
epik janrlara yeni meyl, dramaturgiyada sənətkarın
müasirliyə və tarixə yeni baxış bucağı
və s. məsələlər öz əksini
tapmışdır. Bütün bunların
sonunda isə müəllif ədəbiyyat və repressiya, bu
repressiyanın genezisi, dövlət səviyyəsində bəhanələr
sistemi ilə bağlı tədqiqatlarını, elmi
düşüncələrini ortaya qoyur. Və
belə bir dəqiq nəticəyə gəlir ki, “repressiya -
bir fərdin digərinə qarşı törətdiyi lokal
hadisə deyil. Sovet dövlət aparatı
tərəfindən törədilmiş ictimai-siyasi məzmunlu,
kütləvi hadisədir”. Və belə
bir qənaət də doğrudur ki, Azərbaycan ictimai
mühitində repressiyaya ən çox məruz qalan zümrənin
məhz ədəbiyyat adamlarının olması azadlıq
ideyalarının daha çox məhz milli bədii söz
sahiblərimizdən keçməsi ilə bağlıdır.
1930-cu illərin
ağır repressiya dövrünün sonralar az-çox səngiməsi,
müharibə şəraitinin yeni diqtələri ədəbiyyatımızın
bütün sahələrində yeni yüksəliş
aktları ilə özünü göstərir ki, müəllif
bu dövrün əlamətlərini kitabdakı “Sosrealizmin təşəkkülü
və yeni meyllərin təzahürü” adlanan V fəsildə
tədqiq etmişdir. Və nəhayət,
böyük həcmli bu əsər altmışıncı
illərin ədəbi prosesi və onun genezisinin aydın təhlilləri
ilə yekunlaşır.
Əsərin müəllifi 1960-80-ci illər Azərbaycan
ədəbiyyatını yeni bir mərhələ kimi səciyyələndirir. Ancaq onu da əlavə
etmək olar ki, 60-cı illərdən başlayan yeni ədəbi
mərhələ təkcə Azərbaycan ədəbiyyatı
üçün deyil, bütövlükdə o dövrün
Sovet ədəbi mühiti üçün xarakterik oldu.
Kommunist Partiyasının 1956-cı il XX
qurultayı, bu qurultayda Stalinin şəxsiyyətinə pərəstişin
Baş katibin məruzəsində rəsmi ifşası Sovet
rejiminin, senzuranın qismən yumşalmasına, ölkədə
demokratik meyllərin hiss olunmasına şərait yaratdı.
Doğrudur, bu yumşalmaya aparan yolda “N.Xruşşovun
uçurumu iki addıma tullanmağı” (F.Burlatski) əsaslı
islahatları yarımçıq qoysa da, hər halda Rusiyada
Tvardovskini, V.Şukşini, Y.Trifonovu, V.Astafyevi...,
Gürcüstanda N.Dumbadzeni, Moldaviyada İ.Drutseni, Orta Asiyada
bir çox ustad yazıçıları ortaya
çıxardı.
Azərbaycan
ədəbi mühitində İ.Hüseynov, Anar, Elçin,
İ.Məlikzadə, S.Əhmədov kimi yazıçılar yeni ədəbi
meydana atıldılar. Və çox qəribədir
ki, rus ədəbiyyatı tarixində 1760-cılar və
1860-cılar adlandırılan nəsillər də olub. 1960-cı illərin ədəbi qüvvələri
də “şestidesyatniki - altmışıncılar” epiteti
qazandılar və ədəbi mühitdə öz
üslublarını, öz dəsti-xətlərini
yaratdılar. “XX yüzil Azərbaycan ədəbiyyatı”nın müəllifi bu yeni mərhələnin
obyektiv və subyektiv amillərini açmaqla, ən azı,
yeni xatırlatmaları ilə xeyli iş
görmüşdür.
Müəllif doğru olaraq, hətta bu mərhələni
sosrealizmin tənəzzülünün
başlanğıcı kimi qiymətləndirir. Bu dövrün ədəbi
mühiti əsərdə belə səciyyələndirilir:
“Gənc yazıçı və şairlərin
Yazıçılar İttifaqı sıralarına qəbul
edilməsi bədii düşüncənin intellektual səviyyəsini
artırmaqla yanaşı, fərdi üslubların
formalaşmasına da şərait yaradırdı. Əvvəlki illərdən fərqli olaraq Azərbaycan
ədəbiyyatının bu mərhələsində sənətkardan
sistemə sədaqətlilikdən (əlbəttə, bu
cür istisnalar da yox deyildi!) daha çox bədii sənətkarlıq
məsələlərinə diqqət yetirilirdi. Bir-birini ittiham edərək partiya və Sovet
hökumətinə sədaqətini nümayiş etdirən və
partiya iclaslarından heç nə ilə fərqlənməyən
yığıncaqları, bir qədər yumşaq və
müzakirə atmosferində keçən
yaradıcılıq müşavirələri əvəz
etmişdi. Tam və bütöv şəkildə
sənətkar azadlığı olmasa da, sənətkarın
istedadının hüdudları daxilində fərdi
yaradıcılıq məsələlərinə önəm
verilirdi. Kütləvi üslub, kütlənin
təsviri öz yerini fərdi üsluba və fərdlərin
taleyinin təsvirinə verirdi. İnsan
xarakterlərinin yaradılmasında və təsvirində
ştampçılığın azalması ilə
yanaşı, yeni baxış bucağı da formalaşmaqda
idi. Ədəbiyyatın müxtəlif
janrlarında dekorativlikdən, deklorativlikdən təbiət və
insan hadisələrinin, təbii duyğuların təsvirinə
keçid yeni bədii üslubların və
yaradıcılıq yollarının müəyyənləşməsini
şərtləndirirdi”.
Müəllif, haqlı olaraq, bu dövrün yeni
üslub və tematika çalarlarının yaranmasında ənənə
və müasirliyin vəhdətini birgə şəkildə
elmi araşdırmaya gətirir.
Burada altmışıncıların nəsr yaradıcılığı, yeni mövzu axtarışları, dramaturgiyanın yaradıcılıq istiqamətləri, poeziyanın inkişaf mərhələsi, ədəbiyyatda bir sıra yeni yaradıcılıq axtarışları müəllifin təhlil bacarığı ilə oxucuya çatdırılır.
Azərbaycan ədəbiyyatının bir əsrlik mürəkkəb dövrünün elmi tədqiqini və təhlilini özündə əks etdirən 35 çap vərəqi həcmində bu əsər AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə çap olunub. Elə bu yerdəcə bir daha qeyd etmək istərdik ki, institutun elmi potensialının son dövrlərdə daha geniş axtarışlara girişməsi bu tipli fundamental tədqiqat nümunələrinin meydana çıxmasını şərtləndirməyə başlamışdır. Ədəbiyyat İnstitutunda yaranmış fəal iş atmosferi hər kəsin elmi işə münasibətində özünü göstərir. Digər tərəfdən Ədəbiyyat İnstitutunda ərsəyə gələn əsərlərin elmi redaktorları, rəyçiləri obyektiv olaraq, həmin sahəni mükəmməl bilən alimlər olurlar. Professor Bədirxan Əhmədovun haqqında bəhs etdiyimiz kitabın elmi redaktoru vəzifəsini XIX və XX əsr Azərbaycan ədəbi mühitinin bir sıra mərhələ və aspektlərini ciddi tədqiqatlar süzgəcindən keçirmiş akademik İsa Həbibbəyli öz üzərinə götürmüşdür.
Kitabın rəyçiləri - AMEA-nın müxbir üzvü, professor Muxtar İmanovu və filologiya üzrə elmlər doktoru, professor Tehran Mustafayevi nəinki elmi ictimaiyyət, bütövlükdə Azərbaycan ədəbi-ictimai mühiti istedadlı alimlər kimi yaxından tanıyır. Bizcə “XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər” kimi fundamental bir əsər təkcə onun müəllifinin - professor, istedadlı ədəbiyyatşünas alim Bədirxan Əhmədovun deyil, bütövlükdə Nizami adına Ədəbiyyat İnstitutunun uğuru kimi qiymətləndirilməlidir.
Şamil
VƏLİYEV
filologiya üzrə
elmlər doktoru, professor
Cahangir
MƏMMƏDLİ
filologiya üzrə
elmlər doktoru, professor
525-ci qəzet.-
2015.- 18 aprel.- S.24-25