XX yüzil Azərbaycan ədəbiyyatı
yeni araşdırma işığında
Uzun
müddət Azərbaycan ədəbi-bədii
düşüncəsi millətin ideyalarını və
ideallarını əks etdirən əsas faktor rolu oynamışdır.
Şifahi
xalq ədəbiyyatının qədim nümunələrindən
tutmuş yazılı bədii ədəbiyyatın
bütün inkişaf mərhələlərində millətin
və fərdin kamilləşdirilməsi, cəmiyyətin
tapındığı idealların gerçəkləşdirilməsi
üçün bədii söz bütöv bir xalqın
söykəndiyi, bəzən hətta pənah gətirdiyi
müqəddəs bir məktəb səviyyəsində
olmuşdur. İnformasiya texnologiyasının müasir
inkişaf səviyyəsi bütün dünyada insanı bədii
sözdən, bədii düşüncədən
ayırmağa nə qədər cəhd göstərsə də,
insan onun varlığını, xislətini, aləmini əks
etdirən bədii ədəbiyyatdan uzaqlaşmadı.
Bəlkə
elə buna görə də milli ədəbiyyatımızın
bütün istiqamətlərdən öyrənilməsi, həm
də bugünkü müstəqilliyin yaratdığı
şəraitdən doğan obyektivlik istiqamətindən
araşdırılması vacib və aktual bir vəzifə
kimi elmin qarşısında durur. Azərbaycanın müstəqillik
dövrünün bizə verdiyi böyük fürsətdən
istifadə edən müasir ədəbiyyatşünaslarımız,
demək olar ki, bu missiyanı indi uğurla yerinə yetirməkdədirlər.
Xüsusilə Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat
İnstitutunun bu sahədəki yeni uğurları göz
qabağındadır.
Bu
sırada filologiya üzrə elmlər doktoru, professor Bədirxan
Əhmədovun “XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər,
istiqamətlər, problemlər” adlı monoqrafiyası
ayrıca diqqət çəkir. Azərbaycanın
ictimai-siyasi həyatında təlatümlü mərhələləri
ilə seçilən XX əsr həm də ədəbiyyatımızın
bir çox istiqamətlərdən zənginləşməsi
ilə bağlı tarixi bir dövrdür. Bu böyük
dövrün ədəbi mühitini bir çox istiqamətdən
araşdıran və təhlilə cəlb edən monoqrafiya bədii
söz sənətimizin tarixi faktlarına yeni və obyektiv təhlil
prizmasından yanaşması ilə maraqlıdır.
İlk
növbədə kitaba müəllifin giriş sözü
üzərində dayanmaq istərdik. Çünki hər
hansı bir əsərə, xüsusilə
kitabşünaslıqda ayrıca tipoloji fakt kimi qiymətləndirilən
monoqrafiyaya giriş sözü, əslində, əsərin
ümumi strukturunu, onun məzmun və mahiyyətini anlamağa
aparan bir yoldur. Bədirxan Əhmədov bu böyük həcmli
monoqrafiyaya giriş sözündə XX yüzilin təlatümlərlə
dolu mahiyyətini göstərməklə bu mürəkkəb və dəyişkən
ictimai formasiyada milli ədəbi düşüncəmizin
ictimai həyata fəal müdaxilə faktlarını təhlilə
cəlb etmişdir. Müəllif xüsusi qeyd edir ki, bu
dövr Azərbaycan ədəbiyyatı “sosial məzmununa, bədii
funksionallığına görə koordinal dəyişmələrə
məruz qalıb, onun həyatla, cəmiyyətlə əlaqəsi
daha intensiv xarakter alıb, yeni yaradıcılıq
konsepsiyaları, metodoloji yanaşmalar, yeni forma və janrlar
üzə çıxıb.
Ədəbi
mühitin inkişafını şərtləndirən amillərlə
yanaşı, ədəbi proses üçün qeyri-məqbul
hesab olunan basqılar, siyasi repressiyalar, senzura və müxtəlif “izm”lərin təşəkkülü
də məhz bu yüzilin payına düşür”.
Təkcə
bu fikirlər monoqrafiyada müəllifin ədəbi mühit
aləmində nələrə diqqət verəcəyinə
və ədəbi düşüncəni əks etdirən
hadisələri necə təhlil edəcəyinə
etibarlı bir vəd faktı yaradır. Və həqiqətən
də, kitabı vərəqlədikcə onun fəsillərinin
və bölmələrinin bütöv yüz ilin ədəbi
mühitini necə cəsarətlə əhatə etdiyini
görmək mümkündür. Əsərin I fəsli Azərbaycan
ədəbiyyatının milli hərəkat
dövrünü əhatə edir.
Müəllif
belə bir həqiqət üzərində dayanır ki, ədəbi
düşüncə, bədii söz milli hərəkat
tematikasını həmişə ön plana çəkmiş
və milli düşüncəni bu istiqamətə yönəltməyə
səy göstərmişdir. Tədqiq olunan əsrin ilkin
çağlarının - 1900-1920-ci illərin milli hərəkat,
azad söz, demokratik ideyalar uğrunda bəzən
açıq, bəzən gizli - ezop yolları ilə
apardığı mübarizədə ədəbi mühitin
fəallığı ayrıca bir mərhələ kimi təhlil
edilir. Və müəllif Azərbaycan ədəbiyyatının
qısa zaman kəsiyində görünməmiş sayda və
görünməmiş fəaliyyət zəmini ilə ortaya
çıxardığı Həsən bəy Zərdabi, Cəlil
Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd
ağa Şahtaxtlı, Əli bəy Hüseynzadə, Əhməd
bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə
və digər onlarca ədəbiyyat, siyasət, sənət
adamının ərsəyə gətirdiyi milli azadlıq hərəkatı
və bu hərəkatın
doğurduğu Cümhuriyyətin genetik köklərini də
unutmur. “... milli hərəkatın bu qədər qısa zaman
kəsiyində formalaşması və Cümhuriyyətin
yaranması ilə başa çatması heç də milli
hərəkat və milli kimlik ideyalarının da bu zamandan
doğulması anlamına gəlməməlidir. Belə ki,
başlanğıcını XIX yüz illikdən
götürərək bir mərhələ kimi, əlli ildən
çox gizli şəkildə yol gələn milli ideya məhz
XX yüzilin əvvəllərində reallaşır.
A.Bakıxanov,
M.F.Axundzadə və H.Zərdabinin davam və inkişaf
etdirdiyi milli ideya daha çox ədəbi, bir qədərsə
publisistik, siyasi müstəvidə, lakin başa
düşüldüyü qədər açıq şəkildə
olmadan uzun bir yol keçib gəlmişdir”. Müəllif,
çox qısa şəkildə olsa da, bu uzun yolun
başlanğıcı barədə də dəqiq elmi fikir
söyləməyi lazım bilmişdir. Onu xüsusi diqqətə
çatdırmışdır ki, milli hərəkat
düşüncəsi uzun müddət “yalnız ədəbi
fikrin ümidinə qalmışdır” və bir qədər
sonra onun “siyasi dövriyyəyə gətirilməsi işində
ədəbiyyatın, mətbuatın və
publisistikanın əvəzsiz
xidməti olmuşdur”. Bu zəmində müəllif Azərbaycan
maarifçi ədəbiyyatının başlanğıc
nöqtəsinin və onun davamı olan digər istiqamətlərin
təhlilini tarixin ictimai-siyasi hadisələri fonunda
aparmağa üstünlük verir.
Bizcə,
əslində bu, ən uğurlu metodoloji yanaşmadır ki, həmin
hadisələri özündə ehtiva edən ədəbiyyatı
yalnız bu istiqamətdə aydın təqdim etmək olar. O
da aydındır ki, dövrün ictimai-siyasi hadisələri
və bütövlükdə tarixin ən önəmli hadisələri
dünən də, bu gün də öz əksini daha
çox mətbuatda tapır. Mətbuatı nahaqdan
dövrün salnaməsi hesab etmirlər. B.Əhmədov da ədəbi
prosesin ideya, tematika, estetik ideal istiqamətlərini məhz mətbuatın
hadisələrə münasibəti fonunda açmağa
üstünlük verir və məhz buna görə də
milli mətbuatın və publisistikanın təşəkkülünü
ön plana çəkir. “Molla Nəsrəddin” jurnalı və
onun yaratdığı ədəbi məktəb, bu
jurnalın sayəsində meydana çıxan satirik mətbuatın
milli özünüdərk prosesinə təsiri məsələsini,
“Füyuzat”ın irəli sürdüyü milli-azadlıq,
milli kimlik konsepsiyasını, proletar mətbuatının bir
sıra xarakterik xüsusiyyətlərini araşdıran
müəllif növbəti ədəbi mərhələni
şərtləndirən amilləri diqqətə
çatdırır.
Əlbəttə,
indiyə qədər bir sıra yöndən tədqiq
olunmuş “Molla Nəsrəddin” jurnalı haqqında müəllifin
geniş araşdırma niyyəti yoxdur. Əsas odur ki, tədqiqatçı
jurnalın bir məktəb səviyyəsinə yüksəlməsi
və özündən sonrakı satirik jurnalların meydana
çıxmasına, bu meydanda onların necə fəaliyyət
göstərməsinə necə təsir etməsinə dair
fikirlərini bölüşmüşdür. Öz tədqiqatlarının
bütün anlarında XX yüzilliyin ilkin
çağlarındakı ədəbi hərəkatı, mətbuat
və publisistikanı buna qədər araşdırmış
alimlərimizin əsərlərinə də söykənən
müəllif bir sıra xülasələrdə çox
maraqlı elmi nəticələrə gəlib
çıxır. “Molla Nəsrəddin” XX yüzilliyin əvvəllərində
yalnız üzərinə düşən missiyanı həyata
keçirmədi, həm də yeni bir üslub yaratdı; bu
üslub satirik üslub idi. Nəsrdə, dramaturgiyada, şeirdə
və publisistikada bu üslub uzun müddət aparıcı
mövqe tutaraq iki ədəbi məktəbdən birinə
çevrildi. “Molla Nəsrəddin” özü ilə yanaşı və
özündən sonra böyük bir satirik ədəbi məktəb
qoydu, lakin özündən sonra çıxan heç bir
satirik mətbuat “Molla Nəsrəddin”in boyundan yuxarı qalxmadı. C.Məmmədquluzadə
elə bir satirik zirvəni (şeirdə, dramaturgiyada, nəsrdə,
və publisistikada) fəth etdi ki, özündən sonra yaranan
sələflərinin heç birinin əli o zirvəyə
çatmasa da, “Molla Nəsrəddin” ədəbi məktəbinin
davamçısı və nümayəndəsi oldular.
Belə
bir cəhəti xüsusi qeyd etmək istərdik ki, B.Əhmədov mükəmməl
elmi yanaşma üslubuna malik faktları və hadisələri
sadəcə konstatasiya etmək deyil, onların geniş elmi
interpretasiyasını gerçəkləşdirən bir
araşdırıcı təsiri bağışlayır. Məsələn,
müəllif Azərbaycan satirik mətbuatı və milli
özünüdərk problemi ətrafında söhbətlərində
“Molla Nəsrəddin” jurnalının təsiri ilə yaranan
bir sıra dərginin xarakterini açır, onların
ömrünün uzun olmadığını bildirir və
deyir: “Əlbəttə, “Molla Nəsrəddin”dən sonra bu
cür satirik jurnalların yaranması bir zərurət olmaqla
yanaşı, böyük ölçüdə satirik
formaların inkişafına xidmət edirdi.
Bir-birini
mövzu və problematika baxımından davam etdirən bu
jurnallar satiranı ölməyə qoymadığı kimi,
“Molla Nəsrəddin”ə də müəyyən mənada dəstək
oldu. Məhz bu jurnalların hesabına satirik jurnallar, hekayələr,
karikaturalar və satirik şeirlər zənginləşmiş,
say və keyfiyyət baxımından artmışdır”.
Milli mətbuatın
və publisistikanın milli özünüdərk probleminə
baxışı fonunda müəllif “Füyuzat” jurnalını və
füyuzatçılığı ayrıca konsepsiya kimi təhlil
edir. Yəqin oxucuya məlumdur ki, bu yazının müəlliflərindən
biri (prof.Ş.Vəliyev-redaksiya) “Füyuzat”ı tədqiq
etmiş və onu ədəbi məktəb kimi qiymətləndirmişdir.
Professor B.Əhmədov tədqiqatçının bu
konsepsiyası zəminində jurnalı “milli -mənəvi
varlığımızın əvəzsiz sərvətlərindən
biri” kimi qiymətləndirir. Maraqlı bir də
orasındadır ki, müəllif
füyuzatçılığı bir ədəbi cərəyan,
ideoloji baza, çarizmin dayaqlarının
sarsıdılmasındakı rolunu, türk xalqlarının mənəvi
birliyi ideyasının tribunası, Turançılıq
ideologiyasının əsasını qoymuş, türk
xalqlarının özünüdərki problemlərinə rəvac
vermiş, “türkləşmək, islamlaşmaq, müasirləşmək”
məsləkinə çağırış etmiş, Şərq
və Qərb mədəniyyətinin sintezini dəstəkləmiş,
İslam intibahının mövcudluğunu irəli
sürmüş, ədəbi düşüncə
romantizminin nəzəri və praktik əsasını
qoymuş, vahid dil konsepsiyasını irəli
sürmüş bir möhtəşəm dərgi kimi qiymətləndirmişdir.
XX
yüzilin milli ədəbi mühitini bir çox istiqamətdən
araşdıran bu əsərin bədii sözdə romantizm mərhələsi
və onun ədəbi-estetik prinsipləri ətrafındakı
tədqiqatları da maraq doğurur. Bu yerdə müəllif
romantizmin təkcə ortada olan ədəbi faktlarını konkret
analiz etməklə kifayətlənmir, həm də bu cərəyanın
nəzəri tərəflərini, milli faktlar zəminindən
çıxış edərək onun ədəbi, estetik
prinsiplərinin nəzəri aspektlərini təhlilə cəlb
etmişdir. Burada romantizm kimi mürəkkəb bir cərəyanın
özündə ehtiva etdiyi milli şüur, ictimai və milli
azadlıq, türkçülük, dil, vətənçilik
kimi fundamental problemlər barədə xeyli nəzəri və
praktik faktlar özünü göstərir. Müəllif bəzi
nöqtələrdə romantizmin ümumi poetikasını
izah edir və konkret olaraq bu cərəyanın milli faktlarından
çıxış edərək belə bir doğru nəticəyə
gəlir: “Azərbaycan romantizminin poetikası zəngin və
çoxçeşidlidir; burada folklor süjetlərindən
tutmuş ən müxtəlif özünəməxsus
mövzular (tarixi, müasir), gözəlliyə münasibət,
insanın daxili aləmi, irreal aləm, azadlıq və
mübarizə, iblislik, platonik məhəbbət, vətən
məhəbbəti, Şərq-Qərb qarşıdurması
və qarşılaşdırılması və s. kimi
komponentlər başlıca yer tutur”.
Kitabın
maraqlı cəhətlərindən biri müəllifin nəzəri
məsələlərə yanaşma üsuludur. Bu mənada,
məsələn, Azərbaycan ədəbi mühitinin klassik
romantizm cərəyanından tənqidi realizm mərhələsinə
keçid anı və bu məqamın nəzəri aspektləri
məntiqi ardıcıllığı baxımından
doğru qəbul edilməlidir.
Əsərdə
milli ədəbi mühitimizin tədqiq olunan dövründəki
maarifçilik hərəkatı və maarifçi realist ədəbiyyat
barədə xeyli informasiya var. Müəllif belə bir elmi məsələni
dövriyyəyə gətirir ki, “metod və konsepsiyasından
asılı olmayaraq dövrün bütün yazarları həm də bir maarifçi ideoloq
kimi çıxış etmək missiyasını öz
üzərinə götürmüşdü”. Hətta müəllifə
görə romantiklər də, tənqidi realistlər də
maarifçi realizmin “şinel”indən
çıxmışlar. Biz də bunu qəti həqiqət
hesab edirik. Ona görə ki, qeyd olunan cərəyanlardan əvvəl
Azərbaycanda maarifçilik ədəbi hərəkatı və
maarifçi realist ədəbiyyat ortada olmuşdur. Sonradan digər
cərəyanlara mənsub ədəbi nümayəndələrin
hamısında maarifçilik xəttinin aydın konturları
görünməkdədir.
Əsərdə
diqqət yetirilən əsas obyektlərdən biri Cümhuriyyət
ədəbiyyatı və bu ədəbiyyatın
ideallarını təşkil edən milli istiqlal məfkurəsinin
təşəkkülü məsələsidir. Müəllif
belə bir doğru qənaətə gəlir ki, XX yüzilin əvvəllərinin
istiqlal düşüncəsi milli bədii düşüncənin
uzun müddətli ideyalarının nəticəsidir. Belə
ki, Azərbaycan Xalq Cümhuriyyəti bir tarixi, siyasi, ideoloji
fakt olaraq yalnız dövrünün tarixi şəraitinin məhsulu
olmayıb, həmin illər boyu milli-siyasi, ədəbi, fəlsəfi
düşüncənin nəticəsi olaraq meydana gəlib.
Milli
dövlətçilik ideyasının tarixi o qədər
uzağa getməsə də milli dövlətçiliyi,
müstəqillik ideyalarını şərtləndirən
milli mənlik şüurunun yaranmasının aspektləri məhz
bədii düşüncəyə söykənir. Yəni
milli, etnik mənlik şüuru, əvvəlcə bədii,
sonra isə ictimai-siyasi təfəkkürdə təşəkkül
tapır. Azərbaycan milli təfəkkürü
üçün dəqiq fikirdir və bu fikrin elmiliyi heç
bir şübhə doğurmur. Bu fikri daha da dəqiqləşdirmək
üçün müəllif o dövrün ədəbi
faktlarını - poeziya və nəsri, xeyli dərəcədə
publisistikanı təhlilə cəlb etmişdir.
Kitabda
postcümhuriyyət ədəbiyyatı və onun xarakteri,
proletar ədəbiyyatının sırf ideoloji mahiyyəti
açılır.
Bu ciddi məsələlər
ictimai-siyasi proseslərlə bağlı təhlil edilir və
bütün anlarda tarixi şərait
ədəbi proseslə birgə götürülür.
Həm də bu dövrü əhatə edən poeziya, bədii
nəsr, dramaturgiya ayrı-ayrı bölmələrdə təhlil
edilsə də, bu ədəbi
növlərin birinin digəri ilə
bağlılığını şərtləndirən
faktorlar ətrafında geniş söhbət aparılır.
Məlumdur
ki, 1930-cu illər - siyasi-ictimai repressiyalar dövründəki
ədəbi proses öz xarakteri, düşdüyü tarixi
şərait, senzura qadağaları, sənətin ideologiya
maşınına çevrilməsi faktları bugünkü
təhlillərin özündə də xeyli mübahisəli
məqamlarla üzləşməkdədir. Əlbəttə,
bu mübahisələrdə dəmir senzura, repressiya prosesi ətrafındakı
fikirlər birmənalıdır. Lakin ədəbi mühitin
özünün də bəzi məqamlarda
bağışlanmaz günahları var ki, bugünkü gənc
nəslə bütün bunlar obyektiv
çatdırılmalıdır. B.Əhmədov öz təhlil
və araşdırmalarında bu istiqamətdən
çıxış etməyi vacib saymışdır. Müəllifin
fikrincə, bütün çətinliklərə, senzura hədələrinə,
satqınlıq və xəyanətlərə baxmayaraq, həmin
dövrün poeziyasında bədii sözün böyük
inkişaf mərhələsi hiss olunmaqdadır. Bu sırada
yeni üslub istiqamətləri, sərbəst şeirin tam
formalaşması və özündən sonra ədəbi məktəb
səviyyəsinə yüksəlməsi, poeziyada epik
janrların işləklik dərəcəsi, nəsrdə bədii
gerçəkliyin ifadəsi, bu növdə epik janrlara yeni
meyl, dramaturgiyada sənətkarın müasirliyə və
tarixə yeni baxış bucağı və s. məsələlər
öz əksini tapmışdır. Bütün bunların
sonunda isə müəllif ədəbiyyat və repressiya, bu
repressiyanın genezisi, dövlət səviyyəsində bəhanələr
sistemi ilə bağlı tədqiqatlarını, elmi
düşüncələrini ortaya qoyur. Və belə bir dəqiq
nəticəyə gəlir ki, “repressiya - bir fərdin digərinə
qarşı törətdiyi lokal hadisə deyil. Sovet dövlət
aparatı tərəfindən törədilmiş ictimai-siyasi
məzmunlu, kütləvi hadisədir”. Və belə bir qənaət
də doğrudur ki, Azərbaycan ictimai mühitində
repressiyaya ən çox məruz qalan zümrənin məhz ədəbiyyat
adamlarının olması azadlıq ideyalarının daha
çox məhz milli bədii söz sahiblərimizdən
keçməsi ilə bağlıdır.
1930-cu illərin
ağır repressiya dövrünün sonralar az-çox səngiməsi,
müharibə şəraitinin yeni diqtələri ədəbiyyatımızın
bütün sahələrində yeni yüksəliş
aktları ilə özünü göstərir ki, müəllif
bu dövrün əlamətlərini kitabdakı “Sosrealizmin təşəkkülü
və yeni meyllərin təzahürü” adlanan V fəsildə
tədqiq etmişdir. Və nəhayət, böyük həcmli
bu əsər altmışıncı illərin ədəbi
prosesi və onun genezisinin aydın təhlilləri ilə
yekunlaşır.
Əsərin
müəllifi 1960-80-ci illər Azərbaycan ədəbiyyatını
yeni bir mərhələ kimi səciyyələndirir. Ancaq onu
da əlavə etmək olar ki, 60-cı illərdən
başlayan yeni ədəbi mərhələ təkcə Azərbaycan
ədəbiyyatı üçün deyil, bütövlükdə
o dövrün Sovet ədəbi mühiti üçün
xarakterik oldu. Kommunist Partiyasının 1956-cı il XX
qurultayı, bu qurultayda Stalinin şəxsiyyətinə pərəstişin
Baş katibin məruzəsində rəsmi ifşası Sovet
rejiminin, senzuranın qismən yumşalmasına, ölkədə
demokratik meyllərin hiss olunmasına şərait yaratdı.
Doğrudur, bu yumşalmaya aparan yolda “N.Xruşşovun
uçurumu iki addıma tullanmağı” (F.Burlatski) əsaslı
islahatları yarımçıq qoysa da, hər halda Rusiyada
Tvardovskini, V.Şukşini, Y.Trifonovu, V.Astafyevi...,
Gürcüstanda N.Dumbadzeni, Moldaviyada İ.Drutseni, Orta Asiyada
bir çox ustad yazıçıları ortaya çıxardı.
Azərbaycan
ədəbi mühitində İ.Hüseynov, Anar, Elçin,
İ.Məlikzadə, S.Əhmədov
kimi yazıçılar yeni ədəbi meydana
atıldılar. Və çox qəribədir ki, rus ədəbiyyatı
tarixində 1760-cılar və 1860-cılar adlandırılan nəsillər
də olub. 1960-cı illərin ədəbi qüvvələri
də “şestidesyatniki - altmışıncılar” epiteti
qazandılar və ədəbi mühitdə öz
üslublarını, öz dəsti-xətlərini
yaratdılar. “XX yüzil Azərbaycan ədəbiyyatı”nın
müəllifi bu yeni mərhələnin obyektiv və subyektiv
amillərini açmaqla, ən azı, yeni xatırlatmaları
ilə xeyli iş görmüşdür.
Müəllif
doğru olaraq, hətta bu mərhələni sosrealizmin tənəzzülünün
başlanğıcı kimi qiymətləndirir. Bu
dövrün ədəbi mühiti əsərdə belə səciyyələndirilir:
“Gənc yazıçı və şairlərin
Yazıçılar İttifaqı sıralarına qəbul
edilməsi bədii düşüncənin intellektual səviyyəsini
artırmaqla yanaşı, fərdi üslubların
formalaşmasına da şərait yaradırdı. Əvvəlki
illərdən fərqli olaraq Azərbaycan ədəbiyyatının
bu mərhələsində sənətkardan sistemə sədaqətlilikdən
(əlbəttə, bu cür istisnalar da yox deyildi!) daha
çox bədii sənətkarlıq məsələlərinə
diqqət yetirilirdi. Bir-birini ittiham edərək partiya və
Sovet hökumətinə sədaqətini nümayiş etdirən
və partiya iclaslarından heç nə ilə fərqlənməyən
yığıncaqları, bir qədər yumşaq və
müzakirə atmosferində keçən
yaradıcılıq müşavirələri əvəz
etmişdi. Tam və bütöv şəkildə sənətkar
azadlığı olmasa da, sənətkarın
istedadının hüdudları daxilində fərdi
yaradıcılıq məsələlərinə önəm
verilirdi. Kütləvi üslub, kütlənin təsviri
öz yerini fərdi üsluba və fərdlərin taleyinin təsvirinə
verirdi. İnsan xarakterlərinin yaradılmasında və təsvirində
ştampçılığın azalması ilə
yanaşı, yeni baxış bucağı da formalaşmaqda
idi. Ədəbiyyatın müxtəlif janrlarında
dekorativlikdən, deklorativlikdən təbiət və insan
hadisələrinin, təbii duyğuların təsvirinə
keçid yeni bədii üslubların və
yaradıcılıq yollarının müəyyənləşməsini
şərtləndirirdi”.
Müəllif,
haqlı olaraq, bu dövrün yeni üslub və tematika
çalarlarının yaranmasında ənənə və
müasirliyin vəhdətini birgə şəkildə elmi
araşdırmaya gətirir.
Burada
altmışıncıların nəsr
yaradıcılığı, yeni mövzu
axtarışları, dramaturgiyanın yaradıcılıq
istiqamətləri, poeziyanın inkişaf mərhələsi,
ədəbiyyatda bir sıra yeni yaradıcılıq
axtarışları müəllifin təhlil
bacarığı ilə oxucuya çatdırılır.
Azərbaycan ədəbiyyatının bir əsrlik mürəkkəb dövrünün elmi tədqiqini və təhlilini özündə əks etdirən 35 çap vərəqi həcmində bu əsər AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə çap olunub. Elə bu yerdəcə bir daha qeyd etmək istərdik ki, institutun elmi potensialının son dövrlərdə daha geniş axtarışlara girişməsi bu tipli fundamental tədqiqat nümunələrinin meydana çıxmasını şərtləndirməyə başlamışdır. Ədəbiyyat İnstitutunda yaranmış fəal iş atmosferi hər kəsin elmi işə münasibətində özünü göstərir. Digər tərəfdən Ədəbiyyat İnstitutunda ərsəyə gələn əsərlərin elmi redaktorları, rəyçiləri obyektiv olaraq, həmin sahəni mükəmməl bilən alimlər olurlar. Professor Bədirxan Əhmədovun haqqında bəhs etdiyimiz kitabın elmi redaktoru vəzifəsini XIX və XX əsr Azərbaycan ədəbi mühitinin bir sıra mərhələ və aspektlərini ciddi tədqiqatlar süzgəcindən keçirmiş akademik İsa Həbibbəyli öz üzərinə götürmüşdür.
Kitabın rəyçiləri - AMEA-nın müxbir üzvü, professor Muxtar İmanovu və filologiya üzrə elmlər doktoru, professor Tehran Mustafayevi nəinki elmi ictimaiyyət, bütövlükdə Azərbaycan ədəbi-ictimai mühiti istedadlı alimlər kimi yaxından tanıyır. Bizcə “XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər” kimi fundamental bir əsər təkcə onun müəllifinin - professor, istedadlı ədəbiyyatşünas alim Bədirxan Əhmədovun deyil, bütövlükdə Nizami adına Ədəbiyyat İnstitutunun uğuru kimi qiymətləndirilməlidir.
Şamil VƏLİYEV
filologiya üzrə
elmlər doktoru, professor
Cahangir MƏMMƏDLİ
filologiya üzrə
elmlər doktoru, professor
525-ci qəzet.- 2015.- 18 aprel.- S.24-25