Ağdamın ağ səsi
(konsonans)
Qarabağın yanında Azərbaycanın
dilinin qısa olduğunu - əlbəttə,
hələlik qısa
olduğunu - Qulusuz da bilirdim. Qulusuz burasını
da bilirdim ki, can Azərbaycandan bu qədər arazbarı uzaqlarda, Sınıq körpünün
bəri üzündə,
Əyriqarın ətəklərinə
yaxın Azərbaycanın
yanında dilim qosqoca qısadır; Ağdama görə, Qarabağa görə.
Əlbəttə, bir ağdamlı
olaraq Qulunun dili Azərbaycanın yanında mənim dilimin can Azərbaycanın
yanındakı qısalığından
daha qısa olmalıdı. Amma mən Arazdan, Ağdamdan, Şuşadan bu qədər uzaqlarda Allaha təvəkkül çox
ismarladım, çox
da ümid bağladım ki, Qulunun dili mənimkindən
daha uzun olsun; çünki o, Ağsəs olaraq, Səsin qırx doqquz rənginin külli-ixtiyar sahibi kimi, arada-sırada Van Qoq, Nabokov, Ferens List, Rembo misallı, sinesteziyaya - qamma və palitraların çulğaşmasına - bələd
yaşayır. Çünki o, indi dərdin qaraltdığı qara damdan - Ağdamdan, ata ocağından çıxalı neçə
ağsəs əsr, neçə də əsrə bərabər gün keçir... bir Allah bilir. Çünki o, təkcə
dünyaya “xoş gördük” dediyi Ağdamın deyil, həm də Şuşanın, həm də Borçalının,
həm də Zəncanın və Ərzincanın, üstəlik,
Naxçıvan və
Başkeçid Əyriqarının
ağ səsidir; üşüdüyünü görəndə
özünü yandıra
bilən vaqifanə söz adamlarındandır.
And olsun qələmə
və yazılanlara!..
...Qış günü soyuqdan ölən ağacın
yasına mart ayı
yarpaq yazdırıb -
bu misralar da Qulu Ağsəsindir.
Sınıq körpünün bəri üzündə mən bu misraları
oxumaya-oxumaya bu misraların mirvari tozuna bənzəyən tozunun hopduğu yarıalmatək oxşar
- əlbəttə, indi
xarı bülbüllü
xaralda saralmaqda olan Ağdam almalarıtək oxşar
- üçbəndli ucqar
şeir yazmışdım.
Bizdə “Göyrüşlü
qaya” deyilən bir yer var,
Qulunun misralarını
görəntək, bax
həmin o “Göyrüşlü
qaya” deyilən yerdə o şeiri elə bil fikrimi
bilib “dizlərinə döyən” torpağa tapşırdım. Axı mən
də, Qulu Ağsəs demiş, dünya ədəbiyyatında
yox, ədəbiyyat dünyasında olan “Füzuli qırıqları”ndanam
(ifadə Əjdər
Olundur).
...Fin alimlərinin dünənki
iddialarına görə,
yüz yaşamağın
sirri adamın özü qədər, həm də onun doğulduğu vaxtda ölkədəki vəziyyətin necə olmağından asılı
imiş. Amma bir qədər qəribə olsa da, sən demə,
əgər ölkədə
vəziyyət ağır,
məşəqqətlərlə dolu imişsə, ümidlər işğal
altında “inşa” olunurmuşsa, zəmanə
uşaqlarının uzun
yaşama şansları
da bir o qədər artıq görükürmüş. Bu pürxümar “fin paradoksu”nun
işğal altında
olan Ağdama, işğal illərinin uşağı olan şair Qulu Ağsəsə nə qədər dəxli var bilmirəm. Və Qulu Ağsəsin
öz kitabının
cəmi-cümlətanı 250 nüsxəlik tirajı ilə 25, yoxsa 250 il yaşayacağını
da deyə bilmərəm; amma əminəm ki, bu 25, ya da
250 il dünya illəri ilə deyil, Axirət illəri ilə hesablanacaq, inşallah! Əgər bunu sizə Borçalı Süsən-Sünbülünün
Mirzə Halaypozan Xanəxərabı desəydi
inanmazdınız. Amma
bunu sizə düzilqarlı Əyriqarın
İbrahimxəlili (ah, az tapılan təvazökarlıq, təvazökarlıq)
deyir...
Bu yazıda mənim, bəlkə də eynən imam Səccadsayağı
(ə), Quludan bir sözümün canı hopmuş üzrxahlığım
var. İmam Səccad
(ə) deyirdi: “Kimsə
sənin sağ tərəfində səni
söyüb sonra da sol tərəfinə keçib üzr istəsə, üzrxahlığını
qəbul et”!
İndi mənim arada-sırada Qulu Ağsəsin - həm də “Ulduz” jurnalının redaktoru olaraq - sağ tərəfindən
sol tərəfinə və
ya əksinə keçənlərlə heç
bir haqq-hesabım yoxdur. Sadəcə olaraq mənim
üzrxahlığımın təbərrük tarixçəsi
həzih-füzun günlərin
birində Qulu Ağsəslə bərabər
Kövsər hovuzunun kənarında Şekspirsayağı
gəzinmək səbəbi
qədərdir. Müxtəsəri...
...Ötən ilki “Ən yaxşı şeir - 2014” müsabiqəsinin
qalibi olaraq Yazıçılar Birliyinin
Natəvan klubunda sözü mənə verdilər. Amma mən qalib
seçilmiş “Ümid”imi
oxumadım. Çünki
“Ümid”də:
...axşam-axşam ulduz altda duza batırıb,
adam hərdən ümidini çörəksiz
yeyir -
misraları da vardı. Bu depressiyalı misralar da daxil olmaqla bu qəbil şeirləri və misilləmə mətnləri oxumağıma psixoloq Qia Natriaşvili yasaq qoyub; düz iki il yarımdır ki davam edən qadağa bu ilin aprel ayının 27-də başa çatır inşallah! Natəvan klubunda kimə deyəydim ki, mənə şeir oxumaq olmaz! İnanan daşa dönməzdimi? Biabırçılıq deməzdilərmi? Unudulmaz Ağabəy Sultanov da xeyli vaxtdır haqqa qovuşub; heç olmasa ona zəng çalıb inanardılar. Akustikofobiya ilə loqofobiyaya “yaxın qohum” diaqnoz olsaydı yenə dərd yarıdı... Əlbəttə, bunun üçün heç Freydin psixoanalizinə də müraciət etməyə gərək yoxdur. Baxmayaraq ki, Qulu Ağsəs kimi vaqifanə söz adamları öz indi hərdən-birdən az tapılan ədəbi-psixoloji yazıları ilə “intellekti deyil, yaşantını anlatmağa”, daha dərinliklərə nüfuz etməyə cəhd edirlər. Buna nail olurlar da! Bir qalır psixoanalizdən artıq Qulu Ağsəsə ehtiyacı olan, hələlik şüşələr üstündə yeriyən Şuşa, Ağdam... “Vətən yolu ayaqlarını üzən” Ağsəs qardaşım onlara da qovuşar...
...Amma orda ayla, illə, burda müxtəsər dillə harda qaldım, hə, açığı, indi yolları su yolu olan Bakıya bu dəfə yazıçı dostum Əlabbasın təkidi ilə gəlmişdim. “Gəl, həm də ucqar havanı paytaxt havasına qatıb təzələyərsən” - demişdi Əlabbas.
Mənim “qəm yükü götürən karvan”ımın olmadığını birinci Qulu gördü və “Ümid”i də elə o oxudu. Ağdamın Ağsəsi! Allah razı olsun! Sınıq körpünü sınmasın deyə usdufca adlayan qələm qardaşının üzrxahlığını qəbul etməyə arazbarı hazır olan Qulu Ağsəs. Axı mən ona heç nə deməmişdim, Göyçəgülü pıçıldamamışdım... Yoxsa bəsirət gözü elə bu olan şeydimi? Allahı and şeirinə çevirmək olmaz. Bəs onda sizi necə, hansı andla inandırım?
P. S.
Evdə hər an sakitliyimi saxlamağa çalışan qız nəvəmə - Elida “padşah”a - Qulu Ağsəs babasının bir müsahibəsindən sitat oxuyuram: “Qızım deyir evdə qoymursan danışmağa”. Və nəvəm bilir ki, mən də hər səsi götürmürəm, amma Qulu Ağsəsin səsi mənə həmişə doğmadır; hətta bir növ ən güclü antidepressiantsayağı; məsələn, stimulaton qədər... Üstəlik, onun hələ “Hər yer sənsən” adlı kitabını oxuyandan sonra - avazsız və ifadəli oxuyandan sonra - elə bildim can Azərbaycanın paytaxtı sabahdan Ağdama köçür...
Anamın arazbarı zümzümə elədiyi bir bayatının ikicə şehli misrasını da bu yerdə Qulunun diqqətinə çatdırıram: “kəsilən söz ağacı”nın kökünə yetməkdə bir daha yardımçısı olar:
Ağdamın yastı yolu,
Namərdlər kəsdi yolu...
İBRAHİMXƏLİL
525-ci qəzet.- 2015.- 18 aprel.- S.21