Eşitdiyim və gördüyüm
Yaponiya...
Yol qeydləri
KİTAKYUŞU
- xoşbəxtliyi bölüşmək bizim yolumuzdur!
(əvvəli ötən şənbə
sayımızda)
“Bir sonsuz
kəmər kimi,
Qarlı
düzəngah boyu
Uzanır
çay, uzanır...”
Bantyo
Hər yeri yaşıllıqlara qərq
olmuş, saçaq-saçaq gülü, çiçəyi
göz qamaşdıran, gen-geniş küçələri adama
gəl-gəl deyən, iqtisadi cəhətdən çox
inkişaf etmiş Kitakyuşuda hər şeydən daha
çox diqqətimi cəlb edən, yaddaşıma həkk
olunan ingilisdilli “Aksiya” adlı şəhər qəzetinin
başlığındakı çağırış -
şüar oldu: “Ölkənin inkişafı
üçün xoşbəxtliyi bölüşmək bizim
yolumuzdur!”
Bu, əslində hər bir yaponun həyatının məqsədi
və amalıdır.
Yaponiyanın
Küsü adasında yerləşən müasir cənub şəhəri
Kitakyuşu Tokiodan sonra tanış olduğumuz beşinci
şəhər oldu. Paytaxtdan 900 km məsafədə yerləşən
şəhərə qeyd etdiyim kimi, Kiotodan sürət qatarı ilə gəldik. Bir
milyon nəfərə yaxın əhalisi olan bu şəhərin
təməli 1963-cü ildə qoyulub.
Beş
kiçik şəhərin birləşməsindən
yaranmış Kitakyuşu hazırda Küsü adasının sənaye
mərkəzi, həm də adanı Hansu adası ilə birləşdirən
əsas körpüdür.
İqtisadiyyatı - xüsusilə metallurgiya, naviqasiya
sistemləri, elm və texnologiya, bir də təkrar istehsaldan
ibarətdir.
Samurayların vətəni Kioto olsa da, Kitakyuşu da
samuraylar şəhəri sayılır. İti,
çox kəsici samuray qılıncları tarixən bu şəhərdə
hazırlanıb. Bu ənənə elə
indi də davam edir. Bir əsgəri
xidmət kimi Samuraylar XIX əsrdən tarix səhnəsindən
getsə də, o ənənəni yaşadan tək-tük cəngavər
üçün
samuray qılıncları hələ də bu
şəhərdə hazırlanır (şəhər
meriyasının məmurlarından biri bunu fərdi söhbətimiz
zamanı mənə təşəxxüslə söylədi).
Monqol
hökmdarı Xubilay xanın 1274-1281-ci illərdə
güclü ordu ilə yapon adalarına mərhələlərlə
bir neçə dəfə yürüşlər etdiyi tarixdən
də məlumdur.
Bu gün bir çox dillərdə elə ilkin
anlamında - cəsarət, qoçaqlıq, amalı
uğrunda qurban gedib ölmək mənasında işlənən
çox sayda sözlər vardır ki, kökü yaponlardan gəlmədir.
Elə “kamikadze” sözü kimi.
“Kamikadze” - dünyanın hər yerində, bütün
dillərdə öz adı ilə olduğu kimi
çağrılan bir sözüdür.
Şəraitdən məharətlə faydalanan Hüseyn
Mövsümov bu dəfə də, necə deyərlər,
geniş mütaliəyə malik olduğunu bir daha
nümayiş etdirdi. Xalq yazıçısı Anarın
“Gürcü familiyası” hekayəsini yada saldı. Bu hekayə əsasında çəkilmiş,
tamaşaçıların maraqla baxdığı “Gün
keçdi” filmini xatırlatdı. Bu filmdəki
epizodlardan birində İkinci Dünya müharibəsində düşmənlə tarana
gedən yapon təyyarəçilərindən bəhs edilir.
Bu təyyarəçi - kamikadzelər
ölümləri hesabına düşmən gəmilərini
məhv edirlər.
Mərdlik, qəhrəmanlıq bizim xalqımızın
da ruhundadır.
Məmləkətimizdə də zaman-zaman “bir
qaşıq qanından qorxmayıb” ölümün
gözünə dik baxan vətən qeyrətli igid ərənlərimiz
çox olub.
Bütün
bunları düşünə-düşünə
Kitakyuşuda kamikadze haqqında tarix səhifələrində
yazılanları xatırladım...
...Deyirlər,
Monqol xaqanı Xubilay xanın sarayına bir elçi gəlir.
Elçi söyləyir ki, açıq dənizdə
olan adalardan gəlmişdir. Həmin adalar
olduqca böyükdür.
Elçinin bu söhbətlərindən sonra Xubilay xan
adalara iki sərkərdə göndərir. Sərkərdələr
öz qoşunları ilə küknar ağacından düzəldilmiş
gəmilərə minərək adalara üzürlər.
Gəmilərin dalınca qayıqlar
şütüyür.
Səmt küləyi əsdiyindən gəmilər
rahatca sahilə çatır. Qoşun quruya
çıxır, sahilləri zəbt edib şəhərlərə
yaxınlaşırlar. Lakin bu zaman
xoşagəlməz bir hal baş verir. Sərkərdələr
bir-birinin paxıllığını çəkib
küsüşürlər.
Elə bu ərəfədə şimal küləyi əsib
“qan-qan” deməyə başlayır. Qoşun getmək məqamının
yetişdiyini düşünüb gəmilərə
doluşur. Qasırğa gəmiləri
qabağına qatıb sahillərə çırparaq
darmadağın edir. Bu yürüşdə
22 min monqol döyüşçüsünün okean
sularında batıb qərq olduğu deyilir.
Bu əhvalatı, Xubilay xanın gəmilərinin
Küsü adalarına gəlişini yapon təzkirəçiləri
də təsdiq edirlər. “Tufan qalxdı, monqol gəmilərinin
hamısı suda qərq oldu”. Yapon təzkirəçiləri
bu nicat tufanını “kamikadze”, yəni “Allahların
tufanı” adlandırır və bu söz bu gün də elə
öz anlamında işlənir - dibindən, kökündən məhv, tarmar edilib yox olmaq...
Monqolların
Yaponiyaya birinci yürüşünün ilk ünvanı
Küsü adalarına olmuş, bu məşhur
“qırğın”da adanı əhatə edən yapon dənizində baş vermiş, alt qatında bir qədər
də vahimə” gizlənən
“kamikadze” sözü də ilk dəfə bu gün qədəm
basdığımız bu ərazilərdə səslənmişdir.
lll
Ölkənin
bu cənub şəhərinə hündür nahar vaxtı,
saat 11 radələrində yetişdik və bütün
günü, nahar yeməyini çıxmaq şərti ilə,
demək olar ki, fasiləsiz çalışdıq.
Bizi dəmir yol vağzalında şəhər merinin
xarici əlaqələr şöbəsinin müdiri və bir
neçə digər rəsmi şəxslər
qarşıladı.
Yaponiyanın dörd “ağıllı şəhər”
adlanan layihəsi vardır. Onlardan biri də
Kitakyuşudur. “Ağıllı şəhər”
layihəsinin mahiyyəti yeni texnologiyaların tətbiqi, hədəfi
isə qənaət və sərfəlilikdir.
Elə
Küsü adasında yerləşən Kitakyuşu şəhərinə
səfərimizin məqsədi “Ağıllı şəhər”
layihəsi çərçivəsində ətraf mühitin
mühafizəsi, inkişafı və təhlükəsizlik
sahəsində əldə edilmiş təcrübəni
öyrənmək, regionlararası qarşılıqlı əlaqələr
qurmaq idi.
İlk tədbirimiz şəhər
meriyasında rəhbərliklə
görüşlə başladı. Görüşdə
merin müavini (Ezoe Haruyuki), şəhər planlaşdırma
və ətraf mühiti mühafizə baş idarələrinin
rəhbərləri,
bir neçə başqa məmur da iştirak edirdilər.
Mer Kenci Kitahaşi şəhərin
planlaşdırılması, ekoloji təmizlik infrastrukturunun təşkili
barədə əldə etdikləri təcrübədən
danışdı. Ölkəmizdən də söz
açdı. Dediklərindən məlum
olurdu ki, mer Azərbaycanda gedən sürətli inkişafdan xəbərdardır.
Həm də bu toplantıya önəm verərək
qabaqcadan xeyli bilgi də əldə edib. Hətta
ölkəmizin yerləşdiyi coğrafi mövqedən belə
məlumatlıdır.
Nümayəndə
heyətimizin rəhbəri Hüseyn Mövsümov ölkəmizin
öz dövlət müstəqilliyinə yenidən
qovuşmasından sonra sürətli iqtisadi yüksəlişini
şərtləndirən amillər sırasında “Bakı
ağ şəhər” layihəsindən də bəhs etdi. O,
bu səfərimizdə Yaponiyanın ən uzaq cənub hissəsində
yerləşən bir şəhəri proqramımıza daxil
edilməsinə təşəbbüsümüzü həm
də Kitakyuşunun bizim “Ağ şəhər”ə oxşar
dörd “Ağıllı şəhər” layihəsinin
iştirakçılarından biri olması və bu layihəyə ölkəmizdə
də maraq göstərildiyi ilə
izah etdi.
lll
Görüşdə
Bakının Xətai rayon icra hakimiyyətinin
başçısı Razim Məmmədov rəhbərlik
etdiyi rayonun tarixi, coğrafi mövqeyi, daxil olduğu Bakı
şəhərinin mədəni sosial həyatındakı
rolu və yeri, sosial-iqtisadi vəziyyəti haqqında əhatəli
və geniş məlumat verdi.
Abşeron yarımadasında Bakının 12 rayonundan
biri olan bu yaşayış məskəninin əsası
1904-cü ildə qoyulub. İlk vaxtlar buralar “Zavodski” adlanıb.
Rayonda Nobel qardaşlarının ev muzeyi
vardır. 1990-cı ildən rayon məmləkətimizdə
intişar tapmış Səfəvilər dövlətinin qurucusu Xətainin
adını daşıyır.
Razim
müəllim rəhbərlik etdiyi Xətai rayonunun da daxil
olduğu, dünyanın ilkin neft sənayesinin mərkəzlərindən
biri - paytaxtımız Bakı şəhəri, onun
keçmiş şöhrəti və bugünkü əzəməti
barədə də məlumat verdi.
İlk
neft hasilatının tarixi mirası və uzaq keçmişin
şəhərsalma ənənələrinin nümunəsi
olan “Qara şəhər” 19-cu əsrin sonunda, Bakının
şərq hissəsində binə
bağladığını, sonradan “qara qızılın”
emal olunması, saxlanılması və nəql edilməsi sahəsində
buraların şöhrətlənərək yüz ildən
artıq bir müddətdə neft sənayesində, onun
inkişafında mühüm rol oynadığından söz
açdı.
Prezident
İlham Əliyevin Sərəncamı ilə təsdiq
olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər
üçün Kompleks Tədbirlər planı” çərçivəsində
köhnəlmiş sənaye obyektlərinin şəhərin
hüdudlarından kənara çıxarılması,
çirklənmiş torpaqların təmizlənməsi və
sahilyanı bulvarın abadlaşdırılması işləri
həyata keçirilməsi barədə ətraflı söz
açdı.
İnşası
davam edən “Ağ şəhər” layihəsi paytaxtın mərkəzinin
şərq hissəsində, dinamik inkişafda olan şəhər
infrastrukturu ilə əhatə olunmuş 221 hektar ərazidə
yeni təyinatlı şəhər kimi canlanan və
investisiyalar üçün ən cəlbedici imkanlara malik
olan məkana çevrildiyindən də fakt və dəlillər
gətirdi.
Bu layihənin
reallaşdırılması ilə “Qara şəhər”in sənaye
siması keçmişdə qalacaq, öz yerini Ağ Şəhər
adlı harmoniya və rahatlıq məkanına verərək,
təkrarolunmaz cizgiləri ilə regionda lider olan Bakı şəhərinin
yeni müasir mərkəzinə çevriləcəyindən
şəstlə danışdı. Kitakyuşuli həmkarlarını
2015-ci ilin yayında ilk Avropa Olimpiya oyunlarına ev sahibliyi edəcək,
elə bu “gündoğar” ölkənin nəhəng şəhərləri
kimi qədimliyin və müasirliyin harmoniyasında
dünyanın bugünkü mənzərəsindən boy verən
vətənimizi görməyə, qonaq gəlməyə dəvət
elədi.
Razim müəllim Xətai rayonunun Türkiyənin və
Belarusun Lesno rayonları ilə
qardaşlaşdığını da qeyd etdi.
Razim Məmmədov
paytaxtın Xətai
rayonu ilə Yaponiyanın Kitakyuşu şəhəri
arasında qarşılıqlı əməkdaşlıq
haqqında imzalanması nəzərdə tutulan niyyət
protokolunun mətnini mer Kenci Kitahaşiyə təqdim etdi. Həmçinin
ölkəmizin mədəni-tarixi həyatını
özündə əks etdirən hədiyyələrlə bərabər
Ağ şəhər layihəsinin eskizini, rayondakı
Xocalı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” və digər məlumat
xarakterli nəşr nümunələrini, albom və bukletləri
təqdim etdi.
Oxşar
layihələr, “Qara şəhər”in Ağ şəhərə
çevrilməsi” ideyası və onun belə sürətlə
reallaşdırılması barədə söylənən
faktlar ev sahiblərinin heyrətinə səbəb
olmuşdu.
“ECO” şəhər layihəsi ilə
tanışlıq da bu günün tədbirlərinə daxil
idi.
Nakometo Narumi tədbirdə birinci çıxış
etdi. O: “Bilirəm
ki, şəhərsalma texnologiyası və şəhər ilə
tanışlıqda maraqlanırsınız”, - deyə
sözünə belə başladı.
Ətraf mühitlə bağlı yaxşı təcrübələri
olduğunu, otuz ildir beynəlxalq ətraf mühitin mühafizəsi
komitəsi ilə əməkdaşlıq etdiklərini
söylədi.
3 il əvvəl yaşıllığa
görə ölkələrinin dünyada lider olan 4 dövlətdən
biri olduqlarını bildirdi.
Yaponlar bütün tədbirlərdə təqdim olan məlumatlara
diqqətlə qulaq asırdılar. Bu toplantıda
qarşı tərəfin onların təqdim etdikləri layihələr
çox maraqlı idi və bizim də diqqətimizə səbəb
oldu. Elə bu tədbirlərdə onu da
öyrəndik ki, indiyədək 3 azərbaycanlı gənc
mütəxəssis bu şəhərdə təcrübə
keçib.
Suatokomenite-ekoloji proyekt mərkəzində də olduq.
Bu gün təcrübəsi ilə tanış
olmaq istədiyimiz şəhər ötən əsrin
60-cı illərində ölkənin ən çirkli şəhəri
olub. Son 50 ildə isə o qədər
inkişaf edib ki, dünyanın 4-cü yaşıl şəhərinə
çevrilib. Kitakyuşunin indi
dünyanın ən təmiz 4 şəhərindən biri
olması təbii ki, sakinləri üçün
qürurverici idi. Bunu biz demək olar ki, hər
addımda hiss edirdik.
Şəhər meriyasının “Ağıllı şəhər”
layihəsi mərkəzində seminar keçirildi. Burada yeni
qurulan şəhərlərin ekologiyası layihələrindən
söhbət açıldı.
Və bu tədbirdə, açığı seminar
yorucu da olsa dörd məruzə dinlədik.
lll
“Yahata
Royal Hotel”inin sonuncu mərtəbəsində, demək olar ki,
bütöv şəhəri qucağına alan
ətrafdakı gözəllikləri ilə baxanı heyrətləndirən
açıq yaylada yerləşən otelin Chet Lusas
restoranında nahar elədik. Naharda meriyanın 3
nümayəndəsi də bizimlə oturmuşdu. Naharı isə biz verirdik. O üç nəfər
də öz evlərində, necə deyərlər, bizim
hesabımıza o ki var yeyib-içdilər.
Burada fəhlələrin orta aylıq qazancı 3800
dollar, müəssisələrdən təqaüdə
çıxanların alacaqları isə ayda 2000 dollardır. Məmurlardan
bunları öyrənə bildik, öz alacaqları barədə
isə sorğumuzu qulaqardına vurdular. Təkrar
soruşmağın isə bu xalq üçün qəbuledilməz
olduğunu bilirdik...
Şəhərdə
həyata keçirilən hidrogen şəhərciyi layihəsi
ilə də yerində, müəssisədə tanış olduq. Hidrogenlə işləyən
(su ilə) və bu il satışa
çıxarılacaq (yəqin ki, artıq
çıxarılıb) avtomobillə və motosiklə
baxdıq. Hidrogenlə işləyən soyuducu nümayiş
üçün müəssisənin giriş qapısının ağzında qoyulmuşdu, hətta avtomaşını işə
salmağa da, necə deyərlər qızırqanmadılar.
Elxan
Usubov (Şəki) hidrogenlə işləyən
maşını işə saldı, yanında sərnişin
yerində oturan Şahin Məmmədovun (Ağcabədi) təklifi
ilə hətta o maşını beş-on metr irəli-geri
sürüb “keyfiyyətinə” də bələd oldu. Səfər yoldaşlarımın bu yeni icad edilən
hidrogenlə işləyən maşının yan-yörəsinə
fırlanıb ora-burasına xeyli baxdılar. Mənsə elə motosikletin yanında durdum, oradan
uzağa getmədim.
Yaponiyada, ümumiyyətlə, heç nə
atılmır.
Burada tullantılardan məqsədyönlü, səmərəli
istifadə olunur. Onlar təkrar emal edilir və
emal edilmiş məhsuldan müxtəlif məmulatlar
hazırlanır.
Belə bir müəssisədə də olduq. Zibillənmiş
ərazilərə tullanmış plastik kütlədən
yığılaraq yenidən emal edilmiş məmulatdan
hazırlanan rəngbərəng qalstuklar da çox
xoşumuza gəldi.
O üz,
bu üzünə diqqətlə baxdığımız bu
qalstukları sonra bizdən geri aldılar. Deyəsən,
heyranlığımızı duymuşdular. Bəlkə
də elə buna görə də: -”İstəsəniz pulunu
verib ala bilərsiniz” deyə canıyananlıqla bir təklif də
etdilər. Bizə öz pulumuzla ala biləcəyimiz
bu qalstuklardan iki qəşənginisə nədənsə
Razim müəllimə müftə-məsəlləm hədiyyə
etdilər. (Hələ belə əhvalatlarla
bağlı sözümün ardı da var...)
Bəli, beləcə Razim müəllim bugünkü
bütün görüşlərdə öz aktivliyini qoruyub
saxladı.
Zibillənmiş ərazilər tullanmış plastik kütlədən
yığılaraq
yenidən emal edilmiş məmulatdan hazırlanan rəngbərəng
qalstuklar da çox xoşumuza gəldi.
Bu şəhərdə istifadə edilmiş köhnə
maşınlar sökülür, əridilir və yenidən
yığılır. Biz o zavodda da olduq və
görüşüb ayrılarkən Yoşhiro Muto
Meriyanın ətraf mühiti mühafizə idarəsinin
müdiri bizi zavodun həyətindən yola saldı.
lll
Kitakyuşu hidrogen şəhərciyi hidrogen
ehtiyatları üzrə tədqiqat assosiasiyasının birgə
layihəsi əsasında borular vasitəsilə hidrogen
istehsalından faydalanan cəmiyyət modeli adlandırılıb. Stansiyada
hidrogen birbaşa borular vasitəsilə
ötürülür. Bu, Yaponiyada ilk,
dünyada isə üçüncü stansiyadır. Stansiya 2009-cu ilin sentyabrından işə
başlamışdır. Fukuoka profekturası tərəfindən
maliyyələşdirilən bu stansiya Şərqin
yanacaq bazası hesab edilir. Bu şəhərcik
hidrogen məhsullarını yerli zavodlardan alır və bu
enerjidən mülki, ticarət və ictimai binalarda istifadə
edilir. Bu, dünyanın ilk hidrogen enerji
stansiyasıdır. Və tam gücü ilə
fəaliyyətini davam etdirir.
Hidrogen
istehsalı ilə məşğul olan müəssisə gələn
ildən hidrogenlə işləyən maşınları,
motosiklləri və həm də elektrik
qızdırıcı sistemləri satışa
çıxaracaqdırlar.. Maşındakı
mühərrik 3 hissədən ibarətdir. Ümumi çəkisi 10 kq-dır, bakın
özü isə ağırdır.
lll
Günün
daha bir tədbiri avtomobil tullantıları zavodunun iş
prosesi ilə tanışlıq oldu.
Kitakyuşudakı təkrar emal müəssisəsində
də olduq. Bu müəssisə 1901-ci ildən fəaliyyət
göstərir. 2000 işçisi
vardır. Müəssisənin utilizasiya mərkəzində
köhnə maşınları qəbul edib təzələri
istehsal edilir.
İş prosesini seyr etdik. Burada xırda bir
qüsuru və ya hansısa bir hissəsi harasa azacıq
toxunmuş maşınlar toplanıb. Müəssisədə
belə maşınlar lap çox idi. Aydın oldu ki, təzə,
lakin müəyyən hissəsi zədələnmiş maşınların gərəkli
yerləri - qapıları, qolçaqları (krilo), kapotu və
s. ehtiyat hissələri, motoru, radiatoru, qutusu və s.
götürülür. Silinib salafan torbalarla
üzlənir və müştərilərə,
satışa təqdim olunur. Ehtiyat hissələr
də eləcə. Maşının qalan
hissələri isə xüsusi qurğularla preslənib təkrar
emal kimi əridilərək istifadə üçün emal
müəssisəsinə göndərilir.
Bu yaponların işi müsibətdi, vallah. Bu yazıqlar qanı qiymətinə
bizim aldığımız və ya arzu edib ala bilmədiyimiz
o maşınları azacıq əzəndə, bir yeri
cüzi sürtüləndə, ya da hansısa mühərriki
xarab olanda 400-500 dollar pul verib metalloma göndərirlər...
Yoldaşlarımızdan Ağcabədi rayon icra hakimiyyətinin
başçısının “köhnə ehtiyat hissələri
ilə yenisi arasında satışa çıxarılarkən
qiymət fərqi olurmu” sualı belə
cavablandırıldı ki, bəli, 50 faiz fərq olur.
Eləcə də digər bir sual - “əzilmiş
qapı, damı əzilən yerləri bərpa olunan
maşınları birbaşa ölkəmizdən olan
müştəriləri varmı” sualına yenə şirkətin
nümayəndəsi çox fikirləşmədən “bəzən
razılaşma yolu ilə belə maşınlar da
satılır” - deyə cavablandırıldı.
Düşündüm ki, bu işlənmiş,
sökülüb yenidən qablaşdırılan o ehtiyat
avadanlıqlar da, xırda bir hissəsi əzilib yenidən bərpa
olunub satılan maşınlar da elə bizim
malımızdır. İşbazlarımızın
maşın bazarlarında satdıqları
maşınların çoxu oralardan gəlir.
Qeyd: Belə
bir zavodu Almaniyada da görmüşəm. Yəqin elə Koreyada
da olar...
lll
Gündoğar ölkənin Küsü adasındakı
uzaq cənub şəhərindən paytaxt Tokioya bütün
səfər yoldaşlarının ürəyindən qatarla
dönmək keçsə də, əvvəlcədən nəzərdə
tutulmuş proqram üzrə təyyarə ilə
qayıdacağıq.
Proqram tərtibatçıları
bu arzumuzu nəzərə almaq istəsələr də,
qatarların hərəkət qrafiki ilə bizim iş
qrafikimiz arasında zaman, vaxt baxımından uzun bir “pəncərə”
yarandığından reallaşdırılması
mümkün olmadı.
Maraqlı coğrafi relyefdə yerləşməsi
baxımından elə 2006-cı ildə istifadəyə verilmiş
Kitakyuşu hava limanından yola düşmək də
maraqlı olacaq.
Kitakyuşu hava limanı dəniz suları qurudularaq
salınmış süni adada inşa edilmişdir. Hava
limanını şəhərlə uzun bir məsafədən
okean sularının üzəri ilə birləşdirən
körpünü adlayaraq uçuş meydanına gəldik.
Hava limanı şəhərdən xeyli
aralıdadır. Hava alanının
okeanın qoynunda, süni ada salınaraq tikilməsinin bir səbəbi
də təyyarələrin rahat enib-qalxması həm də
bir tərəfi dağlara söykənmiş şəhərin
başının üstündən çox vaxt asılı
qalan dumandan qaçmaq olub. Bu şəhər
də bizim cənub şəhəri, Talış
dağlarının belində qərar tutmuş Lerik kimi
dumanlı-çənlidir.
2006-cı ilin mart ayında şəhərdə istifadəyə
verilmiş bu müasir yeni hava limanı bütün
günü işləyir. Hava limanı tez-tez
şəhərin üstünü bürüyən dumandan və
nəhəng istehsal müəssisələrinin
hay-küyündən qorunmaq, təyyarələrin təhlükəsizlik
baxımından rahat enib-qalxmasını nəzərə
alaraq dənizdə süni yaradılan adada inşa edilib.
Hava limanından şəhərə metro, avtobus və
taksi ilə də gedib-gəlmək mümkündür.
Biz isə
neçə gündür dabanqırma ardımızca gəlib
yetişən tanış yapon
sürücümüzün idarə etdiyi, çöl
divarlarına Azərbaycan bayrağının təsviri nəqş
olunmuş avtobusla gəldik. Bu beynəlxalq hava
limanından paytaxt Tokio və Naqoya şəhərləri ilə
yanaşı Şanxaya da uçuşlar reallaşır.
Hazırda şəhərlə aeroport arasında
yüksək sürətli qatarların hərəkəti
üçün dəmiryolunun tikintisi gedir.
Kitakyuşuya şəhər dəmir yolunda iki nəhəng
tunel var. Onlardan biri - dünyada ən uzun, 990 metrlik tunel
haqqında bəhs etmişdim. Dünyada ən uzun -
990 metr uzunluğunda, 34 metr hündürlükdə olan asma
körpü haqqında da eləcə.
Səfərimizin sonuna doğru daha bir yol macərasını
Ksakyuşudan Tokioya uçan təyyarədə
yaşadıq.
Ancaq bu macəra o qədər də əyləncəli
deyildi. Düzdür, iş vahimələnməyə
gəlib çatmadı, lakin çata da bilərdi.
Yaponiyada ilin bütün fəsilləri öz
vaxtında, vədəsində gəlib-gedir. Musson
yağışlarının da daha çox
yağdığı yay fəsli, xüsusən iyun ayı
yağıntılı dövr sayılır. Səfərimizin birinci ongünlüyə təsadüf
etdiyi iyun ayında biz də bir neçə dəfə belə
yağışa düşdük. Kitakyuşudan
təyyarə ilə Tokioya uçanda şiddətli
yağış və şimşək çaxması
ucbatından təyyarəmiz nəzərdə tutulduğu
vaxtda yerə enə bilmədi, daha bir saat səmada, təyyarədə
dövrə vurası olduq.
Təyyarə bələdçiləri, uçuş
heyəti olduqca soyuqqanlı görünsələr də, əslində
bu o qədər də əyləncəli deyil, xətalı
bir macəra idi. Şiddətli yağış və
güclü şimşək çaxması səbəbindən
uçağımız yerə enə bilmirdi.
Hamı nə baş verdiyini bilsə də, kimsə
narahatlığını büruzə verib dilə gətirmək
istəmirdi.
Qəribədir. O anlarda, çox illər əvvəl
yazdığım bir şeirim yadıma
düşmüşdü və pıçıltıyla
özüm üçün oxuyurdum:
Əgər
cismim qismət olsa torpağa,
Apar, haqqım çatan yerdə dəfn elə.
Qürbət
eldə darıxaram, elimin
Yolu, izi
ötən yerdə dəfn elə...
Sevindik Hətəmovun
(Yardımlı), demə, diqqəti məndəymiş. Təyyarədən enəndən sonra küçədə
talvarın altında bizdəki kimi leysansayağı tökən
yağışdan daldalanaraq, bizi aparmağa gələn maşının
durduğumuz yerə yaxınlaşmasını gözləyirdik.
Sevindik
müəllim özünəməxsus ifadəli,
gülümsər çöhrəsinə bir az
da şuxluq qatıb:
-Təyyarədə
dodağının altında nəsə
pıçıldayırdın, elə bil dua edirdin? Bəlkə şeir oxuyurdun? - deyə
soruşdu və elə o təbəssümlə də
üzümə baxıb cavabımı gözlədi.
Mən
zarafatla:
- Kəlmeyi-şəhadət,
filan demirdim, düz tapmısız, həqiqətən,
şeir oxuyurdum, - dedim və həmin şeirin başqa bir bəndini
yoldaşlıqda, qarşılıqlı münasibət
saxlamaqda son dərəcə diqqətli və səmimi olan dostuma
ucadan oxudum.
Tikan olub
öz yurdumda bitim mən,
Əlim
çatsın, kol-kosunu tutum mən,
Qoyma
qürbət türbələrdə itim mən,
Doğmalarım yatan yerdə dəfn elə.
Sevindik müəllim indi bir qədər
qayğılanmışdı - yəni, bu, kəlmeyi-şəhadətdən
betər oldu ki.
- Elə
yerdə gərək bir qədər nikbin şeylər
haqqında düşünəsən, - dedi, sonra da əlavə
etdi. - Amma şeir əla şeirdir.
Bu, təyyarə macərasının, şükürlər ki, sonu salamatçılıqla başa çatdı və nədənsə bir neçə il bundan qabaq başıma gələn bir əhvalat yadıma düşdü.
...Bakı-Minvod reysi ilə uçan təyyarəyə minik vaxtında başladı. Sərnişinlər yerbəyer olandan sonra mühərrikləri çoxdan işə salınmış təyyarənin bələdçisi uçuşun komanda heyətini elan etdikdən sonra “kəmərlərinizi bağlayın” və s. təhlükəsizlik tədbirləri barədə məlumat verəndən sonra uçaq yerindən tərpəndi. Uçuş zolağına tərəf (havaya qalxmaq üçün) istiqamət götürdü. Əvvəlcə sürətlə, tədricən isə sürəti azaltmaqla hərəkət elədi. 15-20 dəqiqə ərzində beləcə yavaş-yavaş irəliləyən təyyarə uçuş zolağının start xəttinə az qalmış çevrə vuraraq dayanacaq tərəfə, geriyə dönüb dayandı. Hava alanının xüsusi geyimli xidmət heyəti sol qanadın altından təyyarəyə yaxınlaşdılar. Bələdçilər:
- Görünür, texniki nasazlıq var, indicə aradan qaldırarlar, - deyə arxayın-arxayın sərnişinlərə məlumat verirdilər. Bir on-on beş dəqiqə də beləcə keçdi. Sonradan elə o təyyarə bələdçilərinin dediklərindən məlum oldu ki, bu texniki qüsur elə də tez düzələn deyil və uçuşun 90 nəfərlik sərnişininə yerə enmək işarəsi verildi. Təyyarədən enirdik. Sərnişinlərin: “Azı daha bir saat gözləyəcəyik”, “xeyli çəkəcək” gileyləri qulağıma çatırdı. “Allaha şükür, yaxşı qutardıq! - deyən isə yox idi. Və yaxşı tanıdığım bir məmur isə təyyarədəki texniki qüsur ucbatından uçuşun təxirə salınması və bu səbəbdən də başqa bir təyyarə ilə uçacağımızla bağlı üzrxahlıq edən hava limanı işçilərinə hayqırıb iradlarını bildirir, onları hiddətlə yamanlayıb, “bir neçə ay əvvəl də filan şəhərə uçanda” bu səhnəni yaşadıqlarını xatırladıb coşurdu. Onda düşünürdüm ki, bu adam səmada partlayıb yox olmaq təhlükəsindən sovuşduğumuzdan şükr etmək əvəzinə, niyə bu qədər “gileylidir”? Birdən təyyarənin texniki qüsuru səmaya qalxandan sonra özünü göstərəydi, bəs onda?..
(Ardı var)
Novruz Nəcəfoğlu
525-ci qəzet.-
2015.- 18 aprel.- S.18-19