Neft, Kalaşnikov və bulaqlar diyarında
Novruz
Masamın üzərində Azərbaycan diasporunun
çağdaş durumunu əks etdirən statistik məlumat
toplusu var. Hansısa saytdan götürülüb. Faktlara, rəqəmlərə,
ölkə, şəhər, təşkilat adlarına nəzər
salıram. Orada vurğulanır ki, azərbaycanlılar
Yer planetinin beş qitəsində də
var.
Sayımız - 50 milyon. Soydaşların on
milyondan çoxu Vətəndən qıraqda - el dilincə
deyilsə, qürbətdə yaşayır. Çox
güman ki, onların hər birini yaxın-uzaq ölkələrə
bağlayan səbəblər var...
Bəri başdan deyim, diaspor həyatından hansısa
problematik bir yazı qələmə almaq fikrim yoxdu. Bu qeydlərin
məqsədi olduqca lokaldır. Bununla belə, bir az öncə nişan verdiyim məlumat toplusu
ilə ətraflı tanış olmağım da səbəbsiz
deyil.
lll
...Bəlkə
romantik xəyal xatirinə, bəlkə zorən və ya
könüllü, bəlkə eləcə, tale qismətinə
görə təbii zəmindən qopan, sonradan fövqəladə
iradə, inadkarlıq sayəsində
özü-özünü bərpa edən, Yer kürəsinin
uzaq-yaxın ünvanlarını ikinci Vətənə
çevirən soydaşlarımızın nəbzinin necə
döyündüyünü hiss edirəm. Və bu an fikirləri cəmləşdirib
kağıza köçürmək həvəsimə qəribə
bir həyəcan qarışır.
Şübhəm yoxdur ki, ayrı vaxt, daha doğrusu,
ötən Novruz axşamından irəliki vaxtlar olsaydı,
göz önünə səpələnən bu sənədlər
mənə quru hesabatların, statistik məlumatların
saxlancı kimi görünərdi. Amma indi dediyim kimi
olduqca doğma hisslər keçirir, yer üzünə səpələnmiş
soydaşlarımızı özümə ən azı bir
köynək yaxın sayıram.
2015-ci il, mart ayının 19-u, əziz Novruz
axşamı... yaşanan ovqatın səbəbini izah edərkən
bəlkə də bu tarixdən başlamaq lazım idi.
Belə oldu ki, Novruz bayramına beş-on gün
qalmış Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud
Rəhimoğlu telefon açıb bir arzusunu bildirdi. Əslində bu arzu deyil, hər
kəsin ürəyindən ola biləcək
gərəkli bir təklif idi. Təklifə
görə biz Rusiya Federasiyasının Udmurtiya
Respublikasına, daha doğrusu, paytaxt İjevsk şəhərinə
səfər etməli, orada yaşayan Azərbaycan cəmiyyətinin
düzənlədiyi bayram tədbirlərinə
qatılmalıydıq. 130-dan çox (!)
millətin yaşadığı Udmurtiyanın əhalisinin
sayı milyon yarımdır. Sahəsi 42.1
min kvadrat kilometrdir. Neft, silah və bulaqlar
ölkəsidir. Paytaxt İjevskdə 610
min əhali yaşayır. Rusiyanın Kirov, Perm,
Başqırdıstan və Tatarıstan subyektləri ilə həmsərhəddir.
Orada məskunlaşan azərbaycanlıların
sayı 10 mini ötüb. Biz onlarla görüşə
yollanırdıq...
Səfərlə əlaqədar irəlicədən zəruri
və rəsmi yazışmalar aparılmışdı. Proqrama əsasən Udmurtiya
Respublikasının rəhbərliyi, nazirlikləri ilə
görüşlər, böyük Novruz şənliyi, diaspor
fəalları ilə toplantı, poeziya və musiqi gecələri,
rəsmi dəyirmi masa, Udmurtiyanın tarixi məkanları,
iqtisadi, mədəni həyatıyla tanışlıq və
s. nəzərdə tutulurdu.
Hava alanında məlum oldu ki, nümayəndə heyətinə
Azərbaycanın ictimai həyatında kifayət qədər
tanınan insanlar daxildir. Udmurtiya görüşlərinin yüksək
səviyyədə baş tutmasında zəngin təcrübə,
bilik sərgiləyən bu şəxsiyyətlərin Azərbaycanı
ucaldan, soydaşlarımıza sözün həqiqi mənasında
ürək verən çıxışlarını bu sətirləri
yazarkən də xatırlayıram. Bunlar - Azərbaycan
Prezidenti Administrasiyasının İctimai-siyasi şöbəsinin
sektor müdiri Qafar Əliyev, tanınmış jurnalist, Milli
Məclisin deputatı Sahib Alıyev, Prezident yanında Dövlət
İdarəçilik Akademiyası Siyasi Araşdırmalar
İnstitutunun direktoru, politoloq Elman Nəsirli, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi Elmi Tədqiqat İnstitutunun
direktoru Mürsəl Əliyev, tanınmış
hüquqşünas Şirxan Adıgözəlov, iş
adamı Rafiq Qarayev idilər.
Azərbaycanın Xalq artisti Fəxrəddin Dadaşov və
istedadlı xanəndə Qoçaq Əsgərovun rəhbərlik
elədiyi musiqi qrupunun sorağı yəqin ki, hələ biz
hava alanında olarkən, İjevskə
çatmışdı və haqlı olaraq onları orada səbirsizliklə
gözləyirdilər.
lll
Elektron biletlərimiz eyni vaxtda qeydiyyatdan keçdiyinə
görə uçaqda yerimiz yanaşı düşdü. Keçib rahat kürsülərə
əyləşəndə dedim:
- Umud
müəllim, yadındadı, iki il
öncə İjevskdə uçmağımız? Deyəsən,
elə bu təyyarə idi...
O
güldü:
-
Qardaş bu, iki il ərzində bəlkə
yüz uçaq dəyişmişəm, ola bilər unudum,
amma səninlə İjevskə səfərimi heç zaman
unuda bilmərəm.
Səhv etmirəmsə, onda da Novruz bayramıydı. Təsadüf
elə gətirdi ki, biz orada olarkən Umud müəllimin
qardaşı Zülfüqar yeni yaratdığı
“Tülpan” istirahət mərkəzini açılışa
hazırlayırdı. Hava soyuq idi. Yağmasa da yerdə qalan qar buz bağlayıb istilərin
düşməyini gözləyirdi. Çünki
İjevskin yaz günəşi eləcə
işıldayırdı, qalın buzlağı ərintiyə
gücü çatmazdı onun.
O zaman mən
Zülfüqarı ilk dəfə görürdüm. Onu zəhmət və xeyirxahlıq timsalı kimi
tanıdım. Hər işin dalınca
özü qaçırdı. Çətin
olsa da, işgüzar həyatdan enerji aldığı göz
qabağındaydı.
Aradabir
acıdığımızı xatırlamasaydıq, heç
yemək də yadına düşməzdi. İşin məsuliyyətini
anladığımıza görə Zülfüqarın bu
“qonaqpərvərliyinə” dözür, hətta onun
xırda-para buyruqlarını da yerinə yetirirdik.
Mən bilirdim ki, Zülfüqarın, eləcə də
bir çox digər azərbaycanlıların Udmurtiyada
yurd-yuva salmağında Umud müəllimin rolu olub. Təfsilatı
da nə zamansa danışmışdı. Bəlkə də uzun yola körpü salmaq
üçün tarixçəni təzədən dinləmək
istədim.
-
Demişdim axı sənə, - Umud müəllim elə bil
fikrimdən keçəni oxudu - 1980-ci illərdə Moskvada
Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda oxuyurdum. Bir
gün dedilər ki, tələbələri keçmiş
SSRİ-nin müxtəlif respublikalarına
yaradıcılıq ezamiyyətinə yollayırlar. İndi xatırlamıram, nə təhər oldusa,
Udmurtiyanı seçdim. Çox gənc
idim, hər yerə getmək istəyirdim.
Getdiyim hər yer möcüzəli
görünürdü. Bəzən böyük hərəkatların
siftəsində təsadüflər olur. Təsəvvür
elə, mənim ora -göndərilməyimdən 7-8 il sonra - 1992-ci ildə Beynəlxalq Avrasiya Mətbuat
Fondu yaradıldı və bir il keçmiş məhz
Udmurtiyada təşkilatın ilk bürosu açıldı.
Mənim məsləhətimlə Zülfüqar İjevskdə
ali təhsil aldı, orda həyatını
qurdu...
İndi
biz ora gedirdik; on min soydaşın
sığındığı, Zülfüqar ünvanlı
ikinci Vətənə. İki il də
tarixdi. Ən azı bir insan taleyi
baxımından. Məsələ belədir ki, Umud
müəllimin “Udmurtiyanı Kolumbun kəşfindən” otuz il sonra orada 10 mindən çox Azərbaycan
türkü yaşayır və onların cavan
ağsaqqalı qardaşımız Zülfüqardı.
Statistikaya
görə 100 il öncə indi 130 millətə
Vətən olan Udmurtiyada azərbaycanlı qeydə
alınmayıb.
Sonrakı
illərdə orada məskunlaşan
yurddaşlarımızın say artımı beşdir. 1939-da 66 nəfər, 1979-da 870, 1989-da 1799, 1910-da 3895
nəfər, 2002-də 3908, 2014-də 10 min nəfər.
İndi 2015-ci ilin mart ayıdır. Biz Domodedovaya
uçuruq, yolumuzun davamı İjevskdir.
- Bilirsən,
Vaqif, milyon yarımlıq bir məmləkətdə 10 mindən
çox azərbaycanlı ötəri göstərici deyil. Bu resursdur, bu bizim ölkəmizin
yatırımıdır. Hesab elə ki, məhlə
almışıq, qorusaq, inkişaf etdirsək, daha da artacaq.
Məqsəd sarı alaq kimi dünyanı bürümək
deyil, Azərbaycan rişədir, kökdür, ondan qalxan hər
budağın, yarpağın vəzifəsi o kök, o rişəyə
gün işığı daşımaqdır. Fikrimi çatdıra bildim? - deyə
soruşur Umud müəllim.
Fərdi
təmaslarda adətən, az
danışan, daha çox dinləyən dostumun mental nitqi və
sonuncu ritorik sualı düşünməyə əsas verir.
Rəsmi hesablamalarla üst-üstə düşməsə də,
Türkiyə və Rusiyanın ayrı-ayrılıqda hərəsində
3 milyon, İraqda 1 milyon, ABŞ-da 1 milyon, Misirdə 900 min,
Pakistanda 650 min, Gürcüstanda 500 min, Ukraynada 500 min,
İordaniyada 450 min, Hindistanda 300 min, Almaniyada 300 min, Əlcəzairdə
260 min... beləcə azala-azala getmək
şərti ilə dünyanın hər bir ölkəsində
Azərbaycan türkləri məskunlaşıblar. İndiki İran İslam Respublikasının 30
milyon, Azərbaycanın Respublikasının 9.5 milyon sakinini, əlbəttə
diaspor hesab edə bilmərik. Onlar öz
tarixi vətənlərində yaşayırlar.
Belə görünür ki, güc olmaq
üçün say yetərlidir. Məqsədli
idrakı isə böyük birlik, ardıcıl təmaslar
formalaşdırır. Yoxsa bizim İjevskdə
nə işimiz?
lll
İjevskin Sovet dövrünü xatırladan sadə
hava alanına axşam çatdıq. Nümayəndə heyətinin
ən gənc üzvü Uğur Əliyev Heydər Əliyev
hava limanını ilk dəfə görmüşdü,
üç saat sonra Moskvanın Domodedova hava limanına
baxdı və yaşına uyuşmayan bir ciddiyyətlə
“bu aeroport niyə bu kökdədi?! Hayıf deyil
Bakının hava limanı, par-par alışıb
yanır...” Domodedovanı bəyənməyən Uğur
İjevsk aeroportunun yaraşığından çətin ki,
razı qalsın...
Bir azdan hava qaralacaq. Ötən səfər
gəldiyimdən fərqli olaraq torpaq buz qatıyla
örtülməyib. Amma orda-burda tala-tala
qar qalaqları ağarır. “Göydən
yenən adamlar”, adətən, bir müddət cəhətləri
müəyyən edə bilmir. Azərbaycanın
Xalq artisti, kaman ustası Fəxrəddin Dadaşovla tələsik
qeydiyyatdan keçib on saatlıq yolçuluqdan sonra
aerovağzalın icazəli küncündə siqaret
alışdırdıq. Cəhəti
müəyyənləşdirmək heç ağlıma da gəlmir.
Yaddaşım isə mənə
xatırladır ki, İjevskdir. Şəhərdən
çox-çox uzaqlarda qürub edən günəşin
qızartısı hələ üfüqdən tam çəkilməyib.
Biz İjevskin “Park-inn” otelində yerləşərkən,
elə foyedəcə Qafar müəllimin sonsuz səmimiyyət
dolu səsi yüksəlir. O, hamının eşidəcəyi
səs tonuyla deyir:
-
Gördünüz, qardaşlar, bizi qarşılamaq
üçün az qala hərəmizin
arxasınca bir maşın gəlmişdi.
Qafar müəllim diasporla işin həm təcrübə,
həm də nəzəri baxımdan kamil bilicisidir. İki
günlük səfər boyunca biz dönə-dönə
bunun şahidi olduq. Politoloqların “siyasətdə
səmimiyyət olmur” fikrinin əksinə, dövləti təmsil
edən bu insanın siyasəti səmimiyyətdir. Bəlkə buna görə də baş verən ən
xırda nüanslara realist yanaşır. O, uzun yol
yorğunluğunun azalda bilmədiyi işıqlı təbəssümlə
fikrini tamamlayır:
- Bilirsən,
qardaş, dünyanın harasında yaşamasından
asılı olmayaraq insanın özünü rahat hiss etməsinin
birinci şərti iqtisadi özgürlükdür. Bu isə ağıl və zəhmətlə qazanılır.
Görünür, Udmurtiyada yaşayan həmvətənlərimiz
bu vacib şərti doğruldublar. Doğmalarla
görüş nə qədər həyəcanlı və
xoş olsa da, yol yorğunluğu qısa zaman sürəsində
hamını otel odalarına çəkib apardı.
Üstəlik hamının nəzərinə
çatdırılmışdı ki, sabahın iş qrafiki
kifayət qədər sıxdır.
lll
Azərbaycan nümayəndə heyətinin ilk
görüşü Udmurtiya Respublikasının Milli Siyasət
Nazirliyində baş tutdu. Əslində bu
görüş Milli siyasət naziri xanım Larisa
Buranovanın rəsmi qəbulu formatını
aşırdı, çünki görüşdə Respublikanın
sahə nazirləri (Mədəniyyət, Ekologiya), digər
dövlət və ictimai qurumların məsul şəxsləri
iştirak edirdi. Tərkibə və
qaldırılan məsələlərin miqyasına görə
bu tədbiri praktik konfrans, yaxud rəsmi dəyirmi masa hesab etmək
olardı.
Görüşdən sonra toplantı
iştirakçılarının hamısıyla birgə
Nazirliyin beş-on addımlığında yerləşən
“Xalqlar dostluğu” sarayına gəldik.
Necə deyərlər, Sovet stilində tikilən və qədirbilənliklə
qorunan bu bina İjevskin nadir memarlıq abidələrindən
biridir. Üçüncü mərtəbədə
Udmurtiyada fəaliyyət göstərən milli birliklərin,
əsas diaspor təşkilatlarının ofisləri yerləşir.
“Dostluq” - Azərbaycan İctimai Mərkəzinin
qərargahı da buradadır.
Sarayla
tanışlığın sonunda xanım Buranova bildirdi ki,
sabah səhər, saat 9 tamamda Udmurtiya Respublikasının
başçısı Aleksandr Solovyovla Azərbaycan nümayəndə
heyətinin görüşü də burada, Xalqlar Dostluğu
sarayında keçiriləcək.
lll
Bazar günü. Respublikanın başçısı Aleksandr Solovyov
doqquza beş dəqiqə qalmış gəldi.
Sadə kostyumdaydı. Pencəyinin
altındakı səma rəngli köynəyi qalstuksuz idi.
O, 2014-cü ilin sentyabr ayında 441 min seçicinin, 84 faizi
Udmurtiya vətəndaşının səsini qazanacaq
Respublikanın başçısı seçilmişdi.
Başçının üz cizgilərində təcrübə,
ağıl, zəhmətsevərlik və xeyirxahlıq
nişanələri elə ilk baxışda,
açıq-aydın görünür. Onun səmimiyyəti
nümayəndə heyətimizin hər bir üzvünü
danışmağa, hər iki tərəf üçün
maraqlı olan məsələləri müzakirəyə
sövq edir.
Görüşdə Udmurtiya Respublikasının rəhbəri
Aleksandr Solovyov bildirir ki, Azərbaycan və Rusiya dövlətləri
arasında münasibətlərinin dinamik inkişafı
bütün sahələrdə uğurlu nəticələrin
əldə olunmasına şərait yaradır. Bizim əməkdaşlığımız
dostluq, mehriban qonşuluq, qarşılıqlı maraq,
hörmət, etimad faktorlarına söykənir,
proqnozlaşdırıla bilir və sabitdir. Ona görə də sarsılmazdır.
Udmurtiyanın Rusiya Federasiyasının aparıcı
subyektlərindən biri olduğunu xatırladan A.Solovyov məlumat
verir ki, hazırda Udmurtiya Rusiyanın neft-qaz çıxarma və
müdafiə sənayesi məhsullarının istehsalına
görə əsas mərkəzlərindən biri
sayılır.
Əhalisinin sayı 1,5 milyon olan Udmurtiyada
ümumilikdə 130 etnik qrupu təmsil edən müxtəlif
millətlərə mənsub vətəndaşlar sülh və
sabitlik şəraitində yaşayır. Buradakı
Azərbaycan diasporunun ölkənin ictimai həyatında
rolunu yüksək qiymətləndirən A.Solovyov diasporun
iqtisadi imkanlarının artmasında maraqlı olduğunu
bildirir və Azərbaycanın biznes təmsilçilərini
də Udmurtiyaya investisiya qoymağa dəvət edir.
Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin sektor müdiri Qafar Əliyev Azərbaycanın
Rusiyanın köhnə və etibarlı tərəfdaşı
olduğunu söyləyir. Bildirir ki, ümummilli
lider Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan Azərbaycanla
Rusiya arasında yeni əməkdaşlıq mühiti
yaranıb. Məhz ulu öndər Heydər Əliyevin və
Rusiya Prezidenti Vladimir Putinin və səyləri, uzaqgörən
siyasəti sayəsində hər iki ölkə Qafqaz, Xəzər
regionlarında, MDB məkanında, aparıcı beynəlxalq
strukturlarda sıx qarşılıqlı fəaliyyət
göstərməyə başlayıblar. Bu əməkdaşlığın
əsası ölkələrimiz və xalqlarımız
arasında möhkəm dostluq, qarşılıqlı
hörmət ənənələridir. Prezident
İlham Əliyevin hakimiyyəti dövründə də
siyasi sahədə münasibətimiz inkişaf edir, hər iki
ölkə beynəlxalq təşkilatlarda dostlar, tərəfdaşlar
kimi əməkdaşlıq edir, qarşılıqlı dəstək
siyasətinə sadiqlik göstərirlər.
Qafar müəllim bildirir ki, ATƏT-in Minsk qrupunun həmsədr
ölkəsi kimi Rusiyanın Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində
rolu böyükdür. Bu baxımdan Rusiyanın münaqişənin
həll prosesinə dəstəyi bütünlükdə
regionun siyasi, iqtisadi, təhlükəsizlik sahəsində
problemlərinin həllinə təkan vermiş olar.
Millət
vəkili Sahib Alıyev deyir: Hər iki xalq ümumi tarixə
malikdir, - deyə sözə başlayır - Bu coğrafiyada
uzun illərdir qonşu olan ruslar və azərbaycanlılar həmişə
sülh, əməkdaşlıq, sabitlik və əmin-amanlıq
şəraitində yaşamağa can atıblar. Ölkələrimiz arasında iqtisadi əlaqələr
gündən-günə yüksəlir, ticarət dövriyyəsi
artır. Təkcə Rusiyaya Azərbaycan 1
milyard dollardan artıq investisiya qoyub. Bu isə
iki ölkə arasında mövcud etimad və etibarın bariz
nümunəsidir”.
Prezident yanında Dövlət İdarəçilik
Akademiyası Siyasi Araşdırmalar İnstitutunun direktoru,
politoloq Elman Nəsirli diqqəti əsasən iqtisadi əlaqələrin
səviyyəsinə yönəldir və Azərbaycanın məhsul
ixrac etdiyi ölkələr arasında Rusiyanın ilk yerdə
durduğunu vurğulayır. Azərbaycan
iqtisadiyyatının günü-gündən gücləndiyini,
ümumi daxili məhsulun son 11 ildə 3-4 dəfə
artdığını xatırladan Elman müəllim
qarşılıqlı səfərlərin baş tutması
ilə daha çox ortaq məxrəclərin
tapılacağına əmin olduğunu bildirir.
Səfərin təşkilatçılarından biri,
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev
Respublikanın başçısına müraciət edib
söyləyir ki, Udmurtiya onun üçün doğma
diyardır. Burada onun rəhbərlik etdiyi fondun 1993-cü ildə
ilk xarici nümayəndəliyi açılıb.
BAMF-ın MDB məkanında BMT-nin İqtisadi-Sosial Şurasının
(ECOSOC) Əsas Məşvərətçi Statuslu
üzvlüyünü qazanan az sayda təşkilatdan biri
olduğunu deyən Umud müəllim dünya üzrə bu
statusa cəmi 148 təşkilatın yiyələndiyini
xatırladır.
O da təsdiqləyir
ki, bu gün Azərbaycan-Rusiya münasibətləri yüksəliş
mərhələsindədir. Rusiya
Federasiyasının subyektləri ilə Azərbaycanın
regionlar arasında əlaqələr dinamik inkişaf edir.
Moskvada və Rusiyanın digər şəhərlərində
çoxlu sayda azərbaycanlı yaşayır.
Onların arasında xeyli həkim, alim, pedaqoq və ölkəmizi
geniş şəkildə təbliğ edən digər
peşə sahibləri var. Rusiyanın Udmurtiya
Respublikasında fəaliyyət göstərən “Dostluq” - Azərbaycan
İctimai Mərkəzi də Azərbaycan həqiqətlərinin
Rusiya ictimaiyyətinə çatdırılması istiqamətində
xüsusi fəaliyyət göstərir. Mərkəzin məqsədi
Azərbaycan milli-mədəni dəyərlərinin
qorunması, sosial, bədii, mədəni təşəbbüslərin
irəli sürülməsi, Rusiya cəmiyyətinin mədəni
həyatına Udmurtiyadakı azərbaycanlıların fəal
inteqrasiyası, təhsilin inkişaf etdirilməsi, iki ölkənin
əlaqələrinin möhkəmlənməsinə töhfə
verilməsi, dostluq, etimad və xalqlar arasında
anlaşmanın təşviqidir. Təşkilat
fəaliyyətini hər iki ölkənin milli maraqları əsasında
qurub və hər iki ölkənin prioritet hesab elədiyi
istiqamətlər üzrə bundan sonra da davamlı olaraq aktiv
işlər görmək niyyətindədir.
Azərbaycanın
milli bayramı olan Novruzda dostların və yaxın
insanların bir-birilərinin evlərini ziyarət etdiyini
xatırladan Umud müəllim əmin olduğunu bildirir ki,
bayram günlərinə təsadüf edən bu əlamətdar
səfər də yadda qalan olacaq və Udmurtiya ilə Azərbaycanın
müxtəlif regionları arasında əlaqələrin daha
da inkişafında özünəməxsus rol oynayacaq.
Sonda Azərbaycan
nümayəndə heyəti tərəfindən Udmurtiya
Respublikasının rəhbərinə BAMF-ın ali mükafatı, dəyərli hədiyyələr
təqdim olunur. Bununla yanaşı cənab
A.Solovyova Novruzun atributu olan Səməni təqdim edilir.
Təəssüratlarla zəngin görüşün
finalında Udmurtiya Respublikasının rəhbəri tezliklə
Azərbaycanı görmək arzusunda olduğunu etiraf elədi. O, vətəndaş cəmiyyəti
təmsilçilərinin belə bir səfərin baş
tutmasında fəal iştirak etməsini alqışladı.
A.Solovyov səfərdən sonra birgə əməkdaşlığın
sahələrini müəyyənləşdirmək və
aktiv şəkildə bu prosesə dəstək olmaq
üçün Udmurtiyanın bir sıra rəsmi
qurumlarına tapşırıqlar verdi. O,
eyni zamanda, Azərbaycan nümayəndə heyətini
Udmurtiyada anadan olan məşhur rus bəstəkarı Pyotr
Çaykovskinin yubileyi ilə bağlı İjevskdə
baş tutacaq silsilə tədbirlərdə iştiraka dəvət
etdi.
lll
Axşam saat 8-də dörd yüzə yaxın həmvətənlər
arasında, Udmurtiyanın yüksək vəzifəli dövlət
adamlarının, yaradıcı insanların, digər
xalqların təmsilçilərinin qatıldığı
unudulmaz Novruz şənliyinin qonağı olduq.
Soydaşlarımızın bir çoxu Udmurtiyanın
müxtəlif şəhərlərindən yüz kilometrlərlə
yol gəlib Vətən ətrinə, Azərbaycan
işığına qovuşmuşdular. Hamının
ürəyi dolu idi, söz alıb bahar kimi təravətli
arzularını bildirirdilər. Xalq artisti, kaman
ifaçısı Fəxrəddin Dadaşovun, istedadlı xanəndə
Qoçaq Əsgərovun ifaları könüllərdə
əks-səda verirdi.
Novruz
bayramında azərbaycanlı süfrəsində nə ola bilərsə, boyanmış yumurtadan, yanar
şamlardan, dolmadan, kababdan, Lənkəran çayından
aşa qədər hər dürlü nemət masalara
düzülmüşdü. Bakıda
keçirilən “Avroviziya” yarışmasında Rusiya
adından çıxış edən və yaddaqalan
ifası milyonları təsirləndirən “Buranovskie
babuşki” qrupu ilə eyni masa arxasına
düşmüşdüm. Müəyyən
qədər yaşa dolmuş, milli geyimli xanım
ifaçılar rus və udmurt xalq nəğmələrini gənclik
eşqi ilə oxudular, özü də mikrofonsuz -filansız.
Səhəri
gün İjevsk İncəsənət Gimnaziyasının 400
nəfərlik salonunda Azərbaycandan gələn muğam
qrupunun, Udmurtiyada yaşayan gənc azərbaycanlı
ifaçıların çıxışları, eləcə
də mənə ayrılmış poeziya dəqiqələri
gözəl səfərin son akkordları hesab edilə bilər.
Vətən, ana, sevgi haqqında şeirlərin
ardınca “Gecdi, oğlum, evə qayıt” adlı
yazımı səsləndirib şəhərdən enərkən
orta yaşlı azərbaycanlı ana bir dəstə
çöl çiçəyini mənə uzatdı. Minnətdarlıq
hissi ilə onun üzünə baxanda gördüm ki,
ağlayır. Boğazımı qəhər
boğdu. Səhnənin gur
işığından sürətlə sıyrılıb
zalın qaranlığına girdim. Göz
yaşlarına dözümüm yoxdur; istəyir kədərdən
axsın, istəyir sevincdən...
lll
Fürsət tapıb bizi şəhərə yaxın kəndlərdən
birində Udmurt evinə apardılar. Orada biz sanki əsl azərbaycanlı
qonaqpərvərliyi gördük. Udmurt
xalqının adət və ənənələri
haqqında geniş bilgilər aldıq. Kalaşnikov
muzeyində ilk avtomat silahdan ən modern silaha qədər
ayrı-ayrılıqda nümayiş olunur. İnsan familiyası silahda yaşayır,
dünyanın qaynar nöqtələrində qəlpə
qaçır, dəyir və öldürür. Kalaşnikovu qınamıram, o olmasaydı, başqa
familiyalı ixtiraçı avtomat tüfəng düzəldəcəkdir.
Yeri gəlmişkən, məclislərin birində
süfrəyə “Kalaşnikov” adlı araq qoymuşdular. Zülfüqar arağa
işarə edib zarafatla dedi:
-
Ehtiyatlı olun ha, bu, avtomat Kalaşnikovdan da sərtdi...
lll
Bu da dönüş anı. Hər kəsin qəlbində
Dostluq-Azərbaycan İctimai Mərkəzin bütün üzvlərinə
rəğbət hiss olunur. Həqiqətən
yüksək təşkilatçılıq işi
görülmüşdü. Həqiqətən
də sonda Umud müəllimin bu dəyanətli qərarını
qeyd etməyi özümə borc bilirəm.
Bu barədə
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Mətbuat
Şurasının sədr müavini, Azərbaycan
Respublikasının Prezidenti yanında KİV-in
inkişafına Dəstək Fondunun Müşahidə
Şurasının sədri... Umud Rəhimoğlunun
adının qarşısında sadalanan bu vəzifələr
onun vətəndaş cəmiyyətinin inkişafına
göstərdiyi xidmətin miqyası barədə bilgi verir.
Mən Umud müəllimi ötən əsrin 80-ci illərindən tanıyıram və iradəsini, ardıcıllığını, zəhmətkeşliyini, məqsədyönlü fəaliyyətini nəinki bəyənir, hətta bəzən nümunə götürürəm, atalar düz deyir, ağıl ancaq yaşda olmur. Onun həyat amalı, fəal mövqeyi yalnız təşkilat saxlamaq, lap olsun halal zəhmətlə hansısa dividentlər əldə etmək məqsədi daşımır. Mən onu çox yaxşı tanıyıram; onun damarlarında öz Vətənini, millətini qəlbən sevən, təpərli bir azərbaycanlının qanı axır. Moskvada, Dünya Ədəbiyyatı İnstitutunu başa vurub, Vətənə qayıdandan, “Ədəbiyyat və incəsənət” qəzetində parlaq publisistik yazılarla çıxış etdiyi 80-90-cı illərdən, indi dünyada tanınan Beynəlxalq Avrasiya Mətbuat Fondu kimi gərəkli bir təşkilat yaradarkən, inkişaf etdirərkən keçirdiyi həyəcanlı çağlardan üzü bəri müşahidə edirəm. İctimai məsuliyyət, cəmiyyətə xidmət Umud müəllimin düşüncəsinin “A” hərfidir... Onun müstəqil milli mətbuatın inkişafı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, vətəndaş cəmiyyətinin beynəlxalq təşkilatlarla əlaqələrinin qurulması, konfliktologiya problemlərinin çözülməsi və digər istiqamətlərdəki nailiyyətlərindən kifayət qədər danışmaq mümkündür. İndiki halda bunlar ayrı bir söhbətin mövzusudur, bu barədə mətbuatda dəyərli yazılar işıq üzü görüb, yenə də deyiləcək, yazılacaq.
Bu yazının məqsədinə uyğun olaraq Umud müəllimin dünyada yaşayan azərbaycanlılarla Vətənimiz arasında ən təmiz, ən etibarlı körpülərdən biri olduğunu, sadəcə xatırlatmaq istərdim.
Əslində Azərbaycan diasporu ilə əlaqəli Umud müəllimin üzərinə düşən rəsmi məsuliyyət yoxdur. Sadəcə onun ürəyi belə istəyir... və digər məsələlərdə olduğu kimi soydaşlarla əlaqənin bərkiməsi üçün yaxşı tanıdığı yaradıcı, intellektual və işgüzar potensialdan mən deyərdim ki, maksimum istifadə etməyi bacarır.
Məqsədim, bayaq dediyim kimi Umud Rəhimoğlunu oxuculara tanıtmaq deyil, onsuz da o, ölkə içində və ölkədən kənarda bilinən bir ad, dəyərli şəxsiyyətdir. Bu yığcam tərifnamə isə sadəcə yoldaşlarımızın hamısının arzusuyla layiqli əməyi qiymətləndirməkdir.
P.S. Dünən axşam İctimai Televiziyanın efirində Azərbaycan nümayəndə heyətinin Udmurtiya Respublikasına həsr olunmuş “Ortaq məxrəc” verilişini izlədim. Qafar müəllimin, Sahib Alıyevin, Elman Nəsirlinin və Umud Mirzəyevin çıxışlarını dinləyəndən sonra səfər təəssüratının mətninə xırda-para düzəlişlər eliyib yazıya nöqtə qoydum.
Vaqif BƏHMƏNLİ
525-ci qəzet.- 2015.- 18 aprel.- S.14-15.