Ümid satan
(hekayə)
ADAMLAR ÇÖRƏK AXTARANDA ÜMİD, ÜMİD AXTARANDA HEÇ NƏ TAPMIR...
Yadulla kişinin
keyfi olmayanda özünə ağı
deyirdi. Sözləri də təxminən belə olurdu: adın qara daşlara yazılacaq, baş daşından o yaraşıqlı oğlan
(oğlan ha, yetmişi
çoxdan keçib)
oğrun-oğrun boylanacaq.
Ağının bu yerində nədənsə Yadulla kişinin ağlından keçirdi ki, şəklini daşa döyəndə bığı
yaddan çıxıb
qalacaq. Ömrü boyu bığlı gəz, son mənzildə bığını ixtisara
salsınlar...
Yadulla kişi ümidsizlik
dənizində boğula-boğula
dodağının altında
mızıldanırdı:
- Hə, Yadulla kişi, bığsız
sifətinlə bir müddət baxacaqsan dünyaya. Nə vaxtsa baş daşın da yağışa, qara, küləyə, zəlzələyə,
cürbəcür fəlakətlərə
tab gətirməyib çat
verəcək. Ondan sonra dünyayla biryolluq üzülüşüb
gedəcəksən...
Bu qısa hekayətdən və vida mərasimindən
sonra Yadulla kişi qaramatını
töküb yüngülləşirdi.
Bəsdi zarıldadın
ə, yekə kişisən,
dur ağaya, get çörəkpulunu qazan
- deyib elə bil əlləriylə çiyinlərindən tutub
özünü zorla yerdən qaldırırdı.
Yalan olmasın,
Sovet dağılandan Yadulla kişinin çörəyi lotereyadan
çıxırdı. Şəhərin o tini, o döngəsi, o səkisi yox idi ki, qışın
soyuğunda burnunun suyunu axıtmasın, metroların, yeraltı keçidlərin o çıxışı
yox idi ki,
yayın istisində tər vurub dabanından çıxmasın.
Əvəzində özünün
icad elədiyi Ac quşlar + ümid tələsi = çörəkpulu
düsturu ağır
illərdə onu çörəksiz qoymamışdı.
Hərdən zarafata salıb
deyirdi ki, lotoreya həyatımın
mənasıdır. Bir
vaxtlar bu sözləri bir az da bəzəyib arvadı Təzəgülə deyərdi.
O vaxtlar elə uzaqda qalmışdı ki, heç izi-tozu da qalmamışdı.
Onun aləmində Təzəgül
çoxdan köhnəlmişdi.
Amma özü Köhnəgüldən
də köhnə idi. Əl-ələ
verib beş
uşaq böyüdüb
ev-eşik sahibi eləmişdilər. Montindəki beşotaqlı
evlərini xırda-xırda
sata-sata Sovetskidəki
balaca yarımzirzəmilərin
birinə sığınmışdılar.
Sovetski də bu-gün sabah
sökülüb qurtarandan
sonra onların halı necə olacaqdı, bunu bir Allah bilir...
Hə, uzağa
getməyək. Yadulla kişi 25 ilə
yaxındı ki, yay-qış, şənbə-bazar,
istirahət etmədən,
məzuniyyətə çıxmadan,
xeyirə-şərə getmədən
lotoreya satır.
Lotoreya alan adamlara
cek-pod arzulayır, bəxti gətirməyənlərin
- bunlar o qədər çoxdur ki... - dərdini çəkir...
- Day-day, yoxla da bu
lotoreyanı...
- Qardaş, bu dəfə məni sevindir...
- Əmi, məni naümid qaytarma...
Yadulla kişi də
ehtiramla lotoreya kağızını alıb
xırda rəqmlərlə
sıralanmış qəzet
səhifəsini süfrə
kimi balaca stulunun üstünə sərib səbirlə gözdən keçirər,
handan-hana mülayim səslə deyərdi.
- Dayı qurban, bu dəfə bəxtin gətirməyib,
zəhrimara qalmış
xal yandırıb ey, bax özün,
olan şeydi, yenə istəyirsən?
Bu dəfə sözü
çoxlarını tələyə
salardı. Gələn dəfə bəxtinin
gətirəcəyinə ümid
edən, cibindəki
son manatını lotoreyaya
xərcləyənlərə ürəyində yazığı
gəlsə də, lotoreyanı almasalar özünün yazıq günə qalacağını
gözə alıb susardı.
Bu illər ərzində Yadulla kişi
əməlli-başlı insan
sərrafına dönmüşdü.
Müştərilərinin çoxunu üzdən
tanıyırdı, xasiyyətlərinə
azdan-çoxdan bələd
idi. Elə müştərisi vardı
ki, yalan olmasın, 20 il
idi ondan lotoreya alırdı. Belə hücət adamlar Yadulla kişini hövsələdən çıxarırdı.
Öz-özünə görürsən bəxtin gətirmir, əl çək də bu zəhrimardan
- deyib dalısınca
deyinirdi.
Budu, soyuq fevral günündə ilk
müştərisi lotoreyabaz
Qədir müəllimdi. Eşitdiyinə görə Qədir müəllim astronomdu.
Ömrü boyu rəsədxanada
işləyib, ömrü
boyu ulduzları güdüb, təqaüdə
çıxanda ağlayıb.
Görünür yeni ulduz kəşf eləmək istəyirmiş, yaşı
imkan verməyib.
- Sabahın xeyir Yadulla kişi,
axır ki, qarı yağdırdın.
Bu lotoreyanı təbiətin şərəfinə
alıram. Bilirsən
nə var, Yadulla kişi,
təbiət heç
bir qanuna tabe olmur. Təbiətin nə vecinə ki, sən kimsən,
kimin qohumusan, başının içində
nə var, cibindəki nədi. Təbiət
insan kimi nankor olsaydı indi Yer kürəsi
qalaktikada toza dönmüşdü. Nə sən
vardın, nə mən, nə də lotoreya.
Qədir müəllim bu sözləri deyib ləzzətlə güldü. Əlini paltosunun
cibinə salıb portmanatını çıxardı.
- Üçün ver, hələ maaşa xeyli var, gələn
dəfə də almalıyam axı.
Yadulla kişi lotoreyaları
salafanın altından
çıxarıb kom
şəklində ona
uzatdı. Qədir müəllim incə
barmaqları ilə üç lotoreya seçib aldı.
Yadulla kişi müştərisinin
arxasıyca baxıb bu da bizim
başbilənimiz - deyib
başını yellədi.
Həmin gün Qədir müəllimin ayağı
uğurlu oldu. Lotoreyalar su
kimi satıldı.
Axşama bircə lotoreya
qaldı. Nədənsə bu lotoreya Yadulla
kişinin gözünə
qızıl balıq kimi göründü.
Uzun illər lotoreya satan
Yadulla kişi həyatında ilk dəfə
qazancından bir manat ayırıb lotoreya aldı...
... Sən demə lotoreya almağın başqa ləzzəti varmış.
Keçən saatlarda
Yadulla kişi
nə xəyallar qurdu, nə planlar cızdı, bircə özü bilir, bir də
Allahı. Sonda bütün məbləğlərdən
yayınıb gözünü
cek-pota dikdi. 168 min manat. Bu
məbləğlə uzun
illər yaşadığı
və sonralar məcburiyyət qarşısında
satdığı köhnə
məhəllələrindəki xudmani evi yenidən
alardı, həyatı
boyu həsrətində
olduğu, elə bu gün də
maşınların gözü
saydığı qara
Volqaya sahib olardı.
Nə olsun ki, indi
Volqanı maşın
sayan yoxdur. Leylaya Məcnunun, Volqaya Yadullanın gözüylə bax...
Ömrü boyu ehtiyac köynəyini
əynindən çıxarmayan
Köhnəgülə azacıq
maya qoyub Təzəgüldən də
təzə edərdi. Uşaqlara,
nəvələrə təzə
pal-paltar alar, dost-tanışa, qohum-qonşuya
üçdən-beşdən əl tutar, lotoreya satmağın da daşını biryollq atıb, heç olmasa, ömrünün axırını
adam kimi
yaşayardı.
Xəyyallar Yadullanı qanadına alıb yerdən azacıq yuxarı qaldırdı: səhər yuxudan oyanır, bayırda qar yağır, o da heç yerə tələsmir, qaçmır, mürəbbəli çay içə-içə mavi ekranda Buz dövrü cizgi filminə baxır. Allah-Allah, elə bil uşaqdı, cizgi filmlərindən ötrü ürəyi gedir, bütün gün oturub baxsa, yenə doymaz. Yadulla kişinin xəyyaları yerə endi. Öz-özünə:
- Gör dünyada nələr varmış - dedi...
Yadulla kişi həmin gün ümid dənizində yolu azmış gəmi kimi xeyli vurnuxdu. Dəqiqələri saysa da, axşam lotoreya oyunu başlayana yaxın işıqları söndü. Yadulla kişi dəli olmasın, neyləsin. Aydan-aya işqıpulu ver, ömründə bir dəfə lotoreya al, onda da işıqlar sönsün.
Gecəni pis yatdı, əslində heç yatmadı. Əzbərləyib yaddaşına yazdığı cek-pot nömrəsini görmək ümidi ilə səhəri dirigözlü açıb, səhər tezdən işə qaçdı. Bu da açıq səma altında Yadulla kişinin ofisi. Göydən tək-tük qar gəlir. Evdən tələsik çıxan adamlar yarıyuxulu halda harasa tələsir.
Axır ki, lotoreya paylayan diribaş oğlan ona yaxınlaşıb təzə lotoreyaları qəzetlə birlikdə Yadulla kişiyə verdi. Yadulla kişi qəzeti tələsik alıb balaca stolun üstündəki şəffaf örtük altında gizlətdi. Oğlan dönüb gedən kimi qəzeti tələm-tələsik açdı. Çox həyəcanlı olduğundan rəqəmlər gözündən qaçırdı. 12.69. Yadulla qəflətən duruxdu, yanaqları qızardı, gözünə inana bilmədi, inanmaq istəmədi, heç inanmadı da. Axı necə inansın? Lotoreyası bir manata düşmüşdü. 168 min manatın yerinə bir manatla necə razılaşa bilərdi?!
Bütün bunlar bir anda baş verdi. Yadulla kişinin qurduğu
xəyallar qar kimi başına uçdu. Yadulla kişi o gün
özünə xeyli ağı dedi. And içdi ki,
bir də lotoreya satsa...
Üstündən düz bir il keçir.
Yadulla kişi
hər səhər özünə ağı
deyə-deyə evdən
çıxıb, lotoreya
satmağa gedir.
Təranə VAHİD
525-ci qəzet.- 2015.- 18 aprel.- S.27