Azərbaycanlı ifaçı Tallində "Qran pri"yə layiq görülüb

 

 

Estoniyanın paytaxtı Tallində gənc pianoçu, violin, violonçel ifaçılarının "Young musician - Tallin 2015" adlı beynəlxalq müsabiqəsi keçirilib.

 

Müsabiqənin fortepiano nominasiyasında Bülbül adına orta ixtisas musiqi məktəbinin 8-ci sinif şagirdi, beynəlxalq müsabiqələr laureatı Leyla Zeynalova Azərbaycanı layiqincə təmsil edib.

 

Leyla Zeynalova beynəlxalq müsabiqənin Qran-pri mükafatına layiq görülüb. Bundan başqa, münsiflər heyətinin qərarına əsasən dahi alman bəstəkarı İ.S.Baxın virtuoz əsərin yüksək səviyyədə ifasına görə iki xüsusi prizlə mükafatlandırılıb.

 

Tallində keçirilən bu müsabiqə müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin yarışların siyahısına daxildir.

 

Qeyd edək ki, 2014-cü ilin oktyabrında Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən Leyla Zeynalovanın adı gənc istedadların "Qızıl kitabı"na yazılaraq xüsusi təqaüdə layiq görülüb.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 21 aprel.- S.7.