Əlvida demirəm...
Biz hamımız zaman
adlı bir sürət qatarının
sərnişinləriyik. Bu qatarın dayanacağı
yoxdur, hər kəsin enəcəyi vaxt var, hər
kəs o zaman enir.
Bizim vaxtdan başqa bir ölçü vahidi olan vaxtda enir. Mən
"enir" dedim, bəlkə,
səhv edirəm, başqa bir zaman qatarına qalxırıq, ucalırıq.
Orasını yaxşı
bilmirəm... İndiyə kimi görüb, qayıdıb danışan
da olmayıb.
Mənim getdiyim sürət qatarında öz yol yoldaşlarım olub, var. Bu gün bir yaxın dostum, mənəvi qardaşım da "olublar" sırasına qovuşdu. Böyük bəstəkarımız, gözəl
insan, sadiq dost və son dərəcə
vətənpərvər olan
Xalq artisti Ramiz Mirişlini yerdən əllərimiz üstə qaldırıb
başqa bir müstəvidə hərəkət
edən zaman qatarında əbədiyyətə
yola saldıq. Mən də indi-indi xəstəlikdən dirçəlir,
özümə gəlirdim.
Başımı qatmaq üçün
mahnı mətnlərindən
ibarət kitabımın
əl yazısını
varaqlayacaqdım ki, nöqtəsinə-vergülünə baxım.
Baxdım ki, Ramiz Mirişli
ilə yazdığımız
mahnıların sayı
yetmişi keçib. Ürəyimin dərinliyində bir sarı sim gileyləndi
ki, ay Ramiz, iki aydı xəstəyəm,
bir zəng də eləmədin.
On dəqiqə keçməmiş zəng
gəldi. "Ramizi saat ikidə
yola salırıq".
Özümü də, ürəyimi
də, ürəyimin
içindəki sarı
simi də danlaya-danlaya yola düşdüm.
- Əşi, ürəyinə
salma, sənə olmaz! Dünyadı da... Səksən yaşı vardı.
- Əşi, nə səksən yaş?! - yadıma düşdü
ki, özümün də bu il
səksən yaşım
olacaq - bəyəm səksən yaşında
insan mütləq ölməlidi?! Axı nə tez səksən
il oldu!
İllər bir göz qırpımında
keçib getdi. Dünyadan, ömürdən bir həzz ala bilməmiş gördük qocalmışıq.
Səksən il deyəndə adama çox görünür.
Amma ömür yolu o qədər də rahat olmayıb, çalışmışıq, çalışmışıq.
O qədər çalışırıq
ki, səksən il deyəndə
səksənib ayılırıq.
"Biz bu səksən
ili nə
zaman yaşadıq?!
Bu səksən il nə vaxt gəldi keçdi?! Eyni zamanda, düşünürəm,
sakit ol, heç bu yaşa
gəlib çıxmayan
dostlarımız da olub.
Bu qatarda yeri boş qalan insanları xatırla. Bax, yerlərin
əksəriyyəti boşdur.
Bir əlin barmaqları ilə sayılacaq qədər dostlarım, yaşıdlarım qalıb
bu qatarda. Əlbət ki, bir-birimizdən xəbər tutmalıyıq,
hal-əhval bilməliyik.
Həm də tez-tez... Amma qardaşım Ramiz, dedim ki, səninlə
yetmişdən çox
mahnı yazmışıq.
Mən onları
dinləyəndə onların
yazıldığı illərə,
onlara qayıdacağam. Səninlə yenidən zarafatlaşacağam.
Musiqili Komediya Teatrında gedən tamaşalarına baxacağam. Simfoniyalarını, simfonik poemalarını, kantatalarını, mahnı
və rəqs ansamblı üçün
yazdığın əsərləri,
ölməz mahnılarını
dinləyəcəyəm. Sənə heç kəs "Ramiz Mirişli getdi, getdi" deyə bilməyəcək.
Ən uzaq gələcəkdəki
nəsillər də sənin musiqini dinləyib "Ramiz Mirişli gəldi" deyəcəklər. Hələlik,
dostum, qardaşım Ramiz!
Ramiz Mirişliyə bir ağız ağı
Bəhanə axtarıram
Orda atası,
anası gözləyirdi.
Zərifə adlı sonası gözləyirdi.
Onun üçün ağır
gəldi bu il.
Elə mənim də gedəcəyim
Mənzil uzaq deyil.
Mafənin yanındayam,
Getməyinə yenə inanmıram.
Donub qalmışam,
Heç nə anlamıram, qanmıram.
Yanıb-tökülmürəm,
ağlamıram, gülmürəm.
Bu dünya niyə belə qurulub;
Bilmirəm, bilmirəm, bilmirəm!!!
Yox bu üsyan deyil.
Kainatın boşluğuna,
Çəkisizliyinə, sərxoşluğuna,
Nə üsyan!
Ramiz kimi insan,
Necə belə asan
Uçub, köçüb gedə bilər.
Bu yolun son həddində,
Həyatla, ölümün sərhəddində
Bir saxlayan,
Yoxlayan,
Yox! Deyən olmur?
Bu qədər yarımçıq
işləri,
Ürəyində qalmış
əsərləri
hara aparırsan - deyən olmadı!?
Yəqin,
orda da gözəl
gülüşünü görüb
Xətrinə dəyən olmadı.
Sən də keçib gülə-gülə
getdin.
Çoxlarına insan kimi yaşamağı,
İnsan kimi ölməyi öyrətdin.
Qardaş,
öyrənənlər də
azdı, tək-təkdi.
Dərs
almağa da istedad,
Şəxsiyyət gərəkdi.
Ürəyimin yarasına axdı,
göynətdi
Gözlərim dolu yaş
Əlvida
demirəm,
Hələlik, hələlik, qardaş!
18 aprel 2015
Fikrət Qoca
525-ci qəzet.- 2015.- 21 aprel.-
S.7.