Nəriman Nərimanov - alovlu
vətənpərvər, böyük türk təəssübkeşi
Siyasi bioqrafiyası
ziddiyyətli olan bu böyük şəxsiyyətin - Nəriman
Nərimanovun həyatındakı
ən mühüm hadisələr Qori Müəllimlər Seminariyasından
başlanıb.
Rus çarının
1875-ci ildə Tiflisin Qori şəhərində
erməni-rus-gürcü və
dağıstanlı uşaqların
maarifləndirilməsi məqsədilə
açdığı seminariya
Azərbaycan xalqının
tarixinə daha çox yazıldı. Başda Mirzə
Fətəli Axundov olmaqla dövrün azərbaycanlı ziyalılarının
minbir xahiş minnəti, yalvar-yaxarı ilə 1879-cu ildə seminariyada Azərbaycan bölməsi də açılır.
Çar Rusiyası şöbəni
açmağa ona görə razılıq verir ki, heç
bir azərbaycanlının
uşağını ora
verməyəcəyinə əmin
idi. Onların təsəvvüründə bu xalq yalnız
"it boğuşdurur, hamamda
yatır, xoruz döyüşdürür, qatıq
satır, mərsiyə
deyir"di. Lakin Qori
seminariyası nə ermənilərin, gürcülərin,
nə də rus və dağıstanlıların
tarixində və taleyində o qədər əhəmiyyətli rol oynamadı ki, Azərbaycan xalqının
şanlı tarixini yazdı.
Seminariyanın xalqımıza verdiyi hər bir məzun
millətin ictimai-siyasi
xadimi, maarif işığı, mücahidi,
istiqlal mücadiləçisi,
millətimizi müsəlman
ümmətindən millət
müstəvisinə qaldıran
böyük şəxsiyyətlər
oldular. Bu səbəbdən
şöbəni açdığına
peşman olan imperiya sonradan seminariyanın azərbaycanlı
məzunlarının, demək
olar ki, çoxunun yaşamaq haqqına qıydı, tək-tək güllələdi.
O şəhidlərdən biri
də ictimai-siyasi xadim, yazıçı, publisist, bolşevik-Sovet Azərbaycanının ilk rəhbəri
Nəriman Nərimanov
idi. 1890-cı ildə
Qori seminariyanı bitirərək Tiflis quberniyası Borçalı
qəzasının Qızılhacılı
kənd məktəbinə
müəllim göndərilən
gənc Nəriman çox çəkmədən
Bakıya gəlir və realnı məktəbdə A.İ.Pobedonostsevin
təşkil etdiyi 6 sinifli gimnaziyanın hazırlıq sinfinin aşağı şöbəsində,
sonra isə Bakı oğlan gimnaziyasında müəllimlik
edir. Bakı mühiti onun
həyatını təməlindən
dəyişdirir. Dövrün ictimai-siyasi xadimləri ilə əlaqələr yaradır, onlarla bərabər mədəni,
ictimai və pedaqoji məsələlərin
həllində iştirak
edirdi. 1894-cü ildə Nərimanov yaxın dostluq etdiyi Soltan Məcid
Qənizadə və başqa əqidə dostlarının iştirakı
ilə Bakıda ilk milli-kütləvi kitabxananın
açılışını edir.
1902-ci ildə Odessa Universitetinin
Tibb fakültəsinə
daxil olur. Sonralar yazırdı
ki, Odessa həyatı
gələcək ictimai-siyasi
fəaliyyətimdə, dünyabaxışımda
böyük dəyişiklərə
səbəb oldu.
1905-ci ilin ikinci
yarısında universitet
müvəqqəti bağlanır
və bu üzdən Nərimanov Bakıya dönür və 1906-cı ildə birinci Zaqafqaziya Müsəlman Müəllimləri
qurultayının hazırlanmasına
və keçirilməsinə
rəhbərlik edir.
Sonra təhsilini başa çatdırmaq məqsədi
ilə yenidən Odessaya qayıdır və 1908-ci ildə universiteti bitirib həkim kimi vətənə dönür.
Lakin 1909-cu ilin
sentyabrında siyasi fəaliyyətinə görə
Həştərxana sürgün
edilən Nərimanov oradan qayıtdıqdan sonra cəmiyyətdə gedən proseslərdə daha yaxından iştirak edirdi. Belə
ki, 1917-ci ildə
"Hümmət" təşkilatının
sədri və RSDF(b)P
Bakı komitəsinin üzvü seçilərək
F.X.Xoyski və Ə.M.Topçubaşovla bərabər
Bakı Müsəlman
İctimai təşkilatları
bürosunun tərkibinə
daxil edilir. Həmin ilin 3 iyun tarixində
özünün redaktorluğu
ilə "Hümmət"
qəzeti nəşrə
başlayır. Bolşevik Rusiyası
Bakıda hakimiyyəti
ələ keçirdikdən
sonra paytaxtda türk-müsəlman düşmənçiliyi
baş alıb gedir, erməni çetələri ölkəyə
sahib olma durumunda idilər. Milli düşmənçiliyə və Azərbaycan türklərinə qarşı
törədilən qırğınlara
Şaumyan rəhbərlik
edirdi. Nərimanov düşmənçilik siyasətinin qarşısını
almaq üçün
Şaumyanı və Caparidzeni danışıqlara
dəvət edir.
1918-ci ildə Bakıda erməni hərbi hissələrinin
ləğv edilməsi
haqqında sənədi
şəxsən özü
imzalayır.
1920-ci il aprelin
28-də Azərbaycan Xalq
Cümhuriyyəti devrildikdən
sonra ölkə başdan-başa rus və erməni işğalına məruz
qaldı. Zəngəzurun böyük hissəsi
erməni nəzarətində,
Qarabağın dağlıq
hissəsi də erməni qüvvələrinin
hücumları altında
idi. Azərbaycan
SSR-in Müvəqqəti İnqilab
Komitəsinin rəhbəri
Nəriman Nərimanov
1920-ci il 30 aprel tarixində Ermənistana
nota verərək Zəngəzur
və Qarabağdan qoşunlarının təmizlənməsini
tələb etdi. Rusiya Ermənistanı sovetləşdirmək üçün
o zaman Azərbaycan torpaqlarının bir hissəsini onlara verməyi vəd etmişdi.
Mikoyan Leninə məktubunda
yazırdı ki, Zəngəzurun ermənilərə
verilməsi onların
Sovet hakimiyyətinə
inamını artıra
bilər. Zaqafqaziya üzrə fövqəladə
və səlahiyyətli
şəxs olan Orconikidze də bu işə tam dəstək verirdi. Rusiyanın xarici işlər naziri, türk xalqlarının qatı düşməni Çiçerin 1920-ci il iyun ayında
Orconikidzeyə məktubunda
yazırdı ki, Ermənistan ilə kompromisə nail olmaq vacibdir. 1920-ci ilin avqustunda Rusiya K(b)P-nin Qafqaz bürosu
Azərbaycanın razılığı
olmadan Naxçıvanın
Şərur, Dərələyəz
bölgəsini Ermənistana
birləşdirmək haqqında
qərar qəbul edir, Zəngəzur isə Azərbaycanla Ermənistan arasında
"mübahisəli ərazilər"
hesab edilir. Azərbaycan Müvəqqəti İnqilab
Komitəsinin sədri
Nərimanov buna qəti etiraz edərək Leninə sərt məktub yazır.
Məktubda qeyd olunurdu ki, mərkəzin çıxardığı qərarlar
Azərbaycan əhalisinin
Sovet hökumətinə
inamını sarsıda
bilər:
"Zəngəzurun və
Qarabağın neytrallaşdırılması
və yaxud daşnaklara verilməsi xəyanətdir. Müsəlman kütlələr Sovet hakimiyyətinin Azərbaycanın
ərazi bütövlüyünün
qorunmamasını satqınlıq,
ermənipərəstlik, yaxud
Sovet hakimiyyətinin zəifliyi hesab edəcəklər..."
Lakin
1920-ci il noyabrın
30-da keçirilən Azərbaycan
K(b)P MK Siyasi və Təşkilat bürolarının iclasında
Zəngəzurun Ermənistana
verilməsi haqqında
qərar qəbul olundu. Nərimanovun əməyi nəticəsində
Zəngəzurun Ermənistana
verilməsi rəsmən
elan edilsə də, qəzanın onun idarəçiliyinə
keçməsi xeyli ləngidi.
Eyni zamanda Nərimanovun təkidi ilə 1921-ci il yanvarın 12-də "Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili" haqqında qərar çıxarıldı. Qərara əsasən Zəngəzur Qərbi və Şərqi müsəlman olmaqla iki yerə bölündü.
Nəticədə Zəngəzurun təxminən 47 faizi ermənilərin əlindən alınaraq Azərbaycanın nəzarətinə geri qaytarıldı. Məlumdur ki, Azərbaycan sahib olduğu torpaqlarının zaman-zaman çoxunu itirib.
1923-cü ildə Nərimanov öyrənir ki, Leninin başçılığı ilə 6 nəfər yığışıb Dağlıq Qarabağı ermənilərə verib. Leninə teleqram göndərərək Dağlıq Qarabağın ermənilərə verilməsinin qarşısını alır. Onun qətiyyəti sayəsində Naxçıvan, Qarabağ, Zaqatala Azərbaycanın tərkibində saxlanılıb, Bakı Azərbaycanın paytaxtı kimi tanındı. N.Nərimanov Azərbaycan Xalq Cümhuriyyəti dövrünün siyasi və dövlət xadimlərini Sovet hökumətinin təqiblərindən qorumağa çalışmış, bir çoxlarının mühacirətə getməsi üçün şərait yaratmışdı. İngiltərə hökumətinə Bakıda əsir saxlanan ingilislərlə Maltada sürgündə olan türklərin dəyişdirilməsi təklifini edir. Lakin ingilis hökuməti Nərimanovun təklifini qəbul etmir.
Onun bu çalışmaları Maltada olan türk əsirləri duyğulandırır. Azərbaycanın böyük oğlu Əhməd bəy Ağaoğlu Nərimanova Maltadan təşəkkür məktubu göndərir: "Bakıdakı ingilis əsirləri ilə bizi dəyişdirmək niyyətinizi alqışlayıram, niyyətiniz bizim həyatımızı qurtarmaq olub. Görünən o ki, siyasi vəziyyətlə bağlı cəhdləriniz başarılı olmayıb. Buna baxmayaraq mən və burada olan arkadaşlarımız təşəbbüslərinizdən dolayı sizə minnətdarlığımızı bildiririk".
(Ardı var)
Rəsmiyyə
RZALI
"Azərnəşr"in
redaktoru
525-ci qəzet.- 2015.- 21 aprel.- S.6.