Dağlar kimi vəfalı Mais Yanardağ

 

 

Çinar boylu, sərv qamətli, saçları qar kimi ağappaq, həmişə səliqə ilə geyinən bu azman kişi çoxsaylı Azərbaycan Dövlət Teleradiosu kollektivinin sayılıb-seçilən veteran əməkdaşlarındandır. Jurnalistlərin diliylə desək, nadir nüsxələrdəndi. İndi belələrinə az-az rast gələrsən.

 

İlıq nəfəsli bu yaz günlərində 80-in belini elə ustalıqla qatlayıb yerə vurdu ki, heç uf da demədi. İndi 90-na doğru yol başlayıb. Göz dəyməsin, bu ahıl vaxtında, müdriklik çağında da buz baltası kimi sapsağlamdır. Ağayana oturuşu-duruşu 100 yaşa şəksiz-şübhəsiz çatacağından soraq verir.

 

Söz yox, ömrün arşınını Allah-təala özü müəyyən edir. Bəni-insanın böyük Yaradanın işinə qarışması imkan xaricindədir. Amma bu da danılmaz həqiqətdir: Tanrının bəxş etdiyi ömrü gərək elə yaşayasan ki, sonradan ah-uf edib, peşmançılıq çəkməyəsən.

 

Mais Yanardağ çoxlarına örnək ola biləcək şərəfli bir həyat yolu keçib. Dünyaya göz açdığı Zəngəzur mahalına, Qubadlı torpağına minbir arzu-diləklə bağlanıb. Teatr İnstitutunu bitirib, gənclik çağlarından mədəniyyət sahəsində məsul vəzifələrdə işləyib. Sovet rejiminin çox üzünü görüb, raykom idarəçiliyi sisteminin isti-soyuğundan keçib, çox sınaqlara məruz qalıb. Bununla belə, kreslo xətrinə kiminsə qarşısında əyilməyib, sınmayıb. Əksinə, gündən-günə öz gücünə olan inamı, el arasındakı nüfuzu birə-beş artıb. Yerli partiya-Sovet rəhbərləri ən mühüm mədəni-kütləvi tədbirləri ona həvalə ediblər. Heçə-neçə sözlü-söhbətli, musiqili-nəğməli məclislərin mahir təşkilatçısı olub. Vaxtaşırı paytaxtdan əyalətə qonaq gələn böyük sənət adamlarının, qüdrətli qələm sahiblərinin "qulluğunda durub", onlardan çox şeyi görüb-götürüb. Heyif ki...

 

Dağlar marala qaldı,

Gülü sarala qaldı...

 

Eehh!... Mais müəllimin hər qarışına bələd olduğu, hər obasına at səyirtdiyi başı qarlı, sinəsi lalalı dağlar marala qalsaydı vardı ki?! Dərdə-azara bax, lap əzəldən zəndi-zəhləsi getdiyi nankor qonşuya - erməniyə qaldı o dağlar...

 

Beləcə, çox həmyerlisi kimi, o da Bakıya pənah gətirdi. Bir müddət bekar qaldı, heç işləyəsi halı da yoxuydu - Qarabağın qara baxtı, Qubadlının odlara qalanması korun-korun yandırırdı onu. "Vəliyev" familiyasından imtina edib, "Yanardağ" soyadını götürməsi elə o dönəmdə baş verdi. Dağ boyda adam beləcə dərddən-sərdən yana-yana dönüb oldu Yanardağ!

 

Hamının başına gəlməsə , gördüyü, eşitdiyi həqiqətdir: tərtəmiz dağ havasına, buz kimi çeşmə suyuna adətkar kənd-kəsək adamının hay-küylü şəhər həyatına uyğunlaşması, pis çıxmasın, cəhənnəm əzabı çəkməyə bərabərdi elə. Üstəlik, hey düşünəsən ki, halal zəhmətin, öz əllərinlə tikib ucaltdığın evin- eşiyin sənin deyil artıq. Bu dərdə necə dözəsən, gecə-gündüz qan ağlayan qərib ürəyinə hansı mərhəm sözlər, kəlmələrlə toxtaqlıq verəsən axı?!

 

Su gəlsə, sel bilərdim,

Meh əssə, yel bilərdim,

Burda bir oba salsam,

Mən onu el bilərdim.

 

Beləcə, "dərd əlindən dağa çıxan" Mais Yanardağ bu boyda şəhərə sığa bilməyib, yanında -yörəsindaki yad adamların soyuq baxışlarından üşənərək baş götürüb dərdiməndlərin yanına - öz eloğlularının ta Sovetlərin vaxtından "özəlləşdirdikləri" Sumqayıta üz tutdu. Burada, ona bir köynək yaxın olan adamların əhatəsində yavaş - yavaş qırışığı açılmağa, üz-gözü gülməyə başladı.

 

...1995-ci ildə tale Yanardağı Dövlət Teleradio Verilişləri Şirkətinə gətirib çıxardı. Qurum rəhbərliyinin ona göstərdiyi diqqət qayğı sayəsində bir müddət "Telefilm"də çalışdı, sonra radionun "Təhsil proqramları" redaksiyasında işə başladı. çox keçmədi ki, özünü geniş dinləyici auditoriyasına bacarıqlı radio jurnalisti kimi tanıda bildi. Çiyin-çiyinə çalışdığı həmkarlarının da böyük rəğbətini qazandı.

 

Artıq neçə ildir Mais müəllimin "doğma divarlar" arasında fəaliyyət sahəsi dəyişib - o, Teleradionun kitabxana müdiridir. Qoltuğundan qəzet-jurnal, yol çantasından kitab-dəftər əskik olmaz.

 

 Aqillərimizin sözüdür, "Dolan bulud boşalacaq", deyiblər. İlk baxışdan sakit, təmkinli adam təsiri bağışlayan Mais Yanardağın qartalsayağı müşahidə qabiliyyəti, özünəməxsus təbəssümü, incə yumor hissi var. Amma yaman əsib-coşan vaxtları da olur. Onun bu çılğınlığı həddən ziyadə həssas olmasından, hər hansı hadisəyə özəl yanaşma tərzindən, bir qədər şablon çıxsa da, böyük vətənpərvərliyindən irəli gəlir.

 

Tərifdənuzaq, tam səmimiyyətlə deyim ki, bu kişinin geniş, gözəl qəlbi var, ürəyi vətən sevgisi ilə döyünür, torpaq nisgiliylə çırpınır. Milli təəssübkeşlik hissi Mais Yanardağın vətəndaşlıq pasportudur. Bir dəfə olsa, şəxsi problemlərini dilə gətirməz. Milli soyumuzun taleyüklü məsələlərindən söz düşəndə isə uşaq kimi kövrələr, bəzən dəliqanlı cavanlar kimi əsəblərini cilovlaya bilməyib dağ çayları kimi coşar, bütün "bəndi-bərəni" vurub uçurar...

 

Bir şakəri var: hər adama ürək qızdırmaz, hər adamla könül söhbəti başlamaz. Yalnız özünə-sözünə bələd olduğu adamlarla dərdləşər, dostluqda vəfalı olduğu üçün giley-güzarını da vəfalı dostlarla bölüşər. Bəzən isə (bəlkə , dostlara əli çatmayanda) hər hansı mövzu ilə bağlı fikirlərini, düşüncələrini mətbuata, internet saytlarına çıxarar. Bununla da kifayətlənməyib nəşriyyatlara üz tutar, ürəyinin atəşini kitab bağlatdırmaqla söndürər. İndiyə kimi üç publisistik kitabı ("Niyə gəldim bu dünyaya...", "Bir ömürdən səhifələr", "Bir daha çeşmələrdən seçdiklərimiz") işıq üzü görüb. Bu kitablar maraqlı ömür yolu keçən, dünyanın çox üzünü görən Mais Yanardağın, bir növ, öz oxucusuna publisistik hayqırtısı olmaqla yanaşı, həm təlatümlü daxili aləminin bədii güzgüsüdür.

 

"Mais Yanardağ istedadlı söz sahibi, görkəmli jurnalist, vətəni addım-addım gəzib xalqımızın qüdrətli ziyalılarını tapıb onları cəmiyyətimizə tanıtdıran, həmişə Azərbaycanın mənəvi problemləri ilə nəfəs alan ziyalıdır. Mais Yanardağı yaxşı tanımaq üçün onunla bir dəfə yol yoldaşı, həmsöhbət olmaq kifayətdir. Mən belə soydaşlarımızla fəxr edirəm".

 

 Bu fikirlər sevimli Xalq şairimiz Söhrab Tahirə məxsusdur. Yəqin mənimlə razılaşarsınız: Söhrab müəllim kimi müdrik söz ustası hər adam barədə belə danışmaz, onun şəxsiyyətinə belə yüksək dəyər verməz.

 

Bu mənada siyahını xeyli uzatmaq, adları yetərincə sıralamaq mümkündür. Mais müəllimin hədsiz təvazökarlığını, yaxın bir dostunun diliylə desək, sığala getmədiyini nəzərə alıb, yalnız iki-üç görkəmli şəxsin onunla bağlı ürək sözlərini diqqətinizə çatdırmaqla kifayətlənmək zorundayam.

 

"Mən uzun illərdir ki, Azərbaycan Radiosu ilə, Sizinlə əməkdaşlıq edirəm. Sizi necə varsınızsa, eləcə də görürəm: təmənnasız, halal insan, hər kəsə fərdi yanaşan ziyalı. Allah Sizi seçib yaradıbdı: boylu-buxunlu, əzəmətli, daxilən saf və zəngin. Sizi hər görəndə təkrarən təəccüblənirəm. Ortalığa elə orijinal suallar, məsələlər qoyursunuz ki, onlara cavab vermək hər adamın işi deyil" - Telman Əliyev, Memarlıq və İnşaat Universitetinin müəllimi, professor.

 

 "Həyatımda çox insanlarla tanış olmuşam, lakin Mais Yanardağ kimisinə rast gəlməmişəm. O, çox maraqlı olduğu qədər də qeyri- adi adamdır. Onun fəlsəfi sualları, fikirləri həmişə məni bir ziyalı kimi, bir insan kimi çox düşündürür" - Hacı Alış Qasımov, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor.

 

 "Dünyaya gələndə hər kəsə bir ad verirlər. Xoşbəxt o adamdır ki, öz adına forma deyil, məzmun kimi yanaşır, adı ilə məzmunlaşır, ömrünü adı ilə mənalandırır. Mais bir mənada bahar deməkdir. Mənim dostum Mais Yanardağ bahar təravətliliyini 80 yaşında da saxlayır" - İsrafil Məmmədov, tarixçi alim, əməkdar elm xadimi.

 

80 yaşlı azman bir kişi haqqında mənim bu qeydlərim, olsa- olsa, dəryadan bir damladır. Doğrusu, bu təşəbbüsdə bulunmağımdan özünün xəbəri yoxdu. Xəbər tutsaydı, özünəxas təbəssüm ərkyanalıqla qulağıma pıçıldayacağıydı: " Bu uşaqlara baş qoşub, mənasız işlərə qol qoyma. Sən ağıllı oğlansan, axı!" Yaxşı bilirəm, indi iş-işdən keçəndən sonra bir müddət məni həmişəki kimi xoş təbəssümü ilə yox, soyuq- soyuq dindirib-danışdıracaq, hələ arxamca giley-güzar da edəcəkdi...

 

Neylək, qoy olsun! desə, danışsa, ağsaqqalın haqqı var.

 

Amma bu da bizim- yaşda ondan xeyli kiçik könül dostlarının haqqıdır: əlamətdar yubileyi günündə ustadın, dağlar kimi vəfalı Mais Yanardağın haqqında bir neçə kəlmə xoş söz söyləmək!

 

Allah qorusun bu gözəl ziyalını, bu qayğıkeş atanı, mehriban babanı!

 

Mirzə YUSİF

525-ci qəzet.- 2015.- 22 aprel.- S.8