"Pompeyin Qafqaz
yürüşü": tarixdə xəyanət, yaxud Qafqaz
birliyi ideyası
Azərbaycan ədəbiyyatında diqqəti cəlb edən
mənzum tarixi dramlardan biri Xalq şairi Nəriman Həsənzadənin
qələmindən çıxmış "Prometeyin Qafqaza
yürüşü" dramıdır.
Müəllif bizim eradan əvvəl I əsrin
66-62-ci illərində Roma sərkərdəsi
Pompeyin Qafqaza hücumu ilə bağlı hadisələrdən
bəhs edən bu əsəri "Dramatik xronika"
adlandırıb. Əsər XX əsrin sonunda -
istiqlal epoxasında - 1997-ci ildə yazılıb.
Məlumdur ki, coğrafi baxımdan dağların və
dənizlərin əhatəsində gözəl bağlar və
meşələrin çevrəsində yerləşən
Qafqaz, xüsusən onun gözü olan, dünyadakı 11
iqlimin 9-una sahib olan qədim Odlar Yurdu Azərbaycan həmişə
səyyahların və yadelli işğalçıların
diqqətini cəlb edib. Təbii gözəlliyi və zəngin sərvətləri
həmişə Azərbaycanın başına bəla olub.
Barəsində danışdığımız əsərdə
də vətənpərvər şair, istedadlı sənətkar
N.Həsənzadə belə olaylardan birini qələmə
alıb, tarixi material əsasında bu gün üçün
çox önəmli olan Qafqaz birliyi ideyasını əks
etdirib.
Müxtəlif xalqların yaşadığı
Qafqazın hamının evi, vətəni, baba yurdu, əbədi
məskən olduğunu təqdim və tərənnüm edən
şair tarixdə də xəyanətkar erməni xislətinin
törətdiyi fəlakətləri obyektiv tarixilik
mövqeyindən açıb göstərir. Roma sərkərdəsi
Pompeyin Qafqaza yürüşünü burada yaşayan xalqlar
üçün tarixi bir sınaq kimi mənalandırır.
Əsər Qafqaza gəlmə toplum olan ermənilərin
xəyanətindən xəbər verən məlumatla
başlanır. Cəngavər
Çapar
deyir:
Qazın
bu torpağı, hər qatı qandı
Hər uçuq başdaşı bir qəhrəmandı.
Hər
qaya üstündə bir yazı qaldı
El köçdü... hər toyun bir yası qaldı.
Roma hədələyir
kürreyi ərzi
Dünyanın tutmadı qəsdi-qərəzi.
Qafqaza
göndərib Pompeyi Senat
Romaya
düşməndi Pontda Mitridat
Tiqran
şah əksinə, bir məqam güdür
Pompeylə görüşə hazırlıq
görür.
N.Həsənzadə Qafqazda yaşayan üç
xalqın - azərbaycanlıların, gürcülərin və
ermənilərin Roma sərkərdəsi Pompeyə münasibəti
müstəvisində onların tarixi xüsusiyyətlərini
təqdim edir.
Verilən parçadan məlum olur ki, Roma
Senatının qərarı ilə Pompey Qafqaza burada erməni
qohumlarının yanında gizlənən Pont hökmdarı
Mitridatı məğlub etməyə gəlir. Əslində bu bəhanədir, əsas məqsəd
Qafqazı işğal etmək, Alban dövlətini və
İber çarlığını özünə tabe etdirməkdir.
Pompeyin ilk təəssüratı:
Ordumuz
hünərlə keçdi Arazı,
Roma fəth eləyir vəhşi Qafqazı.
Qayada
şimşək var, buludda tufan,
Bizə bələdçidir şahzadə Tiqran.
Pompey "Dünyanın ən uzaq nöqtəsi -
dünyanın ən uca zirvəsi" olan Qafqaza vurulur, dincəlmək
üçün çadırlar qurulur.
Elə bu
vaxt Pompeyin zəfər yürüşlərini qələmə
alan Roma tarixçisi Pompeyə deyir ki, Ermənistan
şahı ikinci Tiqran onun görüşünə gəlib.
Pompey və İkinci Tiqranın oğlu
şahzadə Tiqran belə təcili gəlişdən
narazı qalırlar. Yaltaq dilini işə
salan qul xislətli, şəxsiyyətsiz şah İkinci
Tiqran çadıra girib Pompeyin ayaqlarına
yıxılır.
Pompey:
Qalx qoca,
bu qədər əyilməz insan
Böyük
Ermənistan, İkinci Tiqran
İkinci
Tiqran:
Sənin
hüzuruna gəlib baş əymək
Başın
ucalığı sayılsın gərək
Mənim
qaynatamdı Pont hökmdarı
Gizli
axtarıram mən o qəddarı
Bu tac hədiyyədir, Tiqran şah əsir
Sarayı günahkar, özü müqəssir.
Sənə
qul oluram bu gündən belə
Yanına şah gəlib qul xahişilə.
Qılınc
gətirmişəm, mən hələ Pompey,
Boynumu vursunlar, əmr elə Pompey.
Mən
taxt sahibiyəm, sən sahibimsən...
N.Həsənzadə
hiyləgər, xidmətkar, xəyanətkar, kəmfürsət,
satqın və qul xislətli erməni varlığını
İkinci Tiqranın, onun hakimiyyət üstündə
atasının üzünə ağ olan, Qafqazı
işğalı etmək üçün gələn Pompeyə
bələdçilik edən Şahzadə Tiqranın
simasında ustalıqla əks etdirir. İkinci Tiqran İberiya
Knyazı Çar Artakın, Alban çarı Çar Uruzun
yanına Pompeyin adından elçi gedir, onlardan Pompeyə təslim
olmağı xahiş edir və hər ikisindən layiq
olduğu rədd cavabını alır.
İkinci
Tiqran:
Pompey istəyir
ki, gəlib o başdan
Keçsin
Kolxidaya İberiyadan
Alban
sarayına elçi göndərib
Pompey xahiş edib, Uruz yox deyib.
Artak:
Qoşun
çəkə bilməz bizim torpağa
Albanlar,
iberlər qalxıb ayağa
...Yox,
Tiqran Qafqazlı bir ağsaqqalın
Adına
yaraşmır sənin sualın
...Qoy
getsin, Pompeydi onun arxası
Hələ
talamayıb Roma Qafqazı
Qonub
qayalara igid oğullar
Gözüaçıq
yatır şir kimi onlar
Qartal
yuvasıdır baxsan hər yana
Dağ-dağa
söykənir, Pompey Tiqrana
Çiyin-çiyinədir Artakla Uruz.
"Zümrüd quşu" poemasından sonra bu N.Həsənzadənin
Qafqazın həm əzəmətini, həm də gözəlliyini,
burada yaşayan dağlı xalqların igidliyini tərənnüm
edən ikinci böyük əsəridir.
Pompey
"Bəyəndim mən səni bu gündən belə //
özün öz ölkənə hakimlik elə" II
Tiqranın deyə
rəzil xidmətini mükafatlandırır. Gətirdiyi qızıl tacı İkinci Tiqranın
başına qoyur. Onun oğlu bələdçi
şahzadə bundan narazı qalır, ata Tiqranla oğul Tiqran
arasında hakimiyyət üstündə konflikt yaranır.
Əsərin əsl dramatik konflikti isə iki düşmən
qütb arasında - bir tərəfdə vətənpərvərlər
çar Uruz, çar Artak, Uruzun qəhrəman qardaşı
Qasid, onun kişi kimi mərd, amazonkalar kimi gözəl
nişanlısı İlkcan, əsl qafqazlı ailəyə məxsus
səbr, təmkin, ağıl, tədbir sahibi Uruz və Qasidin
anası Məlikə Aydan, cəngavər Çapar,
düşmən tərəfdə isə Roma sərkərdəsi
Pompey, erməni şahı İkinci Tiqran, onun oğlu, salnaməçi
Feofan dayanır. Bu dramda güclü bir xəttdə
atalar və oğullar arasında düşmənçilikdir.
Pompey erməni ata oğul haqqında deyir:
Didir
bir-birini atayla oğul
Hökmdar
bir quldu, şahzadə bir qul
İnsanın
çiynində baş özü tacdı
Niyə o xəbisdi, o gözü acdı?
Əsərdə Pompeyin Qafqaza
yürüşünün səbəbi kimi verilən
Mitridatın da oğlanları ona düşmən kəsilir.
N.Həsənzadə
tarixçi-salnaməçi Feofanın dili ilə Romanın
düşməni Mitridatı ağıllı siyasətçı təqdim edir:
Belə bir insan erməni xəyanəti nəticəsində
ağır vəziyyətə düşür. Əvvəl zəhər
verib sədaqətli qızlarını öldürür,
sonra da Pompeyin əlinə keçməmək
üçün ona sədaqətli köməkçisi kelt zabiti onun öz əli ilə
başını vurur. Mitridatın oğlu Farnak
qəhrəman atasının kəsilmiş başını
da dəfnə yarpaqlaına bürüyüb məktubla bərabər
Pompeyə göndərir. Məktubda yazılıb:
Mənim
düşmənimdi atam Mitridat
burda
Pompey bilsin, Romada senat.
Atam
Mitridatın meyiti, tacı,
Almazla bəzənmiş
gürzü, qılıncı
Qalxanı,
Daradan qalma qızıl taxt
Hədiyyə göndərir Pompeyə Fərnak.
Məktub hətta Pompey kimi bir fatehi, baş kəsib qan
içən cəlladı da sarsıdır. O bu olaya heç də
sevinmir. O Romadan Qafqaza Mitridatla şərəfli
döyüşə gəlmişdi. Fəqət "Mən
hərbi yürüşlə Qafqaza gəldim // demə...
döyüşə yox, mən yasa gəldim" kimi təəssüf
ifadə edən sözlər söyləməli olur. N.Həsənzadə
tarixi həqiqətə sadiq qalaraq Pompeyi böyük sərkərdə kimi
təqdim edir. Zəhər içib ölmədiyi
üçün özü-öz zabitinə əmr edib boynunu
vurdurmasını eşidəndə Pompey deyir:
Həyatın
özüdür belə bir təzad:
Mənim hüzuruma gəldin, Mitridat.
Sən
başınla gəldin, ayağınla yox,
Baha
başa gəldi o başa qürur
yox,
başın başımdan yüksəkdə durur!
Albanlar da, İberlər də Pompeylə mərdi mərdanə
döyüşür, vətənlərini, namuslarını
yadelli işğalçıdan, yerli-qafqazlı ermənilərin
xəyanətindən qorumaq uğrunda amansız mübarizə
aparırlar.
Alban dövlətinin düşünən beyni Çar Uruz,
Alban ordusunun vuran əli - baş komandanı onun
qardaşı Qasiddir. Qasid bir
döyüşçü kimi nə qədər mərd,
istedadlı olsa da təcrübəsizliyi ucundan Pompeylə təkbətək
döyüşdə məğlub olur.
Onun ikicanlı xanımı İlkcan da Qasidin
intiqamını alarkən namusunu qorumaq üçün
özünü öldürür. Xalq onları birlikdə
əbədi bir olan şəhidlər kimi dəfn edir.
Xalqı şəhid vermiş Xalq şairi N.Həsənzadənin qələmi
bu yerdə qürur və kədərlə dilə gəlir:
Çar
Uruz:
Alban
şəhididir Qasidlə İlkcan
Alban
Tarixidir indi danışan
Saraydan səngərə;
bir yol keçdilər
Ölüm
şərbətini qoşa içdilər
Şəhidlər
ölmürlər dünyada heç vaxt
Bayraqlar
qalxanda doğulur onlar
Qılınclar
çıxanda doğulur onlar
...Sərhəd
pozulanda doğulur onlar
Tarix yazılanda doğulur onlar.
Artak "Baş əyin önündə tabut heykəlin"
deyir, ona görə şəhidlər dünyada məhəbbət
qoyub gedirlər.
Şair əsərin əsas qayəsini - Qafqaz birliyi
ideyasını müdrik ana Məlikə Aydanın dilindən
verir. Əsərdə
mərd ana təkcə Alban dövlətinin deyil, Qafqazın
simvolu kimi diqqəti cəlb edir:
Güzəştə
getməsin igid oğullar
Güzəştin sonunda məğlubiyyət var.
Bu,
dünya borcudu, dünyada qalmaz
And için bu anda möhtacdır Qafqaz.
Qasid və İlkcan xətti əsərdə təkcə
ülvi sevginin tarixçəsi kimi verilmir. Xüsusən
İlkcanın simasında şair əhdə sədaqətin,
böyük sevginin, vətənpərvərliyin və
qadın qəhrəmanlığının timsalını
işləyir. Ümumiyyətlə, onun qadın qəhrəmanları,
xüsusən də amazonkalar kimi gözəl gəlinlər -
"Atabəylər" mənzum tarixi dramında
Gülaçar, "Pompeyin Qafqaza yürüşü"ndə
İlkcan gözəllik və qəhrəmanlığın,
ülviyyət və rəşadətin təbii külçəsidir.
Pompey əsgərləri tərəfindən paltarı
cırılmış İlkcanı görür və ona
heyran qalır:
Qadın
namusuna toxunmaq olmaz
İti bıçaq olur o dəmdə Qafqaz.
Gözəl
Alban qızı, əsl zadəgan
Hüsnün qarşısında sarsılır insan.
Açır
səngərdə də zərif bir çiçək
Ona nə meh dəysin, nə də əsən külək.
Troya
şahzadəsi Kassandradan
Alban şahzadəsi zərifdir, inan.
Pompeyin
Romaya getmək təklifinə İlkcan "Romaya özüm
yox, gedər cəsədim // Pompeyilə döyüşdü
hələ məqsədim" kimi mərd, qürurlu və qəhrəmanlıqla
dolu çətin bir cavab verir.
N.Həsənzadənin
mənzum tarixi dramlarını poetik baxımdan səciyyələndirən
bir xüsusiyyət də var: Əsərdə hadisələrin
əlaqəsi və dinamikası şairin adından
danışan obrazlar - "Atabəylər"də Salnaməçi
və Bağban, "Pompeyin Qafqaza yürüşü"
dramında cəngavər Çapar həyata keçirir. Çapar
təkcə hadisələrə kənar müşahidəçi
kimi qiymət vermir, həm də hadisələrdə
iştirak edir, birləşdirici rol oynayır. Məsələn,
Çapar ermənilərə qiymət verir:
Pompey:
Bəs
Tiqran, bəs böyük bir Ermənistan?
Çapar:
Bizə xain çıxıb o bina başdan.
Qafqazda
yer tapıb yaşasalar da
Qafqaz xasiyyəti yoxdur onlarda.
Bizim
yanımızda bizə dost deyər.
Yadelli gələndə ona baş əyər.
N.Həsənzadə Çapara Pompeyin fikri ilə
böyük qiymət verir. O, "Adi bir albanın dediyi kəlam"//
burda heyran qoydu məni, danmıram".
Çapar adi obraz deyil. Bu igid alban cəngavəri
həm də müdrik bir filosofdur. O Pompeyə
cavabı özündə olan zidd suallar verir, Pompeyi həm səciyyələndirir,
həm də bəşəri suallar qarşısında onu
mat qoyur.
Çapar
deyir:
Yerdə
bilmədilər, gələn gurultu
Göydə ildırımdı, ya vəhşi ordu?
...Niyə
heyvanların dili yox ikən,
dil
tapıb yaşayır belə qədimdən?
İnsan
öz əslinə oxşaya bilmir
dili var,
dil tapıb yaşaya bilmir?
Niyə
bu yerdə də nüfuz olmasın
Niyə Pompey olsun, Uruz olmasın?
Yaşaya
bilməzmi başqa ölkələr
Niyə bir başçıya baş əysin bəşər?
Bu fəlsəfi sualların poetik-dramatik gücü
onların bəşəriyyətində və
müasirliyindıə, bütün xalqlara və bütün
zamanlara aid olmasındadır.
Çapar müəllifin əlində tarixə qiymət
vermək üçün ideya ruporudur. Təsadüfi deyil ki, belə
mürəkkəb bir tarixi pyesi N.Həsənzadə məhz
Çaparın səhnəyə müraciətlə dediyi
sözlərlə tamamlayır:
Qafqaz mənim
əcdadımın vətənidi
Əzabımın,
fəryadımın vətənidi
Ölənimin,
itənimin vətənidi
Qafqaz mənim vətənimin vətənidi.
Şair doğru deyir, Qafqaz Azərbaycanın vətənidi,
qədim və ulu Azərbaycan Qafqazda yerləşir, o
Qafqazın tacıdır.
Qafqaz eyni zamanda gürcü Artekin və alban - azərbaycanlı
Uruzun vətənidir. İber və Alban çarlarını
birləşdirən təkcə şəxsi dostluq münasibətləri
deyil, bəlkə daha çox Qafqaz təəssübüdür,
vətənçilik hissidir.
Onlar ölkə başçıları kimi
yaxşı bilirdilər ki, Qafqazın əmin-amanlığı
burada yaşayan hər bir xalqın əmin-amanlığıdır. Ona görə də xain və
satqın, rəzil bir toplum olan, böyük Ermənistan
xülyası ilə xəstələnən, özündən
güclülərə qul, özündən zəiflərin
başına bəla olan erməniləri çıxmaq şərti
ilə Qafqazda yaşayan bütün xalqlar dağ
vüqarı ilə birləşərək
işğalçı Qney Pompeyə müqavimət göstərdilər.
Artek:
İber çarlığıdır Kürün o tayı
Kürün bu tayında Alban sarayı.
Taledir səsləyən
üzü küləyə
Əl-ələ qardaşlar, kürək-kürəyə.
Bütün
İberiya, bütün Gürcüstan
Səfərbərlik edir günü sabahdan.
Alban
ordusuyla İber ordusu
Elə ki, birləşdi yoxdu qorxusu.
Lakin lovğa Pompey onları saymır. "Bu çarlar Kir deyil,
İskəndər deyil// Onlar teatrda çar ola
bilər// çarların əksidir əsli deyildir" deyə,
fikrini onun yürüşlərinin tarixini işləyən
salnaməçi Feofana müraciət edir.
Əsərdə konfliktin gərgin məqamlarından
biri roma sərkərdəsi Qney Pompeylə Alban çarı
Uruzun üz-üzə gəldiyi səhnədir. Müəllif
Uruzu həm igid qəhrəman, həm də cəsarətli və
tədbirli, ağıllı və siyasətçi dövlət
başçısı kimi hərtərəfli təqdim edir.
Uruz Pompeyə cavab verərkən "Avesta"ya, Zərdüştün
fəlsəfəsinə əsaslanır: "İşıq
qaranlıqla ... Pompey
barışmaz // İşığa çağırır Qərbi
də Qafqaz". Bu
işıq dramda təsvir olunan (erməni xaric!) bütün
qafqazlılara güc, ümid və qürur bəxş edir.
Həmən işıqdan güc alan,
dövləti də, siyasəti də, parlaq şəxsiyyəti
də bu işıqla nurlanan Alban hökmdarı Pompeyə
tarixi bir vətənpərvərlik dərsi verir:
Vətən
ululardan qalıb yadigar
burdan
keçə bilməz özgə ordular.
Buna nəsil-nəsil
biz and içmişik
torpağa can verib candan keçmişik.
Bizim
hüququmuz eynidir, fəqət...
Vətəni işğal olunmuş, yüzlərlə
şəhid vermiş xalqın teatr səhnəsində bu
sözləri demək olduqca zəruridir. Xalq şairi
N.Həsənzadənin mənzum tarixi dramının
müasirliyi də ilk növbədə məhz bundadır.
Yad orduları vətənə buraxmamaq, yer
altındakı şəhidləri tapdamaq deməkdir, bu isə
sadəcə günah yox, eyni zamanda milli bir cinayətdir.
N.Həsənzadənin
"Pompeyin Qafqaza yürüşü" mənzum tarixi
dramında maraqlı bir epizod da var: Pompey Şərq
müdrikliyinə, konkret olaraq Zərdüştün fəlsəfəsinə
heyran qalır və öz salnaməçisi Feofana bu barədə
eşitdiklərini qələmə almağa
tapşırır.
Feofan:
Xalqın
tarixi var, tarixçisi yox
bu qədər
yol gəlib, yolda izi yox.
Pompey:
Necə?
Afinadan, Romadan qabaq?!
Feofan:
Bir Zərdüşt olubdu, fikirdən oyaq.
Dünyada
birinci alim, sənətkar
Ona səcdə qılır indi də xalqlar.
Kainat
oddur deyib böyük yunana alimi -
Bəlkə Heraklitin də Zərdüştdü müəllimi.
..."Dünya
olandan bəri vuruşur Xeyirlə Şər
Yaxşı
- pis, gecə-gündüz, mərd-namərd, iblis-bəşər"
Pompey:
Yox,yox. O sözləri topla, Feofan
Mən
qibtə elədim bu dinə inan
Qayıdıb
Romada məşğul olarıq
Zərdüşt
peyğəmbərdi, biz qul olarıq
Mən ki
yer üzündə qalib əsgərəm
başqadır insanda daxili aləm
...Peyğəmbər
Zərdüştün din fəlsəfəsi
Qafqaz yürüşümün son möcüzəsi.
Tarixçi Feofan öz dəftərindən Zərdüşt
peyğəmbərin Zaman, İnsan və Cahan haqqında fikirlərini
oxuduqdan sonra Qney Pompey belə qərara gəlir. Məhz Zərdüştün
fəlsəfəsi dünya fatehinin qoşununu çəkib
geri qayıtmağa, Qafqazdan getməyə sövq edir. Zərdüştün kəlamlarını dinlədikdən
sonra o dünyaya başqa gözlə baxmağa
başlayır, mənəviyyatı sərvətdən, mənəvi
cəsarəti qəhrəmanlıqdan üstün tutmalı
olur.
Beləliklə, Roma sərkərdəsi, böyük
fateh Qney Pompey Qafqazın nə ərazisini, nə də mənəviyyatını
fəth edə bilmir. Hikmət və məhəbbət ona qalib
gəlir. N.Həsənzadənin qənaəti
budur ki, qılınc və qələmin vəhdəti
Qafqazın, Azərbaycanın basılmaz qüdrət
simvoludur. Makedoniyalı İskəndər "Avetsa"nı yandırır, fəqət Zərdüştün
hikmətləri yuva bağlamış yaddaşın
kiçik ərazisini işğal edə bilmədi. Qney Pompey də nə qədər güclü ordusu
xəyanətkar, satqın erməni əlaltıları olsa da
Qafqaz birliyinə rəxnə sala bilmədi.
N.Həsənzadənin "Pompeyin Qafqaza
yürüşü" mənzum tarixi dramı yüksək
niyyətlə müdrik hikmətin vəhdətindən
yaranan, tarixdə fəlakət və xəyanətin rolunu
aşkara çıxaran, qürur və məhəbbətin vətənpərvərlik
və qəhrəmanlığın rəhni olduğunu təcəssüm
etdirən mənalı sənət əsəridir.
Gülşən
ƏLİYEVA-KƏNGƏRLİ
525-ci qəzet.-
2015.- 22 aprel.- S.7