"Koroğlu" operası Türkiyə səhnəsində

 

 

"Koroğlu" operası 2015-2016-cı illərin opera mövsümündə Türkiyə Dövlət Opera Balet Teatrlarında (TDOBT) səhnələşdiriləcək.

 

Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, artıq TDOBT "Koroğlu"nu repertuarına daxil etməyə qərar verib.

 

"Koroğlu" operasını Türkiyənin Mərsin Dövlət Opera Balet Teatrında azərbaycanlı rejissor, professor Əflatun Nemətzadə səhnəyə qoyacaq.

 

"Koroğlunun" qardaş ölkədə səhnələşdirilməsi Türkiyə Dövlət Opera Balet Teatrlarının baş direktoru Salman Ada ilə görüşdə Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırovun təşəbbüsü əsasında müzakirə olunub.

 

Qeyd edək ki, Türkiyə Dövlət Opera Balet Teatrlarının baş direktoru Salman Ada hazırda qardaş ölkədə yaşayıb yaradan məşhur bəstəkar dirijorlardandır. O, musiqi təhsilini Parisdə alıb, gənc opera dirijoru olaraq dünya şöhrətli mərhum dirijorumuz Niyazinin İstanbulda asistanı olub. Hazırda Ankara, İstanbul, Samsun, Mersin, Antalya İzmir şəhərlərində olmaqla qardaş ölkədə 6 Opera Balet Teatrı fəaliyyət göstərir. Bu Opera Teatrları Salman Adanın rəhbərlik etdiyi TDOBT-ə tabedirlər. Salman Ada Azərbaycan operalarının Türkiyə operasevərlərinə təqdim olunmasına böyük maraq göstərir.

 

Gələcəkdə bu tamaşanın TÜRKSOY xətti ilə beynəlxalq səhnələrə çıxarılması planlaşdırılır.

 

 

 

525-ci qəzet.- 2015.- 22 aprel.- S.7.