Bakıda VI müasir musiqi festivalı keçirilir

 

 

Aprelin 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə Qara Qarayev VI müasir musiqi festivalının açılış mərasimi olub.

 

"Azərtac" xəbər verir ki, mərasim dahi bəstəkar Qara Qarayevin "İldırımlı yollarla" baletindən "İntroduksiya"nın səslənməsi ilə başlayıb.

 

Tədbirdə mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, bu gün ənənəvi olaraq iki ildən bir keçirilən böyük Qara Qarayevin adını daşıyan beynəlxalq musiqi festivalının iştirakçısıyıq. Nazir müavini qeyd edib ki, Qara Qarayevin Azərbaycan mədəniyyətinə XX əsrin ortalardan başlayaraq musiqi dili ilə gətirdiyi yeniliklər onu dünya səviyyəsinə qaldıraraq bəşəriyyətin ən öndə gedən inciləri sırasına çıxartdı. Gənc yaşlarından istedadının gücünə güvənərək dünya səviyyəli bəstəkarlarla tərəfdaşlıq edən, Üzeyir Hacıbəyli Dmitri Şostakoviç kimi dahilərdən dərs almış Qara Qarayev böyük bir musiqi məktəbi ənənəsinin əsasını qoyub.

 

Ə.Vəliyev bildirib ki, Azərbaycan musiqisi son onilliklərdə xüsusi yüksəliş dövrünü yaşayır. Bir müddət öncə Beynəlxalq Muğam Festivalının gerçəkləşdiyini vurğulayan Ə.Vəliyev diqqətə çatdırıb ki, bu il ərzində beynəlxalq səviyyəli Mstislav Rostropoviç, "İpək Yolu", Qəbələ, Üzeyir Hacıbəyli caz festivalları keçiriləcək.

 

Nazir müavini deyib ki, Qara Qarayev VI müasir musiqi festivalı çərçivəsində tamaşaçılar beş gün ərzində dünyanın, o cümlədən, Azərbaycanın böyük bəstəkarlarının əsərlərini dinləyəcəklər.

 

Sonra musiqilər ifa edilib.

 

Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edib. Bədii rəhbər baş dirijor Rauf Abdullayevin rəhbərliyi altında V.Lyutoslavski, K.Saariaho, E.Denisov digər bəstəkarların əsərləri səsləndirilib.

 

 

 

 

525-ci qəzet.- 2015.- 22 aprel.- S.7