İsgəndəriyyə Kitabxanasında Nizami Gəncəvi konfransı

 

 

Beynəlxalq Nizami Gəncəvi Mərkəzi Misirin İsgəndəriyyə Kitabxanasında Azərbaycanın böyük şairi Nizamiyə həsr olunmuş konfrans keçirib.

 

Konfransda İsgəndəriyyə şəhərinin qubernatoru Hani Əlməsiri, kitabxananın direktoru, Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin rəhbəri İsmayıl Siracəddin, Mərkəzin üzvləri - Bolqarıstanın sabiq prezidenti Dmitri Stoyanov, Kolumbiyanın sabiq prezidenti Andres Pastrana, Ruminiyanın sabiq prezidenti Emil Konstantinensko, Albaniyanın sabiq prezidenti Rekxeb Meidani, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlu, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva, Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev və səfirliyin əməkdaşları, Nizami irsini tədqiq edən misirli alimlər, ictimai-siyasi xadimlər, ictimaiyyətin nümayəndələri, misirli tələbələr iştirak ediblər.

 

Konfransı açan İ.Siracəddin Nizami yaradıcılığını geniş təhlil edərək, onun zəngin irsinin nəinki Azərbaycan xalqına, eyni zamanda, bütün bəşəriyyətə verdiyi misilsiz töhfələrdən, böyük şairin həm də mütəfəkkir, filosof kimi fəaliyyətindən danışıb.

 

G.Baxşəliyeva çıxışında Nizami Gəncəvi yaradıcılığının ümumbəşəri dəyərlərindən söz açıb, böyük şairin istər Azərbaycan, istərsə də Şərq və dünya ədəbiyyatına verdiyi töhfələrdən bəhs edıb.

 

Sonra sabiq prezidentlər D.Stoyanov, E.Konstantinesko, R.Meidani Nizami Gəncəvi yaradıcılığının müxtəlif sahələrinə dair geniş məruzələrlə çıxış ediblər.

 

Çıxışlardan sonra İ.Siracəddin Nizami Gəncəvinin Azərbaycan Respublikası tərəfindən kitabxanaya təqdim olunan büstünün açılışını edib.

 

Daha sonra mətbuat konfransı keçirilib, KİV nümayəndələrinin sualları cavablandırılıb.

 

Tədbirin ikinci hissəsi İsgəndəriyyə,

 

Əl-Əzhər və Munufiyyə universitetlərinin Nizami Gəncəvinin yaradıcılığı ilə məşğul olan alimlərinin çıxışları və geniş müzakirələrlə davam etdirilib.

 

Konfrans Misir Televiziyası və digər KİV-lərdə geniş işıqlandırılıb.

 

 

 

525-ci qəzet.- 2015.- 22 aprel.- S.7.