Kitablara bağlı sənətkar taleyi
Tofiq Bakıxanov - 85
Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, "Şöhrət"
ordenli bəstəkar,
Prezident təqaüdçüsü
Tofiq Bakıxanovun 85 illik yubileyi ilə onun ilk kitabının 60 illiyi eyni vaxta düşür.
Ustad sənətkarın yaradıcılığı
ilə dərindən
tanış olan tədqiqatçıların
fikrincə, tələbə
- bəstəkarın 1955-ci ildə Azərbaycan Dövlət Musiqi Nəşriyyatında işıq
üzü görmüş
"15 Azərbaycan xalq
mahnısı" kitabı
(fortepiano və skripka
üçün işləmələr)
kifayət qədər
uğurlu başlanğıc
olub. Çünki həmin kitabdan
sonra Tofiq Bakıxanovun yüzə qədər kitabı çap olunub və böyük oxucu marağı ilə qarşılanıb.
Geridə qalan 60 ildə Bakı, Moskva, Leninqrad, Kiyev şəhərlərindəki,
eləcə də Şimali Kipr Türk Respublikasının
paytaxtı Lefkoşa şəhərlərindəki müxtəlif
nəşriyyatlar onun
yaradıcılığına dönə-dönə müraciət
ediblər. Bundan başqa Amerika
Birləşmiş Ştatları,
Türkiyə Cümhuriyyəti
və İran İslam Respublikasının
Azərbaycandakı səfirlikləri
tərəfindən də
bəstəkarın əsərləri
ayrıca nəşr olunub və musiqi ifaçılarının
istifadəsinə verilib.
Xatırladaq ki, Azərbaycanda not-musiqi ədəbiyyatının
çapına hələ
ötən əsrin üçüncü onilliyindən
- dahi Üzeyir bəy Hacıbəylinin
"Aşıqsayağı" əsərinin nəşri
ilə başlanılıb. 1927-ci ildə
Müslüm Maqomayevin
və Üzeyir bəy Hacıbəylinin birgə işlədikləri
"Xalq mahnıları
məcmuəsi", Asəf
Zeynallının ölümündən
sonra (1932-ci il) bu nakam sənətkarın
romansları, eləcə
də Tofiq Quliyevin və Zakir Bağırovun nota köçürdükləri "Rast" və "Dügah" muğamları
musiqisevərlərə kitab
şəklində təqdim
olunub. 1954-cü ildə Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayev öz çıxışlarından birində bu məsələnin daim diqqət mərkəzində
saxlanılmasının və
yeni-yeni kitabların ərsəyə gəlməsinin
vacibliyini vurğulayıb.
Həmin
illərdə Konservatoriyanın
Bəstəkarlıq fakültəsində
təhsil alan Tofiq Bakıxanov yuxarıda qeyd etdiyimiz kimi 1955-ci ildə " 15 Azərbaycan
xalq mahnısı",
Azərbaycan xalq təranələrindən skripka
ilə fortepiano üçün
işlənmiş "Birinci
məcmuə", 1956-cı ildə Böyük Vətən müharibəsində
həlak olmuş gənc bəstəkar Məmməd İsrafilzadənin
xatirəsinə həsr
olunmuş "Elegiya"
əsəri və
1957-ci ildə "17 uşaq
pyesi" ilə yanaşı "İkinci
məcmuə" kitabları
geniş oxucu kütləsinə təqdim
edilib.
Sonrakı illərdə opera janrı
istisna olmaqla bütün janrlarda musiqi əsərləri yaradan Tofiq Bakıxanovun
əsərlərinin hamısı
kitab şəklində
nəşr olunub. İrihəcmli əsərlər 50 adla, kiçik əsərlər
isə 40 dəfə müxtəlif adlarla nəşr edilib. Maraqlıdır ki, bu bəstəkarın bütün
əsərləri yarandığı
dövrün ən aktual mövzularında olub. 1960-70-ci illər
arasında bəstəkarın
Abbasqulu ağa Bakıxanovun sözlərinə
yazılmış "Səninlə
bağlıdır bəxtiyarlığım",
Süleyman Rüstəmin
sözlərinə yazılmış
"Sevməyir, qoy sevməsin", Tofiq Mütəllibovun sözlərinə
yazılmış "Gözəlliklər
məskəni" mahnıları,
əfsanəvi partizan
Mehdi Hüseynzadənin
qəhrəmanlığına həsr olunmuş "Uzaq sahillərdə" simfonik poemasının partiturası, Azərbaycan
Respublikasının 40 illiyi
münasibətilə keçirilən
yaradıcılıq müsabiqəsinin
qalibi olmuş "Birinci simfoniya"nın partiturası, 11 mahnı və romansların daxil edildiyi "Nigar" mahnılar məcmuəsi və daha onlarla kitabı
işıq üzü
görmüşdür.
Sonrakı onillikdə isə
ustad sənətkarın
beş adda
irihəcmli əsərləri
kitab şəklində
nəşr olunub. Bundan başqa Moskvada keçirilmiş ümumittifaq
müsabiqəsinin qalibi
olub, sonra isə Avropanın bir çox teatrlarında böyük
uğurla nümayiş
etdirilmiş "Xəzər
balladası" baletinin
klaviri 1975-ci ildə Moskvadakı "Sovet bəstəkarları" nəşriyyatında
böyük tirajla çap olunub və kifayət qədər maraqla qarşılanıb. Ötən əsrin
80-ci illəri də Tofiq Bakıxanovun həm musiqi yaradıcılığında, həm də yeni-yeni kitablarının ərsəyə gəlməsində
uğurlu olub. Həmin illərdə bəstəkarın
Moskvadakı adı çəkilən nəşriyyatda
6 adda kitabı işıq üzü görüb.
Xatırladaq ki, həmin illərdə kitab
nəşr etdirmək
bəstəkarlar üçün
o qədər də asan iş deyildi.
Çünki müəllif yeni
əsərini Bəstəkarlar
İttifaqına təqdim
etdikdən sonra orada ilk növbədə əsərin dinlənilməsi
təşkil edilir, sonra geniş müzakirələr başlanırdı.
Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü olan Qara Qarayev, Fikrət
Əmirov, Soltan Hacıbəyov, Cövdət
Hacıyev, Tofiq Quliyev, Səid Rüstəmov və digər görkəmli sənətkarların hər
birinin yeni əsər barədə rəyi böyük əhəmiyyət kəsb
edirdi. Bu ciddi
müzakirələrdən sonra Bəstəkarlar İttifaqı kitab kimi çap olunacaq əsərlərin
siyahısını Dövlət
Nəşriyyat Komitəsinə
təqdim edir, orada isə hər əsərin ayrılıqda növbəti
və daha ciddi müzakirəsi başlanırdı. Sonra isə
bəyənilmiş əsərlərin
siyahısından ibarət
Tematik Plan Mərkəzi
Komitəyə təqdim
olunur və əsas müzakirələr
də məhz orada başlanırdı.
Həmin
mərhələdə də
bəyənilmiş əsərlərin
siyahısı "Azərnəşr"ə
göndərilir və
bundan sonra söz senzuraya verilirdi. Çoxmərhələli müzakirələrdən sonra senzuranın da "yox" deməyə səlahiyyəti
var idi. Yəni bu gün "Tofiq Bakıxanovun filan onillikdə bu qədər kitabı işıq üzü görmüşdür"
- demək çox asandır. Həmin illərdə bu qədər nəticələrə
nail olmaq isə dəhşətli dərəcədə
çətin idi.
Azərbaycanın həmin əsrin sonlarında öz dövlət müstəqilliyini
bərpa etməsi bütün yaradıcı
zümrələr kimi
bəstəkarların fəaliyyətinə
də yeni stimul vermiş oldu. Eyni zamanda yaradıcı
insanlarımız xaricdəki
həmkarları ilə
sərbəst əməkdaşlıq
etmək imkanı əldə etdilər.
Bu imkanlardan bəhrələnən
Tofiq Bakıxanov Şimali Kipr Türk Cümhuriyyətinin
paytaxtı Lefkoşada
"Kuzey Kıbrıs
fəsilləri" adlı
7 hissədən ibarət
yeni əsərinin partiturasını və 3
adda irihəcmli əsərlərini nəşr
etdirdi. Yeni əsrin ilk illərindən
etibarən isə İran xalq musiqisi əsasında qələmə aldığı
"Şərqdən gələn
sədalar" və
"Firdovsini yad edərkən" adlı
əsərləri bu
dost ölkənin "Əl-Hüda"
nəşriyyatı tərəfindən
çap olunub.
Qeyd edək
ki, Tofiq Bakıxanov təkcə milli musiqimizlə və Şərq incəsənəti ilə
deyil, eləcə də Qərb mədəniyyəti ilə
dərindən maraqlanan
sənətkarlarımızdandır. Onun Amerika bəstəkarı Corc Gerşvinin xatirəsinə həsr etdiyi "6 nömrəli cazsayağı konsert" (skripka ilə simfonik orkestr üçün) okeanın
o tayında yüksək
qiymətləndirilmiş və
öz müəllifinə
ABŞ-ın 2010-cu il
üçün " Fulbrayt
-Heys" təqaüdü
laueratı adını
qazandırmışdır. Xatırladaq ki, həmin əsərin partitura və klaviri bilavasitə ABŞ-ın Azərbaycandakı səfirliyinin
təşəbbüsü ilə kitab halında çap olunub.
Bəstəkarın Muxtar Respublikanın 85 illiyi münasibətilə yazdığı
"Naxçıvan", Mustafa Kamal Atatürkə həsr etdiyi "Dünya durduqca yaşa", "Şərq
poeması", "Romanslar
məcmuəsi" və
Əməkdar jurnalist
İttifaq Mirzəbəylinin
sözlərinə yazılmış
"Mahnılar məcmuəsi"
(bu məcmuə Ankarada fəaliyyət göstərən Dünya
Söz Akademiyasının
Hacı Fərhad Mirzə adına "Beynəlxalq Kəlam mükafatı"na layiq görülmüşdür) əsərləri
həm son dövrlərdə
ən çox ifa edilib, həm
də ayrıca kitab şəklində musiqisevərlərə təqdim
olunub.
Bütün bunlarla yanaşı professor Tofiq Bakıxanov Üzeyir bəy Hacıbəylidən üzü bəri bir çox görkəmli sənətkarlarımız haqqında yazılmış otuza qədər kitabın redaktoru və ya ön sözün müəllifi kimi ölkə musiqisevərlərinə yaxşı tanışdır. Onun özü haqqında yazılmış kitabların sayı da artıq ondan çoxdur.
Üstəlik, musiqi əsəri kimi deyil, bilavasitə kitab kimi yazdığı əsərlər də istənilən qədərdir. Bir sözlə, bugünkü Azərbaycan incəsənətində və mədəniyyətində özünəməxsus yeri olan bəstəkar Tofiq Bakıxanov sözün həqiqi mənasında təkcə musiqi əsərlərində deyil, həm də zəngin bir kitabxananı təşkil edə biləcək kitablarda, jurnallarda yaşayır.
Görkəmli sənətkarımızı 85 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, yeni-yeni uğurlar arzulayırıq.
İttifaq MİRZƏBƏYLİ
525-ci qəzet.- 2015.- 23 aprel.-
S.8.