Bakıda Şəki günü
Aprel ayının
21-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Bölgələrdən
paytaxta" adlı layihəsi əsasında növbəti tədbir keçirilib.
Bu dəfə paytaxt sakinləri Şəkinin mədəni irsi ilə tanış
olublar. Tədbir Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında reallaşıb.
Qonaqlar layihə çərçivəsində
bölgənin mətbəxi,
yerli xalq sənətkarlarının təkəlduz,
şəbəkə, misgərlik,
ipəkçilik, xalçaçılıq
nümunələri, musiqi
alətləri və digər əl işləri, Şəkidə
yaşayıb-yaradan yazarların
əsərləri, rayonda
fəaliyyət göstərən
istehsal müəssisələrinin
məhsulları, turizm
imkanları əks etdirən sərgi və stendlərlə tanış olublar.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev bildirib ki, bu yeni layihənin məqsədi Azərbaycan mədəniyyətinin tarixi və müasir zənginliklərini, regionların adət-ənənələrini, mətbəx nümunələrini, sosial-iqtisadi inkişafını, sənət ustalarının əl işlərini, regionlarda fəaliyyət göstərən bədii kollektivlərin və incəsənət ustalarının çıxışlarını nümayiş etdirmək və bölgənin turizm imkanlarını təbliğ etməkdir. Nazir müavini deyib ki, bölgələrdə inşa edilən yeni və müasir mədəniyyət ocaqları mədəni səviyyənin yüksəlməsinə təkan verir. Qeyd olunub ki, qədim və zəngin mədəniyyətə, füsunkar təbiətə, qonaqpərvərliyə, dadlı mətbəxə malik Şəki buraya gələn qonaqları heyrətləndirir. Ölkəmizin mədəniyyət mərkəzlərindən birinə çevrilən Şəki "İpək Yolu" musiqi festivalı kimi beynəlxalq tədbirə ev sahibliyi edir.
Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov qədim və zəngin Şəkinin Azərbaycanın tarixinə, mədəniyyətinə verdiyi töhfələrdən danışıb. O bildirib ki, ölkə başçısı İlham Əliyev cənablarının Şəkiyə göstərdiyi diqqət və qayğısı nəticəsində bölgədə yenidənqurma işləri aparılır və bu zaman milli memarlıq üslubu qorunub saxlanılır. Həmçinin qeyd edib ki, Şəki turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdəndir.
Tədbirdə qarşılıqlı hədiyyələr təqdim olunub. Sonra Şəkinin sosial-iqtisadi inkişafından, müasir tərəqqisindən, turizm imkanlarından, zəngin mədəniyyətindən bəhs edən videoçarx nümayiş olunub, bu yurdun yetirməsi olan görkəmli simalar haqqında da məlumat verilib. Həmçinin, əslən şəkili olan kinorejissor, xalq artisti Rasim Ocaqovun çəkdiyi filmlərdən fraqmentlər göstərilib. Tədbirdə Şəki şəhər mədəniyyət və turizm idarəsinin "Zirvə" Xalq instrumental ansamblının müşayiəti ilə təqdim edilən konsert proqramı böyük maraqla qarşılanıb. Konsertdə əslən Şəkidən olan görkəmli bəstəkarların əsərlərinə üstünlük verilib.
Yaşar Əbdürrəhimov
525-ci qəzet.- 2015.- 23 aprel.- S.8.