Şərəflə yaşanmış ömür
Hərdən mənə elə gəlir ki, hər bir kəs
təkcə öz ömrünü yaşamır.
Doğrudur, hər bir canlı insan yaşadığı dünyasını
dəyişir. Amma o, cismən yox olur, əslində həmişə övladlarının,
nəvələrinin, nəticələrinin ,
kötükcələrinin, iticələrinin xatirələrində
yaşayır, ehtiramla,
hörmətlə anılır.
Bu dünya evinə
təşrif buyuran hər bir insan
bir-birinə bənzərsiz,
müxtəlif həyat
yolu keçir.
Kimisi əzab-əziyyətə
qatlaşır, çətinliklə
böyüyür, min bir
məşəqqətlə üzləşir, kimisi yağ-bal içində üzür, vəzifə sahibi olur, beləcə
yaşayıb öz həyatını başa
vurur. Bəzən insanın yaşadığı
ömrü alın yazısı və ya qismət də adlandırırlar.
Yaxşı ömür sürüb vicdanla, şərəflə
yaşamış adamlar
dünyada olmayanda, axirət evinə köçəndə həmişə
məhəbbətlə, hörmətlə,
ehtiramla xatırlanıb
yad edilirlər. Hər bir
insanın keçdiyi
ömür yolu öz-özlüyündə bir
kitabdır. 80 il
əvvəl doğulan,
69 yaşında Haqqın
dərgahına qovuşan,
tanıyanların yaddaşlarında
həmişə sadə,
mehriban, səmimi, xeyirxah, halal insan kimi qalan
Sərdar Mehdiyevin ömür salnaməsi də nəsillərə nümunə olan, örnəkləşmə haqqı
qazanan, daim hörmətlə xatırlanan
bir kitabdır.
Sərdar Dadaş oğlu Mehdiyev 22 aprel 1935-ci ildə Ağdamda anadan olmuşdur. Onun uşaqlığı
müharibə illərinə
düşdüyündən çox əzablı və əziyyətli keçmişdir. Elə bu
səbəbdən də
orta məktəbə
bir qədər gec getmişdir. Orta məktəbdə oxuduğu
illərdə Sərdar
bütün yaşıdlarından
fərqlənirdi.1953-cü ildə orta məktəbi müvəffəqiyyətlə bitirən Sərdar Mehdiyev elə həmin ildə də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə
qəbul edilmişdir.
Universitetdə təhsil aldığı
illərdə də yaşıdlarından, tələbə
yoldaşlarından seçilmişdir.
O. 1958-ci ildə universiteti
bitirib, ixtisası üzrə qəzetdə işləmək üçün
Zaqatala rayonuna təyinat almışdır.
5 il orda çalışdıqdan sonra S.Mehdiyev Ağdam rayon Partiya Komitəsinin mətbu orqanı olan qəzetdə müxbir kimi fəaliyyət
göstərmişdir.1965-ci ildə yüksək ali təhsil almaq üçün Bakı
Ali Partiya Məktəbinə
göndərilmiş S.Mehdiyev
1966-cı ildə bu təhsilini də uğurla başa vurduqdan sonra Ağcabədi Rayon Partiya Komitəsinin mətbuat orqanı olan "Sürət" qəzetinə
redaktor vəzifəsinə
təyin olunmuşdur.
O, bu vəzifədə
nə az,
nə çox - düz 23 il işləmişdir.
XX yüzilliyin 70-ci illərində
məmləkətimizin tarixi
həqiqətlərinə qara
pərdə çəkmiş
SSRİ dönəminin hələ
o kəsəkəs zamanında,
xüsusilə 1970-1980-ci illərin
həyat həqiqətlərinin
qılınc ilə doğranılıb yandırılan
bir dövründə
S.Mehdiyev qəzet səhifələrində dərc
etdiyi istər tənqidi materiallarında,
istərsə də publisist yazılarında öz daxili gücündən aldığı
mənəvi enerjinin sayəsində deyilməsi
və yazılması
çətin, təhlükəli
olan məsələləri
qabardırdı. Onun çoxsaylı yazılarında
həmişə milli
ruh, yüksək vətəndaşlıq mövqeyi,
cəmiyyətdə baş
verən haqsızlıqlara,
ədalətsizliklərə kəskin reaksiya əks olunardı. O zamanlar rayon və ya respublika rəhbərliyini
qıcıqlandıran yazılar
yazmaq böyük cəsarət tələb
edirdi. Belə cəsarət də məhz Sərdar müəllim kimi prinsipial, həqiqətpərəst
ziyalılarda ola bilərdi. O, yazılarında həqiqəti
olduğu kimi rəngsiz, boyasız verməyə çalışırdı.
1990-cı
ildə Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
qızışanda Sərdar
müəllim yurdsevər,
vətənsevər bir
jurnalist kimi qərargahı Ağdam rayonunda yerləşən
"Qarabağ" qəzeti
ilə əməkdaşlıq
etmiş, çoxlu sayda vətənpərvərlik
ruhunda məqalə və oçerklər yazıb çap etdirmişdir.
1991-ci ilin iyulunda
"Xocalının səsi"
qəzetinə redaktor
təyin edilən Sərdar Mehdiyev ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. O zamankı
mövcud çətinliklərə
baxmayaraq "Xocalının
səsi" qəzetinin
ilk nüsxəsinin 9 iyul
1991-ci il tarixdə Bərdə şəhərində işıq
üzü görməsinə
nail olan S.Mehdiyev qəzetin sonrakı nömrələrində də
Dağlıq Qarabağ
Muxtar Vilayətində
yaranmış problemlər
və onlardan qurtulmağın yollarını
vətənpərvər bir
jurnalist kimi ortaya qoya bilmişdir.
Onun publisistikasında da, digər janrdakı yazılarında olduğu
kimi, özünəməxsus
dil üslubunda, maraqlı formada mütəmadi xalqın mənəviyyatı, zəngin
tarixi, ciddi vətəndaşlıq problemləri
qaldırılırdı.
1992-ci ilin heç vaxt yaddan çıxmayacaq
o məşum fevral günlərində - Xocalının
işğalı ərəfəsində
vəziyyətin son dərəcə
gərginliyi ilə əlaqədar müvafiq orqanlara vaxtında məlumatların ötürülməsində
müstəsna rol oynayan S.Mehdiyev Xocalının
işğalı zamanı
böyük sarıntı
keçirmiş və
bu sarsıntı da sağalmaz xəstəliyə çevrilərək
onun sağlam vücuduna hopmuş, 9 il onu qarabaqara
izləmiş, nəhayətdə
isə 6 avqust 2001-ci ildə onun alovlu ürəyinin döyüntüsünü susdurmuşdur.
Doğru
deyirlər ki, ot kökü
üstə bitər. Sərdar müəllimin böyük oğlu Zamin uzun illər
"Azərbaycan gəncləri"
qəzetinin Dağlıq
Qarabağ Muxtar Vilayəti üzrə zona müxbiri kimi çalışmış,
sonralar özü də müstəqil ictimai-siyasi qəzet yaradaraq fəaliyyətini davam etdirmişdir. Ancaq çox təəssüflər
olsun ki, Qarabağ həsrəti və ata itkisi
amansız əcəl
ilə, zalım fələklə birləşərək
bu qüdrətli qələm sahibi olan istedadlı gənci - Zamini ölümə doğru sürükləyib onu 52 yaşında sıralarımızdan
vaxtsız apardı.
Sərdar müəllimin kiçik oğlu Səbuhi də hazırda atasının yolunu davam etdirməkdədir. Bir müddət atası ilə çiyin-çiyinə
işləmiş və
"Xocalının səsi"
qəzetinin yaradıcılarından
biri olmuş Səbuhi Mehdiyev hazırda "Azərbaycan
tribunası" qəzetinin
baş redaktorudur.
Deyirlər bağ qartalının bir xasiyyəti var. O nə qədər yüksəklərdə qanad
çalsa da, bir gözü həmişə yuvasında
olar. Özü də yuvasını
lap zirvələrdə qurar.
Haraya uçsa, hara getsə gözünü yuvasından çəkməz.
Rəhmətlik Sərdar müəllim də haraya getsə idi, gözü həmişə
övladlarının üzərində
olardı. Mənə elə gəlir
ki, insan ruhunun da öz
qanunları var. Ruh da istədiyi vaxt istənilən yerə gedə bilir. Sərdar müəllimin ruhu indi də daim
övladlarının - Səbuhinin
başı üzərində,
Zaminin məzarı üstündə dolanmaqdadır...
... Mən Sərdar müəllimi onun 61 yaşı tamam olanda tanımışam. Sonrakı 8 illik tanışlığımız müddətində onun şəxsiyyətinə, iş üslubuna, əxlaqına, bacarığına, təşəbbüskarlığına, əlicənablığına, vətənə bağlılığına, paklığına heyran qalmışam. Bu gün yaşasaydı Sərdar müəllimin 80 yaşı olardı. Amma o, cismən bizim aramızda deyil, mənən, ruhən sıralarımızdadır, bizimlədir. Bəli, ölüm haqdır, onun əmrindən çıxmaq olmaz. Amma bu da var ki, yaxşı adamlardan həyatda yaxşı izlər qalır və daim onların xatirəsi əziz tutulur.
Sərdar Mehdiyevin yaxşı izi və xatirəsi kimi...
Nazim TAPDIQOĞLU
525-ci qəzet.- 2015.- 23 aprel.- S.8.