XX yüzil ədəbiyyat
tariximizə yeni elmi
baxış
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami
adına Ədəbiyyat İnstitutu
2014-cü ilin növbəti
elmi nəşrinin təqdimatını keçirib.
Bu yeni elmi nəşr
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
elmi katibi, ədəbiyyatşünas alim,
filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədovun
"Elm və təhsil"
nəşriyyatında yenicə
çapdan çıxmış
"XX yüzil Azərbaycan
ədəbiyyatı: mərhələlər,
istiqamətlər, problemlər"
monoqrafiyasıdır. Nəşrin
elmi redaktoru AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli, elmi rəyçiləri isə AMEA-nın müxbir üzvü Muxtar İmanov və filologiya elmləri doktoru, professor
Tehran Mustafayevdir.
"XX yüzil Azərbaycan
ədəbiyyatı: mərhələlər,
istiqamətlər, problemlər"
monoqrafiyası Azərbaycan
ədəbiyyatının XX əsrə aid zəngin irsini tədqiq edir. XX yüzilin əvvəllərində ictimai
idealların ədəbi-bədii
düşüncədə inikasi, ictimai-siyasi publisistikanın mətbuatda
əks etdirilməsi ədəbi düşüncədə
yeni bir mərhələnin əsasını
qoyub. Nəşrdə XX yüzil ədəbiyyatının
mərhələ və
problemlərinin təhlilinə
əsas diqqət yetirilməsi də öz başlanğıcını
məhz bu yeni mərhələdən
götürür.
Tədqiqatda Azərbaycan ədəbiyyatının
milli hərəkat dövrü və onun realizm, romantizm,
maarifçi realizm, Cümhuriyyət ədəbiyyatı,
sosrealizm və
60-cı illər mərhələləri,
ədəbi prosesin xarakteri, nəsr, poeziya, dramaturgiyanın inkişaf yolları, eləcədə repressiyanın
genezisi, mühacirət
və legion ədəbiyyatı
və s. problemlər çağdaş meyarlarla
araşdırma obyekti
seçilib. Monoqrafiyada yüzilin ədəbi
prosesinə, mərhələ
və problem təsnifatına
elmi, nəzəri, konseptual baxış ifadə olunur. Bu elmi-nəzəri qənaətlər yeni tədqiqat işlərinin
yazılmasında yardımçı
olduğu kimi, universitet müəllimləri,
magistr və tələbələri tərəfindən
də istifadə edilə bilər.
Nizami adına Ədəbiyyat
İnstitutunun Elektron akt zalında keçirilən təqdimat
mərasimi Azərbaycanın
müstəqillik dövrünün
müasir ədəbiyyatşünaslıq
elmimizə gətirdiyi
yeniləşmə, uğurlu
elmi nətəcələr
əldə etmək uğrunda göstərilən
ciddi səylərdən
xəbər verir. Mərasimi giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli ədəbiyyatın
dövrləşdirilməsi baxımından XX əsrin
əvvəlləri Azərbaycan
ədəbiyyatı mərhələsinin
hüdudlarının müəyyənləşdirilməsi
məsələsinin əhəmiyyətini
və bu mərhələyə yenidən
diqqət yetirilməsinin
zəruriliyini bir daha qeyd edib:
"...XX əsrin əvvəlləri
Azərbaycan ədəbiyyatı
anlayışı XIX əsrin
axırlarından başlanan
tənqidi-realist meyillərin
qanunauyğun məntiqi
davamı olub, keçən yüzilliyin
əvvəllərində xüsusi
böyük inkişaf
dövrünü yaşayan
və nəhayət,
1937-ci ilin repressiyaları
ilə tamamlanan konkret bir prosesi
ifadə edir. Daha dərindən diqqət yetirilərsə,
əslində, proses
1953-cü ilə - Stalinin
vəfatına qədər
müəyyən səviyyədə
davam etmişdir".
Akademik bildirib ki, monoqrafiyada dövrün ictimai-siyasi, tarixi, ədəbi şəraiti obyektiv olaraq araşdırılır,
ayrı-ayrı mərhələlərin
xüsusiyyətləri aydınlaşdırılır
və bu dövründə də məhsullarına yeni baxış ifadə edilir. Bir tərəfdən ədəbi prosesdə baş verən hadisələr müqayisəli
faktlar müstəvisində
təhlil edilərək
tədqiqatçı münasibəti
bildirilir.
Digər tərəfdən ədəbiyyat tariximizdə özünəməxsus mövqeyi olan yazıçı, şair və dramaturqların ədəbi prosesə təsir qüvvəsini, dərəcəsini əks etdirən əsərlər geniş təhlil edilir. Bu halda kitab müəllifi problemə kompleks yanaşaraq ədəbi şəxsiyyətlərin tərcümeyi-hal materiallarını da diqqət mərkəzinə çəkir. Çünki akademik İsa Həbibbəylinin yazdığı kimi, "Ədəbi şəxsiyyətlərin tərcümeyi-halı yalnız vərəqələrdəki göstəricilərlə müəyyənləşdirilməməlidir. Sənətkarların uzun illər boyu uğrunda mübarizə apardıqları böyük ideallarda digər adamlardan fərqli olaraq onların tərcümeyi-hal dünyasına daxil olur. Hətta sənətkarların amal və idealları arasında ciddi fərqlər onların özünəməxsus, bənzərsiz ədəbi portretinin yaradılmasında mühüm əhəmiyyətə malik olur. Görkəmli romantik şair Abbas Səhhət də "məsləkim tərcümeyi-halımdır" dedikdə həm də bunu nəzərdə tutmuşdur".
Filologiya elmləri doktoru, professor Şirindil Alışanlı məruzə ilə çıxış edərək bildirib ki, professor Bədirxan Əhmədov "XX əsrin ədəbi-elmi mənzərəsini yaratmağa" nail olub.
Təqdimat mərasimində Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, filologiya elmləri doktorları, professorlar Cahangir Məmmədli, Məmməd Əliyev, Məhərrəm Qasımlı, Himalay Qasımov, Qəzənfər Paşayev, Kamran Əliyev, Alxan Məmmədov, Nizami Məmmədov, Tahirə Məmməd, Vaqif Yusifli və başqaları çıxış ediblər.
Müəllifin sözü ilə desək: "XX yüzil başa çatıb, artıq sosrealizm rəsmən öz ömrünü başa vursa da, ədəbi, bədii düşüncənin öyrənilməsi davam edir..." Altı fəsildən ibarət olan monoqrafiya sözün yaxşı mənasında Azərbaycan ədəbiyyatında yeni hadisəyə çevrildi.
Monoqrafiyanın təqdimat mərasimi professor Bədirxan Əhmədovun 60 illik yubiley günü keçirilib. Ədəbiyyatşünas alim öz yubileyini elmi nailiyyəti ilə yaddaqalan edib. Biz də 60 illik yubileyi və yeni kitabının işıq üzü görməsi münasibətilə professor Bədirxan Əhmədovu ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı, yeni uğurlar arzulayırıq.
Sona İBRAHİMOVA
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
"Elmi informasiya və
tərcümə" şöbəsinin əməkdaşı
525-ci qəzet.- 2015.- 23 aprel.-
S.7