Bilik Fondu yazıçı Aqil Abbasla tələbələrin görüşünü keçirib  

 

 

Bu gün M. F. Axundov adına Milli Kitabxanada, 23 aprel- Beynəlxalq Kitab Günü münasibətilə, millət vəkili, yazıçı Aqil Abbasla tələbələrin görüşü təşkil edilib.

 

Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İlboyu bilik" proqramının "İmzalı görüş" layihəsi çərçivəsində gerçəkləşib.

 

Tədbirdə Bakı Dövlət, Bakı Slavyan Azərbaycan Pedaqoji Universitetlərinin Filologiya fakültələrinin tələbələri iştirak ediblər.

 

Öncə, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək Bilik Fondunun önəmli layihələr həyata keçirdiyini bildirib, bu görüşün həmin silsilədən sayıla biləcəyini vurğulayıb:

 

"Aqil Abbas açıqfikirli, gözlənilməz ekspromt düşüncələri, kəsərli qələmi olan yazıçımızdır. Onu hamı sevir. Təsisçisi olduğu "Ədalət" qəzeti daima maraqla oxunur. Yazıçı, publisist, millət vəkili kimi o, çox böyük işlər görüb. Aqil müəllim məhsuldar yazıçıdır, 15-dən artıq kitabın müəllifidir. Hələ mən tərcümə redaktə elədiyi kitabları demirəm".Tələbələrə müraciət edən direktor bildirib ki, onlar bu görüş vasitəsilə, gəncləri çox sevən, qiymətləndirən gözəl insanı, yazıçını, ziyalını bir daha yaxından tanımaq imkanı qazanacaqlar.

 

Mədəniyyət Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli Bilik Fondunun Azərbaycan ədibləri ilə bağlı həyata keçirdiyi bu layihəni təqdir edib belə görüşlərin oxucu sayını artıracağına, ədəbiyyatımızın yeni nailiyyətlər qazanacağına inamını dilə gətirib. Aqil Abbas haqqında danışmaqdan məmnun olduğunu bildirən V. Bəhmənli deyib:

 

"Bilik Fondunun "İlboyu bilik" proqramının ilk iştirakçısının Aqil Abbas olması qanunauyğundur. Çünki o, Azərbaycan ədəbiyyatının ən sevilən, ən üzdə olan imzalarından biridir. Şəxsən mənim Aqil müəllimin yaradıcılığı ilə tanışlığımın yaşı 40-dan çoxdur. 40 ildən artıqdır ki, biz eyni cəbhədə hərəkət edirik onun bütün nailiyyətlərini izləyirəm. Aqil Abbasın bütün yaradıcılığını ikicə sözlə ifadə etməli olsam belə deyərdim: həyat +gözəl Azərbaycan dili. Bu iki məsələ Aqil Abbasın yaradıcılığını təyin eləyən mühüm keyfiyyətlərdir. Onun elə bir əsəri yoxdur ki, orada canlı, hər gün gördüyümüz böyük həyatın nəfəsini duymayaq onun obrazlarını görməyək. Bu, hər yazıçıya qismət olan məsələ deyil. Bu, əslində qələm sahibinin o ilkin başlanğıc deyilən istedada malik olmasının göstəricisidir.

 

Əgər yazıçı həyatı canlandırırsa, deməli, onun həyata, cəmiyyətə sözü həyatın mənzərələrini ədəbiyyata gətirmək istedadı var. Mən Aqil Abbasın əsərlərini birnəfəsə oxuyuram. Bu da onunla bağlıdır ki, o, Qarabağın, ümumiyyətlə, Azərbaycanın çox zəngin, uçan, qanadlı dil üslubunu tapıb ədəbiyyatımıza gətirir.

Onun təsisçisi olduğu "Ədalət" qəzetinin hər nömrəsi mənim gözümün qarşısındadır. "Ədalət" qəzeti Azərbaycan jurnalistikasında çox böyük bir jurnalist nəslinin yaranmasına səbəb olub. Aqil Abbas həm   hər kəsə yardım etməyə çalışan xeyirxah insandır. Yaşından, statusundan asılı olmayaraq ona hər hansı məsələ ilə bağlı müraciəti həmişə dəyərləndirib, kömək edib - mən şəxsən bunun şahidi olmuşam. Sonda bildirim ki, Mədəniyyət Turizm Nazirliyi Bilik Fondunun bu cür tədbirlərini həmişə dəstəkləməyə hazırdır".

 

Bilik Fondunun  İnformasiya Təminatı sektorunun müdiri Xatirə Hüseynova, sektorun əməkdaşları Ceyhun Musaoğlu, Ramilə Qurbanlı layihə haqqında məlumat veriblər. Bildirilib ki, Bilik Fondunun "İmzalı görüş" layihəsi çərçivəsində vaxtaşırı müxtəlif yazarların əsərləri müzakirə olunacaq, müəlliflərin imzaladığı kitablar oxuculara hədiyyə ediləcək.

 

X.Hüseynova bildirib ki, bu tədbir 1995-ci ildə onun Aqil Abbasla ilk görüşünü yada salıb həmin vaxt birinci kurs tələbəsi olduğuna baxmayaraq, yazıçının onu qədər ciddi qarşıladığını, ona müsahibə verdiyini xatırladıb:

 

"O qədər işin arasında qiymətli vaxtından ayırıb mənə necə əhatəli müsahibə verdiyini bu gün aydınca xatırlayıram. O müsahibə "Aydınlıq" qəzetində dərc olundu, hətta mən qonorar da aldım. Aqil müəllimə minnətdarlığımı bildirməyim bu günə qalıbmış. Gənclərə üzümü tutub demək istəyirəm ki, Kamyunu, Cek Londonu, Mopassanı oxuyun, amma lütfən Aqil Abbası da oxuyun. Onda siz kökümüzə bağlılığı hiss edəcəksiniz, Azərbaycanın ruhu ilə yaşamağı öyrənəcəksiniz. Arzu edirəm ki, Aqil müəllim dünyanın ən varlı şəhərində ən gözəl əsərlərini yazıb-yaratsın".

 

R. Qurbanlı deyib ki, Aqil Abbas kimi yazıçıların təkcə yazdıqları yox, həm həyatları maraq doğurur: "Aqil Abbas əsərlərini birnəfəsə yazdığı üçün birnəfəsə oxunur".

 

Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Aqil Abbasla tanışlığının onun həyatında böyük rol oynadığını bildirib. Gənclərlə sıx ünsiyyətdə olduğunu deyən AYB katibi hazırda gənc nəslin az mütaliə elədiyini təəssüf hissilə vurğulayıb:

 

"Mütaliə həm Azərbaycan dilində gözəl danışmaq üçün vacibdir. Televiziya kanallarını açanda şahidi oluruq ki, bir çox sənətçi, idmançı normal Azərbaycan dilində danışa bilmir. Bütün bunlar mütaliəsizliyin doğurduğu nəticələrdir. Aqil Abbas Azərbaycan dilini əsərlərində gözəl ifadə edən yazıçılardandır.

 

Əsərlərinin son dərəcə axıcı dili var. Aqil müəllimin 50 yaşı tamam olanda yazmışdım ki, onun yanında həyat hadisəsinin ədəbiyyata çevrilməsi an işidir. Baş verən hadisəni gözəl yazıçı təxəyyülü ilə ədəbiyyata çevirə bilir. Biz bəzən həyatın Aqil Abbas görən tərəflərini görə bilmirik.

 

Onun "Dolu" romanı çox məşhurdur. Görüşlər keçiriləndə ona olan münasibəti görəndə hərdən fikirləşirəm ki, Aqil Abbas ölkədəki bütün adamları tanıyır. Aqil müəllim bütün xalqın tanıdığı, sevdiyi birbaşa təmasda olduğu yazıçıdır. O çox xeyirxah olmaqla bərabər, həm sadə camaatla, həm yüksək rütbəli məmurlarla oturub-duranda da eyni insandır. Hamı da onu belə qəbul edir. Aqil Abbası tanıdığım 35 ildə onu həmişə bu obrazda görmüşəm. Çox şükür ki, bu yaşında da Aqil müəllim həmin obrazı qoruyub saxlayır".

 

Professor Vaqif Yusifli çıxışında Aqil Abbasın ilk şeirlərindən tutmuş, son nəsr əsərlərinə qədər hamısını oxuduğunu önə çəkib:

 

"Bəlkə şeir yolunu davam elətdirsəydi, Aqil Abbas tanınmış bir şair ola bilərdi, yəni, istedadlı adam üçün hansı janrda yazmağın dəxli yoxdur, ancaq əlbəttə, öz axarını tapmaq başqa məsələdir. O, "Şirinlik" hekayəsi ilə nəsrə gəldi nəsr sahəsində doğrudan da öz şirinliyi ilə  seçildi. Aqil Abbasın yaradıcılığını sevdirən başlıca cəhətlərdən biri onun dili, təhkiyə tərzidir". 

 

Yazıçı Aqil Abbas çıxışında vaxtilə "Bilik" cəmiyyətinin mövcud olduğunu önəmli işlər həyata keçirdiyini xatırladıb, hazırda Bilik Fondunun da belə əhəmiyyətli tədbirlər təşkil etdiyini deyib:

 

"Harda olur-olsun, tələbələrlə görüşəndə deyirəm ki, dörd il oxuyub yaxşı elm qazansanız, sonra 60 il bunu xərcləyəcəksiniz. Ona görə bu 4 illik təhsil müddətindən maksimum istifadə edin. Oxumaq vacibdir. Aqil Abbası oxumasanız da, digərlərini oxuyun".

 

Sonda tələbələrlə Aqil Abbasın maraqlı mükaliməsi olub, yazıçı tələbələrin suallarını cavablandırıb, kitablarını imzalayaraq tədbir iştirakçılarına bağışlayıb.

 

S. MÜRVƏTQIZI

525-ci qəzet.- 2015.- 23 aprel.- S.7