"Sözə təmənnasız xidmət"in
təqdimatı olub
AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNDƏ TƏQDİMATI KEÇİRİLƏN KİTAB MƏRHUM PROFESSOR HƏSƏN QULİYEVƏ HƏSR OLUNUB
Ötən gün Yazıçılar
Birliyində (AYB) görkəmli
ədəbiyyatşünas alim, "Luç" Mədəniyyət Xadimləri
Assosiasiyasının sədri,
professor Həsən Quliyevin
xatirəsinə həsr
olunmuş "Sözə
təmənnasız xidmət"
kitabının təqdimat
mərasimi keçirilib.
Tədbiri Yazıçılar Birliyinin üzvü, kitabın tərtibçisi,
millət vəkili
Elmira Axundova açaraq
qonaqları salamlayıb
və Həsən Quliyevlə bağlı, rusca nəşr edilmiş kitab barədə ətraflı
məlumat verib:
"Biz bu yaxınlarda
çox yaxşı bir insanla əbədi
vidalaşmalı olduq. Səhhətində problemlər olmasına baxmayaraq, o, son günlərində
də işinin başında idi, kitabları və məqalələri üzərində
çalışırdı. "Luç" Azərbaycan Mədəniyyət
Xadimləri Assosiasiyası
Azərbaycanda rus dilinin qorunub saxlanmasına və inkişafına maraq göstərən insanları
- Bakıdakı universitetlərin
rus dili və ədəbiyyatı
kafedralarının ədəbiyyatşünaslarını
və dilçilərini,
rusdilli dövri nəşrlərin jurnalistlərini,
həvəskar və ya peşəkar səviyyədə ədəbi
yaradıcılıqla məşğul
olan, habelə kino sənətinə maraq göstərən yaradıcı insanları
birləşdirir. Həsən Quliyev
sözə təmənnasız
xidmət göstərən
tədqiqatçıydı. Əsl Söz Adamı idi, əsl yazıçı
sözü isə əbədi yaşayacaq".
AYB-nin sədri, Xalq yazıçısı
Anar çıxışında
Həsən Quliyevi istedadlı ədəbiyyatşünas
alim kimi səciyyələndirib:
"Həsən Quliyevin
qurduğu "Luç"
Azərbaycan Mədəniyyət
Xadimləri Assosiasiyası
ədəbiyyat və
mədəniyyət üçün
danılmaz xidmətlər
göstərib. Minnətdarlıqla qeyd edim ki, Həsən Quliyev mənim rus dilində nəşr olunan bir kitabıma ön söz yazıb. Biz onunla fəal əməkdaşlıq etmişik.
İnanıram ki, Həsən
Quliyevin xatirəsi onu tanıyan hər kəsin ürəyində daim yaşayacaq. Həsən Quliyev
haqqında kitabın nəşr edilməsi təşəbbüsünə görə Elmira xanıma
və bu kitabda zəhməti olan hər kəsə
minnətdarlığımı bildirirəm".
Xalq yazıçısı çıxışının
sonunda Azərbaycan Yazıçılar Birliyi
İdarə Heyətinin
üzvü, filologiya elmləri doktoru, professor Tofiq Məliklinin "Luç" Azərbaycan Mədəniyyət Xadimləri
Assosiasiyasının sədrliyinə
namizədliyini irəli
sürdü. Təklif
hər kəs tərəfindən dəstəkləndikdən
sonra AYB sədri Tofiq Məliklini yeni vəzifəsi münasibətilə təbrik
etdi.
Birliyin katibi, Xalq yazıçısı
Çingiz Abdullayev mərasimdə Həsən
Quliyevin nəvə-nəticələrinin
də iştirak etdiyini vurğulayıb:
"Onun ailəsi
çox xoşbəxtdir
ki, belə bir şəxsiyyətlə
uzun illər birgə yaşayıblar. Həsən Quliyev
son nəfəsinədək ədəbiyyat üçün,
mədəniyyət üçün
böyük işlər
gördü, bir sözlə o, əsl ədəbiyyat adamı idi".
Tədbirdə tanınmış ədəbiyyat və mədəniyyət adamları - Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin sədri Valentin Denisov, təqdim olunan kitabın naşiri Eldar İsmayılov, professor Validə Məmmədova, filologiya elmləri doktoru Sara Osmanlı, Əməkdar jurnalist Aqşin Babayev, "Luç" Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının məsul katibi Marina Mürsəlova, Raisa Abdullayeva, Arif Turan da Həsən Quliyev haqqında xatirələrini söyləyiblər.
Sonda alimin nəvəsi, Assosiasiyanın üzvü Rüstəm Quliyev ailə adından tədbirin təşkilatçılarına və qonaqlara minnətdarlığını bildirib.
Kitabda tanınmış elm və ədəbiyyat xadimlərinin H. Quliyev haqqında oçerk və esseləri yer alıb.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 23 aprel.-
S.7