Milli xarakterin koloritli təqdimatı: Maqsud
İbrahimbəyov nəsri
Onu Azərbaycanda tanıyır, sevir və görkəmli
bir yazıçı kimi yüksək qiymətləndirirlər. Böyük
sevginin qaynağı isə oxucular və
tamaşaçılardır.
Maqsud İbrahimbəyovun oxucu və
tamaşaçılarının sayı milyonlardır. Özü də
bu rəqəm həmişə artır. Nə
qədər ki, "Bizim Cəbiş müəllim" var və
nə qədər ki, "Uşaqlığın son gecəsi"
davam edir, bu rəqəm saat əqrəbi kimi həmişə
irəliyə şığıyacaq.
Onu keçmiş SSRİ məkanında da
tanıyır, sevir və yüksək qiymətləndirirdilər. İndiki
müstəqil respublikalarda da bu ənənə - bu sevgi davam
edir. Onlar - azərbaycanlı olmayan oxucular Maqsud
İbrahimbəyovun povest, hekayə və ssenariləri əsasında
çəkilmiş filmlərdə Azərbaycana məxsus olan
milli xüsusiyyətləri, adət-ənənələri,
xüsusilə Bakının müharibə dövrü və
müharibədən sonrakı koloritli təsvirini reallıq
kimi qəbul ediblər və yenə də belədir. Əgər belə demək mümkünsə, Maqsud
İbrahimbəyov Azərbaycan nəsrində Bakı
obrazını (Bakının özünəməxsus
etnoqrafik mənzərəsini, küçə, məhəllə,
ümumşəhər psixologiyasını,
çeşid-çeşid insanlarını) yaradan tək-tük
yazıçılardandır.
Onu dünya miqyasında da tanıyırlar. Əsərləri
Azərbaycan hüdudlarını çoxdan aşıb
keçmişdir. Maqsud İbrahimbəyovun
bir sıra əsərləri istisnasız olaraq "Dünya ədəbiyyatı
kitabxanası"nda özünə yer tapa bilər.
Və nəhayət, Maqsud İbrahimbəyovun təkcə
yazıçı kimi deyil, bir ictimai xadim kimi də
tanınmasını qeyd etməyə bilmərəm. Ancaq mən
Maqsud İbrahimbəyovdan ictimai xadim kimi yox,
yazıçı kimi söz açmaq istəyirəm.
lll
Maqsud İbrahimbəyovla
"tanışlığım" onun "Bağçada
rahat guşə" hekayəsiylə başlayıb. Etiraf edirəm ki, 35 il öncə (bəlkə daha çox)
yazılmasına baxmayaraq o hekayənin təsirindən hələ
də ayrıla bilməmişəm.
Dəllək Ağasəf öz peşəsinə
görə Bakıda tanınan adamdır. Və həmişə də
öz məşhurluğu ilə fəxr edir, ailəsi,
ev-eşiyi barədə qürur hissi keçirir, xüsusilə
oğlunun gələcəkdə böyük adam
olacağına inanır. Amma evdə, ailədə Ağasəfə
münasibət tamam başqa cürdür: arvadı və
oğlu onun dəllək olmasından xəcalət çəkirlər.
Oğluna ad günü keçirəndə
Ağasəf evdən çıxıb gedir ki, qoy oğlunun
günü xoş keçsin, oğlu atasının dəllək
olduğunu öz yaşıdları yanında hiss eləməsin.
Və Ağasəf bağçada, rahat bir
guşədə oturub gələcək ailə səadəti
barədə xoş xəyallara dalır.
Bu hekayədən
çoxlu suallar doğur: niyə arvadı və oğlu
Ağasəfi bəyənmir? Və Ağasəf
bunu bilə-bilə niyə bu qədər ailəsinə
bağlıdır? Ümumiyyətlə,
bu yadlığa, biganəliyə səbəb nədir? Bu suallara elə hekayənin özündə cavab
tapırıq. Zəmanə, dövr dəyişib
və bu dəyişilən dövrün ritmi, mənəvi-psixoloji
amilləri insanların şüuruna da təsir etməkdədir.
"Müasir işgüzar, həmişə tələsən,
ora-bura vurnuxan qəhrəmanın öz "qoca" valideynlərinin
hisslərinə qarşı "həssaslığı"
təkcə Azərbaycan ədəbiyyatı üçün
xarakterik mövzu deyil, lakin bu mövzunun məhz bizim ədəbiyyatımızda
daha kəskin şəkildə öz əksini tapması,
görünür, müəyyən milli xüsusiyyətlər,
milli psixoloji çalarlarla bağlıdır" (Anar).
lll
Milli xarakter anlayışına müxtəlif
baxışlar mövcuddur. Azərbaycan ədəbiyyatında
milli xarakteri ənənəvi atributlarla (papaq, at və s.),
yaxud mənəvi keyfiyyətlərlə (mərdlik, dosta sədaqət,
namus təəssübkeşliyi, ağsaqqala hörmət və
s.) dəyərləndirənlər olmuş... Hər
halda, burada meyar əsərlərdən bəri xalqın mənəvi
həyatına, psixologiyasına hopmuş
yaşantılardır. Ədəbi təcrübə
göstərir ki, hər bir milli ədəbiyyat məhz xalq
xarakterinin bədii təcəssümü ilə qiymətlidir.
Bu mənada Azərbaycan koloriti hiss olunmayan (hətta ən bəşəri
mövzularda belə) əsərlər heç cür
geniş oxucu auditoriyasının diqqətini cəlb edə
bilməz. Milli xarakter isə hər bir ədəbiyyatın
özünəməxsusluğunu təyin edən amillərdəndir.
"Hər bir milli ədəbiyyat sözün geniş mənasında
milli xarakterin təcəssümündən ibarətdir və
buna görə də milli gerçəkliyin vacib problemlərinə
toxunan əsərlər adətən milli xarakter haqqında,
başqa sözlə desək, xalqın mənəvi-əxlaqi
simasının, psixologiyasının, təsəvvürlərinin
tarixən təşəkkülü, keçdiyi mürəkkəb
inkişaf yolu haqqında geniş, qayğılı
düşüncə kimi ümumiləşir" (Akif
Hüseynov). Bizim ədəbiyyatda milli xarakterin Vaqif
("Vaqif" - S.Vurğun), Cahandar ağa ("Dəli
kür" - İ.Şıxlı), Kərbalayı
İsmayıl ("Qarlı aşırım" - F.Kərimzadə),
Rüstəm kişi ("Böyük
dayaq" - M.İbrahimov) kimi klassik nümunələri
vardır.
Lakin milli xarakter anlayışı da sabit və dəyişməz
deyil. Yeni ictimai və mənəvi münasibətlərin
yaranmasıyla əlaqədar milli xarakter anlayışı da
müəyyən dəyişikliyə məruz qala bilər.
Unutmayaq ki, burada əsas meyar xarakterin nə dərəcədə
milli olması, öz fərdi taleyində bu milliliyi necə
yaşatmasındadır. "Yeni Azərbaycan nəsri"nin bir çox nümunələrində
(Anarın, Elçinin, Ə.Əylislinin, İ.Məlikzadənin,
M.İbrahimbəyovun) milli xarakter kimi təqdim edilən
obrazlar əslində, millilik anlayışının yeni
tarixi şəraitdə müəyyən dəyişikliyə
uğramasıyla bağlıdır. Tutaq ki, Anarın Zauru, Təhminəsi,
Elçinin Baladadaşı, Ə.Əylislinin, İ.Məlikzadənin,
M.Süleymanlının bir çox qəhrəmanlarının
ilk baxışda milli xarakter kimi qavranılması məhz bu
amillə bağlıdır. Lakin zaman
keçdikcə milli xarakterin bu yeni keyfiyyətləri bədii
ədəbiyyatda özünəməxsusluq qazanır. Əslində, "əsl yazıçı
üçün milli xarakter əhatəli obrazda - konkret
taleyi, konkret siması, fərdi, təkrarolunmaz bioqrafik
xüsusiyyətləri, düşüncə tərzi,
emosional davranışı, vərdişi, meyli, aludəçiliyi
və nöqsanları olan insan obrazında meydana
çıxır" (Anar).
lll
Maqsud İbrahimbəyovun "Ondan yaxşı qardaş
yox idi" povestindəki Cəlil müəllim milli xarakterdir. Bu obrazdakı
konservatizmə, öz sərt həyati prinsiplərinə sədaqət
hissi güclüdür və bütün ömrü boyu Cəlil
müəllim bu prinsiplərdən nəinki uzaqlaşır, hətta
onları öz həyatının dəyişilməz və ədəbi
qanunları kimi qəbul edir. O, yaxşı insandır,
yaxşı qardaşdır, yaxşı ailə
başçısıdır. Bütün
ömrü boyu çalışır ki, bu təsəvvür
dəyişilməsin və ətraf mühit onu belə qəbul
etsin. Vaxtilə, bu povest haqqında söz
açan bir tənqidçi (Cəlal Məmmədov)
yazıçını povest qəhrəmanı ilə həmrəylikdə,
onun konservatizminə haqq qazandırmaqda təqsirləndirirdi.
Ancaq məlumdur ki, müəllif bu və ya digər
hərəkəti üçün Cəlil müəllimə
heç də bəraət qazandırmır, onun patriarxal
düşüncə tərzini qətiyyən müdafiə
etmir. Hətta povestdə M.İbrahimbəyova
məxsus yumor və ironiya da var. Cəlil müəllim sadəcə
öz həyat tərzinə fanatikcəsinə əməl
edir, bu həyat tərzini qeydsiz-şərtsiz yeganə və
mümkün sayır. Həm də
çalışır ki, onu və ailəsini
tanıyanların təsəvvüründə bu fikir dəyişməsin.
Bu əxlaqi təsəvvürlər dəyişiləndə,
həyat tərzinin sabitliyi və sakitliyi pozulanda isə Cəlil
müəllimin faciəsi başlayır.
Cəlil müəllim görür ki, özünün
boya-başa çatdırdığı, atalıq elədiyi
Simurq get-gedə bu əxlaqi prinsiplərdən
uzaqlaşır. Xüsusilə ordu həyatından sonra
Simurqun institut barədə fikirləşməməsi,
sürücülük etməsi, evlənmək haqqında qəti
qərara gəlməməsi Cəlil müəllimi narahat
edir. Ancaq Simurq böyük qardaşına
qarşı heç bir hörmətsizlik göstərmir, sadəcə
olaraq, həyatdan zövq almaq istəyir. Cəlil
müəllimdən fərqli olaraq Simurq həyatın dəyişən
tələblərinə tez uyğunlaşır, hətta qardaşının
bəyənmədiyi, ikrahla baxdığı ailənin ailənin
qızıyla evlənir. Nəticədə,
Cəmil müəllimin mühafizəkar əxlaqi prinsipləri
sarsılmış olur. Cəlil müəllim artıq əvvəlcədən
mövcud olan ailə ənənələrinin pozulduğunu
hiss edir və bundan çıxış yolu tapmayaraq
ölümcül vəziyyətə düşür. Onun ölümü də rəmzi məna
daşıyır. Beləliklə, Cəlil
müəllim özü ilə bərabər keçmişi
də dəfn edir. Ancaq o, ölüm ayağında da
inadından əl çəkmir: "Bir azacıq
keçmiş o, Simurqu onun üstünə əyilmiş
gördü. Cəlil müəllim güc-bəla
çarpayıdan qalxdı, Simurqa qapını göstərdi.
- Rədd
ol, - xırıldaya - xırıldaya dedi. - Bu dəqiqə rədd
ol! Mən sənə bu tərəfə
keçməyi qadağan eləmişəm!"
Doğrudur,
Cəlil müəllim də son anda qardaşına
qarşı bir rəhmdillik hissi baş qaldırır ("O,
təəccüblə Simurqdan soruşurdu: nəyə görə
onlar bu qədər vaxtı bir-birinə belə
insafsızcasına əziyyət verirdilər?"), ancaq
gecdir, şüurun son bəlirtisi olan bu sözləri
heç kəs eşitmir.
Cəlil müəllim çox mürəkkəb
obrazdır və elə yazıçının təsvirində
bu mürəkkəblik - bir insan daxilində gedən bu proseslər
real və canlıdır. Çox uğursuz bir
talenin daşıyıcısı olan Cəlil müəllim təmin
olunmamış, istəkləri reallaşmamış,
iddiası ilə imkanları arasında çırpınan
insan kimi yadda qalır.
Köhnəlmiş
ailə ənənələrinin üstündən adlayıb
keçə bilməmək... sevmədiyi bir qadınla evlənmək...
qardaşının hərəkətlərinin
qarşısını ala bilməmək... özünü cəmiyyətdə
yaxşı bir adam kimi göstərib əslində,
cəmiyyətdən təcrid olunmaq... bütün bunlar və
digər səbəblər Cəlil müəllimin faciəsini
dərinləşdirir. Amma bu yaxşı
insanın faciəsidir və ona görə də onun
ölümü təəssüf doğurur.
Və Cəlil müəllim obrazı bütün
çalarları ilə sırf azərbaycanlı
obrazıdır, Bakı məhəllələrinin birində
yaşayan və yaşadığı məhəllənin mənəvi-əxlaqi
ölçülərinə tam uyğun gələn bir
obrazdır.
lll
Maqsud İbrahimbəyovun nəsr kitablarından biri
"Böyük şəhərin nağılları"
adlanır. Doğrudan da "Böyük şəhərin
nağılları" adlandırdığı povestlərində
biz Azərbaycan nağıllarına, dastanlarına xas olan
cazibədarlığı, təhkiyə şirinliyini, novellavari
üslubu hiss edirik. Məsələn,
"Kərgədan buynuzu" povestində hadisələr
şərti-oyunvari üslubda qurulmuşdur. "Povest sonacan dəyişilməyən cazibə və
maraqla oxunur, bütünlükdə bədii təhkiyənin
özündə hardasa gözünə kədər və zəhər
də damcılamış məzəli və şux yumorun
iksiri var" (Yaşar Qarayev).
"Bütün yaxşılıqlara ölüm"
povestini isə hətta realist nağıl adlandırmaq
mümkündür. "Bayquş gəlmişdi" povestindəki
mətləb isə xalqın mifoloji inancına söykənir.
Ancaq bu povestlər real Azərbaycan həyatını
əks etdirir və hər şeyin sonu nağıllardakı
kimi heç də xoşbəxt finalla bitmir. Povestlərin
qəhrəmanları da nağıl qəhrəmanlarına az oxşayır - onlar fövqəladə
insanlar deyillər ("Bütün yaxşılıqlara
ölüm" bu baxımdan bir qədər istisnalıq təşkil
edir), "ağ atlı oğlan" missiyasını
daşımaqdan uzaqdırlar, onlar adi insanlardır.
"Kərgədən buynuzu"ndakı Raufun ən
böyük arzusu cavanlaşmaqdır, ancaq onun bu niyyətlə
hazırladığı dərman özünə qismət
olmur. Çünki bu niyyətin özündə saf və
təmiz bir məram yox, dələduzluq gizlənir. Və buna görə də ümidi daşa dəyir,
arzusu, əməli puç olur. "Bayquş
gəlmişdi" povestində bir neçə ailə təsvir
olunur və bu ailələrin heç biri xoşbəxt deyil.
Zahiri görünüş arxasındakı
daxili miskinlik, cazibədarlıq arxasındakı mənəvi
puçluq hər iki ailənin gələcək süqutuna
yol açır.
lll
Maqsud İbrahimbəyovun dramaturji yaradıcılığı ayrıca bir söhbətin mövzusudur və təkcə elə bunu demək kifayətdir ki, onun "Mezezoy əhvalatı" pyesi keçmiş SSRİ teatrlarında çox böyük müvəffəqiyyətlə tamaşaya qoyulurdu. Bu pyes Mədəniyyət Nazirliyinin keçirdiyi ən yaxşı pyeslər müsabiqəsində birinci yeri tutmuşdu. Kino sənətindəki xidmətləri də yenə ayrıca bir söhbətin mövzusu ola bilər. Hər iki halda - həm dramaturgiyasında, həm də kino yaradıcılığında Maqsud İbrahimbəyov kifayət qədər professionaldır. Bu professionallıq ilk növbədə, onun bədii sənətkarlığının bəhrəsidir - onun pyeslərindəki mükəmməl, dolğun obrazlar, real həyat həqiqətlərinin dramatik janrın tələblərinə uyğun olaraq səsləndirilməsi elə ilk baxışda diqqəti cəlb edir. Bu məziyyəti biz onun lap sonuncu - "Qədim sfinks gülümsəyir" pyesində də görürük.
Maqsud İbrahimbəyov bu pyesdə Azərbaycanın Şura inqilabından əvvəlki Bakı həyatını təsvir edir. Neft və milyonlar səltənətinin - Bakının və Azərbaycanın gələcək faciəsinin proloqudur və əsər...
...Həmin əsərdə qədim Misirdəki sfinksdən də söz açılır. Sfinks yunan və Misir mifoloji dünyasında müqəddəs obrazdır və daha çox müəmma anlayışına uyğun gəlir. Müəmma isə həqiqət axtarışına sövq edir insanı, sənətkarı. Və Maqsud İbrahimbəyovun hər bir əsəri mənə sanki qədim sfinksin müəmmalı təbəssümünü xatırladır.
Vaqif YUSİFLİ
525-ci qəzet.- 2015.- 23 aprel.- S.6.