“Azərbaycan dilində yaxşı
danışmayan məmur artıq əvvəlki kimi iddialı
deyil"
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərovun müsahibəsi
- Nizami müəllim,
mətbuata verdiyiniz açıqlamalardan birində “Dövlət dili haqqında” qanunun zaman-zaman təkmilləşdirildiyini demişdiniz. Sizcə, mövcud qanunun
qloballaşma şəraitində hər hansı bir əlavə
və dəyişikliyə ehtiyacı varmı?
- Azərbaycan
dilinin inkişafı ilə bağlı bizim kifayət qədər
zəngin qanunvericiliyimiz var. Müstəqillikdən sonra Milli Məclisdə
“Dövlət dili haqqında” üç qanun qəbul olunub. 2001-ci ildə isə Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev “Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında” fərman
imzaladı.
Bundan başqa, 1995-ci ildə Azərbaycan
Konstitusiyasının qəbulu zamanı da Heydər Əliyev
dil məsələsinə xüsusi diqqət yetirdi.
2004-cü
ildə prezident İlham Əliyevin imzaladığı sərəncamla
Azərbaycan və dünya ədəbiyyatının nümunələri
kütləvi şəkildə latın
qrafikasında çap olundu. Bu da çox
mühüm hadisə idi. İki il
bundan əvvəl bu ərəfələrdə “Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı”
prezident İlham Əliyev tərəfindən təsdiq olunub. Artıq bu proqramda sizin dediyiniz qloballaşma məsələsi
də öz əksini tapıb. Bu proqramın
layihəsinin müzakirəsində mən də bir neçə
dəfə iştirak etmişəm. Proqram
çox mükəmməl şəkildə hazırlanıb.
Burada proseslər dəqiq müəyyənləşdirilib.
Yəni hansı işlər görülməlidir və s. Həm
də konkret olaraq ayrı-ayrı nazirliklərə, komitələrə,
elmi idarələrə illər və tarixlər göstərilməklə
konkret tövsiyələr verilib ki, bu işlər
görülməlidir. Bu gün Azərbaycan
dövləti dövlət dilinin qayğısına qalır.
- Sizin də
dediyiniz kimi, qanunvericilikdə hər şey
qaydasındadır. O zaman belə çıxır ki, cəmiyyətimizin
ayrı-ayrı fərdləri, lap mətbuat işçiləri
qanunlara əməl etməyib bu problemləri yaradır?
- Dil
proseslərində xeyli problemlər var. Bu nədən irəli
gəlir? Dil həm də təbiətdir. Dil heç də hər yerdə qanunla tənzimlənmir.
Dil inersiyadır, hərəkətdir. Dil təbii ki, dövlətdən qayğı
görməlidir. Dövlətdən
qayğı görməyən dil lazımi şəkildə
inkişaf edə bilməz. Amma məsələnin
bir tərəfini də unutmamalıyıq ki, çox
xalqların dövlətləri olmasa da, onların dilləri
inkişaf edib. İşin bu tərəfi
də var. Bu, həm də Azərbaycan dilinin tarixi taleyi ilə
bağlı məsələdir. Biz
dilimizin tarixini öyrənəndə ən çox
yazıçıların, şairlərin, dramaturqların
dilinə istinad edirik. Misallar da gətirəndə
həmişə Nəsimidən, Füzulidən misallar gətiririk.
Məsələn,
Atabəylər dövründə Azərbaycan dili,
Şirvanşahlar dövründə Azərbaycan dili,
Xanlıqlar dövründə Azərbaycan dili, Səfəvilər
dövründə Azərbaycan dili, baxmayaraq ki, dil
özünün yüksəliş dövrünü bu
dövrdə yaşamışdı. Bu ifadələri
çox az-az işlədirik. Lakin Nəsimi
dövrü Azərbaycan dili, Füzuli dövrü Azərbaycan
dili deyirik. Müasir dövrdə isə Azərbaycan
dili bədii üslubdan daha çox publisistik üslubun
hesabına inkişaf edir. Bəli, biz bu
gün yazıçı dilindən çox da
danışmırıq. Bu gün mətbuatın,
publisistikanın, kütləvi informasiya vasitələrinin
dili aparıcıdır. Mübahisəsiz
bu belədir. Elmin də dili var. Ondan da
çox danışmırıq. Elə tariximiz boyu da
elmin dilindən az
danışmışıq. Çünki Azərbaycan
elmi adətən ərəb-fars dillərində, sonra da rus
dilində inkişaf edib. İndi də təbii
ki, ingilis dilinə meyl kifayət qədər
güclüdür, çünki elm ümumbəşəridir,
kosmopolitdir.
Bizim elmi üslubumuz təxminən 19-cu əsrin sonu,
20-ci əsrin əvvəllərində müxtəlif elm sahələri
- humanitar, təbiət və texniki elmlər üzrə
formalaşıb. Yəni bizim elmi üslubumuzun tarixi o qədər
dərin deyil. Burda bir məsələ də var:
publisistikamızın da tarixi qədim deyil. Ancaq
publisistika elə bir hadisədir ki, bu gün əmələ gəldisə,
deməli bu gün hakimdir. Sovet
dövründə publisistika, ümumiyyətlə, publisistik təfəkkür
məhv oldu. Bu gün kim deyə bilər
ki, məsələn, 20-ci, 30-cu, 40-cı, 50-ci, 60-cı illərdə,
lap olsun 70 və ya 80-ci illərdəki publisistik üslubun
imkanları bədii üslubun imkanlarından güclü idi. Xeyr, elə deyildi.
Artıq bu gün cəsarətlə deyə bilərik
ki, müstəqillik dövründən bəri publisistik
üslub həm elmi, həm də bədii üslubu üstələyib. Özü də
keyfiyyət həddinə çatacaq qədər üstələyib.
Hər yerdə olduğu kimi burda da bir paradoks
var. Nədən ibarətdir o paradoks? Bədii
üslubu yaradan yazıçıdır. O peşəkar
olduğu çün demək olar ki, heç bir səhv etmir.
Nə orfoqrafiyada, nə leksikada, nə də
qrammatikada. Elmi üslubu da inkişaf etdirən
alimdir. O da peşəkardır. Terminologiyanı
bilir və sair. Onun da səhv etmək
imkanı yoxdur. Həm də nəzərə
almaq lazımdır ki, həm bədii, həm də elmi
üslubda peşəkarlıq səviyyəsi fərdi səviyyə
ilə birbaşa bağlıdır. Bunlar
seçilmiş insanlardır və bunların hər birinin
ayrıca məsuliyyəti var. Bu publisistikada yoxdur.
Publisistikada
bütün ictimai ruh, bütün ictimai düşüncə
- az savadlı, çox savadlı, az
peşəkar, çox peşəkar, heç bir peşə
xüsusiyyəti olmayan, bunlar hamısı ehtiva olunur. Ona görə də həm burda inkişaf var,
çünki kütləvi bir enerji daxil olur bura, həm də
burda qüsurlar çoxdur, çünki peşəkarlıq
səviyyəsi aşağıdır. Harada
kütləvilik varsa, orada peşəkarlıq
aşağıdır və bu dildə də təzahür
edir. Külli miqdarda material gəlirsə,
deməli külli miqdarda dil enerjisi gəlir. Burda kəmiyyət də əsasdır. Publisistikada kəmiyyət həm də keyfiyyət
deməkdir. Məsələn, bir xalqın
sayı bir milyondursa, onun jurnalistikasının səviyyəsi
ayrı olacaq.
Bir xalqın sayı 25 milyondursa, onun
jurnalistikasının səviyyəsi tamam ayrı cür
olacaq. Əgər bu dildə danışırsansa, sən
potensial jurnalistsən, potensial publisistsən. Hansısa bir mitinqdə olacaqsan, orada ağlına gələni
də, gəlməyəni də danışacaqsansa, bu,
artıq publisistikadır. Bəs çoxlu
səhvlərin yaranmasının səbəbləri nədən
ibarətdir? Səbəblərin biri budur
ki, bu gün yazı dili şifahi dilin çox güclü təsiri
altındadır.
Azərbaycanda
da şifahi dil az inkişaf edib. Gəlin bunu etiraf edək. Yəni rus, ingilis,
fransız və alman dilləri ilə müqayisədə bizdə
şifahi dil, şifahi dilin normaları daha az
inkişaf edib.
Bizim orfoqrafiya qaydalarımızda, eləcə də
dilimizin yazılı qrammatikasında, sintaksisində
xüsusilə problemlər yoxdur, normalar çox dəqiqdir. Amma şifahi
dilimizdə normalılıq səviyyəsi
aşağıdır. Dialekt xüsusiyyətləri
güclüdür. Bunlar əhəmiyyətli
amillərdir. Dialekt yalnız tələffüz
tərzində, fonetikada meydana çıxmır axı.
Dialekt həm leksikada, həm də qrammatikada
meydana çıxır.
Düzdür, bu, bir tərəfdən rəngarənglikdir,
ikinci tərəfdən isə normasızlıqdır. Bunun nəticəsində
də yazılı mətbuatımızda, yazılı
publisistikamızda da qüsurlar meydana çıxır. İndi sual oluna bilər, biz mətbuata, mətbuatın
dilinə hücum edək? Bu mümkün
deyil və nəticəsi də yaxşı olmaz. Tez normativlər qoymaq, sən yaxşı
danışa bilmirsən, sən yaxşı yaza bilmirsən.
Bunu nə qədər adama deyəcəksən?
Bu praktik olaraq mümkün deyil. Əgər
enerji dilə qüsurlarla birlikdə bir sel kimi, axın kimi gəlirsə,
onun qarşısını almaq lazım deyil. Quru
çaydansa, selin gəldiyi çay yaxşı olar. Heç olmasa su var. Bilirsən ki, material var. Bu
baxımdan elə bilirəm ki, çox da narahat olmağa dəyməz.
Amma bununla yanaşı təbii ki, müzakirələr
getməlidir. Dəqiqləşdirmələr
aparılmalıdır ki, həm dil enerjili olsun, həm də
normalara əməl olunsun.
Başqa bir problemimiz isə ondan ibarətdir ki, bizim
dilimizin uzun illər müxtəlif dillərin təzyiqi
altında olub.
İstər-istəməz
bu gün dilimizdə ərəb sözləri, fars
sözləri də var. Qrammatik xüsusiyyətləri, hətta
tələffüz xüsusiyyətləri var. Rus dilinin, ingilis
dilinin təsiri ilə intonasiya təsirinə qədər bu
proses gedir. Buna qarşı mübarizə aparmaq
lazımdır. Amma təcrid olunmaq da
mümkün deyil.
-
Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev Azərbaycandakı
qanunların dilinin Füzuli dilindən fərqlənmədiyini
bildirib. Tofiq Hacıyevin fikri ilə
razısınız?
- Tofiq Hacıyev mənim
elmi rəhbərim olub. Tofiq müəllim
heç vaxt düşünmədiyi şeyi deməz. Bu
düşüncə var. Amma nəzərə almaq
lazımdır ki, qanun dilinin öz tarixi, öz xüsusiyyətləri
var. Uzun illər Azərbaycanda hökmdarlar qanunları, fərmanları,
göstərişləri fars dilində
veriblər. Ona görə də həmin model
qalıb. Nəinki qanunlar, adicə ərizələrin,
işgüzar sənədlərin dilinə baxaq.
Böyük ali təhsili olmayan polis nəfəri
bu gün televiziyada danışanda “Tərəfimizdən
saxlanılmışdır” deyir. Sən buna
etiraz edə bilərsən, amma bu etirazın mənası
olmayacaq. Çünki bu modeldir. Gərək onun əvəzinə sən daha
münasib bir variant təqdim edəsən. Məsələn, mən dəfələrlə təklif
etmişəm ki, adi qanunlarımızın adında məsələn,
“Azərbaycan Respublikasının Mədəniyyət
haqqında” qanununda “Haqqında” sözünə nə ehtiyac
var? Qoy, elə “Azərbaycan
Respublikasının Mədəniyyət” qanunu olsun. Qanunların dilini dilçilər müəyyənləşdirmir,
hüquqşünaslar müəyyənləşdirir. Bizim hüquqşünaslar hər dəfə bunu
eşidəndə dərhal fikrə gedirlər və deyirlər
ki, yox, birtəhər çıxır.
Elə qanun adları var ki, mən də görürəm
həqiqətən birtəhər çıxır
(gülür).
Çünki haqqında sözü müəyyən
qədər sığortalayır. Bu məsələ
bu günün, sabahın işi deyil. Mən
əminəm ki, bu, tədricən düzələcək.
Türkiyə türkcəsindəki
qanunların dilinə baxsan eyni şeyi görəcəksən.
Bizimkindən də ağır leksikon və
sintaksis.
Halbuki Türkiyə Atatürkün dil islahatından
keçib. Özü də bu islahat 30-cu illərdə
başlayıb 50-60-cı illərə qədər davam edib.
Etiraz etsək də, bu proses hələ uzun müddət davam
edəcək. Çünki bu həmin
qanunların özünün təbiətindən irəli gəlir.
Eyni şeyi elmi üslubda da görmək olar.
- “Tərəfimizdən saxlanılmışdır” deyən
polis nəfərinə alternativ olaraq nə təklif edirsiniz?
- “Tutulmuşdur”, “Biz tutmuşuq”, “Saxlamışıq”. Çoxlu
variantlar təklif olunub. Hələlik
bunlar primitiv çıxır.
- Əgər
Daxili İşlər Nazirliyi bunu hər hansı bir formada təsdiq
etsə, polis müstəntiqi “Tərəfimizdən
saxlanılmışdır” ifadəsini işlətməz...
- Bu tədricən
aradan qalxmalıdır. Gərək buna etiraz
olsun. Əvvəllər heç etiraz da
olmurdu. Heç etiraz etmək barədə
düşünmürdük də. Amma
indi elə deyil. Dövlət
başçılarının bir-birlərinə məktubları
var.
Rəsmi qəzetlərdə oxuyuruq, televiziyada səslənir. Məsələn,
əlahəzrət filankəsə müraciət olunur. Bunlar bu gün bizim dilimizin işlək leksikonuna
daxil deyil. Amma bir etiketdir və həmin
dövlət başçısına, onların etiketinə
hörmətdir. Yəni beynəlxalq səviyyədə
olan etiket modelləri var.
- Rus
dilində olan sözlərin qarşılıqlarının
tapılması bəzən gülüş doğurur. Məsələn,
“rozetka” sözü “elektrik yuvası” kimi tərcümə
olunur...
- Demək,
bu bizim reallığımızdır. Əlbəttə,
Azərbaycan dilinə yeni söz gəlirsə, onu biz təklif
etmirik. “Rozetka” sözünü bir müddət
“paylayıcı”
kimi işlətdilər, amma sözün nüfuzu
olmadı, oturuşmadı. Sözün gərək
nüfuzu olsun. Bunun tarixi əziyyətini
çox görmüşük.
Şifahi dilimizdə yazılı dilimizlə müqayisə
olunmayacaq qədər çox söz var. Hətta o qədər
çoxdur ki, onların lüğətini hazırlamaq olar. Həmin
sözlər təbii axınla o sözlərin yerinə gəldi
ki, onlar yazılı dilimizdə istifadə olunurdu, amma
şifahi nitqdə mövcud deyildi. Məsələn,
“ümumiyyətlə” sözünü yazıda istifadə
etsək də, danışıqda işlətmirdik. Bizim dilimiz ikiləşib. Yəni
yazı dilimizlə şifahi dilimizdə fərqlər var. Mən
görməmişəm ki, kimsə elmi mühazirə oxumursa,
iclasda deyilsə, danışanda rahatlıqla “ümumiyyətlə”
sözünü işlətsin. Onun əvəzinə
“voobşe”dən istifadə edəcək. Necə olur ki,
“ümumiyyətlə”ni danışanda
çətinliklə istifadə edirik, amma “voobşe” çox
rahat gəlir?
- Bu hərf
sayının çoxluğu ilə də bağlı ola bilər...
-
Razıyam, o da var. “Tak çto”, “znaçit” və başqa
sözlər şifahi nitqimizdə həddən artıq
çox işlənir. Dil tarixi ilə məşğul olanlar
bilir ki, bizdə sinonim sözlərdən ilk dəfə ən
çox işlənəni “eynək”dir. Sonra gəlir
“çeşmək”, və “gözlük”. Abdulla
Şaiqin kitabının adı “Uşaq
gözlüyü”dür. Amma
danışanda bu sözlərin heç birindən istifadə
etmək əvəzinə “oçki” deyirik. Yeni sözlərin lüğətini
hazırlayırlar, amma bununla yanaşı alınma sözlərin
tərcümə olunmasında çətinlik var. Tutalım,
“Eurovision” sözünü götürək. Bu sözə qarşılıq olaraq “Avrogörüntü”
sözü təklif olundu, amma işlənmədi. Bu mənada alınma sözlərə
qarşılıq axtarmaq tendensiyası ağırdır.
Yəni sözləri beyinlərdə möhkəmləndirmək
çox çətindir.
İstehsalatda, praktikada heç vaxt “təmir” demirik,
hamı “remont” deyir. Hətta mənim üçün maraqlı
oldu ki, Türkiyədən bura gələnlər bir müddət
sonra “remont” sözündən istifadə etdilər. Bu, təkcə dil məsələsi yox, həm də
təfəkkür məsələsidir.
İnsan təfəkkürünün özünəməxsus
tərəfi var ki, həm koloriti saxlayır, həm də
milli kontekstdə söz axtarır.
Amma milli kontekstdə söz axtarmaq daha çox
intellektual səviyyədə deyil. Kütləvi səviyyədə
bunun o qədər də şahidi olmuruq. Ona
görə də publisistika və mətbuat ancaq müəyyən
həddə intellektual səviyyədədir. Mütəxəssislər çalışırlar
ki, bədii və elmi üslubda mümkün qədər milli
söz tapsınlar. Ona görə də
elmi əsərlərimizdə təbiətimizdən irəli
gələn sinonimlik var. Beynəlxalq termindən sonra mütləq
milli söz yazılır, yaxud əksinə. Ona görə ki, burda həm də anlaşmanın
dəqiqliyi tələb olunur.
-
Orfoqrafiya lüğəti tez-tez tənqid olunur, lüğətin
təkmil olmadığı, hətta vəziyyətinin bərbad
olduğu iddiası irəli sürülür. Dilçilik
İnstitutunun direktoru, akademik Tofiq Hacıyev demişdi ki, Azərbaycan
dilinin orfoqrafiya lüğəti çox qüsurludur. Bu məsələ ilə bağlı nə
düşünürsünüz?
- 20-ci illərdən
üzü bu tərəfə tərtib olunan orfoqrafiya
lüğətlərinin heç biri bərbad deyil. O
kitabların hamısı dövrün, günün tələblərinə
uyğun olub. Biz həmişə orfoqrafiya
lüğəti ilə bağlı mübahisə edirik, amma
orfoepiya lüğəti heç kimin yadına
düşmür. Çünki o, yoxdur.
Orfoqrafiya lüğətindən tələb
olunur ki, Azərbaycan dilinin leksikonu mümkün qədər əhatə
olunsun.
Vaxtilə mükəmməl lüğətlərimizdə
40-50 min söz olanda düşünürdük ki,
yaxşı lüğətdir. Bu gün bizim
lüğətimizdə 100 mindən çox söz var və
xeyli də söz var ki, o lüğətə düşməlidir.
Demək istəyirəm, orfoqrafiya lüğəti
kifayət qədər mükəmməldir. Amma burda prinsiplərin pozulmağı məsələsi
var. Apastrof ləğv olunanda orfoqrafiya lüğətində
“Şe’r” sözü “şeir” şəklində, “fe’l”
sözü “fel” kimi yazıldı. Bu,
prinsipin pozulmasıdır. Hazırda bunun üzərində
iş gedir. İlk baxışdan xırda məsələ
kimi görünə bilər, amma mühüm məsələdir.
Başqa bir məsələ orfoqrafiya
qaydalarının mükəmməl olmaması ilə
bağlıdır. Orfoqrafiya məsələsi
elədir ki, orda qaydalardan kənara çıxma olur.
Amma bu o qədər az olmalı və əsaslandırmalıdır
ki, qaranlıq qalan heç nə olmasın.
- Yəni
orfoqrafiya lüğətinin son nəşrinə əminliklə
istinad etmək olar ki, orda söz necə göstərilibsə,
birmənalı şəkildə elə də
yazılmalıdır?
- Əlbəttə!
Mənim fikrim var ki, tədricən başqa məsələni
qaldırım: “ədəbiyyat”, “mədəniyyət”, “səhiyyə”
sözlərində iki samitə nə ehtiyac var? “Ədəbiyat”, “səhiyə” deyiriksə, ikinci hərfə
ehtiyac qalmır. Hərf sözü
sözdən fərqləndirməlidir. Fərqləndirmirsə,
artıq şeydir. Amma buna qarşı opponentlər də
ola bilər ki, ənənə var, necə
yazılıbsa, elə də yazaq.
- Opponentləriniz
kimlər ola bilər?
- Elə
biri özüm. Özümə opponentlik edə
bilərəm. (Gülür) Məsələn,
“səciyyə” sözündə yuxarıda dediyim prinsip
işləmir. Yəni sözü qoşa
“y” ilə tələffüz edirik. Ona
görə bu məsələdə mürəkkəblik və
ziddiyyət var.
- Sabir Rüstəmxanlı bəzi məmurların ana dilində danışa bilmədiyindən narazılıq edir. Deyir ki, onlar özləri və övladları Azərbaycan dilində fikrini səlis ifadə edə bilmir...
- Tarix
boyu bizim bu problemimiz olub. Cəlil Məmmədquluzadə
“Anamın kitabı”nı boş yerə
yazmamışdı. İstənilən məmur
Azərbaycan dilini bilməsə, o vəzifədə işləyə
bilməz. Azərbaycan dilini bilməyən
məmurumuz yoxdur. Amma baxır hansı səviyyədə
bilir, necə danışır, necə yazır. Məmur xarici dilləri bilirsə, Azərbaycan dilini
yaxşı bilən məmurdan qat-qat peşəkardırsa,
onun da ayrı cür baxışı olur və bununla
hesablaşmaq lazım gəlir.
Ona
görə də burda hesablaşmaq lazım olan amillər var.
Amma tələb tələbdir: yəni məmur ana dilini,
dövlət dilini gözəl bilməlidir. Bizim
belə məmurlarımız var. Azərbaycan dili müəyyən
intellektual səviyyəyə qalxmalıdır. Dünən, srağagünə qədər bizim
bütün nazirliklərimiz rusca danışırdı.
Rus dilində təhsil alan peşəkarları
Azərbaycan dilini bilmir deyə, kənarda saxlamaq olmaz. Nəzərə almaq lazımdır ki, biz bir
dövrdən başqa dövrə keçdik. Bu məsələdə
ağrısız proses lazım idi ki, biz onu keçdik. Nəticədə bu gün Azərbaycan dilində
yaxşı danışmayan məmur artıq əvvəlki
kimi iddialı deyil, utanır. Bu,
sosial-psixoloji mühitin yaranması deməkdir.
- Dil
haqqında qanunun 19-cu maddəsində qanunun pozulmasına
görə məsuliyyət nəzərdə tutulur. Kiminsə
buna görə cəzalandırılmasının şahidi
olmamışıq...
- Heç mən də şahidi olmamışam. Bunun çox aydın mexanizmləri var. Məsələn, hansısa küçə adı, məsələn, Mikayıl Müşfiq yox, “Müşviq” yazılıbsa, Bülbül yox, “Bül-bül” yazılıbsa, vətəndaş Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməlidir. Aradan qaldırılmasa, vətəndaş qurumu məhkəməyə verə bilər ki, bu nə münasibətdir? Yaxud dərmanın üzərində Azərbaycan dilində məlumat yoxdursa, vətəndaş Səhiyyə Nazirliyinə müraciət edə bilər. Yəni bunun üçün aydın prinsiplər mövcuddur. Bu, restoran menyularına, reklamlara da aiddir. Rayon icra başçısının humanitar məsələlər üzrə müavini bilavasitə bu məsələyə cavabdehdir. Çünki bu, ideoloji işdir.
525-ci qəzet.- 2015.- 23 aprel.- S.4.