Çanaqqala

 (şeir)

 

 

Duyğularla dopdoludur sinəm yenə,

İstəyirəm nəğmələşən şeir deyim;

Qulaq asıb ötən əsrin söhbətinə,

Çanaqqala dastanını vərəqləyim.

 

... İngilisin, fransızın yad dəryada,

Batırılan gəmisini xatırlayaq;

Türk topunu, mərmisini xatırlayaq,

Osmanlımız od qalayıb od dəryada!

 

Bir kitabdır - hər fəslində, yarpağında

Türkün qeyrət, qəhrəmanlıq yazısı var;

Çanaqqala - salnaməmiz, çünki onda

Azərbaycan oğlunun da imzası var!

 

Daşnak, daşı yağdıranda başımıza,

Yağılarla tək döyüşən Bakımıza

İstanbulun köməyini kim unudar?

Türkün qalib gəlməyini kim unudar?

 

Mustafa Kamal Paşanın dühasını

Bayraq kimi uca tutur Qafqaz, Turan.

Alt-üst edib xəbislərin xülyasını,

Bizik haqqın keşiyində sayıq duran.

 

Dövran verir öz hökmünü yavaş-yavaş.

Gərək başqırd, qazax, qırğız, tatar, çuvaş...

Çanaqqala məktəbindən bilik alsın;

Qaqauzu özbək, xakas haraylasın.

 

Səsimizi, sədamızı Ərzə yayıb,

Çanaqqala marşı çalaq, çalaq, çalaq!

Ulu Öndər yolu ilə addımlayıb,

Qarabağda  zəfər çalaq, zəfər çalaq!

 

Bütöv Vətən güllərindən çələng hörək,

Qabaqdadır ən uğurlu aylar, illər;

Çanaqqala dərslərini öyrənərək,

Yeni tarix yaradacaq gənc nəsillər!

 

 

 

 

 

Oqtay Rza

525-ci qəzet.- 2015.- 24 aprel.- S.8.