Qəssabın insafı

 (hekayə)

 

 

 

Qədir kişi becərdiyi kartof məhsulunu Bakı bazarında satdıqdan sonra kəndə qayıdırdı. Əlində bir az pulu vardı. Fikri-zikri qonum-qonşular kimi, heç olmasa, bir inək almaq idi. Könlündən keçən bu idi.

 

Arvadı ilə məsləhətləşmək qərarına gəldi.

 

- Ay Səlimə, bir yanıma gəl, görək bu inək məsələsini necə yoluna qoymaq olar.

 

- A kişi, doğrusu, o vaxt aldığımız inəkdən sonra sənin işinə qarışmaq istəmirəm. Onun qısır çıxması məni indi də yandırır-yaxır. Ona nə qədər qulluq etmişdik. Yadındamı? Arzularımızı gözümüzdə qoydu.

 

- Arvad, mən belə başa düşürəm ki, inək almaqda gecikmişik. Dua et, inşallah, üzümüzə gələn bazar bu işi həll etməliyəm. Yoxsa əlimizdə olan- qalanı xərcləyəcəyik.

 

- Nə deyirəm, a kişi, sən bilən məsləhətdir.

 

Qədir kişi bazar gününü intizarla gözləyirdi. Çox götür-qoy edirdi. Özü üçün planlar qururdu. Hətta tövlədə inəyin yerini də hazırlamağa başlamışdı. Qiymətlər barədə fikirləşirdi. Görəsən, əlindəki pul çatacaqmı? Ürəyində "Allah Kərimdir!" - dedi. Qismətdən artıq yemək olmaz. Qismətdə nə varsa, o da olacaq.

 

Nəhayət, gözlədiyi gün gəlib çatdı. Pulunu bir dəsmalın arasına qoyub, bərk-bərk bağladıqdan sonra paltosunun içəri cibinə qoydu. Bir az həyəcanlı idi. Qonşularla bərabər bazara gəldilər. İribuynuzlu heyvanlar bazarın bir tərəfində ayrıca satılırdı.

 

Qarşısına məqsəd qoymuşdu ki, bu işdə tələsməyəcək. Bazarı çox gəzdi. Bir düyəni gözaltılamışdı. Düyənin yanına yaxınlaşdı. Onun qiymətini soruşdu. Düyə sahibi əvvəlcə onu xam adam kimi dolamaq istədi, sonra da gördü ki, o bundan da ağıllıdır. Düyə sahibi heyvan alverçisi imiş.

 

- Qardaş, - dedi:- Sən mənə de görüm, sənə necə heyvan lazımdı? Sənin hərəkətin mənim çox xoşuma gəldi.  Bəlkə sənə köməkliyim dəydi.

 

Doğrusu, Qədir kişinin də ondan xoşu gəlmişdi.

 

- Nə deyirəm, qardaş, həyatda sizin kimilər çox azdı. Mən kasıb bir kəndli babayam. Kartofu satandan sonra ər-arvad belə qərara gəldik ki, bizim qapımızda da bir sağmal inək olsun. Doğrusu, ağartı üzünə həsrətik. Bilirsən də, bizim tərəflərdə iribuynuzlu heyvana baxmaq çox asandır. Allaha çox şükür, hər tərəf otlaq sahəsidir.

 

Qədir kişi söhbətin uzandığını görüb, mətləbə keçdi.

 

- Ay əmioğlu, doğrusu, sənin düyənə gözüm düşüb, bəlkə sövdələşək. Nə deyirəm, qardaş,  bunun da qarnında buzovu var. Görürəm, siz çox yaxşı, təmiz adama oxşayırsınız. Sizə bir məsləhət vermək istəyirəm. Mən bu heyvan alverində başımı ağartmışam, əgər istəsən sənə bir sağmal inək alaq. Belə düyələrin görünüşü bəzən aldadıcı olur. Doğuşdan sonra yaxşı süd verəni də olur, tez soğulanı da. Bax, bir özünüz də fikirləşin. Mənim üçün fərqi yoxdur.  Ürəyinizdə xal qalmamaq üçün bazarı bir də gəzin.

 

Qədir kişi düyədən ayrılmaq istəmirdi.

 

- Sağ ol, qardaş, sən bir münasib qiymət de, bu düyəni almaq istəyirəm.

 

- Allah xeyir versin, verdim getdi.

 

Düyə sahibi Qədir kişinin ürəyindən keçən qiymətə yaxın bir qiymət söylədi.  Qədir kişi sevincindən az qala uçacaqdı.

 

- Allah səndən razı olsun, - deyib, pulları saydı, düyə sahibinə uzatdı.

 

- Şirinliklə xərclə, qardaş.

 

- Sağ ol, sən də xeyrini gör!

 

Qədir kişi düyənin iplərini dəyişdirib, kəndin yolunu tutdu. Yol boyu onu necə bəsləyəcəyini düşünürdü. İnanırdı ki, arvadı düyəni gördükdə bəyənəcək. O bu minvalla kəndə gəlib çatdı. Qonum-qonşu onu görüb gözaydınlığı verirdi. Qədir kişi zəmanə adamı idi, Allah verənin azına da, çoxuna da şükür edirdi. Amma düyəni aldıqdan sonra bir az özünü xoşbəxt hiss edirdi. Budur, gözlədiyi an gəlib çatdı. Düyə artıq qapısındaydı. Ucadan arvadını çağırdı. Səlimə ərinin səsini eşidər-eşitməz özünü bayıra atdı.

 

- Bərəkətli olsun, a kişi, nə qəşəng düyədi.

 

- Arvad, qismətimiz budur.

 

Qədir kişi düyəni tövləyə apardı. Arvadı da bir qucaq ot gətirdi. Düyə ac olduğuna görə qarşısına qoyulan otu iştahla yeməyə başladı. Ər-arvad heyvan görməmiş kimi uzun-uzadı düyəni seyr etdilər. Hər ikisi də bir-birindən xəbərsiz "çox şükür, Allah" dedilər.

 

Qədir kişi arvadına dönərək:

 

- Nəyin var? Çox acmışam.

 

- Əlini-üzünü yu, süfrəyə gəl, a kişi!

 

Səlimə beçə kəsdiyini ərinə deməmişdi. Bilirdi ki, o, beçəni araqsız yeməzdi.

 

- Arvad, mən bilirdim ki, sən məni çox istəyirsən, özün bilirsən beçənin yanında nə olmalıdır?

 

- A kişi, bu gün olar, bir az iç!...

 

- Yemək çox ləzzətlidi. Əlinə sağlıq, ay arvad, əla yemək bişirmisən.

 

- Nuş olsun, a kişi.

 

Qədir kişi yeməyini yedikdən sonra arxalığı çiyninə atıb tövləyə getdi.  Düyə qabağındakı otu yeyib yatmışdı. O, düyəni bir xeyli gözdən keçirdi. Qədir kişinin otu həmişə bol olardı. Hələ qonşulara da ot verirdi. Artıq özünün düyəsi olduğuna görə çox ehtiyatlı olmağı qərarlaşdırdı. Arvadı da ona xəbərdarlıq etmişdi ki, heç kəsə ot verməsin. Qədir kişi hey fikirləşirdi, görəsən, düyə erkək doğacaq, yoxsa dişi. Sonra özü-özünü tənbeh edirdi.

 

- Nə olur, olsun.

 

Düyə yelinləməyə başlamışdı. Qədir kişi çox sevinirdi, demək olardı ki, günləri sayırdı. Öz-özünə xəyallar qururdu. Ən çox da sevinməyinin səbəbi düyə doğduqdan sonra ağartı üçün başqa qapıya getməyəcəklər. Gözlənilən gün gəlib çatdı. Buzov bir az çəkidə normadan artıq olduğuna görə, düyə çətinliklə doğdu. Qədir kişinin sevinci çox çəkmədi. Arvadı Səlimə ona öyüd-nəsihət verdi, amma xeyri olmadı. Səlimə arvad Allaha yalvarırdı ki, düyə yaxşı süd versin. Onun da arzusu gözündə qaldı. Düyənin məməsini çox sığadı, irinə bənzər bir şeylər gəldi və dayandı. Qədir kişinin yadına düyə satanın təklifi düşdü. Özünü danlamaq istədi, amma danlamadı.

 

- Əgər o heyvan satanın dediklərinə qulaq assaydım, bəlkə də belə olmazdı. Özü yıxılan ağlamaz. Atalarımız düz deyib: "Qismətdən artıq yemək olmaz". Buna da şükür.

 

Qədir kişi vaxt itirmədən qonşusu Pərviz kişigilə getdi. Onların sağmal inəkləri vardı. Qonşu onu hörmətlə qarşıladı, düyəsinə görə gözaydınlığı verdi.

 

- Pərviz qardaş, sevinməyə dəyməz, düyənin südü yoxdur. Mənə bir az süd verin, yoxsa buzov ölər.

 

Pərviz kişi əliaçıq adam idi.

 

- Nə deyirəm, ay Qədir kişi, get qab gətir.

 

Bir azdan Qədir kişi əlində qabla qayıtdı. Qonşu ona bir-iki litr süd verdi.

 

- Ay Qədir kişi, sonra gəl bir söhbətim var.

 

Axşamüstü qonşular görüşdülər.

 

Pərviz kişi çox ehtiyatla:

 

- Ay Qədir kişi, əgər o buzovu satmaq fikrin olsa, mənə de.

 

- Nə deyirəm, ay qonşu, Allah səndən razı olsun. Sözün doğrusu, məni fikir aparmışdı, görəsən, mən o buzova südü haradan alacam.

 

Elə bu dəmdə Qədir kişi arvadı Səlimənin qışqırığını eşitdi. Özünü təngnəfəs ona çatdırdı.

 

- Nə var, nə hadisə baş verib,  niyə qışqırırsan?

 

- Görmürsənmi, ay kişi, düyə köpüb, ölür.

 

Pərviz kişi də özünü yetirdi. Çox çalışdılar, düyəni xilas edə bilmədilər. Qədir kişini ağlamaq tutdu.

 

- Görəsən, bu yetim buzovun halı necə olacaq, anasız qaldı.

 

Pərviz kişi Qədirə ürək-dirək verdi:

 

- Əşşi, canın sağ olsun, başqa bir sağmal inək alarsan. Əgər razılaşsan, otunu da yaxşı qiymətə alaram.

 

Qədir kişinin başqa çarəsi yox idi. Pərviz kişi ilə sövdələşdi. Pərviz kişi buzovu apararkən, buzov dartınıb Qədir kişiyə tərəf gəlmək istədisə də, arzusu boşa çıxdı. Pərviz kişi çatıdan möhkəm yapışmışdı. Beləliklə, bu yetim buzov yeni mənzildə yeni həyata başladı.

 

Bir dəfə də olsun ana nəvazişi, sığalı görməyən buzov Pərviz kişinin  rejiminə sinə gərməyə başladı. İstəsə də, istəməsə də, Pərvizin yaşamaq və yaşatmaq prinsipinə alışmalı idi. İllər bir-birini əvəz edirdi. Qədir kişinin satdığı yetim buzov artıq böyümüş, cöngə olmuşdu. Pərviz kişi bu cöngəni durmadan işlədir, bir dəfə də olsun onun ünvanına xoş söz demirdi. Pərviz bir müddət sonra cöngəni boyunduruğa saldı. İşləri yaxşı gedirdi, tarladan topladığı məhsulu daşımaq bir o qədər də asan deyildi. İşini asanlaşdıran o yetim öküz idi. Qoşqudakı o biri öküzdə hey qalmamışdı. Arabadakı boyunduruğu güclə daşıyırdı. Qoca öküzün ona yazığı gəlirdi. Ağac pedə qalxanda yetim öküzə dəyirdi. Yaxşı ki, bu yetim öküzə göstərilən zülmü Qədir kişi görmürdü, yoxsa ürəyi partlayardı. O, dilsiz-ağızsız heyvanı döyəni ağılsız hesab edirdi: "Bu Allahın heyvanı səhərdən axşama kimi sənə işləyir, niyə onu döyürsən". Qoca öküz bunları fikirləşdikcə Qədir kişini gözünün qabağına gətirirdi.

 

Sözün doğrusu, qoca öküz çox işləməkdən yox, sahibinin onu müntəzəm döyməyindən bezmişdi. Çox çalışırdı ona edilən nankorluğun əvəzini çıxsın.

 

Öküz bu işıqlı dünyada gördüyünü görmüşdü. Keçirdiyi günləri yadına salanda onu dəhşət bürüyürdü. Günahın çoxunu özündə axtarırdı. Sahibinə qarşı çox sədaqətli olmuşdu. İndi çox peşiman idi. Sahibi başqasından fərqli olaraq çox əzazil adam idi. Tez-tez əsəbiləşirdi, bütün hirsini öküzün üstünə tökərdi. Özünün döyməyi bir tərəfə qalsın, arvadları da çağırıb xahiş edərdi ki, bir-iki qamçı da onlar vursun. Bir gün qoca öküz qarşısına məqsəd qoydu ki, sahibi onu nə qədər döysə də, tövlədə bir tərəf çəkilib yatacaq. Qoca öküz dünyanın ağını-qarasını görmüşdü. Öz öküz mənliyini qorumaq üçün qəti qərara gəlmişdi.

 

Fikirləşdiyi kimi də etdi.  Bu dəhşətli səhnəyə baxmayaraq, öküz yatmağa davam edirdi. Aradabir ətrafındakı saman çöplərindən ağzına alıb çeynəyirdi.  Sonra da sahibinə acıq vermək üçün gövşəməyə davam edirdi. Öküzün bu hərəkətlərini görən sahibi dəli olmaq üzrəydi. Nə qədər döyürdüsə də, öküz yatdığı yerdən qalxmırdı. Sahibinə acıq verirmiş kimi hərdən ətrafdakı gözə çarpan samanları da götürməyə davam edirdi.

 

Qoca öküzün sahibi Pərviz kişi çox hirsli idi. Atalar doğru deyib, hirsli başda ağıl olmaz. O, qəti qərara gəlmişdi ki, öküzü kəndin qəssabına satsın. Adam göndərib qəssabı çağırtdırır. Qəssab gəldikdə öküzü satacağını deyir. Qəssab da ona ucuz qiymət təklif edir. Pərviz kişi fikirləşmədən öküzü satır. Bu məsələdən xəbərdar olan qoca öküz, qələbə çalacağına görə özünü çox xoşbəxt hesab edirdi. O, gözləyirdi ki, təzə sahibi ona yaxınlaşsın. Yeni sahibi ona yaxınlaşdı. Qoca öküz fikirləşdi ki, əgər dilim olsaydı, o insafsız sahibimin dərsini verərdim. Təbii ki, bunu başa düşəcəyinə heç inamım da yoxdur. Bu dilsizlik bizim bəxtimizə yazılıb.

 

Qoca öküz ilk andan təzə sahibinin yaxşı insan olduğunu özlüyündə hiss etmişdi: "Çünki o mənə baxarkən mənim yaşlılığımdan, az ət verəcəyimdən heç bəhs etmədi. Bəlkə də məni görüb yazığı gəlmişdi. Onun ağıllı, kamil bir insan olduğu ilk baxışdan görünürdü".

 

Elə buna görə də qoca öküz yeni sahibinə yaxınlıq nümayiş etdirdi. Üzünü yeni sahibinin çuxasına söykədi, iylədi, dərindən nəfəs alıb, yatdığı yerdən yavaş-yavaş qalxmağa başladı. Fikirləşdi: "Allah bu qəssabdan razı olsun, bir bıçaq çəkməklə mənim canımı bu fani dünyadan qurtaracaq. Bir də mən o Pərviz kişinin üzünü görməyəcəm". Öküz tənbəllik etmədən yavaş-yavaş yatdığı yerdən qalxır.

 

Öküzün bu hərəkətini görən Pərviz kişi az qalsın dəli olsun. Fikrini dəyişmək istədi, ancaq çox gec idi. Burada halallıq məsələsi olduğunu yadına salıb peşman oldu.

 

Öküz çox sevinirdi. Sevinirdi ona görə ki, o bir daha döyülməyəcəkdi. Nurani ağsaqqallara xas bir şəkildə başını aşağı salıb, təmkin nümayiş etdirə-etdirə qəssabla yanaşı gedirdi.

 

Çox fikirli idi. Bilirdi ki, keçmiş sahibi onun bu hərəkətlərini görəndən sonra çox əsəbiləşib, bəlkə də öz-özünü danlayıb. Atalar demişkən, sonrakı peşmançılıq fayda verməz. Ürəyində gülərək "sən çaldığını çal, dostum, gör fələk nə çalır". Axı öküzün sahibi heç vaxt düşünməzdi ki, bir gün bu yaşlı öküz, ondan qisas almaq üçün onu dolayacaq. Onun əsl iç üzünü isə öküz yaxşı  bilirdi. Bilirdi ki, onun sahibi çox fırıldaq adamdı.

 

Yaşlı öküzün sevinci yerə-göyə sığmırdı. Orada hər kəsə acıq vermək üçün cavan danalar kimi gövşəməkdən də qalmırdı. Köhnə sahibinin protez dişi ilə saqqız çeynəməsi gözünün qabağına gəldi. Öküzün yeni sahibi qəssab olsa da, dünyanın acısını, şirinini dadmış insan idi. O birdən-birə qəssab olmamışdı. Bu qəssab heç heyvan kəsməyin yolunu da bilmirdi. Onun  kamil bir insan olduğu hiss olunurdu. Qəssab evinə gedəndə həmişə onu həyat yoldaşı qarşılayardı.

 

Qəssab Mədət  yol boyu fikirləşirdi, görəsən, arvad mənim bu alverimə nə qiymət verəcəkdi. Heç özü də bilmədən başını qaldırdı ki, artıq evin qapısı önündədi. Qapını döydü, arvad qapını açanda gözlərinə inanmadı, elə bildi ki,  yuxu  görür.

 

- Salam, a kişi, haralardasan, darıxmışdıq, görəsən bu kişi harada qaldı?

 

- Görürsən də, ay  arvad, gəlib çıxmışam. Sən dədənin goru, başqa sual vermə, çox yorulmuşam, o mənim köməkçimi çağır, heyvanı tövləyə aparsın, qabağına da ot qoysun. Tapşır o cavan danalardan bir az aralı bağlasın.

 

- Kişi, sən narahat olma, get əlini-üzünü yu. İndi gəlib yemək çəkəcəm.

 

Nərgiz qarının çox gözəl xasiyyəti vardı. Ömür-gün yoldaşı Mədətin bir əskiyi olsa da, onun üzünə vurmazdı. Bir sözlə, kişi işinə qarışmaqdan xoşlanmazdı.

 

Mədət kişi, bu qəssablıq işinə başladığı gündən, kəndin kasıb ailəsinin oğlu Arzumanı yanında köməkçi kimi işlədirdi. Arzumanın atası cavan rəhmətə getmişdi. O, qəssab Mədətə çox hörmət edirdi. Bir-birilə ata-oğul kimi idilər. Mədət kişi o ailəni öz ailəsindən ayırmırdı, Allah verəndən kömək edirdi. İstədi bu axşam Arzumanı danlasın, fikrindən vaz keçdi. Çox mülayim səslə:

 

- Ay oğul, mən sənə bir söz demədən kəndə yaymısan ki, Mədət əmi sabah öküz kəsəcək.

 

Nərgiz qarı söhbətə qarışdı:

 

- Oğlum, Arzuman, o öküzün nə canı var, o yazıq heyvanı bıçağın ağzına verirsiniz.

 

- Gördün, oğlum, xalan səndən ağıllıdır. O öküzün canımı qalıb?  Elə-belə heyvanlara görə mən bu sənəti seçməmişəm, belə heyvana bıçaq vurdurmaram. Arzuman səhvini başa düşmüşdü:

 

- Bağışla, Mədət  əmi. Siz dediyiniz kimi, öküzü yerbəyer etdim, qabağına da ot qoydum. Dönüb arxamca baxdı. Sanki mənə təşəkkür edirdi.

 

Qəssab güldü:

 

- Düz deyirsən, oğul. Mən ilk dəfə ona yaxınlaşanda, mənə çox mənalı-mənalı baxdı, sonra da çuxamı imsiləməyə başladı. Çox ehtiyatla ayağa qalxdı. Eşitdim  ki, mən gələnə qədər bir-iki gündür onu bərk döyüblər, söyüblər, təhqir ediblər, o, yerindən qalxmayıb. Bu səbəbdən də, sahibi onu mənə satdı. Peşman deyiləm, ay oğul.

 

Nərgiz qarı kişisinə yaxınlaşdı:

 

- Ay Mədət kişi, səni elə bu ağıllı işlərinə görə çox istəyirəm. Ürəyi təmiz insansan. Nə olsun ki, o Allahın dilsiz-ağızsız heyvanı insan kimi danışa bilmir, dərdini deyə bilmir. Mütləq onu döyməlisən? Yox... belə olmaz, çox günahdı.

 

Mədət  kişi arvadını dinlədikcə, onun dedikləri sinəsinə yağ kimi yayılırdı.

 

- Atalar yaxşı deyib, ərlə arvadın torpağı bir yerdən götürülüb. Bizim həmfikir olmağımızın səbəbi də budur. İnsanın qismətini gərək Allah özü versin. Ay arvad, bu qoca öküzdən bizə zərər gəlməz, qoy həyət-bacada gəzsin, sonrası Allah kərimdir.

 

Öküz hey fikirləşirdi ki, Mədət  kişinin yaxşılığından necə çıxsın, ağlına bir fikir gəldi. Mədət kişinin alıb gətirdiyi o yetim danalara qulluq etmək qərarına gəldi. Onlara qayğı göstərdi, özünə alışdırdı.

 

Qoca öküz cavan danalarla dostluq edib, istədiyinə nail olmuşdu. Beləcə, heç nədən çətinlik çəkmədən rahat öz həyatını yaşayırdı.

 

 

 

Rüfət RÜSTƏMOV

525-ci qəzet.- 2015.- 24 aprel.- S.8.