"Mühacirət irsimizin
"Yurd Bilgisi"
ƏHMƏD CƏFƏROĞLU İRSİNİN TƏDQİQİ VƏ TƏBLİĞİNƏ QİYMƏTLİ TÖHFƏ
Azərbaycanın dəyərli oğlu, görkəmli elm xadimi
professor Əhməd Cəfəroğlu
ötən əsrin
30-cu illərinin əvvəllərindən
etibarən Əhməd
Cəfəroğlu Türkiyənin
elmi həyatında fəal rol oynayıb.
Mustafa Kamal Atatürkün
təşəbbüsü ilə 1932-ci ildə təşkil edilən Türk Dil Qurumunun
yaradıcılarından biri
və ömrünün
sonuna qədər həqiqi üzvü olan Ə.Cəfəroğlu
bu qurumun işində yaxından iştirak edib. Vəfatından
40 il keçsə də, bu gün
də Türkiyə universitet mühitində İstanbul Universitetində
30 ilə yaxın Türk dili tarixi kafedrasının müdiri olmuş professor Ə.Cəfəroğlu haqqında
bir-birindən maraqlı
tarixçələr dolaşmaqdadır.
Türkiyə türkoloqlarının böyük əksəriyyəti
fəxrlə onu öz müəllimi, ustadı adlandırır.
Onun ikicildlik "Türk dilinin tarixi" əsərindən ölkənin
bütün universitetlərində
dərs vəsaiti kimi istifadə olunur.
Əsaslı Avropa elmi məktəbi
keçmiş Əhməd
Cəfəroğlunu Qərbdə
də yaxşı tanıyır və ona böyük ehtiramla yanaşırlar. 1939-50-ci illərdə
o, Polşa Elmlər Akademiyasının müxbir
üzvü, Macarıstanın
Beynəlxalq Dilçilik
Cəmiyyətinin, Beynəlxalq
Dialektologiya Mərkəzinin
və Ural-Altay Cəmiyyətinin,
Argentinanın Beynəlxalq
Tural Cəmiyyətinin
fəxri üzvü, Beynəlxalq Onomastika Cəmiyyətinin həqiqi
üzvü seçilib.
İspaniya hökuməti isə
azərbaycanlı alimin
xidmətlərini 1955-ci ildə
onu "De Alfonso El Sabio"
ordeni ilə təltif etməklə qiymətləndirib.
XX əsrin dünya
şöhrətli türkoloq-alimi
və onun 1932-1934 və 1954-cü illərdə
nəşr etdiyi
"Azərbaycan yurd bilgisi" məcmuəsi barədə ilk dəfə
monoqrafik səpkidə
geniş söhbət
açan filologiya üzrə fəlsəfə
doktoru, publisist Şəlalə Həsənova
olub.
Tədqiqatçının İlk dəfə 1995-ci ildə kiril əlifbası ilə nəşr olunmuş "Mühacirət
irsimizdən səhifələr"
kitabı Azərbaycan
Yazıçılar Birliyinin
təqdimatı ilə
"Ən yaxşı
elmi tədqiqat əsəri" nominasiyasında
"Humay-96" mükafatı ilə təltif edilib.
Görkəmli ədəbiyyatşünas professor Vilayət Quliyev həmin nəşrə yazdığı "Gedənlərin
qayıtması" başlıqlı
ön sözdə göstərir ki, "Şəlalə Həsənovanın
mühacir ədəbiyyatımızın
ən sanballı nümunələrindən biri
olan "Azərbaycan yurd bilgisi" jurnalı və onun naşir-redaktoru
professor Əhməd Cəfəroğlu
haqqında yazdığı
bu maraqlı kitab yaxın tarixi keçmişimizin daha bir qaranlıq
dövrünə işıq
salır, xalqımızın
böyük oğlunu
yenidən milli mədəniyyət xəzinəmizə
qaytarır".
Bu yaxınlarda isə
monoqrafiyanın təkrar
və əlavələr
edilmiş nəşri
- "Mühacirət irsimizin
"Yurd Bilgisi" adlı kitab
"Letterpress" nəşriyyat evində çap olunub.
Kitabın yeni nəşrinə
"Elmi təravətini
itirməyən əsər"
adlı ön söz yazmış AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov kitabın 20
ildən sonra təkrar nəşrinə
böyük ehtiyac olduğunu xüsusi vurğulayıb:
"Hər şeydən
əvvəl ona görə ki, əsər zəngin faktlar, kifayət qədər mükəmməl
müqayisələr və
ümumiləşdirmələr əsasında yazılmışdır. Müəllif
Azərbaycanda ilk dəfə
olaraq "Azərbaycan
yurd bilgisi" məcmuəsinin ədəbi-tarixi,
mədəni-ideoloji problematikasını
araşdırmış, məcmuədə
yer alan
materialları ideya-məzmun
baxımından müqayisəli
təhlil etmiş, ümumiyyətlə, "Yurd
bilgisi"nin milli ictimai fikir tariximizdəki
yerini müəyyənləşdirməyə
çalışmışdır. Odur ki, elmi təravətini
heç zaman itirməyəcək belə
bir əsərin vaxtaşırı olaraq nəşr edilməsi, heç şübhəsiz,
zəruridir. Nəşrdən neçə illər keçməsinə baxmayaraq,
Əhməd Cəfəroğlunun
elmi yaradıcılığı,
ictimai-siyasi və ideoloji fəaliyyəti haqqında nəinki bu səviyyədə, ümumən elə bir ciddi elmi
tədqiqat işi meydana çıxmamışdır".
1930-cu illərin "Azərbaycan ensiklopediyası" adlandırıla biləcək bu jurnalda Əhməd Cəfəroğlu milli mədəniyyətimizin tədqiqində, az qala, bütöv bir elmi-tədqiqat institutunun işini görüb. Məcmuənin daimi müəllifləri sırasında Azərbaycan mühacirətinin nümayəndələri Azərbaycanın alovlu vətənpərvəri idilər və bu baxımdan ...Müsavat›› partiyasının hələ 1911-ci il proqramında yer alan ...türkçülük, azərbaycançılıq, milliyyətçilik›› prinsipləri onların fəaliyyətlərinin əsas istiqamətini təşkil edirdi.
Azərbaycan siyasi mühacirətinin Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Əli Rəsulzadə, Xəlilbəy Xasməmmədli, Əli Xəzərli, Məmməd Əlizadə, Mustafa Vəkilli, Nağı Şeyxzamanlı, Şəfibəy Rüstəmbəyli, Səlim Rafiq, Mirzəbala Məmmədzadə və b. nümayəndələri jurnalın fəal müəllifləri idilər. Tanınmış türk alimlərindən Mehmet Fuat Köprülüzadə, Əbdülbaqi Gölpinarlı, Sadəddin Nühəvət, Mahmud Raqib Keşəmihalzadə, Mehmet Şərafəddin, Xəlil Nemətullah, Adnan Cahid və başqaları bu məcmuəyə ciddi elmi-filoloji nəşrlərdən biri kimi yanaşırdılar.
Əsərin oxucuları bu cür görkəmli şəxsiyyətlərin sanballı məqalələrinin dərin təhlili ilə tanış ola biləcəklər.
Kitabın mündəricatını təşkil edən Milli folklorumuzun və "Kitabi-Dədə Qorqud"un öyrənilməsində birincilik, Azərbaycan aşıq ədəbiyyatı haqqında araşdırmalar, Azərbaycan dastanlarının təhlili, Folklor abidələrinin linqvistik və etimoloji təhlili, Ərəbdilli qaynaqlarda azərbaycanlıların yüksək mənəvi keyfiyyətlərinin tərənnümü, Ümumtürk folklorunun müqayisəli tədqiqi, Etnoqrafik araşdırmalar, XIX əsr Azərbaycan ədəbiyyatına ümumi baxış, Azərbaycan ədəbiyyatında istiqlal mücadiləsi, Məhəmməd Əli Rəsulzadənin Qətran Təbrizi, Məhsəti, Nizami haqqında tədqiqatları, Məmməd Əmin Rəsulzadənin Şirvanlı Xaqani, Nizami haqqında tədqiqatları, Azərbaycan klassikləri Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Qasimi, Mirzə Fətəli Axundov haqqında yeni faktlar, Məlikbəy Avçı, Siraci, Əhdi Bağdadlı, Sam Mirzə, Ərşi kimi naməlum və unudulmuş ədəbi şəxsiyyətlər barədə ekskluziv elmi tapıntılar adlı fəsillərdə "Azərbaycan Yurd Bilgisi" məcmuəsinin zəngin elmi irs kimi verdiyi töhfələr müəyyənləşdirilib.
Bu kimi milli-mənəvi fikir xəzinələrimizin dərindən öyrənilməsinə gənc tədqiqatçıları çağıraraq, fikrimizi Əhməd Cəfəroğlunun müdrik kəlamı ilə ifadə edirik: "Özü özünü birbaşa tədqiq etməyən millətlər başqa millətlərin etnoqrafik tədqiqat mövzusundan başqa bir şey olmamışdır".
525-ci qəzet.- 2015.- 24 aprel.-
S.6.