Xalqa və dövlətçiliyə xidmətin parlaq nümunəsi

 

GÖRKƏMLİ DÖVLƏT XADİMİ XUDADAD BƏY MƏLİKASLANOVUN ÖMÜR VƏ FƏALİYYƏT YOLUNA BİR NƏZƏR

 

Azərbaycan tarixinin bütün dövrlərində ömrünü öz xalqına, onun azadlığına, hər sahədə inkişafına həsr edən insanlar olub onlar xalqımızın taleyində mühüm rol oynayıblar.

 

Ürəyində həmişə Vətən sevgisi, xalqından,millətindən ötrü canını fəda edən belə  insanların isə həmişə qarşılarına müxtəlif maneələr çıxır.

 

Bu  bəzən həmin dövrdəki quruluş, zamanın  dəyişkən ab-havası, nizamsız proseslər kimi maneələr olur. 

 

Bütün bu problemlər Vətən eşqi ilə yaşayan insanların fəaliyyətində müxtəlif məhdudiyyətlər qoysa da, onlar öz yollarından, məqsədlərindən geri çəkilməyib xalqın mənafeyi üçün əllərindən gələni ediblər.

 

Onların xalqa xidmət etmək, fayda vermək məqsədi vətəndaşlıq heysiyyətindən irəli gəlib. Tarix boyu elə görkəmli şəxsiyyətlər olub ki, yaşadıqları dövrdə hakimiyyət, dövlət quruluşu bir neçə dəfə dəyişib. Təbii ki, həmin şəxslər, əslində, bu quruluşların hansısa birinə rəğbət bəsləyib, tərəfdarı olublar.

 

Bununla belə, xalqına, millətinə xidmət etmək amalları siyasi əqidələrini üstələyib, elə ürəklərincə olmayan quruluşda da bildiklərini, bacardıqlarını Vətənə həsr ediblər.

 

Başqa sözlə, xalqa gərək olmaq, onun sabahı üçün çalışmaq əqidələri dəyişməz qalıb. Xalqımızın ləyaqətli oğlu, görkəmli dövlət xadimi, dəfələrlə təqiblərə məruz qalan, həbsdən, işgəncələrdən, ölümdən belə qorxmadan bütün bilik bacarığı ilə vətən naminə çalışan Xudadad bəy Məlikaslanovun tərcümeyi-halı ilə tanış olandan sonra məhz belə hisslərə köklənirsən.

 

Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik-daşnak təcavüzü nəticəsində süquta uğramasının bu günlərdə 95 illiyi tamam olur. Vətənimizi işğal etmək, müstəqil dövlətimizi yıxmaq üçün şimaldan Azərbaycana soxulan XI ordu bolşevik-daşnak qüvvələrinin tələbi ilə 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə 23 aylıq ömrü sona yetən Cümhuriyyətin süqutunu böyük müsibət kimi, ürək ağrısı ilə qarşılayanlardan biri Xudadad bəy Məlikaslanov idi.

 

Onun həyat yolu fəaliyyəti ilə bağlı araşdırma apararkən ən zəngin mənbə olan Azərbaycan  Prezident Kitabxanası Milli Kitabxananın  saytına istinad etdikdə bu qənaət bir daha təsdiqləndi ki, X.Məlikaslanov əsl istiqlal mücahidi, Xalq Cümhuriyyətinin ən görkəmli xadimlərindən biri olub. Azərbaycan tarixinin ən ağır, amma həm şərəfli dövrlərindən biri olan Cümhuriyyət zamanı hökumətdə yüksək vəzifə daşıyan bu şəxs, əslində, həmin vaxtadək , sonra da bütün varlığı ilə Vətəninə xidmət mücəssəməsinə çevrilib.

 

Şəkillərində xoş siması, kübar görkəmi, ağıllı baxışları ilə diqqəti cəlb edən Xudadad bəy Məlikaslanov 1879-cu il Şuşa qəzasının Tuğ kəndində anadan olub. O, 1905-ci ildə Qarabağda erməni təcavüzünə, qırğınına qarşı fəal mübarizə aparan Ağa bəyin oğludur. X. Məlikaslanov ilk təhsilini Şuşa realnı məktəbində alıb. Məktəbi 1898-ci ildə bitirdikdən  sonra  məşhur milyonçu xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin köməyi ilə Rusiya imperiyasının paytaxtı Sankt-Peterburqda Dəmiryol İnstitutuna daxil olaraq təhsilini davam etdirib. Ali təhsilini əla qiymətlərlə, birinci dərəcəli diplomla başa vurub. Xaricdə təhsil alması onun taleyini xeyli dərəcədə dəyişdirir. Belə ki, təhsilini başa vurandan sonra uzun illər Azərbaycandan, doğma Şuşadan kənarda yaşayıb işləyir. İnstitutu bitirən gənc mühəndis yarım il Sankt-Peterburqda Voloqda-Petrozavodsk Dəmiryolunun Çəkilişi İdarəsində çalışıb. Peşəkarlığı ilə hamını heyran qoyub. 1901-1904-cü illərdə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü olub partiyanın Peterburq komitəsində çalışıb. Xudadad bəy sonralar heç bir partiyaya mənsub olmayıb, ömrünün sonunadək bitərəf qalıb.

 

1905-ci ildə Tiflisə köçərək əmək fəaliyyətini yenə həmin sistemlə bağlayır. Zaqafqaziya dəmiryolunda işləyir. Əvvəlcə mühəndis, stansiya rəisinin köməkçisi olur. Sonra Zaqafqaziya dəmiryolunun Suram aşırımı keçidində yol xidməti rəisi köməkçisi vəzifəsinə keçir. Tapşırılan bütün vəzifələrdə etimadı doğrultduğuna görə onu buraya rəis təyin edirlər. Xudadad bəy bu dövrlərdə həmdə elmi yaradıcılıqla da məşğul idi. X.Məlikaslanov geniş günyagörüşə malik, hərtərəfli inkişaf etmiş insan idi. Qazandığı nəzəri bilikləri istehsalatla sıx əlaqələndirməyi bacarırdı. Dəmiryolu texnikasına aid yeni ixtiralar edib. Bütün bunlar cavan mühəndisin tezliklə tanınmasına, ad-san qazanmasına səbəb olub.

 

1917-ci ilin fevral inqilabından az sonra - mart ayında Xudadad bəy Məlikaslanov Müvəqqəti hökumətin sərəncamı ilə Xüsusi Zaqafqaziya Komitəsində dəmiryolu üzrə müvəkkil təyin edilir. Onun vəzifəsi tez-tez dəyişir, bacarığı, idarəetmə qabiliyyəti ilə hamının rəğbətini qazanır, eyni zamanda, yüksəliş pillələri ilə sürətlə irəliləyir. Heç bir il keçmir ki, ona Zaqafqaziya komissarlığında Dəmiryolu Nəqliyyatı Nazirliyi üzrə komissar vəzifəsi tapşırılır. Bir neçə ay sonra isə təzəcə yaradılan müstəqil Zaqafqaziya Federativ Respublikası hökumətinin dəmiryolu naziri təyin edilir.

 

1918-ci ildə Məlikaslanovun ilk kitabı işıq üzü görür. Müəllif Tiflis dəmiryolu nəqliyyatının tarixi barədə bütün bildiklərini qələmə alaraq rus dilində oxuculara təqdim edir. 1918-ci ilin mayında Azərbaycan Zaqafqaziya Seymindən çıxaraq öz müstəqilliyini elan edir Xudadad bəy Məlikaslanov müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin parlament üzvü olmaqla yanaşı, dəmiryol, poçt teleqraf naziri olur. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasinda Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt- İstiqlal bəyannaməsi qəbul edilir. Məlikaslanov Müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olur.

 

Xudadad bəyin xalqımızın maariflənməsində, inkişaf etməsində çox böyük rolu olub. Belə ki, onun təşəbbüsü ilə 1919-cu ildə Bakıda dərslərin ana dilində keçirildiyi ilk dəmiryolu nəqliyyatı məktəbi açılır. Azərbaycanın dəmiryollarında təmir işlərinin aparılması da bu dövrdə onun təklifi, iştirakı rəhbərliyi ilə həyata keçirilən tədbirlərdən biri olur. Bütün bunlar nəqliyyatın ahəngdar işləməsinə imkan verir yollarda qayda-qanun yaradırdı. Xudadad bəyin fəaliyyəti bununla bitmirdi. 1919-cu ilin aprelində latın əlifbasına keçmək üçün yaradılan xüsusi komissiyaya rəhbərlik etməyi Nazirlər Şurası məhz Məlikaslanova tapşırır. Komissiya o zaman Azərbaycan parlamentinə layihə təqdim edir. Lakin onun müzakirəsi yarımçıq qalır.

 

X.Məlikaslanov da cümhuriyyətdə ilk dəfə nazir təyin olunanda 40 yaşı yox idi. Amma zəngin təcrübə toplamışdı. Dərin biliyə, idarəçilik qabiliyyətinə və təşkilatçılıq bacarığına malik idi. Əslində Xudadad bəylə, yanaşı onun o vaxtkı silahdaşları və məsləkdaşları var idi ki, onların da yaşı çox deyildi. Onları sanki zaman özü yetişdirmişdi. Şərqin ilk demokratik respublikasında, heç bir təcrübəsi olmayan cümhuriyyətdə məsul vəzifələrə irəli çəkilir və layiqincə işləyə bilir, inamı və etibarı doğruldurdular.Onlardan  bəzilərinin 30-35 yaşları hətta 25 yaşında olanlar da var idi. Onların digərlərindən  üstün cəhəti onda idi  ki, bu insanların əksəriyyəti təhsillərini Avropanın nüfuzlu universitetlərində alıb, siyasi proseslərdə bişmiş mütərəqqi ruhlu ziyalı idilər.

 

Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Xudadad bəy daha həvəslə işləyir,özünü oda közə vurub xalqın rifahı üçün çalışırdı. Cümhuriyyət hökumətinin qərarı ilə 1918-ci il iyunun 1-dən ölkə ərazisindəki bütün dəmiryol xətləri müstəqil Azərbaycan dəmiryoluna çevrilmişdi. Dəmiryol İdarəsi yaradılmışdı. Bu dövrdə Azərbaycan dəmiryollarının ümumi uzunluğu 954,2 kilometr idi. Çox keçmədi ki, Yollar Nazirliyi yaradıldı. Nazir vəzifəsini isə bütün hökumət kabinetlərində Xudadad bəy Məlikaslanov icra etdi.

 

Gənc respublikanın yollar naziri öz həmkarları və məsləkdaşları ilə əl-ələ verərək məqsədyönlü tədbirlər keçirirdi. Onların əsas məqsədi həm yolların genişləndirilməsi və rahatlığın təmin olunması, həm də bu yollarda hərəkət edən texnikanın çoxaldılması idi. Başqa diqqət etdikləri məsələ isə, yollarda, xüsusilə də digər respublikalara gediş-gəliş yollarında təhlükəsizliyin təmin olunması idi. Elə buna görə də, 1918-ci il iyunun 4-də Batumda Azərbaycan, Osmanlı, Gürcüstan və Ermənistan hökumətləri arasında Cənubi Qafqaz dəmiryollarının vaqon-parovoz parkını bölüşdürmək barədə saziş bağlandı. Sənədi Azərbaycan tərəfdən Məhəmməd Əmin Rəsulzadə və Məhəmməd Həsən Hacınski imzaladılar.  Əfsuslar olsun ki, bu illərdə bütün işlər heç də rəvan getmirdi. Cənubi Qafqaz respublikaları arasında ərazi mübahisələri olduğuna görə imzalanan sazişin müddəaları reallaşmadı. Lakin hər dəfə belə problemlər yarananda vəziyyətdən çıxış yolu tapmaq, işi düzgün istiqamətləndirmək çox çətin olsa da Xudadad bəy artıq bu sahədə yetərincə ixtisaslaşıb və müvafiq qərarlar qəbul etməyə qadir idi. Bu istiqamətdə qəbul edilən ilk qərar 1918-ci il dekabrın 26-da Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstanla ayrıca müqavilə imzalaması oldu.

 

(Ardı var)

Samirə QULİYEVA

525-ci qəzet.- 2015.- 25 aprel.- S.30