Sözün Küründəsən,
Arazındasan, yaxud qan çəkir adamı...
Uşaqlıqdan
beləydi...
Yerindən duran kimi Xudafərinə doğru
qaçardı.
Özü də bilməzdi ki, niyə?
Qan çəkirmiş onu.
Araza daş atmazdı.
Arazdan daş götürüb Xudafərinin
uçmuş oyuqlarına qoyardı.
Deyərdi
ki, mənim ulu babalarım bərpa etdirib bu körpünü,
Şeyx babalarım! Şeyx Məhyəddin və Şeyx Qiyasəddin
- XIV əsrdə!
Onçün də kəndimizə Şıxlar
(Şeyxlər) deyiblər (“Şıxlar Xudafərin” ifadəsi
də burdan ilgilənib).
Yazda Arazın suları
aşıb-daşırdı.
Onunsa
Araza, Xudafərinə, yaxınlı-uzaqlı yurd yerlərinə
övlad eşqi.Bu eşq sonralar aşiqliyə çevrildi. Allah eşqinə, Vətən eşqinə, şair
eşqinə döndü.
Yazdığı
şeirləri uşaqlığından Xudafərinin
uçmaqda olan daşlarının,tağlarının
altına verdiyi çiyinləriylə yazmağa
başladı.
Ən gözəl və təsirli misralarını əliylə,
qələmiylə yox, o tərəfdə Təbrizə, Mərəndə,
bu tərəfdə Diri dağa baxan gözləriylə
yazdı.
Sərhəd
dirəkləri və məftilləri onu görsə də,
o, belə şeyləri görmürdü və görmək
istəmirdi...
lll
...Sərhəd
məftillərində çiçəkləyən
sarmaşıqlara da aldanır şair.
Və oturub o saat şeir yazır.
Unudur onun sarmaşıq olduğunu.
Sərhəd
məftillərində çiçəkləyib deyə
bağışlayır bütün günahlarını...
Az qala
adamın özü də sarmaşıq olmaq istəyir. Sarmaşıq tək sərhəd məftillərinə
sarılıb çiçəkləmək istəyir.
Təki Vətəni
iki yerə bölən sərhəd xətləri, sərhəd
məftilləri
yox olsun.
Sərhəd məftilləri öz işindədir.
Sarmaşıq
da!
Nə sərhəd
məftilləri, nə də sarmaşıqlar bilmir ki:
Burda bir
millətin məhşər ayağı,
Nələr qada olub, nələr qan olub.
Arazdan o yana adlamaq nədir,
Hətta baxmaq belə qadağan olub.
Yaxud
Bəlkə
çiçək deyil bu gördüklərim,
Bir ana qəlbinin ağrılarıdır.
Quş gəlib
hədəfə, keçə bilməyib,
Burdan o tərəfə
keçə bilməyib,
Sarmaşıb qalıbdı bu məftillərə?!
...Sarmaşıqlar
Xudafərin körpüsünün düz tuşunda!
Sərhəd
məftilləri şair ürəyinin param- parça olmuş tellərində,
bağrı başında!...
Bəs şair özü hanı?
Gördüm!
Odur! Babalarının ruhu dolaşan Xudafərin
körpüsünün ən uçuq yerinə verib
çiyinlərini. Uçduğu bəsdir, daha
uçmasın, deyə...
Şairi ağrıdan təkcə bu qanlı məftillər
deyil.
Sarmaşıqların bəzi siyasətçilər kimi
“humanist” donunda
görünməsidir və bir də çiçək
yığmağa gələcək uşaqların aldanmaq təhlükəsidir
(faciəsidir).
... Biz
duya bilmirik, bəlkə nəsə var,
Dünyadan
xəbərsiz uşaqlar hələ
Gələ
bu yerlərə çiçək yığmağa,
Bir də görələr ki, məftil
yığıblar?!
... Məftil yığıblar?! O yerdən ki...
Məşhur ziyarətgahlardan biri Diri dağ da o tərəflərdədir.
İllər
boyudur Vətənimizin erməni təcavüzünə məruz
qalmış ərazilərini yada salır və
düşünürəm: Nə gözəl yer
adlarımız var... Diri Dağ! Diri baba! Xızır zində!
(Diri Xızır!)
Bir
sözlə, ölümsüzlüklə bağlı adlar! Bəs
onda niyə bu boyda diri olduğumuz halda bəzən ölüvay
görünürük?! Nədi bu
ölümsüzlük içindəki “Ölümümüz”?!
Yer
adlarına baxın: Qarqar! Tərtər! Gərgər! Mormor! (Baxın adlardakı şeiriyyətə və
düşdüyümüz zillətə!)
Gözə gəlmişik bəlkə?!
Yuxarıdakı
şeirin müəllifi şair Xasay Mehdizadənin “525-ci qəzet”in
ötən saylarından birində
çıxmış silsilə şeirlərinin altında
ünvan yerində yenə də
Cəbrayıl adını yox, Bərdə adını
gördüm, şeirlərini oxudum və istər-istəməz
qəzetdəki Bərdə sözünün altından Cəbrayılın
adını yazdım...
“Gəldim su üstünə” (şairin başqa bir
şeiri belə adlanır). Gəldim ki, dərdlərimi
sularla bölüşüm. Bu şair də
başqaları tək Bakıya, ya elə Şəkiyə, nə
bilim, dünyanın harasınasa gedə bilərdi.
Ancaq Bərdəyə gəlib-faşist xislətli mənfur
qonşularımızın təcavüzkar işğalına
məruz qalmış Cəbrayıldan.
Bərdəyə
gəlib ki, bir az Cəbrayıla yaxın
olsun, Cəbrayılın iyini yaxından alsın.
Arazdan aralı düşsə də, yaralarını
Kürə sarıtsın.
Bir də
ki... şair su üstündən( Arazdan,
Kürdən) kənarda necə yaşaya bilər ki?!
Və kimə,
nəyə üz tutmaq olar- sudan, su
paklığından başqa!
Bir kimsə
varmı ki,
Tapılarmi
ki,
Üstünə gedəm.
Məni başa düşə çətin ayaqda?
Gəldim
su üstünə!
...Anamın
bir inam yeri vardı-su,
Pis yuxu
görəndə bulağa enib,
Suya
danışardı,
Aparardı
su...
Mən elə
o vaxtdan alışdım suya,
Yüz dəfə, min dəfə qarışdım
suya.
Üstəlik, onu da deməyin yeridir ki, əziz şair
dostum, sən suya elə- belə qarışmadın. Ruh kimi
qarışdın. Bir də baxıb gördün ki...
dedin ki...
Sözün
Küründəyəm, Arazındayam!
Söz də bir Vətəndir. Söz də Vətənimiz tək
param-parça edildiyi, ayaqlar altına atıldığı,
bir sözlə, işğala məruz qaldığı bir
zamanda sözün Kürü olmaq, Arazı olmaq hər
şairin hünəri, işi ola biməz!
Bunu varlığında Məmməd Araz ruhunu, Xəlil Rza
Ulutürk çılğınlığını,
üsyankarlığını yaşadan, onların yolunu
param-parça
edilmiş ürəyiylə şərəflə
davam etdirən Xasay Mehdizadə deyə bilər! Və sən
sözün Küründə, Arazında da ayrılıqlara
tuş gəldin, Xudafərindən o yana həsrətlə
baxdığın azmış kimi, indi də didik-didik edilmiş,
“parçalanmış” Nizami, Füzuli, Nəsimi Vətənindən
- Sözdən (Sözün Küründən, Arazından)
baxa-baxa qaldın... Sözün ilkinliyinə! Sözün ülviliyinə! Sözün
bütövlüyünə! Özümüzün ola-ola
düşmənlərimizin tapdağı altda qalan
yurdlarımıza!
Özümüzü öldürməyə qıymayıb, özümüzdən qabaq ölən dərdlərimizə!
Sən su üstünə elə -belə gəlmirsən ki...
Bu dünya çarxından çıxıb yenə də,
Nuhun əyyamında olduğu kimi;
Suya çəkilməyə məhkumdu bəlkə?!
Elədir ki, var!
Nitsşe deyirdi ki, “Tənhalığa çəkil mənim dostum, tənhalıq qurtaran yerdə bazar meydanı başlanır”.
Sən məcburiyyət üzündən Araz qırağından köçüb, köçkün düşüb Kür qırağına gəlmisən (qaçmamısan).
Tənhalığına qaçmaq istəmisən bəlkə? Hesab etmisən ki, indiyə qədər axtardığın adamları adamlar içində tapmasan da, burda tapacaqsan?!
Eeh, qardaş, şairsən ki, şairsən! Özü də çox böyük şairsən! Vətəndaş ruhlu şair! Vətən ünlü, Vətən yanğılı şair!
Səni tanıyanlar tanıyırlar və sevirlər mənim kimi!
Səni tanımayanlar Sözü tanımırlar, səni sevməyənlər Sözü sevmirlər. O aradığın da harda vardı ki, burda da olaydı! “Adam axtaran adam” şeirində çox doğru deyirsən ki:
Bəşər soy yığını, soyad yığını,
Ay adam axtaran, bu da iş, axtar!
Yəni
ki, iş gəzirsən, bu da sənin üçün ən
yaxşı iş!
Tikanlı
məftillər sərhəd dirəklərinə
dolaşmaqda, sarmaşıqlar sərhəd məftillərində gül açmaqda!
Əcəb
kefdəyik!
Bu dərdi
car çəkməliyik bütün yer üzünə! Abır -həya etdiyimiz, utandığımız bəsdir.
“Yolum, yol yoldaşım- utancaqlığım” deyən
şairim!
İsmayıl Şıxlı deyirdi ki, hədsiz
özündən razılıq nə qədər qorxuludursa,
hədsiz təvazökarlıq ondan da təhlükəlidir.
Mən
deyərdim ki, hədsiz utancaqlıq da!
Mən
öz dərdimi də örtülü yazdım,
Açıq görünməyə dərdim utandı.
Ucalığa
bax, böyüklüyə bax! Əxlaqa bax, Allahım!
Heç belə də utancaqlıqmı olar?
Utancaqlığın,
təvazökarlığın həddinə bax ki, sənin
özün və sözün göründüyü halda
yazırsan ki, “çör-çöp yığını
kimi qalar Kürün üzündə, Çətin görünə
sözüm” Olmaz! Vallah özünü bu qədər
danmaq olmaz!
70 illiyin ərəfəsində çap etdirdiyin
şeirlərdə 7 yaşlı uşağın sevincini
duydum. Bəzi
misralarındakı ümidsizliyi nəzərə almasaq, bütövlükdə
“Nə yazıq” şeirinin adını “nə mutlu” qoymaq
olardı. Yazırsan ki:
Kimliyimdi
ürəyim,
Son
günümə son tikəmdi,
Yaman
günlüyümdü ürəyim!
Başqa
bir şeirində deyirsən ki:
...ta
dönüb söz oldum,
Sonum bu, yəni,..
Olsun! Bir vaxtlar özün inləmisən, indi
Sözün inləyəcək.
Elə
Diri dağ kimi!
Elə
Diri baba kimi!
Elə
Xızır Zində kimi!
Qarqar, Tərtər,
Gərkər, Mormor qafiyə tapmaqda (qafiyə gözəlliyində)
sənə yardımçı olacaqlar.
Yazırsan
ki, “Bu qədər yaşadım, quruca adım... Özümün Özümə əlim
çatmadı”.
Özünə əlin hardan çatsın ki?!
Heç bilirsən, sən hardasan? Hansı
ucalıqdasan?! Dediyin o quruca adın yanındakı
əlçatmazlıqda! Nəsiminin dediyi “
Göyçək ad”la dodaq- dodağa öpüşməkdəsən!
Sən
adamlar içində gəzdiyin adamsan elə! O adam
sən özünsən!
lll
...Qan
çəkir adamı.
Yanılmıramsa bu mövzuda bir şeirin
olmalıdı. Olsun ki, mən bu yazını yaza bilməyəcəkdim...
Qan
çəkdi!
...Hər
şeyin axırı var.
Sərhəd məftillərinin də, elə
sarmaşıqların da. Bir gün inanıram ki,
sarmaşıqların yerinə barmaqlarımız
sarmaşacaq tikanlı məftillərə (həm bu tayda, həm
o tayda!).
Sərhəd məftillərində çiçəkləyən
sarmaşıqların yerinə yaralı barmaqlarımız
çiçəkləyəcək.
O barmaqların
içində yenə də qan çəkəcək
məni. Sənin sözünü
tanıdığım kimi baxıb o dəqiqə
özünü də, daha çox qana batmış
barmaqlarını da tanıyacam.
Gərək
qan çəkərim qan üstə əsə,
Ey vah neçələri
burda xam, artıq.
Qanım
çəkməyəni təbim çəkdisə
Mən getdim güdaza... mən yoxam artıq.
lll
... Xəlil Cibran Xəlil deyir ki, “Vətən cəsur
insanların omuzları üstündə yüksəlir”.
Çox
doğru fikirdir!
... Başımı çiyninə söykəmək
istədim.
Gördüm çiyinlərin yoxdu.
Yadıma
gəldi ki, çiyinlərini Xudafərinin uçmaq təhlükəsi
qarşısında qalan oyuqlarının altında qoyub gəlmisən...
Gördüm
elə xəstəhalsan ki!
Ürəyini Qarabağdaki gizli sərhəd məftillərinə
çiçək kimi səpib güclə,
qırıq-qırıq belə deyirsən:
-Ta ürəyim
də qalmayıb!
Mənim də ürəyim o çiçəklər
içindədir.
Gəl mən də sənə bir şeir oxuyum şair qardaşım! Ürəyimi tutmağıma baxma!
Qırılıb göylərdə durnalarımı,
Xəstə Vidadimi yoxsa o yatan?
İtirib dünyada dünyalarını,
Sonku vidadımı yoxsa o yatan?
Xəlil Rzalardan, Məmməd Arazdan
Qalan sədadımı yoxsa o yatan?
Bəlkə mən özüməm... bəlkə... bəlkə də...
Bir
şair dostum var, orda, Bərdədə!..
O,
yatır Təbrizdə yatırmış kimi,
Yastığı eyləyib Diri dağını.
Düşmən
ordusuna dönüb dərdləri,
Geriyə qaytarmır biri, dağını.
Olmaya
Arazın qırağı sanıb,
Köçüb yaşadığı Kür
qırağını?
Bir əli
ocaqda, biri pirdə də...
Bir
şair dostum var, orda,
Bərdədə!
Dikəndə
göz dikib öz ürəyinə,
Qalıb, yurda baxan gözünə qalıb.
Tut, onun
qolundan qaldır ayağa,
Tanrım, yenə əlac özünə qalıb.
Yolçuluq
eyləmək yaraşır ona,
Yolların,
izlərin düzünə qalıb,
Sonda
oturubdu ən ön cərgədə,
Bir
şair dostum var, orda,
Bərdədə!
Gedəcək
dünyanın o başınacan,
Salanda məni
də salıb yanına!
Dur, qalx,
qoy yerində mən özüm yatım,
Belə
deyəcəyəm, gəlib yanına!
Köhnə
vəfalıdı, unutmayacaq,
Alanda məni
də alıb yanına,
Vətən
deyəcəkdir getsə, gorda da,
Bir
şair dostum var, orda,
Bərdədə!
Barat VÜSAL
525-ci qəzet.- 2015.- 25 aprel.- S.27