Ləyaqətlər və qüsurlar
tarixin sınmayan güzgüsündə
Özümə gəldikdə mən elmdə məskun olanlardan biri deyiləm. Mən keçmişi sadəcə
sevənlərdən və onu ciddi-cəhdlə tədqiq edənlərdən
biriyəm.
Konfutsi
(Əvvəli
ötən şənbə sayımızda)
İnqilab və ya radikal islahat, sakitləşdirmək
üçün atın yalını daramaq qaydasında,
xalqın başını sığallamaq fürsəti
deyildir, əksinə, onu cuşə gətirməklə
mübarizəyə sövq etmək və yeni həyat yoluna
salmaq imkanıdır. Təəssüf ki, bu məqsəd həyata
keçirildikdə qan tökülməsi, təqiblər ən
yararlı vasitəyə çevrilir. Fransız
mütəfəkkiri Sebastyan Şamforun dediyi kimi,
“İnsanları idarə etmək üçün baş
lazımdır. Şahmat oyunu
üçün təkcə yumşaq ürəklilik
azdır”.
Ona görə də tarixə daxil olmuş adamları
sonrakı dövrlərin qaydalarına, dəyərlərinə,
əhval-ruhiyyələrinə və ya əxlaq
standartlarına görə tutduqları taxçadan - tarix səhnəsindən
çıxarmaq, qovmaq, uzaqlaşdırmaq mümkün
deyildir. Tarixdə öz yerini tutanlar heç də
köçəri quş deyillər ki, asanlıqla öz
yuvalarını - həmin məkanı tərk edib, instinktlərinin
göstərdiyi istiqamətə üz tutsunlar. Onlar burada məskunlaşmışlar, nə ostrakizmə
uğradıla, nə sürgün edilə bilərlər.
Onlar məqsədlərinin diktə etdiyi əməllərdə
bulunmuşlar, heç vaxt göyərçin damında qərar
tutmaq fikrində olmamışdılar.
Böyük Britaniya qanunlarına görə
ABŞ-ın bani- ataları - imperiyaya qarşı inqilabı
həyata keçirən və yeni dövlət yaradan cəsarətli
mübarizlər olsalar da, cinayətkar hesab olunurdular. Onlar Yeni
Dünyadakı doğma koloniyalarını azad cəmiyyət,
qədim ənənələr ruhundakı demokratik quruluş,
respublika kimi görmək istəyirdilər. Böyük
qurbanlar hesabına olsa da, buna nail oldular. Məgər
dünyaya Birləşmiş Ştatlar kimi bir unikal demokratik
dövləti bəxş etmiş bu insanlar (əlbəttə,
ABŞ-ın xarici siyasətinə indi münasibət
heç də birmənalı deyildir) təkcə öz
ölkələrində deyil, bütün dünyada
böyük ehtiram bəslənən tarixi şəxsiyyətlər
deyilmi? Onlar Böyük Britaniya kralının tabeliyində
olan 13 koloniyanın azadlığına nail olmaqla, həm də
başqalarına bənzəməyən yeni dövləti
yaratmaq vəzifəsini həyata keçirdilər.
Amerikadakı inqilab böyük təsir gücünə malik
oldu, 23 il sonra - 1789-cu ildə Böyük
Fransa inqilabının başlanması üçün
detonator rolunu oynadı.
Birləşmiş
Ştatlara heç məhəbbət hissi ilə
yanaşmayanlar da yaxşı bilirlər ki, bu dövlət
Birinci və İkinci Dünya müharibələrinə girməsəydi
(1941-ci ilin dekabrında yaponların Pyörl-Harbor hərbi-dəniz
bazasına xaincəsinə hücumu və ağır zərbə
vurması ABŞ-ı İkinci Dünya müharibəsinə
girməyə sövq etmişdi), müvafiq olaraq Antantaya və
Müttəfiqlərə hərbi və maddi yardım göstərməsəydi,
qələbələrin taleyinin necə olacağı
böyük sual altında ola bilərdi. Amerikadan
xoşu gəlməyənlər də, XX əsrdə
dünya iki dəhşətli sınaqla üzləşəndə
bu dövlətin qələbəyə verdiyi böyük
töhfəni kölgə altına salmağa cəhd etməməlidirlər.
Hər iki qələbədə Amerikanın
rolu danılmazdır. Lakin onu da qeyd etmək
lazımdır ki, məhz iki dünya müharibəsi Amerika
Birləşmiş Ştatlarını fövqəl dövlətə
çevirmişdi. İkinci Dünya müharibəsindən
sonra da Avropanın, xüsusən Qərbi Almaniyanın, həmçinin
məğlub edilmiş Yaponiyanın iqtisadi, sosial və siyasi
cəhətdən dirçəldilməsində Birləşmiş
Ştatların böyük yardımı yalnız minnətdarlıq
hissləri ilə yad edilməlidir.
Tarixi
inkar etmək cəhdləri
SSRİ dağıldıqdan sonra, onun tarixinə, Oktyabr
İnqilabının rəhbər xadimlərinə ittiham
dalğası xeyli genişlənmiş, tsunami timsallı tənqid
və qaralama ölkə tarixinin böyük bir hissəsini
inkar etmə səviyyəsinə çatmışdır. Hər cür tənqidin və
ifşa rəngindəki ittihamların əsas hədəfi
V.İ.Lenin, xüsusən SSRİ-yə 30 il
ərzində rəhbərlik etmiş İ.V.Stalindir. Əlbəttə, onlar sadə adamlar deyildilər,
siyasətin dahiləri səviyyəsinə
qalxmışdılar. Radikallıq, bir
inqilabçı kimi onların əsas silahı idi. Lev Trotski 1917-ci ilin yayında Lenini
radikallığına görə Fransa inqilabının liderlərindən
biri, terrora başçılıq edən, “Satılmayan” ləqəbli
Robespyerə bənzədərək, onun adı ilə
“Maksimilian Lenin” adlandırırdı. Bolşeviklərin
bir-birinə belə ləqəb verməsi isə nadir hal
deyildi. Lenin Zinovyevi və Kamenyevi 1917-ci ildə Oktyabr
inqilabına xəyanətlərinə görə fahişə,
xeyli əvvəl isə Trotskini İncildə xəyanət
simvolu kimi verilən, İisusu 30 gümüş pula
romalılara satan apostol İuda İskariota bənzədərək,
dəfələrlə “İuduşka”
adlandırmışdı.
Leninin inqilabdan üç ay əvvəl silahlı
üsyana çağırışı da nəinki
başqaları, hətta öz partiyasının xeyli üzvləri
tərəfindən heç də razılıqla
qarşılanmırdı. Bu vaxt vəziyyət
çox mürəkkəb idi, yalnız Lenin yaxın
perspektivi görməklə, belə vasitəyə əl
atmağı təklif edə bilərdi. O, dövrün
nəbzini tutmağı bacarırdı. Çünki
bir qədər əvvəl onun özü də inqilabın qələbəsinin
çox uzaqda olduğunu söyləmişdi. Oktyabr
inqilabının ərəfəsində isə meyvənin
artıq yetişdiyini hiss edən Lenin, Napoleon kimi onu
qoparmağın vaxtı çatdığını çox
ustalıqla müəyyən etmişdi. Müvəqqəti
hökumət ölkəni idarə edə bilmirdi, Rusiya müharibədə
də uğursuzluqlara düçar olurdu.
Lenin də səhv edə bilərdi, lakin vacib anlarda o,
bir qayda olaraq səhv etmirdi. Prinsipial olmayan məsələlərdə
isə onun səhvi baha başa gəlmirdi və o, öz səhvlərini
etiraf etməyi bacarırdı. Petroqrad
Sovetinin Leninin 50 illiyinə həsr olunmuş
yığıncağında Stalin Leninin üç səhvini
özünün etiraf etdiyini onun müsbət keyfiyyəti
kimi qeyd etmişdi.
Lenin ona ünvanlanan istehzanı da cavabsız qoymurdu. 1917-ci ilin
iyununda Ümumrusiya Sovetlər qurultayında hakimiyyəti ələ
götürməyə qadir olan partiyanın olmadığını
güman edənlərə cavab verərək və
bolşevikləri nəzərdə tutaraq, “Vardır belə
partiya!” kəlməsini qürurla dilə gətirməsi
başqa partiyaların nümayəndələri tərəfindən
gülüşlə qarşılanmışdı. Oktyabr inqilabının qələbəsinin
timsalında Lenin bu gülüşə dörd ay sonra Homer qəhqəhəsi
ilə cavab verə bildi. Menşevik Martov RSDFP-nin II
qurultayında (1903-cü il) lağ şəklində
ilk dəfə “leninizm” ifadəsini dilə gətirmişdi. Heç iki onillik keçməmiş leninizm
böyük bir ərazidə hakim ideologiyaya çevrildi.
Buxarin Lenini utopist, satqın
adlandırmışdı. Lenin
ideyalarını gerçəkləşdirə bilmişdi, həyatını
həsr etdiyinə isə o, necə xəyanət edə bilərdi.
Əlbəttə, Leninin ölümündən sonra onun
partiyaya və ölkəyə rəhbərlik irsini qəbul
edən Stalinin ciddi-cəhdi ilə o, sitayiş obyektinə,
bütə çevrildi, kanonlaşdırıldı, dünya
proletariatının və millətin atası
adlandırıldı. Lenin özü belə titullardan, epitetlərdən uzaq adam idi. SSRİ-nin süqutu ilə
Leninə hücumlar daha da artdı, daşqın şəklini
aldı. O, elə bir böyük miqyasa malik şəxsiyyətdir
ki, onunla hər şey etmək olar, onu sevənlər də,
ona sonralar düşmən kəsilənlər də bu
görkəmli şəxsiyyətin çoxşaxəli fəaliyyətində
çox şeyi tapa bilərlər. Şəxsi
həyatına nüfuz etməyə çalışanlar
İnessa Armandla intim yaxınlığını, hətta bu
inqilabçı qadının ona çox oxşayan bir
oğul doğmasını da göstərə bilərlər.
Təəssüf ki, ona yönələn tənqid bəzən
əndazədən çıxır, ölçü hissini
itirir. Onun qana susamasına erkən misallar tapmaq
üçün hər şey öz rəngini dəyişir.
Sibirdə, uzaq Şuşenskoye kəndində
sürgündə olarkən dovşan ovlamağını da,
bəziləri həddi aşıb, qaniçicilik nümunəsi
kimi qələmə verirlər. Onda gərək onlar
Avstriya imperatoru I Frants İosifin, onun varisi olmağa
hazırlaşan prints Franst Ferdinandın, yaxud Böyük
Britaniya kralı V Corcun ovçuluq hobbisi adı altında,
öz ölkələrinin faunasına, saysız-hesabsız
sayda maral, əlik və quş sürüsünü məhv
etməklə ağır ziyan vurmalarından hali olsaydılar,
yəqin ki, ekologiya müdafiəçiləri kimi onların
xatirəsi üzərində xüsusi beynəlxalq tribunal
qurulmasını təklif edərdilər.
Frants
Ferdinandın 1914-cü ilin yayındakı qətli Birinci
Dünya müharibəsinin başlanması üçün bəhanə
rolunu oynamış, I Frants İosif
bu müharibənin başlanmasına start verməklə,
milyonlarla insanın həyatını itirməsinin baiskarı
olmuşdur.V Corc isə həmin müharibədə əks tərəfdə
vuruşan dövlətin başçısı idi. Onlar başqa canlılara da qənim kəsilmişdilər.
Avstriya imperatoru və onun baş tutmamış
varisi ölkə faunasına ova olan həvəsləri ilə
böyük ziyan vurmuşdular. Frants
Ferdinand Hindistanda da pələng ovu ilə məşğul
olmuşdu. Onun o qədər də uzun
olmayan ömrü boyu 270 min vəhşi heyvan
öldürdüyü bildirilir. 1910-1936-cı
illərdə Böyük Britaniya kralı olmaqla V Corc quş
ovunu özünün həyat tərzinə
çevirmişdi. 1912-ci ildə təkcə
bir ovda həftə ərzində minlərlə quş
qırmışdı. Dostları ilə birlikdə Norfolk meşəsində 4
gündə 7 tüfənglə
10 min baş quşu məhv etmişdi. Bircə
gündə özü 1000 qırqovul
öldürmüşdü. O, meşə
cüllütü və kəklik ovlamağı çox
sevirdi, bu quşlar hətta onun ölümünə həsr
edilən şeirdə də xüsusi vurğulanırdı. Leninin sürgündəki dovşan ovu belə
nümunələrlə müqayisədə toz
böyüklükdə görünür.
Leninin
öz sağlığında da onu qəbul etməyənlər
az deyildi və onlar bu böyük inqilab
liderinə aşağılayıcı qaydada
baxırdılar. Etiraf etmək lazım gəlir ki, Lenin az sayda olan o şəxsiyyətlərdəndir
ki, tarixin təkərini döndərməyə, onun hərəkət
yolunu dəyişdirməyə müvəffəq olmuşdu. Digər böyük şəxsiyyətlər kimi
onun da fəaliyyətinə verilən qiymət, istər bu,
müsbət ya mənfi olsun, zamandan asılı olaraq dəyişir,
hər bir dövr ona öz prizmasından, istəyindən və
mənafeyindən birbaşa asılı olan qiyməti verir.
Təəssüf ki, sitayişdə fanatizm xüsusiyyətləri mövcud olduğu kimi, nifrət də bəzən sahildən kənara çıxır, məhkum edilən tarixi şəxsiyyətlər ədalətsiz olaraq istehza obyektinə, ən amansız hücumlar hədəfinə çevrilir, anafemaya məruz qalır. Bəzən hətta onları autofafeyə məhkum etmək çağırışları eşidilir, inkvizisiya yeretikləri - dönükləri tonqalda yandırmaq kimi bu dəhşətli cəza üsulundan istifadə edirdi. İnkvizisiya vaxtı həbs olunanlardan işgəncə yolu ilə alınan etiraflar məqsədə xidmət etdiyindən yararlı vasitə sayılırdı. Müasir siyasi inkvizitorlar da bəzən öz uydurma ittihamlarına şübhəli sübutlar da tapmaqla, haqqa xidmət etdikləri barədə ağılsız qənaətə gəlirlər.
Leninə nifrət bəsləyənlərin imkanı olsaydı, onun cəsədinə ingilislər Oliver Kromvelin cəsədi ilə davrandıqlarına bənzər bir divan tutardılar. İngilislər Kromvelin cəsədini qəbirdən çıxarıb, dar ağacından asdıqdan sonra, peyin topasının üstünə tullamışdılar. Əlbəttə, cəsədi külə də döndərmək olar, lakin böyük şəxsiyyətlərin ideyaları, əməlləri hətta təhqiramiz qaydada qətranla boyansa da, onları cəzalandırmaq mümkün deyildir. Tarixi şəxsiyyətin nəhəngliyi onunla aparılan mübarizəni uğursuzluğa düçar edir, onun xatirəsi ilə iyrənc şəkildə davrananların özünü gülünc vəziyyətdə qoyur. Çünki onun dağ silsiləsini andıran fəaliyyətini ən qatı dumanla da gizlətmək olmur, inkar etmək cəhdi isə yalnız yüngül ağıldan xəbər verir.
Leninin ölümündən sonra Maksim Qorki yazmışdı: “Hətta onun düşmənləri cəbhəsindən olan bəziləri də vicdanlı qaydada etiraf edirlər ki, Leninin şəxsində dünya elə bir adamı itirdi ki, o, müasiri olan bütün böyük adamlar arasında özündə dahiliyi daha aydın təcəssüm etdirirdi”. Bolşevizmə nifrəti ilə fərqlənən Uinston Çörçill isə Oktyabr inqilabının rəhbəri barədə ona məxsus olan ziddiyyəti belə ifadə etmişdi: “Leninin anadan olması ruslar üçün böyük bədbəxtlik olduğu kimi, onların növbəti bədbəxtliyi onun ölməsi idi”. Hər iki böyük düha Lenin barədə öz müstəqil mövqelərindən çıxış etməklə yanaşı, həqiqətdən o qədər də uzaqlaşmayaraq, onun böyüklüyünü etiraf edirlər.
(Ardı
var)
Telman Orucov
525-ci qəzet.-
2015.- 25 aprel.- S.26