“I Bakı Beynəlxalq Poeziya Festivalı mühüm ədəbi-mədəni hadisə kimi qarşılandı”

 

Bu ilin martında Azərbaycanda ədəbiyyatla - poeziya ilə bağlı əlamətdar bir tədbir keçirildi. “Sözün də su kimi lətafəti var” devizi ilə gerçəkləşən I Bakı Beynəlxalq Poeziya Festivalı haqqında bu mühüm tədbirin təşkilatçısı olan Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu ilə söhbət etdik.   

 

- Səlim müəllim, poeziya festivalı hansı məqsədlə təşkil edilmişdi? Ümumiyyətlə, festival ideyası necə yarandı?

 

- Yəqin ondan başlamaq lazımdı ki, bütün ədəbi, xüsusən də poeziya festivalları ilk növbədə şairlərin, yazıçıların yaxınlaşması, bir-birini yaxşı tanıması üçün təşkil edilir. Belə demək mümkündürsə, dünya ədəbi prosesini yaratmaq üçün.

 

Fikir verdinizsə, mən ilk növbədə şairlərin yaxınlaşması üçün dedim. Çünki poeziya nitqin, şifahi sözün ali məqamıdı. Buna görə də müxtəlif ölkələrdən olan şairlərin üzbəüz görüşü çox vacibdir.

 

Sözsüz ki, belə tədbirlərin hesabına təşkilatçı ölkə öz mədəniyyətini, ədəbiyyatını, poeziyasını tanıtmaq üçün böyük imkanlar qazanır.

 

Bilirsiniz ki, son illərdə Bakıda, Azərbaycanda çox böyük, miqyaslı beynəlxalq festivallar - klassik musiqi, muğam, müəllif mahnıları, kino festivalları keçirilir. Amma poeziya festivalı, təəssüf ki, yoxdu. Azərbaycan tarixdən də məlum olduğu kimi, böyük poeziya ənənələri olan bir ölkədi. Burda təkcə türkdilli deyil, həm də farsdilli, ərəbdilli şeirin şah əsərləri və əlbəttə ki, rusdilli poeziyanın çox dəyərli nümunələri yaranıb.

 

Festivalın ideyasına gəlincə, bilirik ki, hər ilin 21 martı YUNESKO təqviminə görə Beynəlxalq Poeziya günü kimi qeyd edilir.

 

Bu, eyni zamanda, Beynəlxalq Novruz günü, Bahar bayramıdı. Martın 22-si isə BMT-nin təqviminə görə bütün dünyada Su Ehtiyatlarının Mühafizəsi günü kimi qeyd olunur. Biz də əsas mövzusu su olan I Bakı Beynəlxalq Poeziya Festivalını təşkil eləməyi qərara aldıq. İdeyanı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla bölüşdüm. Anar müəllim məni hər cür dəstəklədi və buna görə ona çox minnətdaram.

 

Biz təşkilati məsələlərə görə bütün ölkənin su təchizatıyla məşğul olan “Azərsu” ASC-yə müraciət elədik.

 

Onlar da bizi dəstəklədilər, sağ olsunlar. Sonradan layihəyə Mədəniyyət və Turizm Nazirliyi və RTV də qoşuldu. ATV, “Kitabçı” jurnalı, news.atv.az, www.ayb.az. Tədbirə informasiya dəstəyi verdi. Beləliklə də biz martın 18-dən 23-nə qədər “Sözün də su kimi lətafəti var” devizi altında Birinci Bakı Beynəlxalq Poeziya Festivalını həyata keçirdik.

 

- Çox maraqlı assosiasiyalardı - poeziya və su, su həyat rəmzi kimi... Zəhmət olmasa, qonaqlarınızdan və festivalın gündəliyindən danışın.

 

- Qonaqlardan başlayım. Rusiyadan tanınmış şair Sergey Qlovyuku dəvət eləmişdik. O, şair və tərcüməçi olmaqdan başqa həm də “Əsrdən əsrə” Beynəlxalq Humanitar Təşəbbüslər Agentliyinin baş direktoru, Rusiya Yazıçılar Birliyinin üzvü, Makedoniya, Serbiya, Çernoqoriya Yazıçılar Birliklərinin fəxri üzvü, Polşa Respublikasının əməkdar mədəniyyət xadimi, slavyan ölkələri mədəniyyətinin təbliğatçısıdı. Türkiyədən görkəmli türk şairi Ataol Bəhramoğlu ilə ünlü gitara ifaçısı və müğənni Haluk Çətini dəvət elədik. Ataol Bəhramoğlu həm də rus poeziyasını türk dilinə çevirən sanballı tərcüməçilərdəndi. Puşkini, Lermontovu, Pasternakı tərcümə eləyib.

 

Serbiyadan Melisa Eftimieviç-Liliçi - rusdilli poeziyasevərlər arasında özünün iki şeir kitabıyla məşhur olan serb şairini dəvət elədik. Finlandiyadan Tomi Kontio Kalevi, Belarusdan, istedadlı şair, tərcüməçi və nasir Tatyana Sivets qonağımız oldu. Ukraynadan festivalımıza tanınmış ukraynalı şair və tərcüməçi Marianna Kiyanovska, İrandan şairlər Kamran Rəsulzadə və Abbasəli Araz, Özbəkistandan isə görkəmli filoloq və tərcüməçi professor Saodat Muhammadova gəlmişdilər. O, Azərbaycan poeziyasının bir çox nümayəndələrini özbək dilinə tərcümə eləyib və milli ədəbiyyatımızdan çox yazıb. Gördüyünüz kimi, bizim səkkiz ölkədən on qonağımız var idi.

 

Düşünürəm ki, birinci festival üçün bu say kifayətdi. Bir də ki, festivalda bizim şairlər də iştirak edirdilər, necə deyərlər, tam fərqli kalibrli və müxtəlif nəsillərə aid ədiblərimiz. Festivalın gündəliyi isə olduqca dolğun idi.

 

Festival 5 gün davam elədi. İlk iş günü rəsmi görüşlər günü idi - festival iştirakçıları Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin məzarını, Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət elədilər.

 

Onlar Azərbaycan Yazıçılar Birliyində və əlbəttə ki, festivalın sponsoru “Azərsu” ASC-də oldular. Martın 20-də isə qonaqların və bizim şairlərin iştirakıyla “100 dəqiqə şeir” adlı əsas poeziya gecəsi keçirildi.

 

Tədbir Bakıda, “Kapellhaus”da baş tutdu. Şeirlər əvvəlcə orijinalda, daha sonra tərcümədə oxundu. Bir məqamı da qeyd edim ki, martın 20-də, Novruz bayramının əsas günü olmasına və bu günü bir qayda olaraq hamı ailə bayramı kimi öz evində keçirməsi ənənəsinə baxmayaraq, zal poeziyasevərlərlə dolu idi. Və bu, çox xoş oldu. Təbii ki, zalın dolu olması ölkəmizdə poeziyanı sevən və dəyərləndirənlərin nə qədər çox olduğunun təsdiqi idi. Martın 21-də şimal rayonlarına - Xaçmaz və Qubaya səfərimiz oldu.

 

Yəni festival ərazi cəhətdən təkcə paytaxtla məhdudlaşmadı! Qonaqlar Quba soyqırım memorial kompleksini, Xaçmazdakı muzey və qalereyaları ziyarət etdilər, Xudat qəsəbəsində Şollar suyunun mənbəyini gördülər. Xaçmazda həmçinin RTV-nin həyətində qonaqların şərəfinə bayramın bütün rəmzləri və özəlliklərilə -boyanmış yumurtalar, səməni, şəkərbura, paxlava, Kosa, Keçəl, Bahar qız, pəhləvanlarla birlikdə Novruz şənliyi də təşkil edilmişdi. Bir sözlə, bayramın başqa mədəniyyətin daşıyıcısı olan insanlarda təəssürat oyada biləcək bütün rəmzləri var idi. Martın 22-də isə “Azərsu” ASC-nin gənclər təşkilatının üzvləriylə görüş oldu. Görüş “Azərsu”nun dəstəyilə salınan yeni parkların birində keçirildi.

 

Qeyd edim ki, festivalın nəticələrindən biri olaraq, dünya poetik irsinin, həm də qonaqlarımızın və bizim şairlərin şeirlərindən ibarət poeziya antologiyası yaxın günlərdə işıq üzü görəcək.

 

Bir təşkilatçı kimi mən, demək olar ki, festivalın bütün iştirakçılarından şəhərimizi və ölkəmizi bəyəndikləri haqqında gözəl sözlərlə dolu olan təşəkkür məktubları almışam. Festival iştirakçıları yüksək təşkilatçılıq, heyrətamiz Azərbaycan qonaqpərvərliyi və bəyəndikləri bir çox başqa cəhətlər haqda yazıblar.

 

Bütün bunlardan bir daha anlaşılır ki, I Bakı Beynəlxalq Poeziya Festivalı mühüm ədəbi-mədəni hadisə kimi qarşılanıb. Bizim poeziyamız haqda iştirakçıların böyük əksəriyyətinin yüksək fikirdə olduğunu isə mən festivala qədər də bilirdim. Çünki bizim qonaqların bəziləri festivala qədər həm də bizim poeziyanı tərcümə eləmişdilər.

 

- Bizə məlumdu ki, sizin fəaliyyətiniz birdəfəlik tədbirlərlə, hətta belə möhtəşəm festivalla da məhdudlaşmır. Son vaxtlar daha hansı layihələri reallaşdırmısız?

 

- Bildiyiniz kimi keçən ilin avqustundan mən Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə rəhbərlik edirəm.  Bu müddət ərzində biz əməkdaşlıq haqqında 3 memorandum imzalamışıq.

 

Serbiya Yazıçılar Birliyi ilə imzaladığımız memorandum çərçivəsində biz “Kitabçı” jurnalının serb ədəbiyyatına həsr edilmiş xüsusi buraxılışını nəşr eləmişik.

 

Bizim serblərlə daha bir layihəmiz var, amma o, hələ hazırlıq mərhələsindədi.

 

İkinci memorandum Ukraynanın “Vsesvit” jurnalı ilə imzalanıb. Ötən ilin dekabrında “Vsesvit”in Ukraynada Azərbaycana aid xüsusi buraxılışı çıxdı və bu, Azərbaycan ədəbiyyatının Ukrayna dilində ilk belə - iri həcmdə nəşri idi.

 

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin orqanı olan “Dünya ədəbiyyatı” dərgisi də öz növbəsində Ukrayna ədəbiyyatı xüsusi buraxılışını nəşr elədi.

 

Yanvarda biz Kiyevdə Ukrayna, Diplomatik Akademiyasında “Vsesvit”in yubiley təntənəsində iştirak elədik, yubiley buraxılışı da Azərbaycana həsr edildiyi üçün bu təntənə, istər-istəməz, Azərbaycana aid xüsusi buraxılışın təqdimat mərasiminə çevrildi.

 

Şevçenko adına muzeydə də tədbirlər keçirildi.

 

Fevralda isə artıq Bakıya ukraynalı ədəbiyyatçılar gəldilər və biz şəhərimizdə Azərbaycan-Ukrayna ədəbi görüşlərini, “Dünya ədəbiyyatı” dərgisinin Ukrayna buraxılışının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə təqdimatını keçirdik.

 

Bayaq haqqında söz açdığım üç memorandumdan birini isə, təxminən bir ay öncə, Moskvada fəaliyyət göstərən Azərbaycan - Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi ilə imzaladıq.

 

Həmin əməkdaşlıq nəticəsində bir qədər genişlənən imkanımız hesabına indi “Dünya ədəbiyyatı” jurnalının rus ədəbiyyatına həsr edilmiş xüsusi buraxılışı hazırlanır.

 

Dərginin baş redaktoru Seyfəddin Hüseynlinin bildirdiyinə görə, yeni sayla bağlı iş artıq tamamlanmaq üzrədir.

 

Ümidvaram ki, yaxın günlərdə “Dünya ədəbiyyatı”nın Rusiya xüsusi sayı çapdan çıxacaq və biz may ayı ərzində həm Moskvada, həm də Bakıda onun təqdimatını keçirəcəyik.

 

- Siz bir çox, o cümlədən, müəllif mahnıları festivallarını xatırlatdınız. Poeziya festivalıyla müəllif mahnıları festivallarının hansı oxşar cəhətlərini qeyd eləyə bilərsiz? Axı müəllif mahnılarında ilkin olan poeziyadı.

 

- Dahi argentinalı Borxesin məşhur ifadəsi var: “Yaxşı şeir yaxşı, dürüst və ucadan oxunmaq tələb eləyir. Çünki şeirin yadındadır ki, onun əvvəli musiqi olub”.

 

Hər bir yaxşı şeirin öz təkrarsız ahəngi, səs sırası, musiqisi var. Şair bunu bilir.

 

Buna görə də hər şair öz şeirinin mahnıya çevrilməsinə razı olmur.

 

Çünki hər bir musiqi, hətta sözü də yazmış müəllif tərəfindən bəstələnmiş olsa belə, şeirin ilkin, təbii musiqisini pozmuş olur.

 

Bəli, müəllif mahnılarında söz əsasdı, amma orda həm daxili, həm də kənar musiqi var. Amma şeirdə iki paralel xətt var-ikisi də daxildədır - eyni nüvədədir.

 

Mən müəllif mahnılarına qarşı deyiləm, mən sadəcə çox ola bilsin ki, mühafizəkar baxışlı şairəm. Mənimçün əsas olan sözün öz musiqisidi. Ona görə də düşünürəm ki, sizin sualın cavabı elə sualda gizlənir.

 

Oksana BULANOVA

“Exo”

525-ci qəzet.- 2015.- 25 aprel.- S.25;31