Romada “Azərbaycan
multikulturalizmi və Qafqaz Albaniyası” konfransı
Vatikanın
Romadakı Pontifiçia Salesiana Universitetində Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin (BBMM) “Nodo di Qordiyo” “beyin mərkəzi”
və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə
təşkilatçılığı ilə “Azərbaycan
multikulturalizmi və Qafqaz Albaniyası (udilər)” mövzusunda
beynəlxalq konfrans keçirilib.
Əvvəlcə konfrans iştirakçıları
Romanın məşhur “Villa Borghese” parkında dahi Azərbaycan
şairi Nizami Gəncəvinin abidəsini ziyarət edərək
önünə güllər qoyublar.
Tədbiri açan universitetin prorektoru Canfranko Koffele
çıxış edərək təhsil
ocağının fəaliyyətindən və beynəlxalq əlaqələrindən
danışıb. Bildirib ki, universitetdə belə aktual bir
mövzuda tədbirin təşkili tələbələrin
müvafiq istiqamətdə məlumatlandırılması
baxımından mühüm əhəmiyyət kəsb edir.
Konfransda çıxış edən səfir Vaqif
Sadıqov müzakirə edilən mövzunun Azərbaycan
üçün prioritet məsələlərdən biri
olduğunu bildirib.
O deyib:
“Əhalinin əksəriyyətini müsəlmanların təşkil
etdiyi Azərbaycanın Konstitusiyasına əsasən ölkəmizdə
dinindən asılı olmayaraq hər bir vətəndaş bərabər
hüquqlara malikdir. Azərbaycanda müxtəlif
dinlərin nümayəndələri harmoniya halında birgəyaşayış
nümayiş etdirirlər. Azərbaycan mədəniyyətlərarası,
dinlərarası dialoqun təbliğində önəmli rol
oynayır və bu dəyərlərin təşviqi
üçün keçirilən bütün mötəbər
tədbirlərə məhz ölkəmiz ev sahibliyi edir”.
Azərbaycanın
son illərdə beynəlxalq arenada mövqeyinin möhkəmləndiyini
deyən səfir əlavə edib:
“Ölkəmizdə demokratik inkişaf, qanunun aliliyi,
yaxşı idarəçilik və insan haqlarının
müdafiəsi sahələrində mühüm nailiyyətlər
əldə edilib. Azərbaycan ilə Avropa ölkələri,
o cümlədən, İtaliya arasında siyasi, iqtisadi, mədəni
və digər sahələrdə yüksək səviyyəli
əlaqələr mövcuddur. TAP layihəsinin
reallaşması ilə bu münasibətlər yeni mərhələyə
qədəm qoyacaq və Azərbaycan Avropanın əsas qaz təminatçısına
çevriləcək”.
BBMM-in icraçı direktoru Azad Məmmədov
çıxış edərək qurumun fəaliyyəti və
Azərbaycandakı multikultural mühit barədə məlumat
verib. Vurğulayıb ki, Prezident İlham Əliyevin Fərmanı
ilə belə bir Mərkəzin yaradılması ölkəmizdə
mutikulturalizm dəyərinə verilən önəmin göstəricisidir.
Xalqımızın ümummilli lideri Heydər
Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan
tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini
yenidən bərpa etdi. Ümummilli lider multikulturalizm siyasətini
ölkəmizin demokratik inkişafının ayrılmaz tərkib
hissəsi kimi görürdü. Bu gün
Prezident İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin
qorunmasına yönəldilmiş bu siyasəti uğurla davam
etdirir.
A.Məmmədov diqqətə çatdırıb ki,
Heydər Əliyev Fondu da multikulturalizm və tolerantlıq ənənələrimizin
beynəlxalq arenada təşviqinə töhfə verməkdədir. Fond Azərbaycan
multikulturalizminin ölkəmizin hüdudlarından uzaqlarda təbliği
üçün yeni perspektivlər açan vacib layihələr
reallaşdırır.
Biz əminik ki, Azərbaycan uğurlu multikulturalizm siyasətinin
həyata keçirilməsinə parlaq bir nümunədir və
təcrübəmizi dünya ictimaiyyəti ilə
bölüşməyə hazırıq. İtaliyanın
La Sapienza Universitetində Azərbaycan multikulturalizmi fənninin
tədrisinə başlanılması bu istiqamətdə
önəmli addımdır.
Sonra konfrans “Müasir Azərbaycanda multikultural şərait
(dinlərarası dialoq)” mövzusunda bölmə iclası ilə
davam etdirilib.
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun tərcümə
və informasiya şöbəsinin müdiri Fərid Ələkbərlinin
moderatorluğu ilə keçirilmiş iclasda “İsa Cəmiyyəti”nin
nəşri olan “Katolik sivilizasiya” jurnalının yazarı
Luçiano La Rivera “Davamlı inkişaf üçün
BMT-nin gələcək Post-2015 gündəliyi: dinlərarası
fəaliyyəti əks etdirən ümumi platforma”
mövzusunda çıxış edib. Bildirib
ki, müxtəlif dinlərin və etnik qrupların nümayəndələri
arasında qarşılıqlı anlaşmanın, birgəyaşayışın
və dialoqun təmin olunması dünya ölkələrini
münaqişəsiz gələcəyə apara bilər.
Konfransda
“Multikultural təhlükəsizlik və onun əsas prinsipləri”
mövzusunda çıxış edən BBMM-in analitik
şöbəsinin müdiri Nəriman Qasımzadə belə
bir tədbirin keçirilməsinin bir müddət əvvəl
Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşaviri Kamal Abdullayevin İtaliyadakı
yerli mütəxəssislərlə görüşlərində
müzakirə olunduğunu diqqətə çatdırıb.
Vurğulayıb ki, son zamanlar multikultural təhlükəsizlik
anlayışı ölkəmizin milli təhlükəsizliyi
kontekstində mühüm yer tutur. Dünyada
multikulturalizm modellərinə dair bir fenomen Azərbaycan
multikulturalizmidir ki, bu nümunədə multikultural təhlükəsizlik
paradiqması önəmli yer tutur.
Multikultural
təhlükəsizliyin əsas prinsiplərindən bəhs edən
N.Qasımzadə bildirib ki, etnik-dini müxtəlifliyin
qorunması və inkişafı, multikultural situasiyanın
hüquqi təminatının yaradılması və
müvafiq qanunvericilik aktları ilə dəstəklənməsi,
bu situasiyanın iştirakçılarının, yəni
etnik-dini müxtəliflik təmsilçilərinin ölkənin
ictimai, iqtisadi, mədəni və siyasi həyatına inteqrasiyasının
təmin olunması bu yeni anlayışın başlıca
istiqamətləridir.
“Azərbaycan
tarixinin xristian səhifəsi dini tolerantlığın əsası
kimi” mövzusunda çıxış edən
İtaliyadakı Rus Pravoslav Kilsəsinin nümayəndəsi,
“Qafqaz Albaniyasında xristianlığın tarixi” adlı
kitabın müəllifi Aleksiy Nikonorov müasir qloballaşma
dövründə eyni məkanda müxtəlif dinlərin və
etnik qrupların nümayəndələrinin bir arada
mövcudluğunun mühüm amil olduğunu bildirib.
O deyib:
“Son illər xeyli sayda insanlar dini və ya etnik zəmində
baş verən toqquşmaların qurbanı olub.
Əslində tolerantlıq və dinlərarası dialoq,
sülh içində birgəyaşayış
üçün mexanizmlərin formalaşdırılması
və bu təcrübənin dünya ilə
bölüşdürülməsi kimi vacib bir missiyanı bu
gün Azərbaycan reallaşdırır. Bu ölkədə
birgəyaşayış anlayışı tarixi ənənələrə
söykənir. Uzun əsrlərin təcrübəsi
ilə hələ XX əsrin əvvəllərində Azərbaycanda
məscidlər, kilsələr, sinaqoqlar və müxtəlif
konfessiyaların ibadətgahları var idi”.
A.Nikonorov diqqətə çatdırıb ki, Azərbaycanda
dinlərarası dialoqun yeni mərhələsinin
formalaşması ulu öndər Heydər Əliyevin adı
ilə bağlıdır. Ümummilli lider
“Çoxmillətlilik bizim zənginliyimizdir” fikri ilə bu
anlayışı dövlət siyasəti səviyyəsinə
qaldırdı. Ulu Öndər Azərbaycanda
sabitliyi bərpa etdi və tolerantlığı bu sabitliyin ən
önəmli faktorlarından birinə çevirdi. Bu gün də Azərbaycan xalqı digər dinlərin
və millətlərin nümayəndələrinə
qarşı hörmət və tolerantlıq nümayiş
etdirir.
İtaliya
yəhudi icmalar birliyinin müşaviri Viktor Macar
“Tolerantlıqdan hörmətə: insan hüquqları fərdlərin
və xalqların birgəyaşayışı
üçün vahid təməl kimi” mövzusunda
çıxış edərək müxtəlifliyin
qarşılıqlı tanınmasının və fərqli
mədəniyyətlərə hörmətlə
yanaşılmasının insan hüquqlarının
müdafiəsinin təməl prinsiplərindən biri olduğunu
qeyd edib.
Diqqətə çatdırıb ki, mədəni
müxtəlifliyin qəbul edilmədiyi, fərqli dinlərin
nümayəndələrinin adət-ənənələrinə,
həyat tərzinə, əqidə və düşüncələrinə
ehtiram bəslənilməyən cəmiyyətdə
inkişafa nail olmaq mümkün deyil. Azərbaycanın
müvafiq sahədə əldə etdiyi uğurlar yüksək
qiymətləndirilməlidir.
“Avropa müsəlmanları və dinlərarası tərbiyə”
mövzusunda çıxış edən ISESCO-nun
sivilizasiyalararası dialoq üzrə İtaliyadakı
nümayəndəsi imam Yəhya Pallaviçini bildirib ki,
kataklizmlərin artdığı dövrdə Azərbaycanın
birgəyaşayışın bir modeli kimi təqdim
olunması təqdirəlayiqdir.
Multikulturalizm və multikonfessionalizm sosial
anlayışlar olmaqla sağlam və stabil cəmiyyətin əsasını
təşkil edir.
Bu baxımdan Azərbaycanda tarixi ənənələrə
söykənən tolerantlıq mühiti ölkədə
sabitliyin hökm sürməsinə müsbət təsirini
göstərir.
“Müstəqil
Azərbaycanda tolerantlığın formalaşmasında dini
icmaların rolu” mövzusunda çıxış edən Millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi
Ceyhun Məmmədov bildirib ki, tarix boyu Azərbaycanda bir
çox xalqlar, etnik azlıqlar məskunlaşıb, onlar
arasında möhkəm dözümlülük əlaqələri
olub. Ölkəmizin ərazisi bütün
dövrlərdə dini dözümsüzlükdən əziyyət
çəkən insanlar üçün sığınacaq rolunu
oynayıb.
Azərbaycanda tolerantlığın gücləndirilməsinin
dövlət siyasətinin əsasını təşkil etməsinə
dəlalət edən əsas faktlardan biri müstəqillik illərində
məscid, kilsə və sinaqoqların sayının sürətlə
artmasıdır.
Təəssüf ki, xalqımızın
tolerantlığından sui-istifadə edən, dövlət səviyyəsində
etnik təmizləmə və işğalçılıq
siyasəti aparan Ermənistanın Azərbaycana qarşı təcavüzü
bu gün də davam etməkdədir.
Daha sonra türkoloq, Qafqaz mədəniyyəti üzrə
tədqiqatçı alim Federiko De Renzinin moderatorluğu ilə
“Azərbaycan multikulturalizminin mənəvi qaynaqları (Udilər)”
mövzusunda növbəti bölmə iclası keçirilib.
İclasda İtaliya Humanitar Elmlər İnstitutunun professoru Franko Kardini “Birinci Dünya müharibəsindən sonra Yaxın Şərq geosiyasətinin yenidən dəyərləndirilməsi”, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Fəridə Məmmədova “Azərbaycanda tolerantlığın kökləri və Alban Apostol kilsəsi”, Roma Beynəlxalq Elmlər Universitetinin dil və ədəbiyyat üzrə dosenti Ancelo Yakovella “Azərbaycan İslamı dini-mənəvi və tarixi baxımından”, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji xidmət şöbəsinin müdiri Qoşqar Qoşqarlı “Qafqaz Albaniyası və qədim Roma”, Potenza Universitetinin tədqiqatçısı, “Alban Apostol kilsəsi. Azərbaycan simvolunun kökləri” kitabının həmmüəllifi Ancelo Mekka “Albaniya və Bizans: din və siyasət arasında”, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun etnoarxeologiya şöbəsinin baş elmi işçisi Məhəbbət Paşayeva “Azərbaycan mədəni irsində xristianlığa qədərki inanclar və onların izləri”, AMEA-nın Şərqşünaslıq İnstitutunun ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsinin müdiri Fərda Əsədov “Qafqaz Albaniyanın qədim xristianlıq mərkəzi Çolanın salınması və ilk əhalisi haqda yeni məlumatlar”, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun etnoarxeologiya şöbəsinin böyük elmi işçisi Ülviyyə Hacıyeva “Alban Apostol Kilsəsinin müqəddəs əmanətləri” mövzularında məruzələrlə çıxış ediblər.
Konfrans işini Moskva Udi Cəmiyyətinin nümayəndəsi Artyom Kuranovun moderatorluğu ilə “Qafqaz Albaniyasının varisləri: udilər (tarix və müasirlik)” mövzusunda bölmə iclası ilə davam etdirib.
İclasda Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin baş elmi işçisi, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili “Azərbaycanda Alban-udi kilsəsinin dirçəldilməsi yolları və onun status-kvosu”, İtaliyanın “Voks Popoli” “beyin mərkəzi”nin prezidenti Ermanno Vizintayner “Udilərin dilində və liturgiyalarında türkizmlər”, Kembric Universitetinin doktorantı, İnkişaf Araşdırmaları Mərkəzinin əməkdaşı Mariya Kleminson “Tarixi vətəndə və onun hüdudlarından kənarda müasir udi mədəniyyəti”, arxitektor, incəsənət tənqidçisi Paolo Zammatteonun “Qafqazın arxitekturası və simvolik kökləri”, fəlsəfə elmlər doktoru Riçard Danakarinin “Azərbaycan Respublikasında multikulturalizmin siyasi əsasları” mövzularında məruzələri dinlənilib.
Bildirilib ki, Azərbaycanda daim diqqət göstərilən qədim xalqlardan biri olan udilərin dünyada sayı 10 minə yaxındır. Onların də təqribən 7 mini Azərbaycanda yaşayır. Udilərin kompakt yaşadığı Nic qəsəbəsi dünyanın ən mütərəqqi tolerantlıq modelidir və bununla bağlı Azərbaycan dövləti tərəfindən qəsəbədə sosial-iqtisadi sahədə işlər görülür.
Azərbaycanda dini fəaliyyət sahəsində aparılan uğurlu siyasət nəticəsində udi etnosu itirilmiş hüquqlarını tam bərpa edib. Onlara məxsus tarixi abidələrin bir qismi yenidən bərpa olunub. Bunlardan biri Qafqazda, eləcə də dünyada ən qədim xristianlıq məbədlərindən biri sayılan, Şəkinin Kiş kəndində inşa edilən Alban kilsə-muzeyidir.
Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı müzakirələr aparılıb.
Sonda tədbirə qatılanlar Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, mətbəxi barədə nəşrlər, disklər və digər əyani vəsaitlərlə, ölkəmizdəki multikulturalizm mühitini əks etdirən stendlə tanış olublar.
AZƏRTAC
525-ci qəzet.- 2015.- 25 aprel.- S.24